Məhkəmə qərarları › İş №2-2(103)-152/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-152/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-152/2024 10.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı kommersiya işi Açar söz: kredit müqaviləsi, iddia müddəti Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı kredit borcunun ödənilməsinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-113/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi bağlanmışdır.

2. Müqaviləyə əsasən kreditor borcalana 10.800 ABŞ dolları məbləğində pulu 16 ay müddətinə kreditə vermiş, kreditin istifadəsinə görə illik 28 faiz müəyyən edilmişdir. Kredit müqaviləsi və müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir.

3. xx.xx.2014-cü il tarixli 1/16/76395139 nömrəli kassa məxaric orderinə əsasən 10.800 ABŞ dolları məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən X3 verilmişdir.

4. Tərəflər arasında sonrandan kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli 01 nömrəli Əlavə saziş imzalanmışdır.

5. Sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 9.645 ABŞ dolları müəyyən edilmiş və müddət 36 (otuz altı) ay uzadılmış, kredit müqaviləsi ona edilmiş əlavə saziş də nəzərə alınmaqla xx.xx.2018-ci il tarixində bitmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 14.960,12 ABŞ dolları borcun (2.091,83 ABŞ dolları əsas, 6.320,29 ABŞ dolları faiz, 6.251,62 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 296,38 ABŞ dolları faiz borcunun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiyaya xərcinin) X1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə X4 arasında bağlanmış ********* nömrəli 09 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə 16 (on altı) ay müddətinə illik 28 faiz dərəcəsi ilə 10.800 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə 16 aprel 2015-ci il tarixdə əlavə saziş bağlanmışdır. Əlavə Sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 9.645 ABŞ dolları təşkil edir. Kreditin müddəti 36 ay təyin edilir. Kredit müqaviləsinə əsasən X4 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-113/2023 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia tələbi qismən təmin edilmiş, xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2.091 (iki min doxsan bir) ABŞ dolları, 83 (səksən üç) sent məbləğində, faiz borcu üzrə 5.600 (beş min altı yüz) ABŞ dolları 45 (qırx beş) sent məbləğində pul, cərimə borcu üzrə 200 (iki yüz) ABŞ dolları və əsas borca illik 5 faiz hesablanmaqla 296 (iki yüz doxsan altı) ABŞ dolları 38 (otuz səkkiz) qəpik məbləğində pul ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ilə X1 tutularaq “Accessbank” İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

9. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın xx.xx.2022-ci il tarixli 9/7656 nömrəli rəyinə əsasən X2 xx.xx.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borcu 7.993,09 ABŞ dolları, faiz borcu 5.600,45 ABŞ dolları, xx.xx.2021-ci il tarixə (maliyyə arayışının tarixinə) əsas borcu 3.377,40 ABŞ dolları, faiz borcu 5.600,45 ABŞ dolları, faiz borcu (illik 5%-lə hesablanmaqla) 695,73 ABŞ dolları müəyyən edilmişdir.

10. Məhkəmə sübutlara əsasən etmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, Bank tərəfindən X3 10.800 ABŞ dolları məbləğində kredit verilmiş, cavabdeh müqavilənin bağlanmasını və 10.800 ABŞ dolları məbləğində pulun verilməsini mübahisələndirməmiş, ancaq borcunun qalmadığını bildirmişdir.

11. Məhkəmə iclasında iştirak edən ekspert Soltanov Rüfət vermiş olduğu rəydə xx.xx.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borcun 7.993,09 ABŞ dolları, xx.xx.2021-ci il tarixə (maliyyə arayışının tarixi) əsas borcun 3.377,40 ABŞ dolları olmasına izah olaraq bildirmişdir ki, müqavilənin müddəti bitdikdən sonra yəni, xx.xx.2019cu il tarixdə cavabdehə verilmiş 7.536 manat kompensasiya məbləği cavabdehin ancaq əsas borcundan silinmiş və nəticədə əsas borc üzrə 3.377,40 ABŞ dolları məbləğində borcu qalmışdır.

12. Məhkəmə iddiaçının 2.091,83 ABŞ dolları əsas borc tələb etdiyini nəzərə alaraq hesab etmişdir ki, iddia həmin məbləğdə pul X1 tutularaq LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

13. Məhkəmə hesab etmişdir ki, iddia faiz borcunun 6.320,29 ABŞ dolları məbləğində tələb edilməsi hissəsində qismən əsaslıdır və məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/7656 nömrəli rəyinə əsasən X2 xx.xx.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) dolları faiz borcunun 5.600,45 ABŞ dolları olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, 5.600,45 ABŞ dolları məbləğində pul X1 tutularaq LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

14. Məhkəmə iddianın dəbbə pulu hissəsində qeyd etmişdir ki, həmin məbləğ əsas borca mütənasib deyildir və cavabdehdən tutulmalı dəbbə pulunun məbləği MM-nin 67-ci maddəsinə əsasən 200 ABŞ dolları həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir.

15. Məhkəmə iddianın faiz borcu hissəsində qeyd etmişdir ki, məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/7656 nömrəli rəyində X2 əsas borcuna münasibətdə illik 5%-lə hesablanmaqla 695,73 ABŞ dolları, iddiaçının isə 296,38 ABŞ dolları tələb etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, 296,38 ABŞ dolları məbləğində pul X1 tutularaq LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-113/2023 nömrəli qətnaməsinin qismən – təmin edilən hissədə ləğv edilməsi və iddianın tam rədd edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, işin hallarından görünür ki, kredit müqaviləsinin icra müddətinin bitməli olduğu tarix 2018-ci ildir. Lakin, iddiaçı həmin tarixdən 5 il sonra məhkəməyə müraciət etmişdir. İddiaçı qanunvericiliyin tələbini nəzərə almadan məhkəməyə iddia vermiş və məhkəmə iddianın mümkünlüyünü yoxlamadan işə mahiyyəti üzrə baxmışdır. Beləliklə, məhkəmə maddi və prossesual hüquq normalarını düzgün tətbiq etməmişdir. Borc və faiz məbləğləri düzgün hesablanmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Cavabdehin nümayəndəsi və vəkili cavabdehin nümayəndəsi və vəkili Vəkilməhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.

19. İddiaçı tərəf məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsi H.Həsənli apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək cavabdehin birinci instansiya qaydasında işə baxılarkən iddianı qismən qəbul etdiyini, iddia müddətinin tətbiqi barədə ərizə vermədiyini qeyd edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

20. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

739-cu maddə (tərəflər arasında hüquq münasibəti yarandığı dövrdə qüvvədə olan redaksiyada)- borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385.1-ci maddə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

375.1-ci maddə-hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddə-məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

154.1-ci maddə-işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. 154.2-ci maddə-iddiaya etirazda aşağıdakılar göstərilməlidir: 154.2.1. etirazın göndərildiyi məhkəmənin adı; 154.2.2. işdə iştirak edən şəxsin, onun nümayəndəsinin (əgər etirazı nümayəndə təqdim edirsə), şahidin və məhkəmə iclasına dəvət etdiyi digər şəxslərin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 154.2.3. iddianı etiraf edib-etməməsi, əgər qismən etiraf edirsə hansı hissədə; 154.2.4. iddianı etiraf etmirsə, onun etirazının əsaslandığı fakt və hallar; 154.2.5. istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı; 154.2.6. olduğu halda vəsatətlər (hakimə etiraz etmə, üçüncü şəxslərin və (və ya) başqa cavabdehin cəlb edilməsi, əsl olmayan tərəfin əvəz edilməsi, iddia tələblərinin birləşdirilməsi və ya ayrılması, sübutların tələb edilməsi, şahidlərin çağırılması, ekspertizanın təyin olunması və s. barədə); 154.2.7. əlavə olunmuş sənədlərin siyahısı. 154.3-cü maddə-iddiaya etirazda ardıcıl və tam şəkildə iddiaçının göstərdiyi hər bir dəlilə münasibət bildirilməli, işin faktiki halları və sübutlara dair dəlillər əks olunmalıdır. İşdə iştirak edən şəxs iddiada göstərilən hər hansı halla razılaşmadıqda bunun səbəblərini və əsaslandırılmış dəlillərini göstərməlidir. 154.4-cü maddə-işdə iştirak edən şəxs iddiaya etirazda göstərilən bütün sübutların siyahısını təqdim etməlidir. Ondan asılı olmayan səbəblərə görə hər hansı sübut barədə məlumatın iddiaya etiraz ilə birgə təqdim edilməsi mümkün olmadıqda, işdə iştirak edən şəxs bunu göstərməlidir. 209.3-cü maddəsi-işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir. 372.2-ci maddə-yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

21. Qətnamə cavabdeh tərəfindən qismən - iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirdiyindən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

22. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-113/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. İşin məhkəmə tərəfindən sübutlar və ekspert rəyi əsasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə qalıq əsas borcu 3.377,40 ABŞ dolları, xx.xx.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) dolları faiz borcu 5.600,45 ABŞ dolları təşkil etmişdir. İddiaçı tərəfindən 2.091,83 ABŞ dolları əsas borc tələb edildiyindən iddia əsas borc hissəsində təmin edilmiş, faiz borcu hissəsində ekspert rəyi nəzərə alınmaqla iddia qismən-5.600,45 ABŞ dolları hissədə təmin edilmiş, dəbbə pulunun məbləği MM-nin 67-ci maddəsinə əsasən 200 ABŞ dolları həddində müəyyən edilmişdir.

24. Cavabdeh apellyasiya şikayətində müqavilə tələbi üzrə 3 illik iddia müddətinin keçməsinin məhkəmə tərəfindən nəzərə alınmadığını, iddia müddəti keçdiyi halda iddianın təmin edilməsi ilə məhkəmə tərəfindən maddi hüquq normasının tələbinin pozulduğunu göstərmişdir.

25. Məhkəmə apellyasiya şikayətini əsassız hesab edərək qeyd edir ki, MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməli olduğundan, cavabdeh tərəfindən isə birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edilmədiyindən məhkəmənin tələb üzrə iddia müddətinin keçibkeçmədiyini araşdırmaq vəzifəsi olmamış, buna görə də hər hansı maddi hüquq normasının pozuntusuna yol verilməmişdir.

26. Cavabdehin vəkili və nümayəndəsi tərəfindən apellyasiya instansiya mərhələsində təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizə birinci instansiya məhkəməsində araşdırma predmeti olmadığından bu mərhələdə qəbul edilməsi prosessual normaların (154.1, 154.2, 154.3, 209.3, 372.2-ci) tələblərinə ziddir. Vəkil ərizənin birinci instansiya məhkəməsinə təqdim edilməməsini cavabdehin hüquqi savadının olmaması ilə izah etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, fərdi sahibkar olan cavabdehin hüquqi savadının olmaması onu prosessual normaların tələblərinə riayət etmək vəzifəsindən azad etmədiyindən və cavabdehin birinci instansiya məhkəməsində işə baxılarkən də vəkil xidmətindən istifadə etmək imkanı olduğundan bu mülahizə əsassızdır.

27. MPM-nin tələblərinə əsasən işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad edilməsinə nəinki yuxarı instansiya məhkəməsində, hətta məhkəmə çıxışlarında belə yol verilmir. Bu hüquqi mövqe “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarında da öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu istinad edilən qərarda qeyd etmişdir ki, “apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir.”

28. Apellyasiya şikayətində borc və faiz məbləğlərinin düzgün hesablanmadığı qeyd edilsə də, bu mövqe əsaslandırılmamış, cavabdehin ekspert rəyi ilə hesablanmış 10041,21 ABŞ dollarından daha artıq ödəniş etdiyinə dair sübutlar təqdim edilməmişdir.

29. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-113/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh X2 apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-113/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar