Məhkəmə qərarları › İş №2-2(103)-144/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-144/2020

11.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-144/2020 11.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əhmədov İlham Bayram oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibаrət tərkibdə; Məhkəmə iclas katibi Rəcili Aysel Naib qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə; İddiaçı QSC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “demerecə görə yaranmış borcun, yanacaq xərcinin, əldən çıxmış faydanın və dəbbə pulunun tutulması” tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-42/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətəBakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-dən 81.000 ABŞ dolları məbləğində demerec üzrə yaranmış borcun, 988 ABŞ dolları məbləğində qanun üzrə dəbbə pulunun, 10.000 ABŞ dolları məbləğində əldən çıxmış faydaya görə hesablanan məbləğin, limanlararası hərəkətə görə yaranmış 14.402 manat məbləğində əlavə yağ və yanacaq xərclərinin və ödənilmiş 30 manat dövlət rüsumunun, habelə işə baxılması ilə bağlı məsrəflərin tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X4 xx xxxxxx 2019-cu il tarixdə iddianın təmin etmə tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC-nin “Fizuli” gəmisinin sənədlərinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, işə baxarkən məhkəmədə İddiaçı QSC-nin “Fizuli” gəmisinin sənədlərinin dəyişdirilməsi ehtimalı olduğundan gəminin sənədlərinin üzərinə həbs qoyulması zəruridir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-42/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə cavabdeh “xxxx” MMC tərəfindən verilmiş ərizə rədd edilmişdir. Qərardadla razı olmayan cavabdeh şikayət verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-42/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini, iddianın təmini tədbiri barədə ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, iddiaçının qanunsuz hərəkətlərindən “Fizuli” gəmisinin sənədlərinin mühafizə edilməsi zəruridir. Bu səbəbdən həmin qərardad ləğv edilməli və ərizə təmin edilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-42/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında izahat verən iddiaçının nümayəndəsi Fuad Mirzəzadə şikayətin təmin edilməməsini və qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq qeyd etməyi zəruri hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-42/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, şikayət isə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məhkəmə kollegiyası qeyd etmək istəyir ki, iddianı təmin etmək üçün görülən tədbirlərin məqsədi gələcəkdə məhkəmə qətnaməsinin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə biləcəyi hərhansı bir maneənin qarşısını almaqdır. Bu tədbirlər tələb olunan əmlak tələbinin xarakterinə və xüsusiyyətlərinə mütənasib olmalıdır. MPM-nin 157-158-ci maddələrində göstərilmiş halların mövcud olmasının sübut edilməsi, müvəqqəti xarakterli müdafiə tədbirlərin tətbiq edilməsinin zəruriliyi, tələbin təmin edilməsi barədə ərizə ilə müraciət edilməsinin səbəblərinin əsaslandırması, onun dəlillərini təsdiq edən sübutların təqdim edilməsi ərizəçinin üzərinə qoyulur. “xxxx” MMC bu vəzifəni icra etməmişdir. Eyni zamanda, kollegiya hesab edir ki, iddianı təmin etmə tədbirinin zəruriliyinə dair dəlillərə qiymət verilərkən bu dəlillərin ağlabatan olmasını və əsaslılığını, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalını, işdə iştirak edən bütün şəxslərin, eləcə də iştirak edən şəxs statusuna malik olmayan şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olmasını, iddianı təmin etmə tədbirləri tətbiq edilərkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olması nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-42/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, cavabdehin şikayəti isə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-42/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar