Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-149/2024 10.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair Açar söz: icarə müqaviləsi üzrə borc Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh, vəkili X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “icarə müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3891/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin mübahisəsiz hallarından görünür ki, "xxxx" ASC (onun adından çıxış edən "xxxx" MMC) ilə Cavabdeh arasında 28 dekabr 2021-ci il tarixli 11-İ-2021-0079 nömrəli icarə müqaviləsi bağlanmış, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr.35 ünvanında yerləşən “ASK Plaza” adlanan binada -1-ci mərtəbə, 102 saylı sahə 214.8 kv.m-dən ibarət restoran üçün sahə, eləcə də müqavilənin əlavəsində göstərilən avadanlıq və restoran üçün nəzərdə tutulmuş ləvazimatlar xx.xx.2022-ci il tarixindən etibarən aylıq 1500 manat (ƏDV daxil) məbləğində icarə haqqı ödənilməklə icarəyə verilmiş, tərəflər arasında icarə hüquq münasibətinə xx.xx.2022-ci il tarixdən xitam verilmiş və bu barədə tərəflər arasında xx.xx.2022-ci il tarixdə saziş bağlanmışdır.
2. Müqavilənin 4.2.4-cü bəndinə əsasən icarə obyektindən istifadəyə görə kommunal ödənişləri və digər tədiyyələri ödəmək öhdəliyini icarəçi üzərinə götürmüşdür.
3. Tərəflər arasında icarə müqaviləsinə xitam verilməsi barədə sazişin 2-ci bəndində icarəçinin ( Cavabdeh) icarə obyektini 02 iyul 2022-ci il tarixinə qədər təhvil verməsi və icarə dövrü ərzində 3997,81 manat icarə haqqı, 1885 manat kommunal haqqı olmaqla, cəmi 5882,81 manat yaranmış borc məbləğini xx.xx.2022-ci il tarixinə kimi qaytarmaq öhdəliyi nəzərdə tutulmuşdur.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 dekabr 2021-ci il tarixli 11-İ2021-0079 nömrəli icarə müqaviləsi üzrə yaranmış 2.648,81 manat icarə haqqı borcu, 1.884 manat kommunal haqqı borcu, 124,50 manat icarə haqqının ödənilməmiş günlərinə görə hesablanmış cərimə olmaqla, ümumilikdə 4.657,31 manat pulun, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 62 manat məbləğində haqqın və 4,57 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında 28 dekabr 2021-ci il tarixli 11-İ-2021-0079 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr., 35 ünvanında "xxxx" Plaza adlanan inzibati binanın - 1-ci mərtəbəsində 102 nömrəli sahə - 214,8 kv. metrdən ibarət restoran üçün nəzədə tutulmuş sahəni, eləcə də müqavilənin əlavəsində nəzərdə tutulmuş avadanlıq və restoran üçün ləvazimatları 11 ay müddətinə icarəyə götürməyi və aylıq 1.500 manat icarə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Müqavilənin 5.1-ci bəndinə əsasən icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə, hər gecikdirilmiş 1 gün üçün icarəyə verənə icarə haqqının 0,1 %-i məbləğində dəbbə pulu ödəyir. Beləliklə, cavabdeh tərəfindən icarə haqqı ödənilməmiş və nəticədə 2.648,81 icarə haqqı borcu, 1.884,0 manat kommunal haqqı borcu, 124,50 manat icarə haqqının ödənilməmiş günlərinə görə hesablanmış cərimə olmaqla, ümumilikdə 4.657,31 manat borc yaranmışdır. Tərəflər arasında imzalanmış 1 iyul 2022-ci il tarixli Sazişə əsasən 28 dekabr 2021-ci il tarixli 11-İ-2021-0079 nömrəli icarə müqaviləsinə 1 iyul 2022-ci il tarixindən xitam verilmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3891/2023 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia tələbi təmin edilmişdir. 7.Məhkəmə bildirmişdir ki, ki, hazırkı mübahisənin faktiki əsasını təşkil edən icarə müqaviləsi məhz "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmışdır və Cavabdeh ilə X7 arasında olan danışıq və ya razılaşmanın hazırkı mübahisənin həlli baxımından heç bir əhəmiyyəti yoxdur. 8.Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış sazişdən də, göründüyü kimi, cavabdehin özü icarə obyektini təhvil verərkən 3.997,81 manat icarə haqqı, 1.885 manat kommunal haqqı borcunun olduğunu qəbul etmişdir. İddiaçı tərəfindən əlavə edilmiş mühasibatlıq sənədi çıxarışına əsasən tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə 04.07.22-ci il tarixində 100 manat, 08.07.22-ci il tarixində 150 manat, xx.xx.2022-ci il tarixində 100 manat, 11.08.22-ci il tarixində 500 manat, 30.09.22-ci il tarixində 500 manat məbləğində ödənişlər edilmiş, həmin ödənişlər cavabdehin həm icarə haqqı, həm də kommunal haqqı borcundan silinmişdir. Qeyd edilmiş məbləğlərin sadə riyazi hesablama ilə cəmi 1.350 manat təşkil edir. İddiaçı tərəf isə qeyd edilmiş məbləğin 1.349 manat hissəsini sazişdə etiraf edilmiş icarə haqqı borcundan çıxaraq 2.648,81 (3997,81-1349) manat icarə haqqı borcunu, 1 manat hissəsini isə sazişdə etiraf edilmiş kommunal haqqı borcundan çıxaraq 1.884 (1885-1) manat pulun tutulmasını xahiş edir.
9. Məhkəmə onu da qeyd etmişdir ki, EBBV seriyalı, 046516 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 708 manat olan (28 dekabr 2021-ci il tarixli 11-İ-2021-0079 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2022-xx.xx.2022 dövr üzrə kommunal haqqı borcuna görə), EBBW seriyalı, 650504 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 640 manat olan (xx.xx.2022xx.xx.2022 dövrü üzrə kommunal haqqı borcuna görə), EBBY seriyalı, 786915 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 536 manat olan (xx.xx.2022-xx.xx.2022 dövrü üzrə elektrik enerjisinin istifadəsinə və su sərfiyyatına görə) iddiaçı tərəfindən cavabdehə elektron qaimələr göndərilmişdir. Məhkəmə bildirmişdir ki, sadə riyazi hesablama ilə görünür ki, göndərilmiş olan elektron qaimələrdəki məbləğlərin cəmi 1884 manat təşkil edir. Məhkəmə qeyd edilənlərə əsasən hesab etmişdir ki, icarə haqqı borcu üzrə 2.648,81 manat və kommunal haqqı borcu üzrə 1884 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənməlidir. 10.Məhkəmə icarə haqqının ödənilməmiş günlərinə görə hesablanmış cərimə borcu üzrə 124,50 manat məbləğində pulun tutulması ilə bağlı aşağıdakıları qeyd etmişdir. Cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə, hər 1 gecikdirilmiş gün üçün icarəyə verənə icarə haqqının 0,1 % məbləğində dəbbə pulu ödəməlidir. Məhkəmə hesab etmişdir ki, cavabdehin 2648,81 manat əsas (icarə haqqı) borcuna münasibətdə 124,50 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir. 11.Məhkəmə qeyd etmişdr ki, xx.xx.2023-cü il tarixli qəbzə əsasən, iddiaçı tərəfindən mediasiya xidmət haqqı olaraq 62 manat məbləğində pul Bakı 12 X4 ödənilmişdir, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 62 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
12. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən ödənilməli olan rüsum məbləği 66,57 manat təşkil etmişdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 4,57 manat məbləğində pul ödənmişdir. Məhkəmə hesab etmişdir ki, dövlət rüsumunun əvəzi olaraq 4,57 manat məbləğində pul vəsaiti də, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3891/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə dəbbə pulun hesablayarkən iddiaçı iddia ərizəsində dəbbə puluna aid olan tam təmin etmişdir. Yəni məhkəmə hər hansı bir hala aydınlıq gətirmədən 124 manatı bütov təmin etmişdir. xx.xx.2021-ci il tarixli, 11-İ-2021-0079 nömrəli icarə müqaviləsi üzrə icarə haqqı borcu üzrə 2648 (iki min altı yüz qırx səkkiz) manat, 81 (səksən bir) qəpik, kommunal haqqı borcu üzrə 1884 (bir min səkkiz yüz səksən dörd) manat, cərimə borcu üzrə 124 (bir yüz iyirmi dörd) manat, 50 (əlli) qəpik pulun ödənilməsi qeyd edilən hüquq normasının pozulmasına gətirib çıxarmışdır. Qeyd etmişdir ki, cavabdeh öz üzərinə düşən öhdəliyi lazımınca icra etmişdir. Sadəcə olaraq cavabdehdən sonra həmin obyekti icarəyə götürən Ələsə İbrahimov bu işə dair bütün məsuliyyəti öz üzərinə götürmüşdür. İcarəyə götürülən obyektə aid bütün ləvazimatlar hazırda qeyri-yaşayış sahəsində qalır və istifadə olunur. Həmin obyekdə olan ləvazimatların hər hansı biri cavabdeh tərəfindən götürülməmişdir. Həmin ləvazimatlar iddiaçı tərəfə dəfələrlə müraciət edilməsinə baxmayaraq bu günə kimi də verilməmişdir. Obyektdə olan ləvazimatlardan bir neçəsi, o cümlədən iddiaçı tərəfindən sıradan çıxarılmışdır. Bütün bunlar məhkəmə iclası zamanı bildirilmiş, işə baxan məhkəmə bu halları araşdırmamışdır. Bundan əlavə məhkəmə qəbul etmiş olduğu bu qətnaməsində bu hala ümumiyyətlə toxunmamışdır. Məhkəmə işdə olan sübutlara düzgün olmayan mövqe bildirmişdir. Belə ki, cavabdehin işlətdiyi dövrdən sonra olan bütün kommunal xərcləri də cavabdehin üzərinə hesablamışdır. Sözü gedən icarə müqaviləsinə xx.xx.2022ci il tarixdə xitam verilmişdir. Elektrik və su səriyyatına görə təqdim edilən qəbz 15 gün sonranı da hesablayıb. xx.xx.2022- xx.xx.2022 dövrü üzrə elektrik enerjisinin istifadəsinə və su sərfiyyatına görə) Məhkəmə bu sübuta da düzgün qiymət verməmişdir. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilən və aramızda bağlanmış olan icarə müqaviləsinin tələblərində qeyd edilən halları və komunal ödəniş üçün təqdim edilən çeklərdə olan vaxt fərqlərin araşdırmamışdır. Bundan əlavə məhkəmə dəbbə pulunuda hesablanarkən bunun hansı aspektə olması halları araşdırılmamışdır. Məhkəmə işdə materiallarında olan kirayə müqaviləsi, kommunal ödənişlərlə bağlı çeklərdə olan iş üçün əhəmiyyətli olan halları araşdırmamışdır. Məhkəmə iclası vaxtı məhkəməyə işdə olan əmlakların qiymətləndirilməsi ilə bağlı müraciət edilsə də müraciətə baxılmamış, məhkəmə bu hala öz hüquqi qiymətini verməmişdir
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdeh, vəkili X6 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər.
16. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
17. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi 675-ci maddə- əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 700.1-ci maddə-icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddə-əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 462.1-ci maddə- dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 522.1-ci maddə-kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 522.2-ci maddə- əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. 522.3-cü maddə-icazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. 522.4-cü maddə-borclu və ya üçüncü şəxs kreditordan icazəni müəyyənləşdirilmiş müddətdə elan etməyi tələb edirlərsə, icazə həmin müddət qurtaranadək elan edilir; bu edilməsə, hesab edilir ki, icazə verməkdən imtina olunmuşdur.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
18. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
19. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3891/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında bağlanmış 28 dekabr 2021-ci il tarixli 11-İ-2021-0079 nömrəli icarə müqaviləsinə əsasən iddiaçı Bakı ş, Yasamal rayonu, Tbilisi pr.35 ünvanında yerləşən “ASK Plaza” adlanan binada -1-ci mərtəbə, 102 saylı sahə 214.8 kv.m-dən ibarət restoran üçün nəzərdəlan sahəni cavabdehə icarəyə vermiş, tərəflər arasında icarə hüquq münasibətinə xx.xx.2022-ci il tarixdən xitam verilmiş və xx.xx.2022-ci il tarixdə imzalanmış sazişlə tərəflər qarşılıqlı razılaşma ilə müqaviləni ləğv etmiş, sazişdə cavabdeh müqavilə ləğv edilən tarixə iddiaçıya 3997,81 manat icarə haqqı, 1885 manat kommunal haqqı olmaqla, cəmi 5882,81 manat borcu olduğunu qəbul edərək xx.xx.2022-ci il tarixinə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Borc üzrə qismən ödəniş edilsə də, iddiaçı tərəfindən hazırda tələb edilən məbləğdə borc ödənilməmişdir.
21. Cavabdehin iddiaya etirazı və apellyasiya şikayətinin dəlili bundan ibarətdir olmuşdur ki, icarə obyektində ondan sonra fəaliyyət göstərən X7 adlı şəxslə aralarında olan razılaşmaya əsasən icarəyə verilmiş obyektdən çıxarkən müəyyən əmlakları obyektdə qaldığından onun borcu həmin şəxs tərəfindən ödənilməli idi.
22. Məhkəmə apellyasiya şikayətini əsassız hesab edərək birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, icarə müqaviləsindən irəli gələn öhdəlik münasibətləri üzrə kreditor "xxxx" ASC qarşısında öhdəlik daşıyan şəxs Cavabdeh olduğundan onunla yeni icarəçi arasında öhdəliyin ötürülməsinə dair kreditorun iştirakı ilə tərib edilmiş yazılı razılaşma olmadığından və iddiaçı tərəfindən bu hal təsdiq edilmədiyindən hazırkı mübahisənin həlli baxımından əhəmiyyəti yoxdur.
23. Cavabdeh apellyasiya şikayətinin əsası olaraq eyni zamanda qeyd etmişdir ki, cavabdehin işlətdiyi dövrdən sonra olan bütün kommunal xərcləri də cavabdehin üzərinə hesablamış, sözü gedən icarə müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilməsinə baxmayaraq elektrik və su səriyyatına görə təqdim edilən qəbz 15 gün sonranı da hesablamışdır. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə bağlı bildirir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixdə sazişə əsasən cavabdeh obyektin onun icarəsində olduğu müddətdə 1885 manat kommunal haqqı borcu olduğunu özü təsdiq etdiyindən, sazişdə obyektin xx.xx.2022-ci il tarixdə təhvil verilməsi nəzərdə tutulduğu halda işdəki qaimələrə əsasən kommunal xidmətlərin dəyəri xx.xx.2022-ci il tarixədək hesablandığından cavabdehin mülahizələri formal xarakter daşımaqla iddianın rədd edilməsi üçün əsas ola bilməz.
24. Cavabdeh icarə haqqı üzrə qalıq borcu xx.xx.2022-ci il tarixinə kimi tam ödəməyi öhdəsinə götürdüyü halda 2648,81 manat borcu ödəmədiyindən həmin məbləğə iddia qaldırılan tarixədək (xx.xx.2023-cü il) 124,50 manat məbləğində dəbbə pulu hesablanması ağlabatan olmaqla tərəflər arasında bağlanmış icarə müqaviləsinin 5.1-ci bəndinə uyğundur.
25. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 3891/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3891/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.