Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-150/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3976/2022 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Tərəflər arasında bağlanmış 11 fevral 2010-cu il tarixli 1856/1175/03 №-li kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə ******* manat məbləğində kredit verilmiş, kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən kredit öhdəliklərinin icrasının təminat üsulu kimi sonrakı ipoteka müqaviləsi müəyyən olunmuşdur. İpoteka müqavilələrinə əsasən 2 ipoteka predmeti öhdəliklərinin icrasının təminat üsulu kimi göstərilmişdir: X3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsində yerləşən 667,8 kv.m əsas, 222,7 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası və "xxxx" Kiçik Müəssisəsinə məxsus Bakı şəhəri, Yasamal rayonu, Dairədən Xaric küçəsində yerləşən 1168,1 kv.m ümumi, 446,6 əsas, 721,2 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binası. Sonradan "xxxx" ASC notariusa ünvanladığı 14 mart 2012-ci il tarixli, 02-2229 №-li məktubla ipoteka predmetlərindən biri olan "xxxx" Kiçik Müəssisəsinə məxsus Bakı şəhəri, Yasamal rayonu, Dairədən Xaric küçəsində yerləşən 1168,1 kv.m ümumi, 446,6 əsas, 721,2 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının ipoteka yüklülüyündə qalmaq şərtilə və banka olan ******* manat məbləğində kredit və faiz borcunun kredit müqaviləsinin şərtlərinə və müddətinə uyğun olaraq ödənilməsi şərtilə "xxxx" MMC ilə alqı-satqı müqaviləsi bağlanmasına etiraz etmədiyini bildirmiş və 14 mart 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əmlak sonuncuya ******* manata satılmışdır. Sonradan öhdəliklər icra olunmadığından Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 aprel 2019-cu il tarixli, 2(103)-3679/2019 nömrəli qətnaməsinə əsasən kredit müqaviləsi üzrə 808878 manat əsas, 308188,83 manat faiz, 111706 manat dəbbə pulu, cəmi 1228772,83 manat borcun "xxxx" MMCdən tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş X3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsində yerləşən 667,8 kv.m əsas, 222,7 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına ilkin satış qiymətinin 990000 manat məbləğində müəyyən edilməklə və ipoteka ilə yüklü edilmiş "xxxx" Kiçik Müəssisəsinə məxsus Bakı şəhəri, Yasamal rayonu, Dairədən Xaric küçəsində yerləşən 1168,1 kv.m ümumi, 446,6 əsas, 721,2 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına ilkin satış qiyməti 550000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə əldə edilmiş məbləğin yaranmış borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamə qismən, yəni kredit borcunun ipoteka predmetlərindən biri olan X3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsində yerləşən 667,8 kv.m əsas, 222,7 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına münasibətdə icra olunmuş, 21 yanvar 2021-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləyə əsasən 631125 manat qiymətlə İddiaçı ASC tərəfindən alınmışdır. Lakin qətnamə digər hissədə, yəni tutmanın Bakı şəhəri, Yasamal rayonu, Dairədən Xaric küçəsində yerləşən 1168,1 kv.m ümumi, 446,6 əsas, 721,2 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi hissəsində icra olunmamışdır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı ASC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 11 fevral 2010-cu il tarixli kredit müqaviləsi üzrə 08 aprel 2019cu il tarixdən 14 fevral 2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 155552,78 manat məbləğində əldən çıxmış fayda olan borcun, 45.55 manat ödənilmiş dövlət rüsumunun və 400 manat ödənilmiş mediasiya xərcinin tutulması barədə qətnamə qşbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirir ki, hal-hazırda 11 fevral 2010-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh MMC-nin banka gecikdirilmiş vaxt üçün 08 aprel 2019-cu il tarixdən 14 fevral 2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 155552,78 manat məbləğində əldən çıxmış fayda olmaqla borcu vardır. Kredit müqavilələri qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəlləsinin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir.
4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, kredit müqaviləsinin təminatı olaraq ona məxsus əmlak ipoteka ilə yüklü edilib və borcun ödənilməsi həmin əmlakın satılması hesabına həyata keçirilməli idi. Lakin ipoteka predmetinin satılaraq borca yönəldilməsi yubadılır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3976/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
6. İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iddiaçının nümayəndələri X4 və X5 apellyasiya şikayətini müdafiə etdilər, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
11. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
12. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.
14. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir.
15. Lakin hazırki işdə həmin maddəyə əsasən iddianın təmin edilməsi üçün əsaslar mövcüd deyil.
16. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Həmçinin, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, MM-in 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir...Bununla belə, MM-in 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür. Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MMin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz”.
17. Həmin Qərarda daha sonra qeyd olunmuşdur ki, “Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir”.
18. Konstitusiya Məhkəməsinin mövqeyindən də göründüyü kimi məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, məsuliyyətə cəlb edilə bilməz.
19. Hazırki işin halları da ondan ibarətdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla ilk olaraq həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, sonradan iddiaçı həmin kredit müqaviləsi üzrə müəyyən edilən borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetlərinə yönəldilməsi qət edilmiş və qətnamə icraya yönəldilmişdir.
20. Ona görə də Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqeyinə uyğun olaraq cavabdehin hərəkətlərinə bu aspektdən, yəni kredit müqaviləsi üzrə borcalan kimi deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə borclu kimi qiymət verilməlidir.
21. Bu baxımdan qiymət veriləndə isə cavabdehin təqsiri müəyyən edilmir.
22. Belə ki, qanuni qüvvəyə minmiş həmin məhkəmə qətnaməsi mövcud olduğu halda 2ci ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Dairədən Xaric küçəsində yerləşən 1168,1 kv.m ümumi, 446,6 əsas, 721,2 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış binası məhz iddiaçı bankın razılıq ərizəsi əsasında "xxxx" MMC-yə satılmış və buna görə də, həmin əmlaka tutmanın yönəldilməsi ilə bağlı heç bir prosessual hərəkət aparılmamışdır.
23. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 aprel 2019cu il tarixli, 2(103)-3679/2019 nömrəli icra sənədinin hissəvi icrasının, yəni Bakı şəhəri, Yasamal rayonu, Dairədən Xaric küçəsində yerləşən 1168,1 kv.m ümumi, 446,6 əsas, 721,2 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına tutmanın yönəldilməməsində cavabdehin hərəkət və ya hərəkətsizliyi olmamışdır.
24. Eyni zamanda cavabdehin təqsirli hərəkətləri ilə bağlı da hər hansı sübut (onun tərəfindən icranın yubadılması ilə əlaqədar hərəkətlərin və ya hərəkətsizliyin edilməsi, şikayətlərin verilməsi və s.) təqdim edilməmişdir. Ona görə də, həmin icra sənədinin hazıradək tam icra olunmamasına görə cavabdeh məsuliyyət daşımır.
25. Göründüyü kimi icra sənədinin hissəvi hərəkətsiz qalmasında cavabdehin təqsiri olmamışdır.
26. Bu baxımdan kollegiya hesab edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbləri baxımından iddiaçı tərəfindən faizlərin ödənilməsini tələb etməsi əsassızdır.
27. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3976/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn