Məhkəmə qərarları › İş №2-2(103)-143/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-143/2022

16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-143/2022 16.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh5, X3, Cavabdeh2, Cavabdeh7, Cavabdeh8, Cavabdeh6, X2, Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 01.10.2021-ci il tarixli e-2- 2(113)- 4392/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6,Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 İİham oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh5, X1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 39057,39 ABŞ dolları məbləğində kredit borcu, 8914,54 ABŞ dolları məbləğində faiz borcu və 33386,51 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 81358,44 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Vidadi küçəsində yerləşən 18a saylı fərdi yaşayış evinə (həyətyanı tikili və qurğular birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və 81358.44 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSCyə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh5 və X1 İddiaçı QSC-nin xeyrinə müştərək qaydada tutulması, Bakı ş.,Binəqədi rayonu Biləcəri qəsəbəsi Vidadi küçəsində yerləşən 18a saylı fərdi yaşayış evinə (həyətyanı tikili və qurğular birlikdə) tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh7, Cavabdeh8, Cavabdeh6, İsmayılov Orxan-İlham oğlu və Cavabdeh4 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evindən boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2-2(113)-4392/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh5 müştərək qaydada 39780,04 ABŞ dolları kredit borcu, 7,796,89 ABŞ dolları faiz borcu və 2000 ABŞ dolları cərimə borcu, cəmi 49.576,93 ABŞ dolları, 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat manat xidmət haqqı, cəmi 61 (altmış bir) manat tutularaq İddiaçı QSC-yə ödənilməsi, tələb Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsində yerləşən 18 a saylı fərdi yaşayış evinə (həyətyanı tikili və qurğular birlikdə) yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış qiyməti 85000 (səksən beş min) manat müəyyən edilməklə açıq hərracda satılsın. Həmin əmlakın satılmasından əldə edilmiş məbləğdən 49.576,93 ABŞ dolları, 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı, cəmi 61 manat ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsində yerləşən 18 a saylı fərdi yaşayış evinə (həyətyanı tikili və qurğular birlikdə) tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6,Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 İİham oğlu həmin fərdi yaşayış evinə istifadə hüququları itirilməklə fərdi yaşayış evindən çıxarılsın və ev boşaldılaraq alıcıya təhvil verilməsi, cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh5 müştərək qaydada 150 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 01.10.2021-ci il tarixli, 2-2(113)-4392/2021 saylı qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsinə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin) ödənilməsini tələb edə bilər. Bundan başqa, iddia tələbindən göründüyü kimi, İddiaçı QSC iddia tələbində cavabdehlərdən həddindən artıq şişirdilmiş dəbbə pulu tələb edir. İşə baxan birinci instansiya məhkəməsi dəbbə pulunun həcmini azaldaraq, 2000 ABŞ dollar məbləğində müəyyən etsə də, hazırda iddia üzrə bu məbləğlə də razı deyil. Azərbaycan Respublikasının mülki qanunvericiliyində dəbbə pulunun məbləğini müəyyən edən müddəalar nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki qanunvericilikdə məhkəmələrə səlahiyyət verilmişdir ki, kreditor tərəfindən ona verilmiş hüququndan istifadə edərək, yüksək məbləğdə hesabladığı cərimə (dəbbə) borcunu azaltsın. Ona görə də ümid edir ki, apellyasiya instansiya məhkəməsində dəbbə pulu azaldılacaq. Bununla yanaşı, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamədə ipoteka predmeti olan mənzilin ilkin satış qiymətini 85000 manat məbləğində müəyyən etmişdir. Məhkəmə belə bir nəticəyə gələrkən iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatına istinad etmişdir. Birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiyməti barəsində də ətraflı araşdırma etməmiş və yanlış nəticəyə gəlmişdir. Belə ki, qiymətləndiricinin rəyi real qiyməti əks etdirmir. Mənzil tam təmirli, əla şəraitli, mərkəzi yola yaxındır. Lakin, iş materiallarında olan rəydən görünür ki, mənzil qiymətləndirilərkən onun yerləşdiyi ərazi, habelə həmin ərazidə olan mənzillərin anoloji bazar qiymətləri, mənzilin tam təmirli və əla şəraitli olması nəzərə alınmamış, ümumiyyətlə, hesabat əsaslandırılmamışdır. Bu hesabatda ümumi xaraketerli cümlələrdən istifadə olunması, hesabatın sadəcə nəticə hissəsindən ibarət olması aparılmış qiymətləndirilmənin obyektivliyinə və düzgünlüyünə şübhə yaradır. Həmin ərazidə yerləşən əksər mənzillərin real bazar qiyməti tərtib edilmiş hesabatlarda göstərilən məbləğlərdən daha yüksəkdir. Odur ki, mən bu məbləğlərlə razı deyiləm. Digər tərəfdən mənzilin qiymətinin aşağı məbləğdə müəyyən edilməsində bankın təsirinin olması da istisna edilmir. Bundan başqa nəzərə almaq lazımdır ki, son dövrlərdə ipoteka predmeti olan mənzildə təmir-yaxşılaşdırma işləri aparılmışdır ki, bu da əmlakın qiymətinə təsir edən ciddi faktorlardandır. Halbuki, qiymətləndirici tərəfindən bu faktor da nəzərə alınmamışdır. Belə olan halda ipoteka predmetinin 85000 manat məbləğində qiymətləndirilməsi onun gələcəkdə dəyər-dəyməzinə satılmasına və ipoteka qoyanın əmlak hüquqlarının kobud şəkildə pozulmasına səbəb ola bilər. Qeyd olunan bu xüsusatlar birinci instansiya məhkəməsində məhkəməsi tərəfinfən tam araşdırılmamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən olunur. Bununla yanaşı məhkəmə qətnamədə mənzilin satılmasından sonra 1 ay müddətində cavabdehin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzilin boşaldılması nəticəsinə də gəlmişdir. Halbuki, məhkəmənin qətnaməsi bu hissədə də qanunsuz və əsassızdır. Belə ki, mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi ilə bağlı tələb müstəsna hüquq olmaqla mülkiyyətçiyə məxsusdur və cavabdehə qarşı bu tələb ayrıca icraatın predmetidir. Ona görə də, iddiaçının cavabdeə qarşı belə bir iddia qaldırmaqda subyektiv hüququ olmadığından, iddia bu hissədə də təmin edilə bilməzdi. İşə apellyasiya qaydasında baxılması 16.02.2022-ci il tarixə təyin edilmiş, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 01.10.2021-ci il tarixli 2-2(113)-4392/2021 saylı qətnaməsi qismən əsas borcun tutulması hissəsində ləğv edilməli, cavabdehlər Cavabdeh1, X6, Cavabdeh5 iddiaçı "AccessBank” QSC-nin xeyrinə 39057,39 ABŞ dollar əsas borc tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında 17.02.2015-ci il tarixdə bağlanmış uzunmüddətli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 01 L000002618SB nömrəli sazişə əsasən bank 13 dekabr 2011-ci il tarixli 01L000002618 saylı müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında kredit alana 1.300.000 ABŞ dolları məbləğində uzunmüddətli kredit xətti açılmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən kreditlər tərəflər arasında kredit razılaşması, bank qarantiyası verilməsi haqqında müqavilə və akkreditiv açılması üçün razılaşma formasında bağlanacaq ayrıca razılaşmalar əsasında veriləcək. Müqavilənin 1.3-cü bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 158 ay müddətinə, 13 fevral 2025-ci il tarixdən gec olmayaraq verilməlidir. Verilən hər bir kredit məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. 13.12.2011-ci il tarixli kredit müqaviləsi əsasında tərəflər arasında bağlanmış 20.02.2015-ci il tarixli 010R********** nömrəli kredit razılaşmasına əsasən bank məbləği 100.000 ABŞ dolları olan krediti aylıq faiz dərəcəsi 1,6667 % olmaqla 36 ay müddətinə kredit alana verir. Həmin razılaşmanın 1.3-cü maddəsinə əsasən kredit alana fərdi kiçik kredit verilir və kredit alan kreditdən yalnız bu məqsəd üçün istifadə etməlidir. Həmin razılaşmanın 2.3-cü bəndinə əsasən faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. 2.4-cü bəndə əsasən faktiki illik faiz dərəcəsinə bu kredit ilə bağlı bütün aidiyyatı xərclər daxildir və FİFD 21.02 % təşkil edir. Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sonuncu 29.09.2017-ci il tarixli 010R**********SB nömrəli sazişə əsasən kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 29 sentyabr 2017- ci il tarixli ödəniş planına uyğun olaraq Banka ödəməlidir. 29 sentyabr 2017- ci il tarixli ödəniş qrafikindən görünür ki, öhdəliyin icra müddəti 22.12.2020-ci il tarixədək müəyyən edilmişdir. Cavabdeh5 ilə İddiaçı QSC arasında bağlanmış 19.02.2015-ci il tarixli 010S**********01 nömrəli zaminlik müqaviləsinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən ( kredit müqaviləsinin məbləği 130,000 ABŞ dolları, müddəti 158 ay) irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsliyyət daşıyır. X6 ilə İddiaçı QSC arasında bağlanmış 19.02.2015- ci il tarixli 010S**********02 nömrəli zaminlik müqaviləsinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsliyyət daşıyır. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 18.02.2015-ci il tarixli 010M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan öz mülkiyyətində olan və müqavilənin 2.1-ci bəndində göstərilən göstərilən əmlakı bank ilə Cavabdeh1 arasında 13 dekabr 2011-ci il tarixdə bağlanmış uzunmüddətli kredit müqaviləsi və bu uzunmüddətli kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması, bank qarantiyası verilməsi haqqında müqavilə və akkreditiv açılması üçün razılaşma formasında bağlanan ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək üçün bank qarşısında ipoteka ilə yüklü edir. Müqavilənin 2.1-ci bəndinə əsasən ipoteka müqaviləsinin predmetini Bakı ş., Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsində dövlət istifadəsində olan 0,01335 ha torpaq sahəsində xüsusi mülkiyyətdə olan 201.8 kv.m ümumi, 121.4 kv.m yaşayış, 80.4 kv.m yardımçı sahədən ibarət 6 otaqlı 2 mərtəbəli 18a nömrəli fərdi yaşayış evi, fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) – 7.0 kv.m tikintialtı sahədən ibarət hasar, dəmir qapı təşkil etmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 104000 ABŞ dolları ( 81692 manat ekvivalentində) müəyyən edilmişdir. İpoteka müqaviləsi və ipotekaya tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət reyestrində qeydə alınması barədə sübutlar işə əlavə edilmişdir. Notarial qaydada təsdiq edilmiş ərizələrdən məlum olur ki, Cavabdeh2, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh6, X5, Cavabdeh4 Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı QSC-yə ipotekaya qoyulmasına etiraz etmirlər və fərdi yaşayış evi heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk etməyi və əmlakı kredit verən təşkilatın tam sərəncamına verilməsinə razılıq verməyi öhdələrinə götürmüşlər. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzi 12.01.2021-ci il tarixli 9/5736 saylı rəyində göstərilmişdir ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, 20 fevral 2015-ci il tarixli, 010R********** saylı kredit razılaşmasının və əlavə sazişin şərtlərinə müvafiq olaraq Cavabdeh1 13 fevral 2020-ci il tarixə (maliyyə arayışı tərtib edilən tarixə) banka olan borcu 39.780,04 ABŞ dolları əsas borc və 7.796,89 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 47.576,92 ABŞ dolları təşkil edir. Eyni zamanda "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatından görünür ki, ünvan 2 ünvanında yerləşən 121,4 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evinin bazar dəyəri 110.000 manat, likvid dəyəri 85.000 manat məbləğində müəyyən olunmuşdur. İşə birinci instansiya qaydasında baxmış məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci, 443.1-ci, 425.1-ci, 442-ci, 445.2.1-ci, 448.1, 448.2-ci, 739.1-ci, 739.2-ci, 295-ci, 317.1-ci, 319.1, 319.5-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə, 34-cü maddəsinə, 39.3-cü maddəsinə, 41.2-ci maddəsinə istinad edərək iddianın qismən əsaslı olduğunda dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 13 fevral 2020-ci il tarixə 7.796,89 ABŞ dolları məbləğində ödənilməmiş faiz borcu olduğu Məhkəmə Ekspertizası Mərkəzinin 12.01.2021-ci il tarixli 9/5736 saylı rəyi əsasında müəyyən olunduğundan, o cümlədən ipoteka ilə yüklü edilmiş əmlakın likvid dəyərinin "xxxx" MMC-nin qiymətləndirmə hesabatında müəyyən edilmiş dəyərdən artıq olması barədə işdə sübutlar olmadığından məhkəmənin həmin rəylərlə razılaşmaması və təkrar ekspertiza təyin edilməsi üçün əsaslar olmadığı üçün qətnamə faiz borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdən eyni zamanda görünür ki, cavabdeh tərəfindən 11.01.2019-cu il tarixdən sonra ödəniş həyata keçirilmədiyinə görə bank tərəfindən 33386,51 ABŞ dolları məbləğində cərimə tələb edilmiş, məhkəmə MM-nin 467-ci maddəsinə istinad edərək cərimə hissəsində tələbi qismən təmin edərək tutulmalı olan cərimə məbləğini 2000 ABŞ dolları məbləğində müəyyən etmişdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, dəbbə pulunun məhkəmə tərəfindən müəyyən edilmiş məbləğinin azaldılması kreditorun əmlak mənafeyinə uyğun olmadığından dəbbə pulu tələbi ilə bağlı iddianın təmin edildiyi hissədə də qətnamənin ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. İpoteka qoyanın ailə üzvlərinin istifadə hüququnun itirilməsi və tutma yönəldilmiş fərdi yaşayış evindən çıxarılması ilə barədə iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında ipoteka müqaviləsi bağlanan 18.02.2015-ci il tarixdə qüvvədə olmuş redaksiyada “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulduğundan iddiaçının tələbi bu hissədə əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Lakin məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlərdən 39780,04 ABŞ dolları kredit üzrə əsas borcun tutulması barədə nəticəyə gələrkən iddia tələbindən kənara çıxdığından qətnamə həmin hissədə ləğv edilməli, cavabdehlərdən tutulmalı olan əsas borcun məbləği iddiaçının tələb etdiyi məbləğdə- 39057,39 ABŞ dolları (ekspert rəyi ilə əsas borc qalığının daha artıq olduğunun müəyyən edilməsinə baxmayaraq) məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 01.10.2021-ci il tarixli 2-2(113)- 4392/2021 saylı qətnaməsi qismən əsas borcun tutulması hissəsində ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh5, X6, Cavabdeh2, Cavabdeh7, Cavabdeh8, Cavabdeh6, X5, Cavabdeh4 iddiaçı "AccessBank” QSC-nin xeyrinə 39057,39 ABŞ dolları əsas borc tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 01.10.2021-ci il tarixli 2-2(113)-4392/2021 saylı qətnaməsi qismən əsas borcun tutulması hissəsində ləğv edilsin. Cavabdehlər Cavabdeh1, X6, Cavabdeh5 iddiaçı "AccessBank” QSC-nin xeyrinə 39057,39 ABŞ dolları əsas borc tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar