Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-148/2021 11.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə İddiaçı Nümayəndə Cavabdeh qarşı “icarə haqqı üzrə ödənişlərin hesablanmaması və cərimənin tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3621/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək tərəflər arasında xx xxxxxx 2017-ci il tarixdə bağlanmış icarə müqaviləsi üzrə forsmajor hal bitənədək icarə haqqı ödənişlərinin hesablanmaması və xx.xx.2017-ci il tarixli podrat müqaviləsi üzrə 240000 manat cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, həmçinin, məhkəməyə iddianın təmin etmə tədbirinin görülməsi barədə ərizə ilə müraciət edərək, mübahisə üzrə yekun məhkəmə qərarı qəbul edilənədək cavabdeh və üçüncü şəxslərə ünvan 1 ünvanında yerləşən 3592 kv.metr qeyri-yaşayış sahəsinə (“Golden City” Hotel) qarşı əsassız hərəkətlərin (digər şəxslərə icarəyə vermə və s.) qadağan edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və ərizəsinin tam təmin edilməsini, əks halda şikayəti yuxarı instansiya məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə həmin qərardadda iddiaçı tərəfin iddianın təmin etmə tədbirinin iddia ilə əlaqəsinin və gələcəkdə cavabdehin hansı qanunazidd hərəkətinin maneə yarada biləcəyinin əsaslandırılmadığını qeyd etmişdir. İlk növbədə iddia ərizəsində də qeyd etdiyi kimi cavabdeh ilə xx xxxxxx 2017-ci il tarixdə notarial qaydada icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 3592 kv.metr qeyri-yaşayış sahəsi 5 il müddətinə iddiaçıya icarəyə verilmişdir. İddiaçı tərəfindən verilmiş iddianın təmin tədbirinə dair ərizədə qeyd edilmişdir ki, cavabdeh tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin üçüncü şəxslərə icarəyə verilməsi barədə danışıqlar aparılır. Belə olduğu təqdirdə hazırkı mübahisə predmeti işə əlavə yçyncy və dördüncü şəxslərin də tərəf kimi işə qoşulması ilə nəticələnəcək. Bu da icarəçinin icarə obyektindən istifadə edə bilməməsi ilə bərabər, digər şəxslərin əsassız olaraq icarəsində olan obyektdən istifadə etməsi və gəlir götürməsi ilə nəticələnəcək. Bütün bunlar sonda sahibkar olaraq küllü miqdarda maddi ziyana düşməsi ilə nəticələnəcək. Gözlənildiyi kimi icarə obyektinin “de yure” icarəçisi iddiaçı sayılsa da, “de fakto”üçüncü və ya dördüncü şəxslər olacaq. Bu baxımdan hazırkı mərhələdə iddianın təmin etmə tədbirinin tətbiq edilməsi zəruridir. Bu həm iddiaçını, həm də cavabdehi gələcəkdə dəyəcək maddi ziyandan qoruyacaq. Bundan əlavə cavabdehə əvvəlcədən əvvəlki dövrlərə aid ödənilmiş ödəniş qəbzləri də sübut kimi məhkəməyə təqdim ediləcək. Göründüyü kimi hazırkı mərhələdə ərizənin təmin edilməməsi, həm iddiaçı, həm də cavabdeh üçün əlavə məhkəmə çəkişmələri yaradacağından və bu hal real olduğundan hazırkı iddianın təminetmə tədbirinin təmin edilməməsinə dair qərardad ləğv edilməli və ərizə təmin edilməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iclasınının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər (səlahiyyətli nümayəndələri) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (“MPM”) 135.8 və 376.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadından görünür ki, məhkəmə tərəfindən iddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsinin rədd olunması yekunda onunla əsaslandırılmışdır ki, iddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsində hazırkı iddianı təmin etmə tədbiri görülmədiyi təqdirdə, gələcəkdə iş üzrə qəbul ediləcək qətnamənin icrasının çətinləşəcəyi və ya qeyri-mümkün ola biləcəyinə əsaslı şübhələr olmasını, beləliklə də iddianı təmin etmə tədbirinin zəruriliyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə nəticə etibarə ilə razılaşır. Belə ki, MPM-in 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məcəllənin qeyd olunan müddəalarının mənasından göründüyü kimi, iddianı təmini tədbirinin görülməsi, gələcəkdə qətnamənin icrasını təmin etmək məqsədini daşımalıdır. Konkret halda, iddiaçının iddia ərizəsindən görünür ki, iddiaçının tələbi iki hissədən ibarətdəir: 1) icarə müqaviləsi üzrə fors-major hal (pandemiya) bitənədək icarə haqqı ödənişlərinin hesablanmaması; 2) icarə obyektinin təmiri ilə əlaqədar bağlanmış podrat müqaviləsi üzrə sifrişin gecikdirilməsinə görə hesablanan 240.000 manat cərimənin cavabdehdən tutulması. İddianı təmin etmə tədbiri barədə ərizəsində isə iddiaçı, cavabdeh və üçüncü şəxslərə icarə obyekti olan qeyri-yaşayış sahəsinə (“Golden City” Hotel) dair əsassız hərəkətlərin (digər şəxslərə icarəyə vermə və s.) qadağan edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd olunanlardan göründüyü kimi, görülməsi tələb edilən iddianı təmin etmə tədbiri, iddia tələblərinə mütənasiblik təşkil etmir. Yəni, icarə obyekti ilə bağlı əsassız hərəkətlərin (digər şəxslərə icarəyə vermə və s.) cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə iddianı təmini tədbirinin görülməsi – gələcəkdə iddiaçının xeyrinə qəbul edilə biləcək, cavabdehin üzərinə icarə haqqı hesablanmaması öhdəliyinin və ondan cərimənin tutuluması barədə qətnamənin icrasını təmin etmir. Halbuki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx xxxx 2018-ci il tarixli Qərarında da məhz Plenum qeyd etmişdir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: 1) bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; 2)bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; 3) tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. İşin qeyd olunan hallarından isə göründüyü kimi, iddiaçının görülməsini tələb etdiyi iddianı təmin etmə tədbiri Konstitusiya Məhkəməsinin qərarında təsbit olunan meyarlara cavab vermir. Ona görə də məhkəmə kollegiyası iddiaçının şikayətinin Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3621/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, həmin qərarad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsində iddianı təmin etmə tədbiri barədə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Nümayəndə şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3621/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-148/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-148/2021
11.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver