Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-153/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı daşıma müqaviləsi üzrə əsas borcun və cərimənin tutulması barədə ilk iddiası, Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “dəymiş ziyanın, əldən çıxmış faydanın tutulması ” barədə qarşılıqlı iddiası üzrə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-1054/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən (hakim Aytən Oruczadə) Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-nəqarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “yükdaşınması xidmətlərinə dair” xx xxxxxx 2019-cu il tarixində 005/2019 LGST saylı müqavilədə göstərilən öhdəliklər üzrə əsas borc üzrə 12.093,48 manat pul məbləğini, 2.418,7 manat dəbbə pulunu, hüquqi xidmətə görə “Mirzəyev and X9” MMC-yə ödənilən 1000 (min) manat və ödənilmiş dövlət rüsumu olaraq 30 (otuz) manat, cəmi 15.542,18 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh MMC cavabdeh İddiaçı MMC-nə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin yükdaşıma müqaviləsi üzrə öhdəliklərini tam və vaxtında icra etmədiyinə görə Cavabdeh MMC-yə 6.623 manat məbləğində dəymiş real zərərin, 3.269 manat məbləğində əldə edəcəyi gəlirlərin əvəzi, 650 manat məbləğində vəkil xidmətlərinə görə ödənilmiş xərc, 45 manat məbləğidə faiz məbləği, cəmi 10.587 manat pul məbləğinin, həmçinin iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-1054/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 12.093,48 manat məbləğində əsas borc, 500 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun 20 manat hissəsinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, qalan hissədə ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək qətnamənin qismən-500 manat cərimə tutulması və qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsini, ilkin iddianın cərimə tutulması hissəsində tam rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə birinci instansiya qaydasında baxılarkən iddianın etiraf edilməsi barədə qətnamədə qeyd edilənlər həqiqətə uyğun deyil. İlkin iddia üzrə iddiaçının göstərdiyi xidmətə görə müqavilə üzrə ödənilməli olan xidmət haqqının məbləği ilə ilkin iddia üzrə cavabdeh razılaşsa da qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, əgər iddiaçı həmin xidməti vaxtında və lazımı qaydada icra etsəydi həmin haqq ona ödənilə bilərdi. Məhkəmə tərəflər arasında aparılmış elektron yazışmalarda yüklərin daşınmaz müddətinin 14-15 gün qeyd edildiyini, yüklərin daşıyıcıya xx.xx.2019-cu il tarixdə təhvil verildiyini, belə olan halda daşımanın ən geci xx.xx.2019-cu il tarixdə başa çatdırılmalı olduğunu nəzərə almamışdır. Daşıyıçı şirkət sonradan yüklərin təhvil veriləcəyi tarixi xx.xx.2019-cu il tarixə dəyişmişdir. Bundan başqa məhkəmə öhdəliyin icra müddətinin tərəflər arasında qeyri-rəsmi müəyyənləşdirildiyini, rəsmi spesifikasiya sənədinin mövcud olmadığını, buna görə də tərəflər arasındakı yazışmaların hər hansı əhəmiyyət kəsb etmədiyini bildirmişdir. Bununla məhkəmə müqavilənin təfsiri ilə bağlı MMnin 404-cü maddəsinin tələbini pozmuşdur. Beynəlxalq yük daşıma şirkətinin sorğuya cavab məktubunda son təyinat nöqtəsi Bakı şəhəri olan Avropa ölkələrindən beynəlxalq yük daşımasının ən geci 12-14 gün ərzində həyata keçirildiyi və bu müddətin yük daşıma bazarının şərtlərinə uyğun olduğu qeyd edilmişdir. Məhkəmə tərəflər arasında xidmətlərin göstərilməsi üçün heç bir rəsmi müddətin müəyyən edilmədiyini bildirsə də, müvafiq qərarda gecikmə müddətinin 3 gün olduğunu qeyd etmiş, dolayı şəkildə tərəflər arasında həyata keçirilmiş yazışmaları tanımışdır. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, gecikmə ilə əlaqədar iddiaçı cavabdehə 200 avro güzəşt etmişdir. Bu məbləğ isə gecikmə ilə əlaqədar ilkin iddia üzrə cavabdehin məruz qaldığı zərəri qarşılamır. Daşınan mallara daşıma zamanı vurulmuş zərərlə bağlı tələb əsassız olaraq təmin edilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, daşıma zamanı vurulmuş zədələr nəticəsində elektron avadanlıqlarda proqram təminatı pozulmuş, bu gözlə görünməsi mümkün olmayan qüsurlar nəticəsində yaranmışdır. Qarşı tərəfin nümayəndəsi tərəfindən müqavilə .şərtlərinə əsasən 3 gün ərzində nöqsanlarla bağlı məlumat verilməli olduğu qeyd edilsə də, bu müddət sığorta məbləğinin alınması üçün nəzərdə tutulmuş müddətdir. Daşıyıcıya qarşı zədələrlə bağlı tələbin irəli sürülməsi üçün bu halın heç bir əhəmiyyəti yoxdur. Məhkəmə zərərin daşımadan irəli gəlməsi ilə əlaqədar məhkəməyə sübut təqdim edilmədiyini bildirsə də, iş materiallarında avadanlıqları quraşdıran şirkət tərəfindən təsdiq edilmiş aktdan görünür ki, qüsurlar zədə nəticəsində yaranmışdır. Sifarişçiyə dəymiş ziyan ödənilənə kimi sifarişçi xidmət haqqının ödənilməsi öhdəliyini dayandırmaq hüququna malik olduğundan buna görə hər hansı cərimə hesablanması istisna olunur. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək iş üzrə qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək şikayətin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-1054/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı halda iş üzrə qəbul edilmiş qətnamə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qismən-ilkin iddia üzrə 500 manat cərimə tutulması və qarşılıqlı iddianın rədd edildiyi hissədə mübahisələndirilmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İş materiallarından görünür ki, tərəflər arasında mübahisə xx xxxxxx 2019-cu il tarixdə bağlanmış 005/2019 LGST nömrəli “Yükdaşınması xidmətləri” Müqaviləsindən irəli gəlir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin müqavilə əsasında İddiaçı MMC “Ekspeditor” qismində “Sifarişçi” Cavabdeh MMC-yə məxsus yüklərin Çexiya-İtaliya-Fransa-İtaliya-Bakı və İstanbul-Bakı marşrutu üzrə daşınmasını həyata keçirmiş, birinci daşıma xx.xx.2019-cu il tarixdə, ikinci daşıma xx.xx.2019-cu il tarixdə başa çatmışdır. İşdə olan xx xxxxx 2019-cu il tarixli, № 4 saylı və xx xxxxx 2019-cu il tarixli, № 6 saylı hesab fakturalardan görünür ki, İddiaçı MMC Çexiya,İtaliya,Fransa,İtaliya-Bakı marşrutu ilə həyata keçirilmiş yükdaşıma xidmətinin dəyəri olaraq –gecikmə səbəbi ilə 200 euro güzəşt edilməklə-9.373,48 manat məbləğin və İstanbul-Bakı marşrutu üzrə yükdaşıma xidmətinin dəyəri olaraq 2.720 manat məbləğin 5 iş günü ərzində Cavabdeh MMC (sifarişçi) tərəfindən ödənilməsi tələb etmişdir. Cavabdeh MMC tərəfindən daşıma xidmətinin haqqının ödənilməsi təmin edilmədiyindən İddiaçı MMC iddia ilə məhkəməyə müraciət etmiş və ilkin iddia daşıma xidmətinin haqqının tutulması hissəsində tam təmin edilmiş, Cavabdeh MMC tərəfindən qətnamə həmin hissədə mübahisələndirilməmişdir. İddiaçı MMC ödənişin gecikdirilməsinə görə 2.418,7 manat dəbbə pulu tələb etmiş, məhkəmə həmin məbləği tənasübsüz dərəcədə yüksək hesab edərək MM-nin 467-ci maddəsini tətbiq etməklə 500 manat məbləğində təmin etmişdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən, müştəri ekspeditor xidmətlərinin qarşılığı olan ödənişi əvvəlcədən təqdim olunmuş hesab-faktura və spesifikasiya əsasında nəğd və ya bank köçürmə yolu ilə hesab-faktura təqdim olunduqdan sonra 5 iş günü ərzində ödənilməlidir. Müqavilənin 4.14-cü bəndinə görə ekspeditorun təqdim etdiyi hesab-faktura vaxtında ödənilmədikdə, ödəmə gecikdirildiyi hər gün üçün sifarişçi hesab-faktura məbləğinin 3 % həcmində dəbbə ödəməlidir, lakin dəbbə hesab-faktura dəyərinin 20%-dən artıq olmamalıdır. Məhkəmə hesab edir ki, Cavabdeh MMC İddiaçı MMC tərəfindən həyata keçirilmiş daşıma xidmətinin haqqını hesab-faktura təqdim edildikdən 5 gün sonra ödəmədiyindən müqavilə şərtlərinə və mülki qanunvericiliyin tələbinə əsasən dəbbə pulu ödəməyə borcludur. Cavabdeh MMC-nin daşıyıcı şirkətə qarşı iddialarının olması MM-nin 859.5-ci maddəsinə əsasən onu daşıma haqqını ödəmək vəzifəsindən azad etmədiyindən qətnamə Cavabdeh MMC-dən ilkin iddia üzrə iddiaçının xeyrinə cərimə tutulması hissəsində qanuni və əsaslıdır. Məhkəmə eyni zamanda hesab edir ki, iş üzrə qəbul edilmiş qətnamə qarşılıqlı iddianın təmin edilmədiyi hissədə də dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh MMC-nin daşıyıcı İddiaçı MMC-nə qarşı dəymiş ziyanla bağlı qarşılıqlı iddia tələblərini aşağıdakı kimi qruplaşdırmaq olar: 1.Malların daşınması zamanı vurulmuş zədələrin aradan qaldırılması üçün zəruri olan xərclər-250 manat təmir xərci+2497 manat dəyişdiriləcək ehtiyat hissələrinin dəyəri;
2. Daşımaların 8 gün və 2 gün gecikdirilməsinə görə Cavabdeh MMC-nin vaxtında fəaliyyətə başlamaya bilməməsi ilə əlaqədar fəaliyyət göstərmədiyi günlər üçün ödədiyi icarəyə haqqı məbləği-3876 manat
3. Daşımaların gecikməsi ilə əlaqədar fəaliyyət göstərmədiyi dövr üçün itirdiyi gəlir (əldən çıxmış fayda)-3269 manat
4. Cəmi 9892 manat zərərin ödənilməsinin gecikdirilməsinə görə MM-nin 445.7-ci maddəsinə əsasən illik 5 % hesabı ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi hesablanmış faiz-45 manat
5. Hüquqi yardıma görə vəkilə ödənilməli olan 650 manat. Qarşılıqlı iddia tələblərinə hüquqi qiymət verilməsi üçün məhkəmə tərəfindən mübahisə üzrə mülki qanunvericilikdə yük daşıma müqaviləsindən irəli gələn münasibətlərdə daşıyıcının məsuliyyətini nəzərdə tutan normalar tətbiq edilməlidir. Mülki Məcəllənin 859.2-ci maddəsinə əsasən daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 859.5-ci maddəsinə əsasən daşıyıcıya qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul edildikdən və ödənildikdən sonra ödənilir. Bu müddəa aşağıdakı hallarda tətbiq edilmir: 859.5.1. daşıyıcı qəsd və ya kobud ehtiyatsızlıq üçün məsuliyyət daşıyırsa; 859.5.2. əgər iddialar yükün zahirən görünən zədələrinə əsaslanırsa, yük alan bunları şərait nəzərə alınmaqla onun üçün mümkün və yolverilən müddət ərzində aşkar etdikdə və bu barədə daşıyıcıya zədələr aşkar edildikdən sonra dərhal, lakin çatdırılmadan ən geci səkkiz gün keçənədək bildiriş verdikdə. Daşınan mallarda yaranan qüsurla bağlı məhkəməyə sübut qismində “İsbak Texniki Xidmət” şirkəti və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2019-cu il tarixli xidmətlərin göstərilməsinə görə təhvil aktı təqdim edilmişdir. Həmin aktda “industrial washer uy 180” markalı qurğunun quraşdırıldığı, quraşdırılarkən zəruri elementlərdən biri “kontrol paneli”nin zədələnmədən irəli gələn mühüm qüsurlara malik olduğu və qüsurlu hissənin avadanlığın funksiyalarına təsir etdiyi, nöqsanlı detalın dəyişdirilməsi üçün 250 manat xərc tələb olunduğu qeyd edilmişdir. Eyni zamanda “Alliance Laundry CE” şirkətinin xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, təchiz edilmiş yuyucu avadanlığa 1 illik qarantiya verilmiş, “Uy 180” markalı sənaye tipli yuyucunun idarəetmə panelində mövcud olan qüsurlar zədə səbəbindən yarandığından istehsal qüsurları üçün təqdim edilən qarantiya müvafiq təmir xərclərini əhatə etməyəcəkdir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının təqdim etdiyi bu sənədlər İddiaçı MMC tərəfindən daşınması həyata keçirilmiş “Uy 180” markalı sənaye tipli yuyucu quraşdırılarkən onun idarəetmə panelində zədə olduğunu təsdiq etsə də zədənin daşınma zamanı daşıyıcının qəsdi və ya kobud ehtiyatsızlığı nəticəsində baş verməsi ilə əlaqədar məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən və daşıyıcıya MM-nin 859.5.2-ci maddəsinə əsasən yükün çatdırılmasından ən geci səkkiz gün keçənədək bu barədə bildiriş verilmədiyindən məhkəmə tərəfindən qarşılıqlı iddia bu hissədə düzgün olaraq təmin edilməmişdir. İş materiallarına əsasən sonuncu daşıma üzrə yük xx.xx.2019-cu il tarixdə təhvil verildiyi halda zədələrlə bağlı daşıyıcıya pretenziya xx.xx.2019-cu il tarixdə göndərilmişdir. Daşıyıcı tərəfindən öhdəliyin icrasının gecikdirilməsinə görə vurulmuş ziyanın və əldən çıxmış faydanın ödənilməsi hissəsində qarşılıqlı iddia aşağıdakılara əsasən təmin edilə bilməz. Tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli “Yükdaşınması xidmətləri” müqaviləsində öhdəliyin icrası üçün müddət müəyyən edilməmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən, yükün çatdırılma tarixi hər yüklənmə üçün tərtib edilməli olan spesifikasiyada göstərilməli idi. Lakin işin faktiki hallarından görünür ki, tərəflər müqavilənin bu şərtinə əməl etməmiş və daşımalar zamanı müvafiq spesifikasiyalar tərtib edilməmiş, tərəflər arasında hər dəfə yüklərin daşınması ilə bağlı sifariş, daşımanın qiyməti və təxmini müddəti telefon və elektron poçt vasitəsilə razılaşdırılmışdır. İddiaçı MMC tərəfindən həmin yazışmaları həyata keçirmiş İddiaçıik menecer vəzifəsində işləyən X3 həm birinci instansiya məhkəməsində, həm də işə apellyasiya qaydasında baxılarkən şahid qismində dindirilmiş və ifadəsində bildirmişdir ki, mübahisə predmeti olan daşımalar ilə bağlı xx xxxx 2019-cu il tarixdə Cavabdeh MMC-nin əməkdaşı sifariş vermiş, ona qrupaj və individual (ekspres) daşımaların qiymətləri və daşımanın 14- 16 gün ərzində həyata keçiriləcəyi barədə məlumat verilmiş, həmçinin, qrupaj daşımanın hansı qaydada həyata keçirildiyinə dair izah verilmişdir. xx xxxx 2019-cu il tarixdə Çexiya yükü təhvil verilmişdir. Pick up –dan sonra malların müvafiq istiqamətlər üzrə son məntəqəyə çatdırılması 14-16 gün təşkil edir. Concord Fransa yükündə EORİ nömrəsinin səhv verilməsi ilə əlaqədar sənədlərin hazırlanmasında ləngimə baş vermişdir. Cavabdeh MMC gecikmənin 8 gün ərzində İddiaçı MMC tərəfindən baş verdiyini qeyd etsə belə, həmin daşıma üzrə yalnız 1 gün – maşının texniki səbəbindən gecikmə baş vermişdir. İstanbul-Bakı istiqamətinə gəldikdə isə, pick up tarixi 3-4 gün qeyd edilsə belə, həmin tarixdə həyata keçirilməsi mümkün olmamışdır. Səbəbi yüklərin anbarlardan gec alınmasıdır. Buna səbəb isə İddiaçı MMC deyildir, yükü anbara gətirəndir. Həmin gecikmələrlə bağlı endirim edilmişdir. Cavabdeh MMC tərəfindən xx xxxxx 2019-cu il tarixdə açılışın olmasına dair məlumat verilmişdir. Şahidin ifadəsindən, o cümlədən tərəflər arasında telefon və elektron poçt vasitəsi ilə həyata keçirilmiş yazışmalardan görünür ki, əvvəlcədən yüklərin çatdırılacağı tarix konkret olaraq müəyyən edilməmiş, daşıyıcı şirkətin əməkdaşı yüklərin təxmini və ehtimala əsasən çatdırıla biləcəyi ağlabatan müddətlər barədə məlumat vermişdir. Mülki Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Mülki qanunvericiliyin tələblərinə əsasən öhdəliyin icrası müddəti təyin edilmədikdə öhdəlik ağlabatan müddət ərzində icra edildiyi halda, ağlabatan müddətdə icra edilmədikdə isə icra tələb edildiyi andan 7 gün ərzində icra edildikdə lazımı qaydada icra edilmiş sayılır. Tərəflərin yazışmalarından görünür ki, xaricdən qrupaj yüklərin daşınması üçün ağlabatan müddət 14-15 gün müəyyən edilmişdir. Hazırkı halda Cavabdeh MMC-nə Çexiyadan göndərilən yüklərin xx.xx.2019-cu il tarixdə yükləndiyi nəzərə alınarsa daşınma zamanı hər hansı problem olmadığı halda 03-04 aprel tarixlərində çatdırılmalı idi. Lakin yazışmalardan görünür ki, Concord Fransa yükünə EORİ nömrə səhv verildiyinə görə sənədlərin hazırlanmasında ləngimə olduğu üçün yük xx.xx.2019-cu il tarixdə, yəni nəzərdə tutulmuş ağlabatan müddətdən təxminən 7 gün gec çatdırılmışdır. İstanbul-Bakı marşrutu üzrə daşınmada da gecikmə günlərinin sayı 7 gündən artıq olmadığından icranın gecikdirilməsi hesab edilmir və daşıyıcının hər iki halda yüklərin bir neçə gün gec çatması ilə əlaqədar məsuliyyəti istisna olunur. Mülki Məcəllənin 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Məhkəmə bu nəticəyə gələrkən eyni zamanda nəzərə alır ki, tərəflər arasında bağlanmış müqavilədə yüklərin razılaşdırılmış müddət ərzində çatdırılmamasına və icranın gecikdirilməsinə görə daşıyıcının məsuliyyəti nəzərdə tutulmamışdır. Müqavilənin 4.6-cı bəndində nəzərdə tutulmuşdur ki, əlverişsiz hava şəraitinə görə və ya digər faktorlara görə yükün yüklənməsi, daşınması gecikdirilərsə, ekspeditor 24 saat ərzində sifarişçini yazılı surətdə malın çatdırılmasının tarixi və gecikdirilmə vaxtı barədə məlumatlandırılmalıdır. Müqaviləyə belə bir şərt daxil etməklə tərəflər daşımanın daşıyıcının təqsirindən asılı olmayan hər hansı səbəblə əlaqədar gecikməsinin mümkünlüyü ilə razılaşmış, ekspeditorun üzərinə yalnız sifarişçini bu barədə məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. İşdəki yazışmalardan görünür ki, müqavilənin qeyd edilən şərtinə daşıyıcı tərəfindən əməl edilərək daşınmanın gecikmə səbəbləri, o cümlədən yükün hansı tarixdə çatdırılacağı barədə sifarişçinin əməkdaşına mütəmadi olaraq məlumat verilmişdir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və dəyişdirilməsi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-1054/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-1054/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.