Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1434/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-307/2021 saylı 03 noyabr 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 02 iyun 2016cı il tarixli, “H01516” saylı kredit limitinin ayrılması haqqında müqavilə və həmin müqavilə daxilində 26.05.2017-ci il tarixli, H041KR17-H01516 saylı kredit sazişi üzrə 41.405,92 manat məbləğində əsas, 4391,33 manat məbləğində faiz və kreditin gecikdirilməsinə görə hesablanmış 8585,50 manat məbləğində cərimə olmaqla, cəmi 54.382,75 manat məbləğində borcun və tərəflərindən işin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq banka ödənilməsini; yuxarıda qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin 02 iyun 2016-cı il tarixli, 3M-233 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, məhəllə 758/759, 76 nömrəli mənzilə yönəldilməsini; həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitin Cavabdeh banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda, borcun qalıq hissəsinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 23.08.2021-ci il tarixli e-2-2(113)-307/2021 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilmişdir. 21.10.2021-ci il tarixdə cavabdeh “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə apellyasiya şikayətini məhkəmə təqdim etmişdir. Həmçinin müddətin bərpasına dair ərizə verərək, apellyasiya şikayəti vermə müddətinin buraxılmasının üzürlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 03.11.2021-ci il tarixli, e-2-2(113)-307/2021 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizə rədd edilmişdir. Cavabdeh şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 03.11.2021-ci il tarixli e-2-2(113)-307/2021 saylı qərardadının ləğv edilməsini, buraxılmış müddətinin üzürlü hesab edilməsini və müddətin bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ona rəsmi olaraq təqdim edilməmişdir. Qətnaməni əldə etdikdən sonra elektron kabinet açmış və apellyasiya şikayəti vermişdir. Qətnamə poçt vasitəsi ilə vəkilin elektron kabinetinə yerləşdirilmişdir. Vəkil gah xəstə olduğu, gah da xaricdə olduğu üçün onunla bağlanmış müqavilə ləğv edilmişdir. Bu halların nəzərə alınaraq müddətin bərpa edilməsini xahiş etsə də məhkəmə nəzərə almamışdır. Bakı Kommersiya Məhkəməsinin 17.11.2021-ci il tarixli e-2-2 (113)-307/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə şikayətə yazılı icraat qaydasında baxaraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 03.11.2021-ci il tarixli, e-2-2(113)-307/2021 saylı qərardadı ləğv edilməli, ərizə təmin edilərək qətnamədən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddət bərpa edilməlidir. İşin materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 23.08.2021-ci il tarixli e-2-2(113)-307/2021 saylı qətnaməsi 31.08.2021-ci il tarixində cavabdehin nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh apellyasiya şikayətini 21.10.2021-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etməklə qanunla nəzərdə tutulmuş bir aylıq prosessual müddəti ötürmüşdür. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Elektron məhkəmə” informasiya sistemi” haqqında Əsasnamənin 10.2.1-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işlərlə bağlı elektron kabinet yaratmaq informasiya sistemi istifadəçilərinin vəzifəsi olaraq nəzərdə tutulmuşdur. Əsasnaməyə əsasən informasiya sistemi istifadəçiləri- normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada informasiya sistemindən informasiya əldə etmək və ya ötürmək hüququ verilmiş dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər nəzərdə tutulur. Hazırkı halda cavabdeh vəzifəsi olduğu halda kommersiya mübahisəsi üzrə öz adına olan elektron kabineti vaxtında yaratmadığından iş üzrə qəbul edilmiş qətnamə onun nümayəndəsi və vəkilinin elektron kabinetinə yerləşdirilmiş, vəkil onun elektron kabinetinə daxil olmuş sənəd barədə cavabdehə vaxtında məlumat vermədiyi üçün cavabdeh apellyasiya şikayəti vermək hüququndan qanunla nəzərdə tutulmuş müddət ərzində vaxtında istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin ərizəsində qeyd etdiyi hallar əsasında müddətin iyirmi bir gün ötürülməsi üzürlü hesab edilməli və buraxılmış müddət bərpa edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 03.11.2021-ci il tarixli, e-2-2(113)-307/2021 saylı qərardadı ləğv edilməli, ərizə təmin edilərək qətnamədən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddət bərpa edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 398.0.3, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 03.11.2021-ci il tarixli, e-2-2(113)-307/2021 saylı qərardadı ləğv edilsin. Cavabdehin ərizəsi təmin edilərək Bakı Kommersiya Məhkəməsinin 23.08.2021-ci il tarixli e-2-2(113)-307/2021 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddət bərpa edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1434/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1434/2021
15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver