Məhkəmə qərarları › İş №2-2(103)-155/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-155/2022

13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-155/2022 13.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC və Cavabdeh4 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-3165/2021 nömrəli iş üzrə 03 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh1 apellyasiyalarına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, cəmi 172.063,41 manat pulun - bundan 125.610 manat əsas, 44.771,93 manat faiz borcu, 1.681,48 manat cərimə borcunun və iş üzrə ödənilmiş 60 manat dövlət rüsumunun Cavabdeh2 MMC-dən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən 8 otaqlı 81 nömrəli fərdi yaşayış evinə 0,098 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdeh MMC-dən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra həmin evin boşaldılaraq, ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi iddia qismən təmin edilmiş, cavabdeh MMC-dən xx.xx.2017-ci il tarixli 01 XZBK nömrəli kredit müqaviləsi üzrə 125.610 manat əsas borcun, ona hesablanmış 37.546,83 manat məbləğdə faiz borcunun, 500 manat cərimənin, ümumilikdə 163.656,83 manat məbləğdə pulun və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 60 manatın tutularaq iddiaçıya ödənilməsi, tələbin Cavabdeh1 mülkiyyətində olan ünvan 2 0,098 ha torpaq sahəsi və üzərində yerləşən 81 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin likvid dəyəri 819.000 manat müəyyən edilməklə açıq hərracda satılması, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən 125.610 manat əsas borcun, ona hesablanmış 37.546,83 manat məbləğdə faiz borcunun, 500 yüz manat cərimənin, ümumilikdə 163.656,83 manat məbləğdə pulun və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 60 manatın tutularaq iddiaçıya ödənilməsi, satışdan artıq qalan məbləğin Cavabdeh1 qaytarılması, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdeh MMC-dən alınaraq iddiaçıya ödənilməsi, aparılmış ekspertiza ilə bağlı 40 manat və 250 manat, cəmi 290 manat ekspertiza xərcinin cavabdeh MMC-dən tutularaq müvafiq olaraq 40 manatla bağlı hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 250 manatla bağlı hissədə isə "xxxx" MMC-nin hesabına ödənilməsi, aparılmış ekspertiza ilə bağlı 10 manat və 50 manat, cəmi 60 manat ekspertiza xərcinin iddiaçıdan tutularaq müvafiq olaraq 10 manatla bağlı hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 50 manatla bağlı hissədə isə "xxxx" MMC-nin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı və Cavabdeh1 ondan apellyasiya şikayətləri verərək, iddiaçı qismən ləğv edilib, kredit müqaviləsi üzrə 44.771,93 manat faiz, 1.681,48 manat cərimə borcunun tam təmin edilməsini, cavabdeh iddianın ödənilmiş 100.000 manat vəsaitin kredit ödənişi kimi nəzərə alınmaması və bunun nəticəsində hesablanmış faizlər hissəsində ləğv edilərək, iddianın həmin hissədə də rədd edilməsini xahiş etmişlər. İddiaçının apellyasiya şikayətinin dəlillərinə görə, xx.xx.2017-ci il tarixli 01 XZBK nömrəli kredit müqaviləsinin 5.2-ci bəndindən göründüyü kimi, “bu müqavilənin 3.3-cü bəndində göstərilən vəzifənin icra müddəti “Kredit alan” tərəfindən gecikdirildiyi halda, hər gecikdirilən gün üçün müqavilənin 3.4-cü bəndi ilə müəyyənləşdiriliən faizlərin iki misli miqdarında cərimə ödəməyi cavabdeh üzərinə götürmüşdür. Birinci instansiya məhkəməsi isə nədənsə Müqavilənin 5.2-ci bəndini nəzərə almadan hesab etmişdir ki, cərimənin məbləği həddən artıq yüksəkdir və bu məbləğ tənasübsüz surətdə azaldılmalıdır. Bildirir ki, dəbbə pulunun hesablanması qaydası müqavilə şərtlərinə uyğun olaraq həyata keçirilir. Dəbbə pulunun müəyyən edilməsində tək borclunun yox, həmçinin kreditorun da qanunla qorunan maraqları nəzərə alınmalıdır. Borclu 2017-ci ildə imzanlanan kredit müqaviləsi üzrə öhdəliyini 4 ilə yaxındır ki, icra etmir. Belə olan halda, 125.610 manat əsas borca 500 manat dəbbə pulunun 4 il ərzində hesablanması tənasübsüz yüksək kimi qiymətləndirilə bilməz. Bu hissədə cərimə borcu tam təmin edilməlidir. xx.xx.2021-ci il tarixli ekspert rəyinin sübhə doğurması ondan ibarətdir ki, ekspert tədqiqat apararkən rəyin təsviri hissəsində hansı metodologiyadan istifadə etməklə cavabdehin iddiaçıya xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə faiz borcunun 37.546,83 manat təşkil etməsini aydın şəkildə göstərməmişdir. Bu da onu deməyə əsas verir ki, ekspert ümumiyyətlə mülki işin materialları ilə tanış olamadan, heç bir sübuta əsaslanmadan qanunsuz və əsasız rəy vermişdir. Görünən odur ki, birinci instansiya məhkəməsi formal tərtib edilmiş ekspert rəyini sübut növü kimi qəbul edərək, faiz məbləği ilə bağlı məsələyə düzgün mövqedən yanaşmamışdır. Nəticə etibarilə, məhkəmə həqiqətin üzə çıxarılması üçün qanunla nəzərdə tutulmuş üsul və vasitələrdən istifadə etməmişdir. Birinci instansiya məhkəməsində ekspert rəyinə etiraz edilərək borc məbləğinin həqiqiliyini müəyyən etmək üçün əlavə ekspertiza keçirilməsi barədə şifahi vəsatət verilsə də, nədənsə məhkəmə buna əhəmiyyət verməmiş və məhkəmə iclası protokolunda və eyni zamanda qətnamədə vəsatətə hüquqi qiymət verməmişdir. Hazırki ekspert rəyi əsaslı deyil, əlavə məhkəmə mühasibatlıq-ekspertizası təyin edilməlidir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə, Mülki Məcəllənin 440.1 və 440.2-ci maddələrinin tələbinə nəzər saldıqda görünür ki, əgər xx.xx.2019-cu il tarixə vergi orqanının sərancamı olsa belə borcların ödənilməsi üçün ilk olaraq borclunun seçdiyi öhdəlik ödənilir. Ödənilmiş 100.000 manatın təyinatı isə kredit ödənişi olmuşdur. Hesab edir ki, məhkəmə yalnış olaraq Mülki Məcəllənin 965-ci maddəsinə istinad etməklə səhv qənaətə gəlmişdir. Belə ki, bu maddədə hesabdan pul vəsaitinin silinməsinin növbəliyi qeyd olunmuşdur. Bu halda isə hesabda vəsait olmamışdır, hesabda vəsait kimi görünən isə kredit ödənişi olaraq ödənmiş 100.000 manat vəsait idi ki, onun da iddiaçı tərəfdən nə səbəbdən təyinatı üzrə yönəldilmədiyi və hansı əsasla şirkətin kredit öhdəliyi olduğu halda hesabda saxlamışdılar. Ekspert qarşısında qoyulan suallar arasında xx.xx.2019-cu il tarixdə 100.000 manatın ödənilməsinin nəzərə alınması halında əsas borcun və faizlərin hesablanmasına da dair sual qoyulmamışdır. Bu səbəbdən də istinad olunan ekspert rəyi tam və aydın olmamışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi qarşı şikayəti qəbul etməyib, öz şikayətini müdafiə edərək, ona uyğun izahat vermişdir. Cavabdehin vəkili və nümayəndəsi də əvvəlki məhkəmə iclasında qarşı şikayəti qəbul etməyib, öz şikayətini müdafiə edərək, ona uyğun izahat vermişdi. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri ilə qətnamənin qismən ləğvi xahiş edildiyi, mübahisənin predmeti isə bölünən olduğu üçün birinci instansiya məhkəməsinin qətnaməsinə tərəflərin ləğvini istəmədiyi hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayətləri həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamənin mübahisələndirilməyən hissəsinə toxunulmamalı, qətnamə 37.546,83 manat məbləğdə faiz borcu və 500 manat məbləğdə cərimə borcu hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. Belə bir yoxlama ilə işdən müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 01 XZBK nömrəli kredit müqaviləsinə əsasən kredit verən (iddiaçı) kredit alana (cavabdehə) 48 ay müddətə illik 20%-lə 200.000 manat kredit verməyi, kredit alan isə krediti qəbul edib ondan müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri kredit verənə ödəməyi öhdəsinə götürür. İddiaçı ilə Cavabdeh2 MMC-nin direktoru, Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixli 01 XZBK nömrəli kredit müqaviləsi üzrə pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsi də bağlanmış, ipoteka predmeti (ünvan 2 ünvanda yerləşən 8 otaqlı 81 nömrəli fərdi yaşayış evinə 0,098 ha torpaq sahəsi ilə birlikdə) 1.349.400 manat məbləğdə qiymətləndirilmişdir. İddiaçının xx.xx.2021-ci il tarixli **********912 nömrəli arayışına əsasən, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 01 XZBK nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021ci il tarixə yaranmış əsas borc 125.610 manat, faiz borcu 44.771,93 manat, cərimə borcu 1.681,48 manat, ümumi 172.063,41 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 440.1. Əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir; Maddə 440.2. Əgər tələblərin icra müddətləri eyni vaxtda çatarsa, icrası borclu üçün daha ağır olan tələb birinci növbədə ödənilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; Maddə 965.1. Hesabdakı pul vəsaitinin məbləği hesaba qarşı irəli sürülən bütün tələbləri ödəməyə kifayət etdikdə hesabdan bu vəsaitin silinməsi müştərinin sərəncamlarının və hesabdan silməyə dair digər sənədlərin daxil olduğu ardıcıllıqla (təqvim ardıcıllığı) həyata keçirilir, bu şərtlə ki, qanunda ayrı qayda nəzərdə tutulmasın; Maddə 965.2. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmayıbsa, hesabdakı pul vəsaiti müştərinin sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə hesabdan pul vəsaiti aşağıdakı ardıcıllıqla silinir: 965.2.1. birinci növbədə həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi haqqında tələblərin, habelə alimentlərin tutulması haqqında tələblərin yerinə yetirilməsi üçün hesabdan pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan sənədlər və yaxud bu sənədlər əsasında verilən icra sənədi üzrə hesabdan silmə həyata keçirilir; 965.2.2. ikinci növbədə əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əmək haqqının ödənilməsi üzrə və müəlliflik müqaviləsinə görə haqların ödənilməsi üzrə hesablaşmalar üçün pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan sənədlər və yaxud bu sənədlər əsasında verilən icra sənədi üzrə hesabdan silmə, habelə bu məqsədlər üçün verilmiş bank kreditlərinin hesabdan silinməsi həyata keçirilir; 965.2.3. üçüncü növbədə dövlət büdcəsinə, məcburi dövlət sosial sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna və bələdiyyələrin büdcələrinə ödənişləri nəzərdə tutan ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir; 965.2.4. dördüncü növbədə verilmiş kreditlər üzrə bankın tələblərinin yerinə yetirilməsini nəzərdə tutan ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir; 965.2.5. beşinci növbədə başqa pul tələblərinin yerinə yetirilməsini nəzərdə tutan icra sənədi üzrə hesabdan silmə həyata keçirilir; 965.2.6. altıncı növbədə təqvim ardıcıllığı qaydasında digər ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir. Maddə 965.3. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmayıbsa, bir növbəyə aid tələblər üzrə vəsait sənədlərin daxil olmasının təqvim ardıcıllığı qaydasında hesabdan silinir. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsinə əsasən alınan pulların qaytarılması ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan Cavabdeh2 MMC müqavilə üzrə iddiaçıya olan bütün borclarını, o cümlədən faiz və dəbbə pulu borclarını ödəməlidir. Bu mənada məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, işdə olan hesabdan çıxarışlar, ödəniş tapşırığı və kassa-mədaxil qəbzindən görünür ki, cavabdeh tərəfindən iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixdə hesabın möhkəmləndirilməsi (kredit ödənişi) kimi 100.000 manat məbləğdə pul köçürülmüş, iddiaçı həmin vəsaitin banka daxil olmuş vergi orqanının sərəncamları əsasında silindiyini bildirmiş, sərəncamlar Məhkəməyə təqdim edilmiş, bununla da məlum olmuşdur ki, iddiaçı Mülki Məcəllənin 965-ci maddəsi ilə müəyyən edilmiş vəzifələri icra etmiş, qanunun tələblərinə riayət edərək, hesabda olan vəsaiti ardıcılıqla silmişdir. Bundan əlavə, cavabdehin qeyd olunan dəlilinin tam araşdırılması məqsədilə məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə təyin edilmiş əlavə məhkəməmühasibatlıq ekspertizasında ekspertlər qarşısında bu barədə də suallar qoyulmuşdur: ... 2) işin 1-ci cildinin 110-cu vərəqində olan hesabdan çıxarışda əks olunan 23 yanvar 2020-ci il tarixdə ödənilmiş 22.932,56 və 5.562,35 manat məbləğləri 31 oktyabr 2017-ci il tarixli 01 XZBK nömrəli kredit müqaviləsi üzrə borc ödənişləridirmi? Əgər qeyd edilən məbləğlər 31 oktyabr 2017-ci il tarixli 01 XZBK nömrəli kredit müqaviləsi üzrə kredit borcu ödənişləridirsə, həmin məbləğlər işin 1-ci cildinin 71-ci vərəqində olan maliyyə arayışında göstərilən əsas və faiz borcu məbləğlərinə daxil edilmişdirmi? Daxil edilməmişdirsə, həmin məbləğlər nəzərə alınmaqla 31 oktyabr 2017-ci il tarixli 01 XZBK nömrəli kredit müqaviləsi üzrə 01 mart 2021-ci il tarixədək yaranmış əsas borc, faiz borcu və dəbbə pulu borcu məbləğləri nə qədər olmuşdur (hər biri ayrı göstərilməklə)? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/1379 nömrəli rəyində göstərilmişdir ki, “... “ASV international Group" MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 31 oktyabr 2017-ci il tarixli 01 XZBK nömrəli kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq “ASV İnternational Group" MMC-nin xx.xx.2021-ci il tarixə (arayışda göstərilən tarixə) İddiaçı ASC-yə olan borcu 163.156,83 AZN məbləğdə müəyyən olunur, o cümlədən: əsas borc üzrə 125.610 AZN, faiz borcu üzrə 37.546,83 AZN. Həmçinin, iş materiallarının 1-ci cildinin 110-cu vərəqində olan hesabdan çıxarış məlumatlarında əks olunan 23 yanvar 2020-ci il tarixdə silinmiş 28.494,91 AZN, 22.932,56 AZN və 5.562,35 AZN məbləğləri 31 oktyabr 2017-ci il tarixli 01 XZBK nömrəli kredit müqaviləsi üzrə borc ödənişləridir. Hesabdan çıxarış məlumatlarına əsasən həmin məbləğlər iş materiallarının 1-ci cildinin 71-ci vərəqində olan maliyyə arayışında göstərilən əsas və faizə silinmə kimi nəzərə alınmışdır.” Cavabdehin apellyasiya şikayətinin Mülki Məcəllənin 440.1 və 440.2-ci maddələrinə istinad edən dəlilləri isə qanunun səhv təfsirinin nəticəsidir. Belə ki, həmin normalarda bir borclunun eyni (bir) kreditor qarşında müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra üzrə borcların ödənilməsi qaydası tənzimlənmişdir. Lakin hazırkı işdə mübahisəli 100.000 manat həm iddiaçının, həm də dövlət büdcəsinin tələblərinin ödənilməsinə yönəldilmişdir. İddiaçının da apellyasiya şikayətinin kredit müqaviləsi üzrə faiz borcunun 37.546,83 manat təşkil etməsinin düzgün olmaması barədə dəlili əsassızdır. Belə ki, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza üzrə alınmış 9/5513 nömrəli rəylə razılaşmayan iddiaçının vəsatətinə əsasən məhkəmə kollegiyası tərəfindən təyin olunmuş 9/1379 nömrəli ekspert rəyində də eyni nəticə təkrarlanmışdır, sonuncu rəydə aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyi üçün həmin rəyin mötəbər sübut olaraq qəbul edilməməsi üçün heç bir əsas mövcud deyil. İddiaçının apellyasiya şikayətinin 125.610 manat əsas borca 500 manat dəbbə pulunun 4 il ərzində hesablanmasının tənasübsüz yüksək kimi qiymətləndirilə bilməməsinə dair dəlili isə əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi qətnaməsində bununla bağlı Mülki Məcəllənin 467-ci maddəsinə istinad etsə də, yüksək tənasübsüzlüyün nədən ibarət olmasını əsaslandırmamışdır. Odur ki, 125.610 manat əsas borca 1.681,48 manat dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığı üçün onun məbləğinin azaldılmasına da heç bir zərurət yox idi. MPM-in: Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin dəbbə pulunun (ona müvafiq olaraq da cəmi borc məbləğinin) tutulması hissədə dəyişdirilməsinə əsas verir, birinci instansiya məhkəməsinin iddianın həmin hissədə qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Bununla əlaqədar olaraq, qətnamə yoxlanılan hissədə müzakirə edilən qaydada dəyişdirilməli, ekspertə verilməli olan məbləğ iddiaçıya aid edilməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3165/2021 nömrəli iş üzrə 03 noyabr 2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilsin. Qətnamənin nəticə hissəsində “500” rəqəmi “1.681,48” rəqəmi ilə, “163.656,83” rəqəmi “164.838,31” rəqəmi ilə əvəz edilsin. Qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar