Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-156/2020 03.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əhmədov İlham Bayram oğlunun sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və X1 ibаrət tərkibdə; Məhkəmə iclas katibi Abdullayev Hacıağa Rövşən oğlunun katibliyi, İddiaçının vəkili X2, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə; İddiaçı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Azərbaycan” nəşriyyatının Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1170/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi "Azərbaycan” nəşriyyatı Cavabdeh ASC-yə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3- cü maddələrini rəhbər tutaraq, xx.xx.2019-cu il tarixində 5 illik tələbetmə müddəti keçmiş və tələb edilməmiş, xx.xx.2012-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək olan dövrü əhatə edənCavabdeh ASC tərəfindən“Azərbaycan” Nəşriyyatına sudan istifadə və kanalizasiya xidmətlərinə görə hesablanmış 225772,41 manat borc məbləğinin ləğv edilərək “Azərbaycan” Nəşriyyatının abonent hesabından silinməsinin cavabdehə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsi tərəfindən xx xxxxxxx 2016-cı il tarixli 070031 saylı protokol tərtib edilərək “Azərbaycan” Nəşriyyatının sudan istifadəyə və kanalizasiya xidmətinə görə 855.374,97 manat borcu olduğu bildirilmişdir. “Azərbaycan” Nəşriyyatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(81)-134/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "Cavabdeh" ASC tərəfindən iddiaçı “Azərbaycan” Nəşriyyatına xx.xx.2011ci il tarixdən xx.xx.2014-cü il tarixədək hesablanmış 521,528,84 manat borcun silinməsi, 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh ASC-dən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 2(103)-180/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-134/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək cavabdeh tərəfindən iddiaçıya xx.xx.2011-ci il tarixdən xx.xx.2014- cü il tarixədək hesablanmış 504.616,32 manat borcun silinməsi, iddia tələbinin qalan 103.516,9 manat borcun silinməsi hissəsində təmin olunmaması qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarı ilə ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-12/2019 saylı qətnaməsi ilə Cavabdeh ASC tərəfindən “Azərbaycan” Nəşriyyatına sudan istifadə və kanalizasiya xidmətlərinə görə xx.xx.2014-cü il tarixiədək hesablanmış 421289,42 manat borcun ləğv edilməsi və iddiaçının abunə hesabından silinməsi "Cavabdeh" ASC-yə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh ASC tərəfindən kassasiya şikayəti verilmiş və Ali Məhkəmənin 2-2(102)004/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-12/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bildirirlər ki, Bakı Apellyasiya Məhkəməsi xx xxxxxx 2019cu il tarixli qətnaməsində, 5 illik tələbetmə müddətinin keçdiyini əsas götürərək, iddia ərizəsinə dəqiqləşməninin verildiyi tarixdən yəni, xx.xx.2017-ci ildən 5 il əvvələ yəni xx.xx.2012-ci il tarixədək hesablanmış lakin ödənilməmiş, 5 illik tələbetmə müddəti keçmiş 253317,79 manat borcun silinməsini qət etmişdir. Eyni zamanda həmin qətnamədə, tələbetmə müddəti həmin dövr üçün keçməmiş, lakin xx.xx.2012-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək əsassız hesablanmış 167971,63 manat borcun silinməsini qət etmişdir. Bakı Apellyasiya Məhkəməsi xx xxxxxx 2019-cu il tarixli qətnaməsində qeyd etmişdir ki, xx.xx.2011-ci il tarixdən sonra iddiaçı tərəfindən həyata keçirilmiş ödənişlər məhkəmə qətnaməsinin icrası ilə bağlı həyata keçirildiyi halda cavabdeh tərəfindən düzgün olmayaraq cari borclar üzrə silindiyi müəyyən edildiyindən xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək iddiaçının 225772,41 manat borcu üzrə 3 illik iddia müddətinin keçdiyi müəyyən edilir. Lakin məhkəmə hesab edir ki, iddia müddətinin keçməsi borcla bağlı məhkəmə qaydasında tələb irəli sürüldükdə cavabdeh tərəfin ərizəsi əsasında iddianın rədd edilməsi üçün əsas olsa da, hazırkı halda iddia müddəti keçmiş borclar üzrə öhdəliyə xitam verilməsi və həmin borcların iddiaçının abunə hesabından silinməsi barədə iddia tələblərinin qanuni əsası yoxdur. Eyni zamanda Tələbetmə müddətinin kəsilib-kəsilmədiyi məhkəmə tərəfindən araşdırılaraq müəyyən edilmişdir ki, xx.xx.2011-ci ildən xx.xx.2014-cü il tarixədək iddiaçı tərəfindən Cavabdeh ASC-nə cəmi 38928,61 manat ödəniş edilmişdir. Eyni zamanda Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019- cu il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2iqt (81)-2447/2011 saylı qətnaməsi əsasında iddiaçıdan tutulmuş 230558,52 manat borc məbləği ödənilməmişdir. İddiaçının nümayəndəsi izahatında göstərmişdir ki, həmin ödənişlər qətnamənin icrasının təmin edilməsi üçün həyata keçirildiyi halda cavabdeh tərəfindən cari borclar üzrə ödəniş kimi qəbul edilmişdir. Məhkəmə hesab edir ki, “İcra haqqında” Qanunun tələbinə əsasən qanuni qüvvəyə minmiş dərhal icrası tələb edilməyən məhkəmə qərarlarının icra müddət 2 ay müəyyən edildiyindən iddiaçı tərəfindən həyata keçirilmiş ödənişlər ilk növbədə qətnamənin icrası ilə bağlı ödəniş kimi qəbul edilməli idi. Göründüyü kimi həmin işə baxılan zaman xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək iddiaçının 225772,41 manat borcu üzrə 3 illik iddia müddəti keçsə də, həmin dövrdə 5 illik tələbetmə müddəti keçmədiyindən və Cavabdeh ASC tərəfindən həmin borcun tutulması barədə tələb hüququ irəli sürülmədiyindən məhkəmə həmin borcun silinməsi barədə qərar qəbul etməmişdir. Lakin, hazırki iddia ərizəsinin verildiyi vaxtda artıq “Cavabdeh" ASC tərəfindən xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək iddiaçının 225772,41 manat borcu üzrə 5 illik tələbetmə müddəti keçmişdir və bu səbəbdən də, həmin borc iddiaçının abonent hesabından silinməlidir. Qeyd edilənlərə əsasən iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddələrini rəhbər tutaraq, xx.xx.2019-cu il tarixində 5 illik tələbetmə müddəti keçmiş və tələb edilməmiş,xx.xx.2012-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək olan dövrü əhatə edən cavabdeh tərəfindən iddiaçıya sudan istifadə və kanalizasiya xidmətlərinə görə hesablanmış 225772,41 manat borc məbləğinin ləğv edilərək “Azərbaycan” Nəşriyyatının abonent hesabından silinməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirmişdir ki,iddiaçı cavabdehə qarşı 1 saylı Bakı İnzibatiİqtisadi məhkəməsində "xx xxxxxx 2011-ci il tarixindən xx xxxxx 2014-cü il tarixinədək əsassız hesablanmış 624935,83 manat borcun silinməsinə" dair iddia qaldırmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2-2(81)-134/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək hesablanmış 521528,84 manat borşun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən tərəflərin verdiyi apellyasiya şikayətləri Bakı apellyasiya məhkəməsinin 2-2(103)-180/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2-2(81)- 134/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək hesablanmış 521528,84 manat borşun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayəti təmin edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə yenidən baxan Bakı Apellyasiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-2(103)- 12/2019 saylı qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilərək xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək hesablanmış 421289,42 manat borşun silinməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-304/2019 saylı xx xxxx 2019-cu il tarixli qərarı ilə təmin edilməmişdir. Qeyd olunanlardan göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə xx.xx.2012-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək olan dövrü əhatə edən 225772,41 manat borcun silinməsini xahiş edir. İstinad edilən məhkəmə aktlarından da göründüyü kimi məhkəmələr tərəfindən hazırkı iddia tələbinə hüquqi qiymət verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1170/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1170/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti yazılı etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Aslan Heydərov apellyasiya şikayətinə etiraz təqdim edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Azər Qasımov apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1170/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikası "Azərbaycan Nəşriyyatı"nın Cavabdeh ASC-yə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli pretenziya məktubundan müəyyən edilir ki, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixində 5 illik tələbetmə müddəti keçmiş və tələb edilməmiş, xx.xx.2012-ci il tarixindən xx.xx.2014cü il tarixinədək olan dövrü əhatə edən 225772,41 manat borc məbləğinin ləğv edilərək “Azərbaycan” nəşriyyatının abonent hesabından silinməsi xahiş edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-12/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-134/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək Cavabdeh ASC tərəfindən iddiaçı "Azərbaycan Nəşriyyatı"na sudan istifadə və kanalizasiya xidmətlərinə görə xx.xx.2014-cü il tarixədək hesablanmış 421289,42 manat borc məbləği ləğv edilsin və iddiaçının abunə hesabından silinməsi Cavabdeh ASC-yə həvalə edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)- 304/2019 saylı xx xxxx 2019-cu il tarixli Qərarı ilə Cavabdeh ASC-nin kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-12/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qeyd olunan Qərarında göstərilmişdir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, iddiaçıya xx.xx.2012-ci ilədək hesablanmış 253.317,79 manat məbləğində borcun tutulması üçün 5 illik tələbetmə müddəti keçdiyindən həmin borc üzrə öhdəliyə xitam verilməli və həmin məbləğin iddiaçının abunə hesabından silinməlidir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2012-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək olan dövrü əhatə edən Cavabdeh ASC tərəfindən iddiaçı “Azərbaycan Nəşriyyatı”na sudan istifadə və kanalizasiya xidmətlərinə görə hesablanmış 225772,41 manat borcu üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən son tələb etmə müddəti xx.xx.2019-cu il tarixdə bitdiyi üçün həmin məbləğdə borc üzrə öhdəliyə xitam verilməsi və iddiaçının hesabından silinməsi barədə tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarında göstərmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılımış, qiymətləndirilmiş tələbin (və ya etirazların) predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “iş üzrə icraata xitam verilməlidir” dəlilinə münasibətdə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-12/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsində iddiaçının xx.xx.2012-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək olan dövrü əhatə edən Cavabdeh ASC tərəfindən iddiaçı “Azərbaycan” Nəşriyyatına sudan istifadə və kanalizasiya xidmətlərinə görə hesablanmış 225772,41 manat borc üzrə 3 illik iddia müddətinin ötürüldüyü qeyd olunmaqla, həmin borcla bağlı 5 illik tələbetmə müddətini gözləməsi tələb olunduğundan iddianın həmin hissədə qanuni əsasının olmadığı qeyd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi qəbul edilən zaman qeyd edilən borc üzrə 5 illik tələbetmə müddəti keçməmişdir. Lakin hazırki iddia ərizəsinin verildiyi vaxtda Cavabdeh ASC tərəfindən xx.xx.2012-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək iddiaçının 225772,41 manat borcu üzrə 5 illik tələbetmə müddəti keçmişdir və bu səbəbdən həmin borc iddiaçının hesabından silinməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1170/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392,402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1170/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov
Məhkəmə qərarları › İş №2-2(103)-156/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-156/2020
03.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver