Məhkəmə qərarları › İş №2-2(103)-15/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-15/2023

28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-15/2023 28.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndələri Nümayəndə1, Nümayəndə2 və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3028/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixli 026 BFHŞ saylı kredit müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən İddiaçı ASC "xxxx" MMC-yə 12 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 19.680.909 (on doqquz milyon altı yüz səksən min doqquz yüz doqquz) ABŞ dolları məbləğində kredit verməyi, sonuncu isə krediti qəbul edib və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə qaytarmağı və ona hesablanmış faizləri ödəməyi öz öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı ləğv prosesində olan "xxxx" ASC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 22.639.059,08 ABŞ dolları – bundan 19.680.909 ABŞ dolları əsas, 1.184.134,69 ABŞ dolları faiz, 967.644,69 ABŞ dolları cərimə, Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 806.370,70 ABŞ dolları faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı bildirir ki, müqavilə üzrə cavabdehə 19680909 (on doqquz milyon altı yüz səksən min doqquz yüz doqquz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh isə müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 19680909 ABŞ dolları, faiz borcu 1184134,69 ABŞ dolları, cərimə borcu 967644,69 ABŞ dolları, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanan faiz borcu 806370,70 ABŞ dolları təşkil edir.

4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı tərəfindən iddia tələbini sübuta yetirən sənədlər məhkəməyə təqdim olunmamışdır. Belə ki, ayrılan kredit məbləğinin iri həcmli olması nəzərə alındıqda, belə bir həcmdə kredit borcunun verilməsi zamanı iddiaçının idarə heyətinin razılığı olmadan kreditin ayrılması şübhə doğurur. Əlavə olaraq iddia tələbinin sübutu kimi iddiaçı tərəfindən sadəcə olaraq hesabdan çıxarış təqdim edilmişdir ki, müasir dövrdə internet bankçılıq sistemi ilə bunun həyata keçirilməsi o qədər də çətin deyil. Kredit müqaviləsində qeyd edilən pul vəsaiti cavabdeh tərəfindən alınmamışdır. Buna əsasən də tərəflər arasında imzalanmış əqd etibarsız əqd hesab olunmalı və iddia rədd edilməlidir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-3028/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

6. Cavabdeh "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən hesablanmış faiz və cərimələrin cədvəli-hesablanma çıxarışı (hesablar üzrə), kreditin ödəniş cədvəli, ssuda hesabından çıxarış, hesabdan çıxarışda göstərilən 3 sənəd çıxışını təsdiq edən qəbzlər (ödəniş tapşırığı və kassa məxaric orderləri), Müşahidə şurasının kreditin ayrılmasına dair qərarı, Kredit Komitəsinin və ya İdarə Heyətinin kreditin verilməsinə dair qərarının təqdim olunması ilə bağlı, habelə iş üzrə ekspertizanın təyin olunması barədə vəsatətləri təmin etməmiş və bununla da, iş üzrə ədalətli və obyektiv qərar qəbul edilməsini təmin etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndələri Nümayəndə1 və Nümayəndə2 isə apellyasiya şikayətinə etiraz etdilər.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

11. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

12. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

13. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

14. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

15. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.

19. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1, 741, 462 və 445.7-ci maddələri təşkil edir.

20. Lakin hazırki işdə həmin maddələrin tətbiq edilməsi və cavabdehdən borcun tutulması üçün əsaslar mövcud deyildir.

21. Belə ki, iddiaçı öz tələblərinin əsası kimi xx.xx.2019-cu il tarixli 026 BFHŞ saylı kredit müqaviləsinə istinad etmiş, lakin həmin müqavilədə göstərilən 19680909 ABŞ dolları məbləğində pulun cavabdehə verilməsini əks etdirən sənədləri (kassa məxaric orderi, qəbz, ödəniş tapşırığı və s.) məhkəməyə təqdim etməmişdir.

22. Eyni zamanda cavabdeh də bildirir ki, ona həmin müqavilədə göstərilən 19680909 ABŞ dolları məbləğində kredit verilməmişdir.

23. Göründüyü kimi bu halı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür və o, xx.xx.2019-cu il tarixli 026 BFHŞ saylı kredit müqaviləsinin bağlandığına istinad etdiyi üçün həmin müqavilədə göstərilən 19680909 ABŞ dolları məbləğində pulun cavabdehə verilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməli idi.

24. İddiaçı "xxxx" ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında, o cümlədə tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayış məlumatlarında İddiaçı ASC ilə "xxxx" MMC arasında rəsmiləşdirilmiş 29 mart 2019-cu il tarixli 026 BFHŞ saylı kredit müqaviləsi üzrə ayrılmış 19680909 ABŞ dolları məbləğində vəsaitin 024 BFHŞ nömrəli kredit müqaviləsi üzrə yaranmış borca silindiyi qeyd edilmişdir (cild 2, i/v 57-58).

25. Cavabdeh isə bildirir ki, tərəflər arasında 024 BFHŞ nömrəli kredit müqaviləsi bağlanmamış və belə müqavilə mövcud olmamışdır.

26. Göründüyü kimi mübahisəli məqam 19680909 ABŞ dolları məbləğində vəsaitin ayrılıb-ayrılmaması, ayrıldığı təqdirdə həmin vəsaitin tərəflər arasında bağlanmış digər kredit müqaviləsi üzrə borca silinib-silinməməsi ilə bağlıdır.

27. Qeyd olunanların aydınlaşdırılması, yəni hazırki iddianın əsasını təşkil edən 29 mart 2019-cu il tarixli 026 BFHŞ saylı kredit müqaviləsi üzrə borcun məbləğinin müəyyən edilməsi, o cümlədən "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış əvvəlki kredit müqavilələri üzrə borcun (borcların) mövcud olub-olmaması və xx.xx.2019-cu il tarixli 026 BFHŞ nömrəli kredit müqaviləsi üzrə 14-59004-3 nömrəli hesaba köçürülən 19680909 ABŞ dolları məbləğinin həmin kredit müqavilələri üzrə borca (borclara) silinməsi üçün əsasların olub-olmamasını müəyyənləşdirmək üçün hazırki apellyasiya baxışı zamanı iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 15 fevral 2023-cü il tarixli 9/8041 saylı ekspert rəyi verilmişdir.

28. Həmin rəyə əsasən tərəflər arasında rəsmiləşdirilmiş 29 mart 2019-cu il tarixli 026 BFHŞ nömrəli kredit sazişi üzrə 19.680.909 ABŞ dolları məbləğində vəsait məxaric edilməmişdir. Bundan başqa kredit müqaviləsinin 3.9-cu bəndində “Kredit verən” krediti, faizləri və “Kredit alan”a qarşı digər pul tələblərini ödəmə tələbnaməsi əsasında onun müvafiq hesabından akseptsiz qaydada silə bildiyi qeyd edilmişdir. Lakin iş materiallarında belə bir məlumat, tələbnamə öz əksini tapmamışdır. Yuxarıda göstərilən hallara əsasən (kredit vəsaitinin təyinatı üzrə xərclənməməsi, sərəncam, ödəniş tapşırığı, tələbnamə olmadan digər kredit borcuna silindiyi nəzərə alınmaqla) hazırkı ekspertiza zamanı borcalana 29 mart 2019-cu il tarixli 026 BFHŞ saziş üzrə ayrılmış 19.680.909,0 ABŞ dolları məbləğində kredit məbləği üzrə faiz borcu hesablanıb-hesablanmamasına məhkəmə tərəfindən qiymət verilməlidir. İş materiallarında "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayış məlumatlarında İddiaçı ASC ilə "xxxx" MMC arasında rəsmiləşdirilmiş müqavilələr (rəyin tədqiqat hissəsində həmin müqavilələr dəqiq göstərilmişdir) öz əksini tapmışdır. Tədqiqat zamanı qeyd edilən müqavilələrin bir neçəsinin iş materiallarında mövcud olmadığı müəyyən edildi, o cümlədən tərəflər arasında rəsmiləşdirilmiş xx.xx.2018-ci il tarixli 024 BFHŞ nömrəli kredit müqaviləsi. Həmin kredit müqaviləsi üzrə borcalana verilməli olan kredit məbləğinin 19.343.149.0 ABŞ dolları olması qeyd edilmişdir. Hesabdan çıxarış məlumatlarında o, cümlədən "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayış məlumatlarında İddiaçı ASC ilə "xxxx" MMC arasında rəsmiləşdirilmiş 29 mart 2019-cu il tarixli 026 BFHŞ saylı kredit müqaviləsi üzrə ayrılmış 19.680.909,0 ABŞ dolları məbləğində vəsaitin həmin, iş materiallarında mövcud olmayan 024 BFHŞ nömrəli kredit müqaviləsi üzrə yaranmış borca silindiyi qeyd edilmişdir.

29. Beləliklə, iş materiallarından və məhkəmə ekspertizası rəyindən müəyyən edilir ki, tərəflər arasında rəsmiləşdirilmiş 29 mart 2019-cu il tarixli 026 BFHŞ nömrəli kredit sazişi üzrə 19.680.909,0 ABŞ dolları məbləğində vəsait məxaric edilməmişdir.

30. Eyni zamanda tərəflər arasında bağlanmış kredit müqaviləsinin 3.9-cu bəndində “Kredit verən” krediti, faizləri və “Kredit alan”a qarşı digər pul tələblərini ödəmə tələbnaməsi əsasında onun müvafiq hesabından akseptsiz qaydada silə bildiyi qeyd edilmişdir.

31. Lakin iddiaçı tərəfindən belə bir məlumat, tələbnamə, sərəncam, ödəniş tapşırığı və s. təqdim edilməmişdir.

32. Ekspert rəyindən də göründüyü kimi tədqiqat zamanı tərəflər arasında bağlandığı qeyd edilən müqavilələrin bir neçəsinin, o cümlədən xx.xx.2018-ci il tarixli 024 BFHŞ nömrəli kredit müqaviləsinin iş materiallarında mövcud olmadığı müəyyən edilmişdir.

33. Halbuki, iddiaçı yuxarıda qeyd olunan arayışda hazırki iddianın əsasını təşkil edən kredit müqaviləsi üzrə verilməli olan 19.680.909 ABŞ dolları məbləğində vəsaitin məhz 024 BFHŞ nömrəli kredit müqaviləsi üzrə yaranmış borca silindiyi qeyd edilmişdir.

34. Lakin, iddiaçı tərəfə dəfələrlə təklif edilməsinə baxmayaraq, onun tərəfindən 024 BFHŞ nömrəli kredit müqaviləsinin mövcüd olmasını və həmin müqavilənin real icra olunaraq cavabdehə kredit verilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir.

35. Yalnız sonuncu məhkəmə iclasında iddiaçının nümayəndəsi xx.xx.2018-ci il tarixli 024 BFHŞ nömrəli kredit müqaviləsinin əslini deyil, kserosurətini məhkəməyə təqdim etmiş və həmin müqavilənin əslinin əldə edə bilmədiklərini bildirmişdir.

36. Məhkəmə kollegiyası hesab edir ki, həmin kserosurət mötəbər sübut kimi qiymətləndirilə bilməz.

37. Çünki, cavabdeh xx.xx.2018-ci il tarixli 024 BFHŞ nömrəli kredit müqaviləsinin mövcüdluğunu mübahisələndirir və təqdim edilmiş kserosurətə etiraz edərək, müqavilənin əslinin təqdim edilməsini tələb edir, iddiaçı isə həmin müqavilənin əslini təqdim edə bilmir.

38. Qeyd olunan halları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, həmin kserosurət sübut qismində qəbul edilə bilməz.

39. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, iddiaçı hazırki iş üzrə iddianın əsasını təşkil edən xx.xx.2019-cu il tarixli 026 BFHŞ saylı kredit müqaviləsində nəzərdə tutulmuş pul vəsaitinin cavabdehə verildiyini və ya onun mövcüd olan əvvəlki kredit müqaviləsi üzrə borcunun silinməsinə yönəldiyini, ümumiyyətlə həmin pul vəsaitinin cavabdehin sərəncamına verildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

40. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli 026 BFHŞ saylı kredit müqaviləsi üzrə iddiaçının öz öhdəliklərini icra etməsi, yəni kredit məbləğinin cavbdehə verilməsi sübut olunmadığına görə tərəflər arasında Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbləri baxımından öhdəlik münasibətlərinin yaranması öz təsdiqini tapmır. Belə olan halda isə iddia təmin edilə bilməz.

41. Ona görə də, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməlidir.

42. Məhkəmə xərcləri isə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə iddiaçıya aid edilməlidir.

43. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3028/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaiti iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar