Məhkəmə qərarları › İş №2-2(103)-151/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-151/2024

31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-151/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi Açar söz: akt əsasında hesablanmış borc Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi, ödənilmiş vəsaitin geri qaytarılması, ziyanın tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-3069/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Cavabdeh ilə "xxxx" MMC arasında AMX-3603/20 saylı, 2020-ci il 23 iyun tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır.

2. İş materiallarına əlavə olunmuş abonentin saldosundan görünür ki, iddiaçıya 2022-ci ilin iyul ayı üçün akt əsasında 46581,50 manat, 2022-ci ilin dekabr ayında isə akt əsasında 12660,50 manat borc hesablanmışdır.

3. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli təbii qazın uçotunun pozulması haqqında aktdan görünür ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə sayğacın sərfiyyatı qeyd etmədiyi, sayğacın işlədiyi dövrdə sərfiyyatın Qs-146 kub metr/s olduğunu nəzərə alsaq: 146x(54x24)=189216 kub metr-2890 kub metr (sayğacın qeyd etdiyi)=186326 kub metr sərfiyyatın hesablandığı qeyd olunmuşdur.

4. xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən G400 markalı 80116833 saylı sayğac çıxarılaraq laboratoriya yoxlanışına göndərilmişdir.

5. İşdə olan xx.xx.2022-ci il tarixli rəydən görünür ki, qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında aktda xətaların normaya uyğun olduğu, sayğacın mexaniki hissəsinin işlək olduğu, batareya tələb olunduğu qeyd olunmuşdur.

6. xx.xx.2022-ci il tarixli hesab-fakturaya əsasən iyul ayına borc məbləği 52.695,53 manat hesablanmışdır.

7. "xxxx" MMC tərəfindən Cavabdehnə xx.xx.2023-cü il tarixdə ödənilmiş 46.581,50 manat məbləğində vəsaitin açıya qaytarılması, 15466,39 manat borcun hesabdan silinməsi barədə pretenziya göndərilmişdir.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə ödənilmiş 46.581,50 manat məbləğində vəsaitin cavabdehdən alınaraq iddiaçıya qaytarılması, 2022-ci ilin dekabr ayı üzrə hesablanmış 12.660 manat məbləğində borcun silinməsi, Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə görə 46.581,50 manat məbləğindən 9 % faiz məbləği, yəni ki, 4.192,33 manat faiz məbləğinin cavabdehdən tutularaq iddiaçıya qaytarılması, ödənilmiş 410 manat dövlət rüsumu və 200 manat vəkil xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Azəriqaz İB arasında 2020-ci il 23 iyun tarixində bağlanmış AMX-3603/20 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, cavabdeh iddiaçını keyfiyyətli qazla təmin etməyi, iddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdehin hesabına ödəməyi öhdələrinə götürmüşlər. Müqavilənin 3.3-cü maddəsinə əsasən “Paylayıcı İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur”. Müqavilənin 3.5-ci maddəsinə əsasən “İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin ödənilməsini Paylayıcı İstehlakçıdan tələb edə bilməz”. Qaz təchizatı üçün 11 iyul 2016-cı il tarixli 1014 saylı Texniki Şərtin 2.1-ci maddəsinə əsasən qaz təchizatının mənbəyi Lənkəran QPS-də quraşdırılan orta təzyiqli sənaye kollektorundan qəbul edilməsi müəyyən olunmuşdur. X2 2.3-cü maddəsinə uyğun olaraq 25 sentyabr 2017-ci il tarixli ******* saylı akta əsasən mənbədə Lənkəran QPS-də G400 markalı 80116833 saylı sayğac quraşdırılmışdır. 25 sentyabr 2017-ci il tarixli 29/1040 arayışa əsasən quraşdırılmış sayğac yararlı olmuşdur. Qaz təchizatının aylıq hesabatı həmin sayğacın göstəricisinə uyğun aparılır və hər ayın sonu cavabdeh tərəfindən hesab-faktura təqdim edilir. Qeyd olunan hallar onu deməyə əsas verir ki, balans mənsubiyyətinin və sayğacın qaz paylayıcının ərazisində quraşdırılması, nəzərə alaraq ki, həmin ərazi mühafizə olunan ərazidir və nəzarət qaz paylayıcının üzərində olmuşdur, bu halda istehlakçının həmin sayğaca hər hansı şəkildə müdaxilə etməsi, qanunsuz istifadə etməsi və ya qanunsuz qoşulması hallarını istisna edir. Buna baxmayaraq, cavabdehin aşağıda göstərilən qanunsuz hərəkətləri nəticəsində iddiaçıdan 46581,50 manat artıq ödəniş alınmış və 2022-ci ilin dekabr ayına görə əsassız 15466,39 manat borc hesablamışdır. Belə ki, qaz paylayıcı qanunsuz olaraq 29 iyul 2022-ci il tarixində təbii qazın uçotunun pozulması barədə L-00001 Q saylı Akt tərtib etmişdir. Həmin aktda guya sayğacın xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qaz sərfiyyatını qeyd etmədiyi və buna görə də, 186326 kub.m. sərfiyyatın hesablandığı qeyd olunur. Həmin akt iddiaçı tərəfindən qəbul edilməmiş və imzalanmasından imtina edilmişdir. Birincisi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarına” və alqı-satqı müqaviləsinə əsasən ödəniş qaz sərfiyyatının göstəricilərinə əsasən hesablanmlıdır. İkincisi, aktın məzmunundan da göründüyü kimi bü cür aktlar yalnız qanunsuz qazdan istifadə hallarına şamil edilir. Məlum olmur ki, istehlakçı hansı qanunsuz istifadə hallarına yol vermişdir?. Üçüncüsü, sayğac sərfiyyatı qeyd etməyibsə bəs onda nəyə görə xx.xx.2022-ci il tarixində 9674 kub.m. sərfiyyat hesablanmış və ödəniş üçün 2418,50 MANAT dəyərində hesabfaktura təqdim edilmiş və xx.xx.2022-ci il tarixində 19265 kub.m. sərfiyyat hesablanmış və ödəniş üçün 4816,25 MANAT dəyərində hesab-faktura təqdim edilmişdir. Göründüyü kimi, cavabdeh hesabat aylarından xeyli vaxt keçdikdən sonra akt tərtib etmiş və həmin akta görə istehlakçını məcburi qaydada borclandırmışdır. Dördüncüsü, 31 iyul 2022-ci il tarixli hesabfakturadan görünür ki, rəqəmlər sayğacın göstəriciləri ilə üst-üstə düşmür. Belə ki, iyul ayında sərfiyyat 24455 kub. m. olmuşdur. (iyun ayında ******* kub. m.- iyul ayında ******* kub. M.). İyul ayında qaz sərfiyyatı 24455 kub.m. olduğu halda cavabdeh yuxarıda qeyd edilən akta əsasən hesabladığı 186326 kub. m. qazın sərfiyyatını iyul ayının hesabatına salmışdır. İyul ayında 24455 kub. m. sərfiyyata görə 6113,75 manat məbləğində hesab-faktura təqdim edilməli olduğu halda qaz paylayıcı akta əsasən hesabladığı 46581.50 manat borcu (186326 kub.m*0,25) iyul ayının hesabatına salmışdır. Beləliklə, 2022-ci ilin iyul ayı üçün normadan artıq 46581.50 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən 10 avqust 2022-ci il tarixində 683815 saylı elektron qaimə-faktura təqdim edilmiş və avtomotik olaraq sistem tərəfindən təsdiq edilmişdir. Təbii ki, həmin vaxt təqdim edilmiş qaimədə qazın dəyəri düzgün hesablanmadığı üçün qaimənin dəyəri ödənməmişdir. Hər dəfə elektron qaimə-fakturaya düzəliş edilməsini şifahi qaydada cavabdehdən xahiş edilməsinə baxmayaraq elektron qaimə fakturaya düzəliş edilməmişdir. Yalnız 19 yanvar 2023-cü il tarixində cavabdeh iddiaçıya pretenziya göndərmiş və iyul ayında hesablanmış borcun ödənilmədiyi təqdirdə qaz təchizatını dayandıracağını bildirmişdir. Qazın verilişi 22-23 yanvar tarixlərində qısa müddətli dayandırılmışdır. İddiaçının otelçilik sahəsində fəaliyyət göstərməsini nəzərə alaraq qaz təchizatını bərpa etməkdən ötrü iyul ayında qanunsuz hesablanmış borcun ödənilməsinə məcbur olmuşdur. Beləliklə, iddiaçı 25 yanvar 2023-cü il tarixində 006AZ**********6 ödəniş tapşırığı ilə 2022-ci ilin iyul ayında əsassız hesablanmış ƏDV daxil 52695,25 manat borc məbləğini məcburi qaydada cavabdehə ödəmişdir. Bundan başqa yuxarıdakı qanunsuz hesablamanın aparılmasını təsdiq etməkdən ötrü aşağıdakı sənədlərə nəzər yetirmək yerinə düşmüş olar. Belə ki, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən G400 markalı 80116833 saylı sayğac çıxarılaraq laboratoriya yoxlanışına göndərilmişdir. Azəriqaz İB-nin Metrologiya Depatamentinin xx.xx.2022-ci il tarixli 02784 saylı qüsur Aktına əsasən sayğacın batareyasının sıradan çıxması qeyd olunmuşdur. Azəriqaz İB-nin xx.xx.2023-cü il tarixli müraciətə baxılmasının nəticəsi barədə məktubuna əsasən qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında 24 sentyabr 2022-ci il tarixli SS №29/1640-02002 saylı Akt təqdim olunmuşdur. Həmin aktın məzmunundan göründüyü kimi, yoxlama nəticəsinə görə xətalar normaya uyğundur, sayğacın mexaniki hissəsi işləkdir, batareya tələb olunur. Laboratoriya yoxlama nəticəsində sayğacın düzgün işləməməsi, qanunsuz müdaxilə halları və ya düzgün sərfiyyatın aparılmadığı halları öz təsdiqini tapmamışdır. Belə olduğu halda, cavabdehin 2022-ci ilin iyul ayında 46581.50 manat dəyərində artıq borc hesablaması öz təsdiqini tapmış olur. Bundan başqa, cavabdeh 2022-ci ilin dekabr ayı üçün iddiaçının üzərinə yanlış olan borc məbləğini hesablamışdır. Cavabdehin təqdim etdiyi xx.xx.2023-cü il tarixli hesab-fakturaya əsasən 2022-ci ilin dekabr ayında qaz sərfiyyatı 63002 kub.m. olduğu müəyyən olunur və buna görə də ƏDV daxil 15750,50 manat borc hesablanmışdır. Lakin cavabdeh iddiaçıya məxsus 80116833 saylı qaz sayğacına əlavə olaraq əsassız 50642 kub.m. qaz sərfiyyatını hesablamışdır. Cavabdeh iddiaçıya ümumilikdə, 28411 manat dəyərində elektron qaimə-faktura təqdim etmiş, lakin iddiaçı həmin elektron qaimə-fakturanın sərfiyyata uyğun gəlmədiyi üçün ödəməkdən imtina etmişdir. Cavabdeh 10 aprel 2023-cü il tarixli Pretenziya ilə müraciət edərək 28411 manat dəyərində borcun ödənilməsini tələb etmiş və borc ödənilmədikdə qazın dayandırılacağını bildirmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıdan həm artıq pul almış, həm də cavabdehə əlavə olaraq əsassız borc hesablamışdır. İddiaçı 2022-ci ilin iyul ayına görə məcburi qaydada ödətdirilmiş borc məbləğinin geri qaytarılmasını və 2022-ci ilin dekabr ayında əsassız hesablanmış 50642 kub.m. sərfiyyata görə yaranmış 12660 borc məbləğinin abonent saldosundan silinməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. 10 avqust 2022-ci il tarixində 683815 saylı elektron qaimə-fakturanın 46581.50 manat məbləğində hesablanan borc hissəsi etibarsız hesab edilməli və həmin məbləğ cavabdehə ödənildiyi üçün ondan tutularaq iddiaçıya geri qaytarılmalı, 29 iyul 2022-ci il tarixində təbii qazın uçotunun pozulması barədə L-00001 Q saylı akt etibarsız hesab edilməli və 2022-ci ilin dekabr ayında hesablanmış 12660 manat borc iddiaçının abonent saldosundan silinməlidir. İddiaçı haqlı olaraq artıq ödənilmiş 46581.50 manat məbləğin üzərinə Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə əsasən 9 % faiz hesablamışdır. Beləliklə, cavabdeh iddiaçının pulunu qanunsuz saxladığına görə 9 % yəni ki, 4192,33 manat məbləğində faiz ödəməlidir.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3069/2023 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia tələbi qismən təmin edilmiş, 46.581 manat, 50 qəpik məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, 2022-ci ilin dekabr ayı üzrə hesablanmış 12.660 manat məbləğində borcun silinməsi, 46.581,50 manat pula illik 5% hesablanmaqla 194,08 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, hazırkı iddia 2 hissədən ibarətdir: 1-ci hissə ödənilmiş 46.581,50 manat pulun geri qaytarılması, 2-ci hissə isə 2022-ci ilin dekabr ayı üzrə hesablanmış 12.660 manat məbləğində borcun silinməsi.

12. Məhkəmə iddianın ödənilmiş 46.581,50 manat pulun geri qaytarılması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəf 46.581,50 manat pulun əsassız olaraq hesablandığını və qeyd edilmiş pulun məcburiyyət qarşısında qalaraq otelə qaz verilməsinin dayandırılmaması üçün ödədiklərini bildirir.

13. Məhkəmə abonent saldosunun və hesab-fakturanın müqayisəli təhlilindən belə nəticəyə gəlmişdir ki, cavabdeh xx.xx.2022-ci il tarixli akta əsasən hesabladığı sərfiyyatı (186326 kub metr x 0,25=46.581,5) iyul ayının hesabatında qeyd etmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli aktda xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə sayğacın sərfiyyatının qeyd etmədiyi nəzərdə tutulsa da, qeyd edilən hal inandırıcı deyildir. Belə ki, əgər sayğac işlək vəziyyətdə olmasa idi, sayğac hətta 17-30 may, iyun və iyul ayları üzrə də, sərfiyyatı qeyd etməmiş olardı. Ancaq göründüyü kimi, həmin vaxtlarda normal olaraq sayğac sərfiyyatı qeyd etmiş və ancaq bundan sonra 10 avqust tarixində sayğac çıxarılaraq laboratoriya yoxlanışına göndərilmişdir.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, abonentin saldosunda aprel ayı üçün “0” göstəricinin olması məhz həmin ay üçün cavabdehin iddiaçıya hesab-faktura verməməsi yəni, hesablama aparılmadığı səbəbindəndir.

16. Məhkəmə iddianın Mərkəzi Bankının uçot dərəcəsinə görə 46.581,50 manat məbləğindən 9 % faiz məbləği, yəni ki, 4.192,33 manat faiz məbləğinin tələb edilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəf cavabdehin onun vermiş olduğu puldan faydalanması halını sübut edə bilməmişdir. 46.581,50 manat pulun tam olaraq 2023-cü ilin yanvar ayında ödənməsi və iddia ərizəsinin də məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olması nəzərə alındığında görünür ki, təxmini 4 aya yaxın vaxt keçmişdir. Ancaq Məhkəmə hesab edir ki, məbləğin ağlabatan hesablanması üçün 1 ay üçün illik 5 faiz məbləğində pul hesablanmalı və cavabdehdən tutulmalıdır.

17. Məhkəmə iddianın 2022-ci ilin dekabr ayı üzrə hesablanmış 12.660 manat məbləğində borcun silinməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş abonentin saldosundan görünür ki, qeyd edilmiş məbləğdə borc iddiaçıya 2022-ci ilin dekabr ayı üçün akt əsasında hesablanmışdır. Ancaq bu barədə Cavabdeh İB tərəfindən hər hansı bir ayrıca akt tərtib edilməmişdir. Sadəcə olaraq Lənkəran XS-üzrə rəis muavini Feyziyev Telman tərəfindən imzalanmış “sənaye tipli qaz sayğaclarında uçota alınmayan qaz həcminin müəyyən olunması haqqında” bir sənəd imzalanmışdır. Ancaq qeyd edilən sənədin akt və yaxud qərar və yaxud məktub olması belə anlaşılan deyildir. Qeyd edilmiş sənəddə də, hətta İddiaçınə məxsus Elster G-400 TRZ EK-230 markalı 80116833 nömrəli qaz sayğacında 50642 kub metr uçota alınmayan qazın həcmi müəyyən edilməsinin nə ilə bağlı olması, iddiaçı tərəfindən hansı pozuntunun edilməsi və yaxud bu kimi heç bir hal qeyd edilməmiş və əsassız olaraq iddiaçıya 12.660 manat borc hesablanmışdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3069/2023 nömrəli qətnaməsini ləğv edərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Lənkəran rayonu Haftonu qəsəbəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla X1 İstismarı İdarəsinin Lənkəran Xidmət Sahəsində **********00034 saylı kodla abonent qeydiyyatındadır. Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixdə AMX-3603/20 saylı “Qaz paylayıcı ilə sənaye-qaz qurğusu istifadəsi arasında qazın alqı-satıqısı Muqaviləsi” bağlanmışdır. Bu məqsədlə, ”Azəriqaz” İB-nin Təmir Tikinti İdarəsinin Sənaye qaz sayğaclarına xidmət mərkəzi tərəfindən əhali və qeyri-əhali abonentlərinin qaz xətti üzərində quraşdırılmış sənaye tipli qaz sayğaclarına texniki xidmət göstərilir. Belə ki, istehlakçıların fasiləsiz və etibarlı şəkildə, habelə qazın hesabatının xətasız olaraq aparılmasını və rotorların (turbinin) sərbəst şəkildə işləməsini təmin etmək üçün sayğaclar xətdən çıxarılaraq rotor, turbin və süzgəc hissələri yuyularaq təmizlənir. Məhkəmə qətnamə qəbul edərkən qanunvericiliyin normalarına əhəmiyyət vermədən və X1 İstismarı İdarəsinin nümayəndələrinin və İddiaçı MMC-nin nümayəndələrinin iştirakı ilə tərtib olunmuş 29 iyul 2022-ci il tarixli L - 00001 Q nömrəli akta hüquqi qiymət vermədən əsassız olaraq iddia tələbini qismən təmin etmişdir. İddiaçı MMC-nin **********00034 nömrəli abonent saldosuna nəzər yetirdikdə həqiqətən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sayğacın istehlak olunmuş qaz sərfiyyatını qeyd etmədiyi və uçotu pozulmuş qazın mövcud olması görünür. Belə ki, sözügedən müəssisədə 2019-cu ilin mart ayında 3348 2m , 2020-ci ilin mart ayında 69000 m , 2021-ci ilin mart ayında 107666 m , 2023-cü ilin mart ayında 23012 m təbii qaz istehlak etdiyi halda2022-ci ilin mart ayında 21943 m təbii qaz istehlak olunmuşdur. Eləcə də, 2019-cu ilin may ayında 21033 m, 2020-cu ilin may ayında 7279 m , 2021-ci ilin may ayında 38679 m təbii qaz istehlak etdiyi halda 2022cu ilin may ayında isə 9674m , təbii qaz istehlak olunmuşdur. Həmçinin, 2019-cu ilin aprel ayında 15121 m , 2020-cu ilin aprel ayında 46088 m , 2021-ci ilin aprel-mart ayında 35467 m, 2023-cü ilin aprel ayında 9765m təbii qaz istehlak etdiyi halda, 2022-ci ilin aprel ayında isə ümumiyyətlə müəssisədə təbii qaz istehlak olunmamış, onun səbəbi isə göstərilməmişdir. İddiaçının məhkəməyə Cavabdeh İB-nə qarşı verdiyi iddia tələbi ilə bağlı iddia ərizəsində qeyd etdiklərinin mövcudluğunu təsdiq edən hər hansı bir sübut təqdim etmədiyi halda məhkəmə tərəfindən belə bir qətnamənin qəbul edilməsi qanunsuz və əsassızdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.

21. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi 439.4-cü maddə-öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddə-əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddə-əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddə-varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Qaz təchizatı haqqında” Qanun 3-cü maddəsinin 5-ci hissəsi-sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. 3-cü maddəsinin 5-1-ci hissəsi-qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 3-cü maddəsinin 5-2-ci hissəsi-qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanunu: 1.3-cü maddə- dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 2.1-ci maddə-bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddə- dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddə- bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” 1.4-cü bənd- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bənd- sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

22. Qətnamə cavabdeh tərəfindən qismən – iddia tələbinin təmin edilmədiyi hissədə mübahisələndirdiyindən qismən yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

23. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3069/2023 nömrəli qətnaməsi qismən ləğv edilməli, iddia Cavabdeh İB-dən illik 5 % ilə 194,08 manat pulun tutulması hissəsində rədd edilməlidir.

24. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə bağlanmış müqavilə əsasında Lənkəran rayonu, Haftoni qəsəbəsində yerləşən obyektdə (oteldə) qazdan istifadə edir və istehlak edilmiş qazın sərfiyyatının uçotu sayğac vasitəsilə həyata keçirilir. 2022-ci ilin iyul ayında cavabdehin əməkdaşları tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli akt əsasında 46581,50 manat, 2022-ci ilin dekabr ayında isə 12660,50 manat əlavə sərfiyyat hesablanmış, 46581,50 manat borc qaz təchizatının dayandırılmaması üçün iddiaçı tərəfindən ödənilmişdir.

25. İşdən görünür ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli akt tərtib edilərkən yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrində qeydə alınmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən reyestrdə qeydə alınmamış yoxlamanın hər hansı hüquqi nəticəsi olmadığından akt əsasında ödənilmiş 46581,50 manat vəsaitin iddiaçıya qaytarılmasına dair iddia tələbi qanuni və əsaslıdır.

26. Bundan əlavə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, 2022-ci ilin iyul və dekabr aylarında iddiaçıya məxsus obyektdə quraşdırılmış sayğacın sərfiyyatı düzgün qeyd etmədiyi cavabdeh tərəfindən mötəbər sübutlarla təsdiq edilməmişdir. Dekabr ayında əlavə sərfiyyatln hansı əsasla hesablanması barədə ümumiyyətlə akt tərtib edilmədiyindən iddia 12660,50 manat borcun silinməsinə dair hissədə də qanuni və əsaslı hesab edilmişdir.

27. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçıya məxsus obyektdə sayğacın istehlak edilmiş qaz sərfiyyatını qeyd etməməsi iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdeh tərəfindən iddiaçıya əlavə sərfiyyat 2022-ci ilin mart və aprel ayları üçün deyil, 2022-ci ilin iyul və dekabr ayları üçün hesablandığından mart və aprel aylarında qaz sayğacında hər hansı problem olub-olmadığının və ya həmin aylarda sərfiyyatın hansı səbəbdən saldoda qeyd edilmədiyinin araşdırılması mübahisənin həlli üçün əhəmiyyətli deyil. Abonent saldosundan görünür ki, 2022-ci ilin iyul ayı üzrə sayğacın qeydə aldığı sərfiyyat 6113,75 kub.m, dekabr aynda isə 12660,50 kub.m olmuşdur. Cavabdeh tərəfindən qeyd edlən aylarda iddiaçının qaz təchizatı sisteminə baxış keçirməsi və bu yoxlamanın nəticəsində akt tərtib etməklə əlavə sərfiyyat hesablaması o vaxt qanuni və əsaslı hesab edilə bilərdi ki, hər iki yoxlama qanunla nəzərdə tutulmuş qaydada reyestrdə qeydə alınmış və sayğacın qeyd edilən aylarda həqiqətən sərfiyyatı qeydə almadığı əsaslı şübhədən kənar mötəbər sübutlarla təsdiq edilmiş olsun. Hazırda işdə bu barədə sübutlar olmadığından cavabdehin apellyasiya şikayəti qeyd edilən hissədə əsassız hesab edilir.

28. Lakin məhkəmə kollegiyası, cavabdehdən iddiaçının xeyrinə MM-nin 445.7-ci maddəsinə əsasən 194,08 manat məbləğində pulun tutulmasına dair hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Hazırkı halda iddiaçı cavabdehin onun barəsində tərtib etdiyi aktları mübahisələndirənədək və iddianın təmin edilməsi barədə məhkəmə aktı qanuni qüvvəyə minənədək Cavabdeh İB-nin iddiaçı qarşısında pul öhdəliyi olmadığından öhdəliyin icrasının gecikdirilməsinə görə faiz tutulmasına dair tələb əsassızdır. Nəzərə alınmalıdır ki, tələbin faktiki əsasına görə hazırkı halda iddiaçı ödədiyi pul vəsaitini cavabdehdən öhdəlikdən kənar ödənilmiş, əsassız varlanma qaydasında əldə edilmiş vəsait olaraq geri tələb edir. Buna görə də məhkəmə hesab edir ki, mübahisələndirilən qətnamə qismən- 194,08 manat məbləğində pulun tutulması hissəsində ləğv edilərək, iddia tələbi bu hissədə rədd edilməlidir.

29. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 3069/2023 nömrəli qətnaməsi qismən ləğv edilməli, iddia Cavabdeh İB-dən illik 5 % ilə 194,08 manat pulun tutulması hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh İB-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3069/2023 nömrəli qətnaməsi qismən ləğv edilsin. İddia Cavabdeh İB-dən illik 5 % ilə 194,08 manat pulun tutulması hissəsində rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar