Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-156/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X2 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4619/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 21.10.2021-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıya dəymiş 10450 manat maddi ziyanın, 100 manat mediasiya keçirilməsi ilə bağlı mediasiya xərcinin və 150 manat vəkil xərcinin, mənəvi zərərə görə 2500 manatın, cəmi 13200 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 21.10.2021-ci il tarixli e-2-2(113)-4619/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı dəymiş 10450 manat maddi ziyan, mediasiya xərcinə görə 80,69 manat və vəkilin göstərdiyi yardıma görə 150 manatın Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 24,20 manat məbləğinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi, qalan 5,80 manat məbləğinin İddiaçı aid edilməsi qət edilmişdir. Cavabdeh ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili X3 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İş materiallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmışdır. Cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində yerləşən “Rich Hotel”də yoxlama aparılmış, yoxlama zamanı otelin həyətyanı sahəsində müxtəlif istiqamətlərində toplama qrunt suların 3 ədəd d=50 mm və 1 ədəd d=63 mm boru vasitəsi ilə cavabdehə məxsus kanalizasiya şəbəkəsinə axıdılması aşkar olunaraq 09.03.2021-ci il tarixli inventar aktı tərtib edilmişdir. İddiaçının şikayət ərizəsi əsasında cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus “Rich Hotel”də qrunt sularına yenidən baxış keçirilmiş, baxış zamanı 4 ədəd drenaj quyusunun mövcud olması, bunlardan 3 drenaj quyusu binanın zirzəmisində yerləşməklə həmin quyulardan axan çirkab suların mətbəxdən və çamaşırxanadan axan çirkab suları olması, digər drenaj quyusu obyektin həyətində yerləşməsi, d=50 mm-lik boru vasitəsi ilə qrunt suyunun kanalizasiya şəbəkəsinə axıdılması, bir qrunt suyunun kanalizasiya şəbəkəsinə qoşulmasının olması müəyyən olunaraq 21.06.2021-ci il tarixli inventar aktı tərtib edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya 2021-ci ilin yanvar-avqust ayları üzrə ümumilikdə 25739 manat borc hesablanmış, iddiaçı tərəfindən ümumilikdə 25751,50 manat məbləğində ödəniş edilmiş, iddiaçının cavabdehə 01.01.2021-ci il tarixə borcu yoxdur. İddiaçı bildirir ki, onun tərəfindən 04.05.2021-06.09.2021-ci il tarixləri aralığında ümumilikdə 25490 manat məbləğində pul vəsaiti ödənilmiş və həmin məbləğin 14113 manat məbləğində pul vəsaiti cərimə məbləği kimi iddiaçıdan tutulmuşdur. Halbuki, sonuncu ekspertizanın nəticəsinə əsasən iddiaçıdan bir drenaj quyusundan axıdılan qrunt sularına əsasən cərimə məbləği hesablanmalı idi və bu məbləğə mütənasib cərimə məbləği iddiaçıdan tutulmalı idi. Belə ki, “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il 262 nömrəli Qərarına və həmin Qərarın 4 nömrəli əlavəsində göstərilmiş “Su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsi cədvəli”nə əsasən kommersiya yönümlü təşkilatlar üzrə bir d=50 mm-ik boru vasitəsilə axıdılan qrunt suyunun saatlıq (1,0 m/san) sərfiyyatı 7.63 m3-dir. Həmin qərara əsasən qrunt suyundan istifadə etməklə, tullantı sularının kanalizasiya şəbəkəsinə axıdılma müddəti 4 saat qəbul edilir. Bu o deməkdir ki, gündəlik sərfiyyat 30.52 manat, aylıq isə 915.60 manat təşkil edir. Bundan əlavə 22 iyul 2021-ci il tarixdə Cavabdeh ASC-nin X5 İdarəsi və İddiaçı ilə müqavilə bağlanılmış və bu o deməkdir ki, 22 iyul tarixdən ümumiyyətlə cərimə tutulmamalıdır, çünki bir drenaj quyuya artıq sayğac qoyulmuşdur. Müqavilənin predmeti həmin 1 quyu axıdılan qrunt suya sayğacın quraşdırılması idi və sayğacın ödənişinin edilməsi ilə bağlıdır. Beləliklə, iddiaçıdan 04.05.2021-06.07.2021-ci il tarixdə ödənilmiş 13100 manat pul vəsaitinin 70 faizi, yəni cərimə kimi iddiaçıdan tutulan 9170 manat məbləği yox, ümumilikdə mart ayından yazılan akta əsasən bir drenaj quyuya görə 3662,40 manat cərimə məbləği tutulmalıdır. Belə ki, ümumi ödənilmiş 25490 manat pul vəsaitindən cərimə kimi hesablanmış 10450 manat məbləğində pul vəsaiti isə iddiaçıya geri qaytarılmalıdır. Cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 10450 manat pul vəsaiti geri qaytarılmır. Hal-hazırda cavabdehə etdiyi dəfələrlə şikayəti nəticəsində cavabdeh iyul ayında öz kompüter sistemindən iddiaçının adına olan 095541 abonent kodunda 4 quyu axıdılan qrunt suyu kimi hesablanmasını dayandırmışdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, cavabdehin əməkdaşları otelə yaxınlaşdığı zaman Mahir Yusifov adlı şəxs əməkdaşların qarşısına çıxmış və nümayəndə olmasa belə özünü nümayəndə kimi təqdim etmişdir. Bu cərimə dəymiş ziyan deyil, hesablanmış aylıq hesabatdır. 3-4 boruya görə qrunt sularının axıdılmasına görə hesablanmış məbləğdir. Yayda sular quruduğundan 3 quyuya yox 1 quyuya axıdılmış və bu ana kimi 1 quyuya axıldılmış qrunt sularının xidmət haqqı hesablanmışdır. 4 quyunun hamısına qrunt suları axıdılmış və ona görə hesablanmış xidmət haqqıdır. Məhkəmə kollegiyası hesab edir ki, 10450 manat məbləğində pul vəsaitinin geri qaytarılması barədə iddia qismən əsaslıdır. Belə ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 439.4 və 1092.1-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər (439.4). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1). Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Hazırki işdə də bu əsaslar müəyyən olunur. Belə ki, cavabdeh mübahisələndirilən borcun hesablanmasını iddiaçı tərəfindən 4 quyudan kanalizasiyaya qrunt sularının axıdılması və bunun nəticəsində cavabdehə zərər vurulması ilə əsaslandırsa da, iddiaçıya məxsus obyektdə 4 quyudan kanalizasiyaya qrunt sularının axıdılmasını təsdiq edən mötəbər sübutları təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəməyə təqdim edilmiş 09.03.2021-ci il tarixli akt isə iddiaçının nümayəndəsinin iştirakı olmadan və yalnız cavabdehin əməkdaşları tərəfindən tərtib edildiyinə görə kənar xətdən istifadə edilməsi faktını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bundan başqa “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Lakin cavabdeh mübahisəli yoxlamanın qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təmin etməmişdir. Belə olan halda isə iddiaçıdan həmin yoxlama nəticəsində hesablanan zərərin əvəzi tələb oluna bilməz. Çünki istinad olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı qrunt sularının axıdılması üçün artıq ödənilən məbləğlərin geri qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə kollegiya hesab edir ki, həmin iddia tələbi tam təmin edilə bilməz. Belə ki, iddiaçı yalnız 1 ədəd d=50 mm-lik boru vasitəsi qrunt sularının kanalizasiyaya axıdıldığını etiraf etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, yalnız həmin borudan axıdılan qrunt suları üçün borc hesablanmalı və iddiaçı tərəfindən qrunt suları üçün ödənilmiş ümumi məbləğdən çıxılmalıdır. Belə ki, “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il 262 nömrəli Qərarına və həmin Qərarın 4 nömrəli əlavəsində göstərilmiş “Su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsi cədvəli” nə əsasən kommersiya yönümlü təşkilatlar üzrə bir d=50 mm-lik boru vasitəsilə axıdılan qrunt suyunun saatlıq (1,0 m/san) sərfiyyatı 7.63 m3-dir. Həmin qərara əsasən qrunt suyundan istifadə etməklə, tullantı sularının kanalizasiya şəbəkəsinə axıdılma müddəti 4 saat qəbul edilir. Bu isə o deməkdir ki, gündəlik sərfiyyat 30,52 manat, aylıq isə 916 manat təşkil edir. Eyni zamanda işin mübahisəsiz halıdır ki, 22.07.2021-ci il tarixdə mübahisəli obyektdən axıdılan qrunt sularının həcminin ölçülməsi məqsədilə sayğac quraşdırılmışdır. Bu vasitə ilə hesabladıqda müəyyən olunur ki, 09.03.2021-ci il tarixdən 22.07.2021-ci il tarixə qədər (4 ay 13 gün) iddiaçı tərəfindən 1 ədəd d=50 mm-lik boru vasitəsi axıdılan qrunt sularının sərfiyyatı ümumilikdə 4061 manat təşkil edir. Göründüyü kimi qrunt sularının axıdılması üçün iddiaçı tərəfindən ödənilməli olan cəmi məbləğ 4061 manat təşkil edir. Lakin iş materiallarında olan abonentin saldosundan görünür ki, 2021-ci ilin mart-iyul aylarında iddiaçı tərəfindən qrunt sularının axıdılması üçün ümumilikdə 12241 manat pul vəsaiti ödənilmişdir. Göründüyü kimi iddiaçı qrunt sularının axıdılmasına görə cavabdehə 8180 manat məbləğində artıq pul ödəmişdir (12241 – 4061= 8180). Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı artıq ödənilmiş həmin məbləğin geri qaytarılması tələb etməkdə haqlıdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4619/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 21.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh ASC-dən 8180 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-156/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-156/2022
15.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver