Məhkəmə qərarları › İş №2-2(103)-157/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-157/2025

06.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-157/2025 06.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Müstəqil tələb irəli sürməyən "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh2nə qarşı “ilkin hərracın etibarsız hesab edilməsi və s.” ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-2889/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Cavabdeh2nə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi-Lökbatan yolu 22 A ünvanında yerləşən, ümumi sahəsi 4570,1 m2 olan 2 mərtəbəli qeyri-yaşayış binasının açıq hərracda satılması ilə bağlı Cavabdeh2 MMC tərəfindən keçirilən ilkin hərracın etibarsız hesab edilməsi, Qaradağ rayon İcra şöbəsi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi- Lökbatan yolu 22 A ünvanında yerləşən, ümumi sahəsi 4570,1 m2 olan 2 mərtəbəli qeyri-yaşayış binasının açıq hərracda satışının təşkil edilməsi məqsədilə hərracın keçirilməsinin həvalə edildiyi Cavabdeh2 MMC-dən hərrac sifarişinin geri çağırılması, hərracın keçirilməsinin başqa hərrac təşkilatına həvalə edilməsi yolu ilə yenidən hərracın təşkil olunması və İddiaçı MMC-nin bütün hərrac prosesləri barəsində lazımı qaydada məlumatlandırılmasının təmin edilməsi öhdəliyinin Qaradağ rayon İcra şöbəsinin üzərinə qoyulması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumun Cavabdeh2 MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-2889/2024 nömrəli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət edilmişdir.

3. İddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-2889/2024 nömrəli qətnaməsinin iddianın rədd edilməsi hissəsində ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, e-2-2(103)-157/2025 nömrəli qərardadı ilə Qaradağ rayon İcra şöbəsi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi- Lökbatan yolu 22 A ünvanında yerləşən, ümumi sahəsi 4570,1 m2 olan 2 mərtəbəli qeyri-yaşayış binasının açıq hərracda satışının təşkil edilməsi məqsədilə hərracın keçirilməsinin həvalə edildiyi Cavabdeh2 MMC-dən hərrac sifarişinin geri çağırılması, hərracın keçirilməsinin başqa hərrac təşkilatına həvalə edilməsi yolu ilə yenidən hərracın təşkil olunması və İddiaçı MMC-nin bütün hərrac prosesləri barəsində lazımı qaydada məlumatlandırılmasının təmin edilməsi öhdəliyinin Qaradağ rayon İcra şöbəsinin üzərinə qoyulması barədə iddia tələblərinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə formal olaraq mübahisəyə aidiyyəti olmayan hüquq normalarının sadalanmasına həsr edilmiş, nə üçün məhz iddianın təmin olunmaması isə əsaslandırılmamışdır. Məhkəmənin gəldiyi nəticələr səhvdir, reallığı əks etdirmir. Məhkəmə borclu idi ki, hərracın keçirilməsi prosesinin qanunvericiliyin normalarına uyğun olub-olmadığını dəqiq araşdırsın və qanunvericiliyin tələblərinin pozulmasını özündə ehtiva edən halları müəyyən etsin. İpoteka qoyan kimi İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi birinci hərracda iştirak etmək istəmiş, lakin hərracın keçirilməsinə dair məlumat verilməməsi səbəbindən hüquqları pozulmuşdur. İşin hərraca göndərilməsi və daha sonra açıq hərracın keçirilməsinə dair məlumat nə Cavabdeh2 MMC, nə də Qaradağ rayon İcra şöbəsi tərəfindən İddiaçı MMC-yə verilməmişdir. Əgər İddiaçı MMC-nin birinci hərracda iştirakı baş tutsaydı, ipotekaya qoyulan əmlakın hərracdan əldə edilməsi məsələsi müzakirə oluna bilərdi. Bundan əlavə güman edilir ki, keçiriləcək təkrar hərracda satışa təklif edilən əmlak birinci hərracın iştirakçısı olmadığına görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarılacaqdır. Bununla bağlı qeyd edilməlidir ki, birinci hərracda İddiaçı MMC-nin iştirakı təmin olunmadığından hərracın iştirakçısının olub-olmaması barədə suallara aydınlıq gətirilməlidir. Təkrar hərracda əmlakın daha aşağı qiymətə, yəni 600 000 (altı yüz min) manat ucuz satışa təklif edilməsi və həmin vaxt yenə satılmasa “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.7-ci maddəsinə uyğun olaraq əmlakın LPO "xxxx" ASC-yə (Əmanətlərin Sığortalanması Fonduna) təkrar satış qiymətindən 25 % aşağı qiymətə təklif edilməsi İddiaçı MMC-yə ciddi olaraq maddi zərər vuran amillərdəndir və gələcəkdə əmlakın satışından əldə edilən vəsait borcun bağlanmasına kifayət etməməklə yanaşı, demək olar ki, borcun yarısı ödənilməmiş qalacaqdır. Nəzərə alınmalıdır ki, hazırda hərracda satılması nəzərdə tutulan əmlakın real bazar dəyəri 7 milyon manatdan çoxdur və ilkin hərracın yenidən qanuni formada keçirilməsi elə ilkin hərracda da əmlakın satılacağına şübhə yaratmır. Belə ki, İddiaçı MMC tərəfindən "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edilmiş və 3.656.750,61 manat borcun ödənilməsi üçün müəyyən vaxt verilməsi və icra işinin dayandırılması üçün Qaradağ rayon İcra şöbəsinə rəsmi müraciət edilməsi barədə xahiş edilmişdir. Müraciətin nəticəsi olaraq Əmanətlərin Sığortalanması Fondu xx.xx.2022-ci il tarixdə Qaradağ rayon İcra şöbəsinə rəsmi müraciət edərək xx.xx.2020-ci il tarixli, 2-2(103)-529/2020 nömrəli icra sənədi üzrə icraatın dayandırılmasına dair qərar qəbul edilməsi barədə xahiş edilmişdir. Fondun müraciətinin nəticəsi olaraq Qaradağ rayon İcra şöbəsində icra sənədinin icraatı dayandırılmışdır. İcraat dayandırıldıqdan sonra İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək ümumilikdə 80 000 (səksən min) manat məbləğində vəsait LPO "xxxx" ASC-nin hesabına köçürülmüşdür. Lakin xx.xx.2024-cü il tarixdə Qaradağ rayon İcra şöbəsinin icra məmuru Rəsul Mirzəpur şirkətin əməkdaşı ilə əlaqə saxlayaraq bildirmişdir ki, BakıApellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(103)-529/2020 nömrəli qətnaməsinin icrasını təmin etmək məqsədilə Qaradağ rayon İcra şöbəsinin xx.xx.2024cü il tarixli sifarişinə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi-Lökbatan yolu 22 A ünvanında yerləşən, ümumi sahəsi 4570,1 m2 olan 2 mərtəbəli qeyri-yaşayış binasının açıq hərracda satışının təşkil edilməsi məqsədilə Cavabdeh2 MMC-yə müraciət edilmişdir. Həmin sifarişin verilməsi Qaradağ rayon İcra şöbəsi tərəfindən İddiaçı MMC-yə rəsmi və ya şifahi olaraq bildirilməmişdir. Sonradan Qaradağ rayon İcra şöbəsindən xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin əməkdaşına verilən şifahi məlumata əsasən, Cavabdeh2 MMC tərəfindən xx.xx.2024-cü il tarixdə hərrac keçirilmiş, lakin qeyrimüəyyən səbəblərdən hərrac baş tutmamış, təkrar hərrac isə xx.xx.2024-cü il tarixdə, saat 11:00-da təyin edilmişdir. Qaradağ rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli, xx/xx-253784/1 nömrəli sifariş məktubu və Cavabdeh2 MMC tərəfindən keçiriləcək təkrar hərrracın keçirilməsinə dair bildiriş “whatsapp” tətbiqi vasitəsilə İddiaçı MMC-nin əməkdaşına göndərilmişdir. Qeyd etməyi zəruri hesab edirik ki, borclu kimi İddiaçı MMC-nin keçirilən birinci hərracdan hər hansıməlumatı olmamış və Cavabdeh2 MMC tərəfindən açıq hərracın keçirilməsinə dair bildiriş İddiaçı MMC-nin nə hüquqi və faktiki ünvanı olan ünvan 3 olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi- Lökbatan yolu 22 A ünvanında yerləşən, ümumi sahəsi 4570,1 m2 olan 2 mərtəbəli qeyri-yaşayış binasında yerləşən ünvanına göndərilməmişdir. Həmin bildirişin göndərilməməsi isə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə imperativ nəzərdə tutulmuş məlumatlandırma icraatının pozulması ilə nəticələnir. İddiaçı MMC-nin hüquqi və faktiki ünvanı olan ünvan 4 rayonu, Salyan şossesi-Lökbatan yolu 22 A ünvanında yerləşən, ümumi sahəsi 4570,1 m2 olan 2 mərtəbəli qeyri-yaşayış binasında inzibati ofisləri mövcuddur və əgər açıq hərracın keçirilməsinə dair bildiriş həmin ünvanlara göndərilsə idi məktub ofisin əməkdaşları tərəfindən qəbul edilərdi. Ümumiyyətlə təkrar hərracın keçirilməsinə dair bildiriş də İddiaçı MMC-yə göndərilməmişdir. Qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, “xx.xx.2024cü il tarixli ilkin hərracın keçirilməsi vaxtı barədə qəzetdə elan verilmişdir. Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə qətnamənin mövcudluğundan xəbərdar olan iddiaçı tərəf üçün əmlakın hərraca çıxarılması halı aşkar olduğundan və xx.xx.2024-cü il tarixli ilkin hərracın keçirilməsi barədə 525-ci qəzetin xx.xx.2024-cü il tarixli buraxılışında bu barədə məlumat dərc edildiyindən, iddiaçı tərəf ilkin hərracın keçirilməsi vaxtından məlumatlı olmuşdur. Ona görə də, Məhkəmə hesab edir ki, iddiaçının ilkin hərrac barədə xəbərdar edilməməsi barədə dəlili əsassızdır”. Qeyd edilənlərlə bağlı bildirilməlidir ki, İddiaçı MMC barəsində icra işinin icraatı icra məmuru tərəfindən dayandırıldığından, daha sonra isə icraatın təzələnməsi barədə lazımı qaydada məlumatlandırılmadığından, sonrakı addımların həyata keçirilməsindən İddiaçı MMC xəbərdar olmamışdır. Bundan əlavə qəzetdə verilən elan hərracın keçirilməsi barədə məlumatlandırma icraatının tam aparılması anlamına gəlməməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun tələblərinə əsasən, hərracın keçirilməsi barədə bildirişin poçtla göndərilməsi tələbi də öz əksini tapmışdır. Lakin poçtla məktub İddiaçı MMC-yə çatdırılmamışdır. Qəzetdə elanın yerləşdirilməsi iddiaçı tərəfin ilkin hərracın keçirilməsi vaxtından məlumatlı olması qənaətinə gəlməyə əsas vermir. Bütün bunlar qətnamənin düzgün əsaslandırılmadığını özündə ehtiva edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən "xxxx" ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

9. Cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1.-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

11. Həmin Məcəllənin 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.

12. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

13. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

14. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

17. Həmin Məcəllənin 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.

20. Qeyd edilənləri və Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq onlara münasibətdə aşağıdakıları qeyd edir.

22. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Bakı Kommersiya Məhkəməsinin 2020ci il 18 mart tarixli 2-2(113)-343/2020 nömrəli qətnaməsi ilə "xxxx" ASC-nin iddiası qismən təmin edilmiş, İddiaçı MMC-dən müvafiq olaraq pulun tutulması və tutumanın İddiaçı MMC-yə məxsus əmlaka yönəldilməsi qət edilmişdir. Qeyd edilmiş qətnamə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 20 oktyabr tarixli 2- 2(103)-529/2020 nömrəli qətnaməsi ilə, dəbbə pulu və cəmi borcun tutulması hissəsində dəyişdirilmiş, dəbbə pulu 50.000 manat, cəmi borc 3.656.750,61 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 21 sentyabr 2021-ci il tarixli, 2-2(102)-323/2021 nömrəli qərarı ilə qeyd edilmiş qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 20 oktyabr tarixli 2-2(103)-529/2020 nömrəli qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir.

23. İddiaçı Cavabdeh2 MMC tərəfindən keçirilmiş ilkin hərracdan xəbəri olmadığına istinad edərək, xx.xx.2024-cü il tarixli ilkin hərracın etibarsız hesab edilməsini, Qaradağ rayon İcra şöbəsi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi- Lökbatan yolu 22 A ünvanında yerləşən, ümumi sahəsi 4570,1 m2 olan 2 mərtəbəli qeyri-yaşayış binasının açıq hərracda satışının təşkil edilməsi məqsədilə hərracın keçirilməsinin həvalə edildiyi Cavabdeh2 MMC-dən hərrac sifarişinin geri çağırılması, hərracın keçirilməsinin başqa hərrac təşkilatına həvalə edilməsi yolu ilə yenidən hərracın təşkil olunması və İddiaçı MMC-nin bütün hərrac prosesləri barəsində lazımı qaydada məlumatlandırılmasının təmin edilməsi öhdəliyinin Qaradağ rayon İcra şöbəsinin üzərinə qoyulmasını xahiş etmişdir.

24. Məhkəmə hesab etmişdir ki, iddiaçının ilkin hərrac barədə xəbərdar edilməməsi barədə dəlili əsassızdır. Belə olan halda yəni iddianın ilk hissəsi olan ilkin hərracın etibarsız hesab edilməsi tələbi əsassız olduğundan, iddianın digər hissələri də, əsassızdır.

25. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələblərinə hüquqi qiymət verərkən səhvə yol vermiş, baxılmalı olmayan tələblərə baxmış, həmçinin hərracın etibarsızlığı tələbindən başqa tələbləri rədd edərkən qətnaməni əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir.

26. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

27. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?

28. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

30. Məhkəmə həmçinin baş tutmayan hərracın etibarsızlığını yoxlayarkən hərracın nəticəsini aydınlaşdırmamışdır. Apellyasiya icraatı zamanı məlum olmuşdur ki, iddiaçının müvəqqəti təminat tədbiri barədə ərizəsi əsasında məhkəmə tərəfindən hərrac dayandırılmışdır.

31. Bundan başqa məhkəmə cavabdeh kimi işə cəlb olunan Qaradağ İcra şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxmışdır. Belə ki, işdən görünür ki, sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş işə əlavə edilsə də, bildirişin icra şöbəsinə göndərilməsini təsdiq edən reyestr və ya xəbərnamə işə əlavə edilməmişdir.

32. Bununla bağlı Kollegiya onu da vurğulamağı zəruri hesab edir ki, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının birgə 2020-ci il 14 oktyabr tarixli qərardadında həmçinin göstərilmişdir ki, ...bütün instansiya məhkəmələrində mülki prosessual qanunvericiliyin mübahisə tərəflərinin məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına dair tələbinə prosessual təminat hüququnun ayrılmaz tərkib hissəsi kimi riayət edilməlidir. Həmçinin, məhkəmə sənədlərinin işdə iştirak edən şəxslərə çatdırılması və rəsmi qaydada verilməsinə dair MPM-in 135-138-ci maddələrinin tələbləri, eləcə də həmin sənədlərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron qaydada çatdırılması imkanlarından istifadənin yolverilənliyi də nəzərə alınmalıdır. ...Avropa Məhkəməsi öz presedent hüququnda dəfələrlə qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqları deyil, praktiki və səmərəli hüquqları təmin etməyə yönəlib. İş üzrə tərəf məhkəmə iclasında iştirak etmək imkanına malik olduğu tərzdə məlumatlandırılmadığı halda ədalətli və açıq məhkəmə araşdırılması hüququ mahiyyətindən məhrum edilmiş olur (Qroşev Rusiyaya qarşı iş üzrə 2005-ci il 20 oktyabr tarixli Qərar).

33. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

34. Beləliklə məhkəmə cavabdehə məlumat vermədən işə baxmaqla prosessual pozuntuya yol verməklə bərabər, çəkişmə və bərabərlik prinsiplərinə riayət etmədən qanunsuz qətnamə qəbul etmişdir. Ona görə qətnamə ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir.

35. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hərracın etibarsızlığı barədə tələbdən başqa digər tələblər üzrə kollegiya tərəfindən xitam verildiyi üçün yalnız hərracın etibarsızlığı barədə tələb üzrə hüquqi dəyərləndirmə aparılmalıdır.

36. İddiaçı Cavabdeh2 MMC tərəfindən keçirilmiş ilkin hərracdan xəbəri olmadığına istinad edərək, xx.xx.2024-cü il tarixli ilkin hərracın etibarsız hesab edilməsini xahiş etmişdir.

37. İşin halları ondan ibarətdir ki, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 mart tarixli 2- 2(113)-343/2020 nömrəli qətnaməsi ilə (hakim – E.Əliyev) "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası qismən təmin edilmiş və İddiaçı MMC-dən 1 nömrəli müqaviləyə əsasən 3.000.000 manat əsas, 606.750,61 manat faiz borcu (2014-cü 21 noyabr il tarixindən 2020-ci il 12 mart tarixinədək) və 249,39 manat cərimə, cəmi 3.607.000 manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 26,25 manat məbləğində pulun tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi, tutmanın ilkin satış qiyməti 4.000.000 manat olan İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi-Lökbatan yolu 22 A ünvanında yerləşən, ümumi sahəsi 4570,1 m2 olan 2 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması, əmlakın satışından əldə edilmiş vəsaitin hesabınaİddiaçı MMC-nin borcunun ödənilməsi, satışdan artıq qalan məbləğin İddiaçı MMC-yə qaytarılması, ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pulun 126,88 manatı İddiaçı MMC-dən, 18,12 manatı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq müvafiq hesaba köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan LPO"xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu,İddiaçı MMCvə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən apellyasiya şikayətləri verilmiş və həmin şikayətlərə baxılaraq Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 20 oktyabr tarixli 2-2(103)-529/2020 nömrəli qətnaməsi qəbul edilmişdir. Həmin qətnamə ilə Atrabank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, digər apellyasiya şikayətləri isə təmin edilməyərək, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 mart tarixli 2-2(113)- 343/2020 nömrəli qətnaməsi dəbbə pulu və cəmi borcun tutulması hissəsində dəyişdirilərək, dəbbə pulu 50.000 manat, cəmi borc 3.656.750,61 manat məbləğində müəyyən edilməklə qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 20 oktyabr tarixli, 2- 2(103)-529/2020 nömrəli qətnaməsindən İddiaçı MMC və Azərbaycan Respublikası Mərkəzi Bankı kassasiya şikayəti verərək, tərəflər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 21 sentyabr 2021-ci il tarixli, 2-2(102)-323/2021 nömrəli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 20 oktyabr tarixli 2- 2(103)-529/2020 nömrəli qətnaməsi kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bununla da Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 20 oktyabr tarixli, 2-2(103)-529/2020 nömrəli qətnaməsi qanuni qüvvəsini almış və müvafiq olaraq icraya yönəlmişdir. Qaradağ rayon İcra şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş və müvafiq olaraq icra tədbirləri həyata keçirilməyə başlanmışdır.

38. Apellyasiya şikayətində qeyd edilmişdir ki, ipoteka qoyan kimi İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi birinci hərracda iştirak etmək istəmiş, lakin hərracın keçirilməsinə dair məlumat verilməməsi səbəbindən hüquqları pozulmuşdur. İşin hərraca göndərilməsi və daha sonra açıq hərracın keçirilməsinə dair məlumat nə Cavabdeh2 MMC, nə də Qaradağ rayon İcra şöbəsi tərəfindən İddiaçı MMC-yə verilməmişdir.

39. Apellyasiya şikayətinin digər dəlilləri hərracın etibarsızlığı tələbindən başqa tələblərə aid olduğu və həmin tələblərə qərardadla xitam verildiyi üçün həmin dəlillərə münasibət bildirilməsi zərurəti aradan qalxmışdır.

40. İş materiallarında olan Cavabdeh2 MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 41 saylı açıq hərracın keçirilməsinə dair bildirişdən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi-Lökbatan yolu 22 A ünvanında yerləşən, ümumi sahəsi 4570,1 m2 olan 2 mərtəbəli qeyri-yaşayış binasının dəyəri 4.000.000 manat olmaqla 18 mart 2024-cü il tarixdə açıq hərrac keçiriləcəkdir.

41. İş materiallarına əlavə edilmiş poçt zərfinin üzərində olan qeyddən görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı MMC-yə göndərilmiş ilkin hərracın keçirilməsi barədə məktub “ünvan düzgün deyil” qeydi ilə ilə geri qayıtmışdır.

42. İş materiallarına əlavə edilmiş 525-ci qəzetin xx.xx.2024-cü il tarixli buraxılışından görünür ki, qeyd edilmiş əmlak barədə xx.xx.2024-cü il tarixdə açıq hərrac keçirilməsi barədə məlumat qəzetdə öz əksini tapmışdır.

43. Göründüyü kimi, xx.xx.2024-cü il tarixli ilkin hərracın keçirilməsi vaxtı barədə qəzetdə elan verilmişdir. Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə qətnamənin mövcudluğundan xəbərdar olan iddiaçı tərəf üçün əmlakın hərraca çıxarılması halı aşikar olduğundan və xx.xx.2024-cü il tarixli ilkin hərracın keçirilməsi barədə 525-ci qəzetin xx.xx.2024-cü il tarixli buraxılışında bu barədə məlumat dərc edildiyindən, iddiaçı tərəf ilkin hərracın keçirilməsi vaxtından məlumatlı olmuşdur. Qeyd edilənlərə əsasən iddiada və apellyasiya şikayətinin müvafiq dəlilləri əsassızdır.

44. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hərracın etibarsızlığı əsaslarına dair sübut təqdim etmədiyinə görə iddia tələbi təmin edilə bilməz.

45. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

46. Məhkəmə həmin məcəllənin 217.3-ci maddəsinə əsasən qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, qətnamə əsaslı və qanuni olmamışdır.

47. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır.

48. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-2889/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi-Lökbatan yolu 22 A ünvanında yerləşən, ümumi sahəsi 4570,1 m2 olan 2 mərtəbəli qeyri-yaşayış binasının açıq hərracda satılması ilə bağlı Cavabdeh2 MMC tərəfindən keçirilən ilkin hərracın etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar