Məhkəmə qərarları › İş №2-2(103)-145/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-145/2020

03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-145/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 qızının, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin vəkili Nümayəndə3, iştirakları ilə iddiaçı “xxxx” ASC-nin Cavabdeh MMC-yə qarşı “kredit borcunun ödənilməsi və s.” tələbinə dair iddiasına dair işə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-2(82)-54/2018 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-2(82)- 54/2018 saylı qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin (əvvəlki adı “İddiaçı İKB” ASC) Cavabdeh MMC-yə qarşı iddiası təmin olunaraq xx.xx.2014-cü il tarixli, 6-BİZ-l-0-100-14 saylı kredit müqaviləsi üzrə borc alan Cavabdeh MMC-dən 7.299.995,73 ABŞ dolları vaxtı keçmiş əsas borc, 1.091.315,98 ABŞ dolları isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borcu, cəmi 8.391.311,71 ABŞ dolları borcu ödənilən günə olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə tutulması, ünvan 1 ünvanında yerləşən “xxxx” ASC-nin 1.107.096 ədəd sənədsiz adi adlı səhmlərə yönəldilməklə satılması və satışdan əldə olunan məbləğin iddia tələbi həcmində İddiaçı İKB-nin xeyrinə ödənilməsi və ödəniş kifayət etmədikdə icra qaydasında qalan məbləğin Cavabdeh MMC-dən tutularaq İddiaçı İKB- nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının məhkəməyə təqdim etdiyi sübutlar əsasında borcu hesablamışdır. Halbuki, iddiaçı maraqlı şəxsdir və onun tərtib etdiyi sübut iddiaçının maraqlarına xidmət edir. Məhkəmə borcun əsaslı olub-olmamasını müəyyən etmək üçün məhkəmə mühasibatlıq ekspertizası təyin etməli idi. Birinci instansiya məhkəməsinə iddiaçı tərəfindən həm əmtəşünaslıq ekspertizası, həm də məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatətlər təqdim edilmiş, lakin təmin edilməmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 1-ci bəndinə əsasən İddiaçı İKB Cavabdeh MMC-yə dövriyyə vəsaitlərinin artrırılması məqsədilə 36 ay müddətinə 7 300 000 ABŞ dolları məbləğində kredit xətti ayırır. Kreditin verilmə tarixi xx.xx.2014, kreditin bağlanma tarixi isə xx.xx.2017-ci ildir. Kreditin güzəşt müddəti 35 ay təşkil edir. Müqavilənin 1.13-cü bəndinə əsasən kreditin ödənilmə qaydası-hesablanmış faizlər və əsas borcu müddətin sonunda ödənilməlidir. Müqaviləyə əsasən cavabdeh kredit borcunu xx.xx.2017-ci ildən başlayaraq xx.xx.2017-ci ilədək ödənməli idi. Müqavilənin 7.1-ci bəndi cavabdeh tərəfindən pozulmamış, müqavilə öhdəliyi vaxtında yerinə yetirilmişdir. İddiaçı isə müqavilənin 1.7, 1.8, 1.9 və 1.13-cü bəndinin şərtlərini pozaraq kredit xətti üzrə əsas və faiz borcunu vaxtından əvvəl tələb etmişdir. Cavabdeh apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitutsiyasının 13.1, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 9, 14.1, 14.2, 88, 389.1, 390.5, 405.1-ci maddələrinə istinad edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2 (103)-85/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh MMC tərəfindən verilmiş şikayət qismən təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-2(82)-54/2018 saylı qətnaməsinin qismən-tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 6-BİZ-l-0- 100-14 saylı kredit müqaviləsi üzrə borc alan Cavabdeh MMC-dən 299,04 (iki yüz doxsan doqquz ABŞ dolları, dörd sent) ABŞ dolları əsas borcun, 45,99 (qırx beş ABŞ dolları, doxsan doqquz sent) ABŞ dolları faiz borcunun ödənilən günə olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə tutulması” hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən həm iddiaçı, həm də cavabdeh kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2 (102)-527/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən, cavabdehin kassasiya şikayəti isə tam təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-2 (103)-85/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişinə əsasən işə apellyasiya qaydasında yenidən baxılarkən məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında “xxxx” ASC iş üzrə cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-2(82)-54/2018 saylı qətnaməsi qismən, kredit müqaviləsi üzrə 299,04 ABŞ dolları əsas borcun, 45,99 ABŞ dolları faiz borcunun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir. İş materiallarından görünür ki, tərəflər arasında xx xxxxxx 2014-cü il tarixli, 6-BİZ-1- 0-1001-4 nömrəli kredit xətti müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən borcalan dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə illik faiz dərəcəsi 6% olmaqla 7.300.000 ABŞ dolları məbləğində pul vəsaitini xx.xx.2014-cü ildən xx.xx.2017-ci ilədək 36 ay müddətinə kreditordan kredit olaraq götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq tərəflər arasında xx xxxxxx 2014-cü il tarixli, 6- BİZ-1- 0-100-14 nömrəli alqı-satqı müqaviləsi və girov müqaviləsi adlanan qarışıq müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci bəndində qeyd edilir ki, satıcı Bakı şəhəri, Nizami rayonu, 1-ci önünə küçə 19 ünvanında yerləşən “xxxx” ASC-nin nominal dəyəri 2 manat olan 1 107 096 ədəd sənədsiz adi alı səhmini Alıcı-Girov qoyanın mülkiyyətinə verir. Satılan səhmlər Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Azərbaycan Respublikası 06-102 saylı xx xxxxxx 2014-cü il tarixli Arayışa və Milli Depozit Mərkəzinin verdiyi xx.xx.2014-cü il tarixli Depo Hesabından çıxarışa əsasən Satıcıya məxsusdur. Səhmlərin satış qiyməti bir səhmin qiyməti 4,96 manat olmaqla ümumilikdə 5 491 500,00 manat təşkil edir və bu məbləğ Kreditor-Girov saxlayan tərəfindən xx xxxxxx 2014-cü il tarixli 6-BİZ-1-0-100-14 saylı kredit müqaviləsinə əsasən Alıcı-Girov qoyana verilmiş 7300.000 ABŞ dolları kredit vəsaiti hesabına ödənilir. Alıcı-girov qoyan satılan sıhmləri (girov predmeti) bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla Kreditor-Girov saxlayan arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 6- BİZ-1- 0-100-14 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi kreditorgirov saxlayan qarşısınında girov qoyur. Girovla bağlı hüququn “Bütün qiymətli kağızlarla girovun rəsmi reyestrində” 30..2014-cü il tarixdə qeydə alınması barədə çıxarış, eyni zamanda girova tutma yönəldilməsi barədə bildirişin qeydə alınması barədə sübut iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin xx.xx.2016cı il tarixli qərarı ilə təsdiq edilmiş “İnvestisiya qiymətli kağızları ilə alğı-satqı əqdlərinin bağlanması Qaydaları”nın 4.4-cü bəndinə əsasən sənədsiz qiymətli kağızlar üzrə depo hesabından çıxarış, həmin qiymətli kağızlara mülkiyyət hüququnu təsdiqləyən yeganə hüquqi sənəddir. İş materiallarına əlavə edilmiş Milli Depozit Mərkəzi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş depo hesabından çıxarışdan görünür ki, emitent “xxxx” ASC-nin hər birinin nominal dəyəri 2 manat olan ******* ədəd qiymətli kağızından ******* ədədi İddiaçı İKB-na məxsus olmuşdur. Təqdim edilən sənəd kserosurət olsa da işin bu halı cavabdeh tərəfindən mübahisələndirilmir və bu hal digər mötəbər sübutlarla (notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi və s) təsdiq olunur. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin arayışından görünür ki, xx.xx.2014-cü il tarixdə “xxxx” ASC-nin iddiaçıya məxsus hər birinin nominal dəyəri 2 manat olan ******* ədəd adlı sənədsiz səhmləri həmin tarixdə girovda olmamışdır. İddiaçının xx xxxxx 2017-ci il tarixli, 02- 1221 nömrəli xəbərdarlıq məktubu ilə cavabdehdən banka xx.xx.2017-ci il tarixə yaranmış 8 083 494,62 ABŞ dolları borcunun (7 299 995,73 ABŞ dolları əsas borc, 783 498,89 ABŞ dolları faiz borcu) 5 gün ərzində ödənilməsi xahiş edilmişdir. İşə birinci instansiya qaydasında baxmış işdə olan sübutlarla iddiaçının tələbinin əsaslı olduğunun təsdiq edildiyini müəyyən edərək və Azərbaycan Respublikası MM-nin 739.1-ci, 739.2-ci, 385.1-ci, 442-ci, 445.1, 445.2.1, 449.4-cü maddələrinə istinad edərək iddianı təmin etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsasən bundan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə kredit borcunun məbləğinin hesablanması üçün məhkəmə mühasibatlıq ekspertizası, ipoteka predmeti olan girov qoyulmuş səhmlərin ilkin satış qiymətinin müəyyən edilməsi üçün əmtəəşünaslıq ekspertizası təyin edilməmişdir. İşə apellyasiya qaydasında ilk dəfə baxılarkən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli, 3326 ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış, maliyyə arayışı məlumatları və xx xxxxxx 2014-cü il tarixli, 6-BİZ-1-0-100-14 saylı kredit xətti müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixinə (müqavilə müddətinin sonuna) İddiaçı İKB-yə olan borcu 8 390 966,68 USD məbləğində müəyyən olunur: əsas borc - 7 299 696,69 USD, faiz borcu-1 091 269,99 USD. Məhkəmə ekspert rəyinə əsasən müəyyən edir ki, iddiaçı tərəfindən cavabdehdən tələb olunan əsas borc 299 ABŞ dolları, faiz borcu isə 46 ABŞ dolları məbləğində hissədə əsassızdır. Buna görə də məhkəmə hesab edir ki, qətnamə kredit borcunun tutuması hissəsində qismən ləğv edilərək iddia bu məbləğlərin cavabdehdən tutulması hissəsində rədd edilməlidir. Məhkəmə qətnaməsinin mübahisələndirilən qalan hissədə ləğv edilməsi üçün əsaslar müəyyən olunmur. Cavabdehin girov predmeti olan səhmlərin ilkin bazar dəyərinin qətnamədə qeyd edilməməsinin maddi hüquq pozuntusu olduğuna dair dəlili məhkəmə tərəfindən aşağıdakılara əsasən əsassız hesab edilir. “İpoteka haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti qeyd edilməlidir. Mülki Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Qeyd edilən normaların tələblərindən göründüyü kimi, yalnız sənədli qiymətli kağızlar daşınar əşyadır və üzərində mülkiyyət hüquqları rəsmi reyestrdə qeydə alındığı təqdirdə sənədli qiymətli kağızların girovu ilə bağlı müqavilə ipoteka müqaviləsi hesab olunur. Lakin hazırkı halda Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin iş materiallarının 1-ci cildinin 18-ci vərəqinə əlavə edilmiş arayışına əsasən müəyyən olunur ki, “xxxx” ASC-nin iddiaçıya məxsus olmuş və cavabdehə satıldıqdan sonra kredit öhdəliyinin təminatı olaraq girov qoyulmuş ******* ədəd səhmi adlı sənədsiz qiymətsiz kağızdır. Buna görə də daşınar əşya hesab edilə və ipoteka predmeti ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki,Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-2(82)-54/2018 saylı qətnaməsi qismən, kredit müqaviləsi üzrə 299,04 ABŞ dolları əsas borcun, 45,99 ABŞ dolları faiz borcunun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-2(82)-54/2018 saylı qətnaməsi qismən, kredit müqaviləsi üzrə 299,04 ABŞ dolları əsas borcun, 45,99 ABŞ dolları faiz borcunun tutulması hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. Cavabdehdən dövlət büdcəsinə 200 manat ekspertiza xərci tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar