Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-158/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı MMC–nin Cavabdeh MTK-ya qarşı “pul tələbinə”dair kommersiya mübahisəsi üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-737/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı MMC Cavabdeh MTK-ya qarşı elektron kabinet vasitəsilə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh MTK-dan 517.920 manat məbləğində borcun, 51.792 manat məbləğində dəbbə pulunun(cərimənin) və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 569.742 manat məbləğində pulun Cavabdeh MTK-ya məxsus ünvan 1 ünvanında inşası nəzərdə tutulan “X1” layihəsində 161 kv.m ibarət yaşayış sahəsinə və ünvan 2 57 və 59 ünvanında inşası nəzərdə tutulan “Panorama Bayıl” layihəsində 94 kv.m ibarət yaşayış sahəsinə yönəldilməklə həmin əmlakların açıq hərracdan satılması yolu ilə ödənilməsi, qeyd edilən əmlaklar borcun ödənilməsinə kifayət etmədikdə qalıq məbləğin Cavabdeh MTK-dan pul şəklində tutularaq “X2” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə xx xxxxx 2018-ci il tarixdə “X2” MMC (“Satıcı”) ilə Cavabdeh MTK (“Alıcı”) arasında CPS SB 03/0418 nömrəli “Beton alqı-satqı” müqaviləsi, eyni zamanda həmin müqavilənin təminatı olaraq girov müqaviləsi də bağlanaraq, ünvan 1 ünvanında inşası nəzərdə tutulan “X1” layihəsində 161 kv.m ibarət yaşayış sahəsinə və ünvan 2 57 və 59 ünvanında inşası nəzərdə tutulan “Panorama Bayıl” layihəsində 94 kv.m ibarət yaşayış sahəsi girov qoyulmuşdur. Cavadeh müq beton alqı-satqısı müqaviləsinin şərtlərini pozmuşiddiaçıya olan 517.920,00 manat borcunu ödəməmişdir. Ona ünvanlanmış pretenziya təmin edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-737/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MTK-dan iddiaçının xeyrinə 102.920 manat pul məbləği 5.146 manat dəbbə pulu, ümumilikdə 108.066 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin iedilməməsi qət olunmuşdur. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnaməsini qismən – iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsini əsaslandırarkən, maddi hüquq normaları kimi Mülki Məcəllənin 600.1, 427269.4., 270.1., 280.3. və 280.4. maddələrinə istinad etmişdir. Aşağıda qeyd edilən əsas və səbəblərə görə iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməli və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbuledilməlidir. Məhkəmə qətnaməni əsaslandırarkən, iddiaçıya münasibətdə qərəzli olmuş, bu səbəbdən də tətbiq etdiyi maddi hüquq normalarının hüquqi nəticələrinə ümumilikdə qanunun tələb etdiyi formada deyil, cavabdehin mənafelərinə münasibətdə hüquqi qiymət vermişdir. Bu da qanunsuz olmaqla maddi hüquq normalarının düzgün tətbiq edilməməsinə səbəb olur. Belə ki, məhkəmənin tərəflər arasında olan xx.xx.2018-ci il tarixli “beton alqı-satqı müqaviləsi”nə 1 saylı əlavəsinin 2.1. və 2.2. maddələrinə istinadən cavabdehin öhdəliklərinin pozulmaması barədə qənaətinə qanunun tələbləri baxımdan düzgün gəlməmişdir. Qeyd edilən 1 saylı əlavənin 2.1. və 2.2. maddələrində nəzərdə tutulan depozit məbləği elə həmin maddələrdə nəzərdə tutulan və girov kimi təqdim edilən “X1” layihəsində 161 kv m. ibarət yaşayış sahəsinin və ünvan 4 57 və 59 ünvanında inşası nəzərdə tutulan “Panorama Bayıl” layihəsində 94 kv m. ibarət yaşayış sahəsinin girov qoyulması məqsədilə verilmiş və şərtləşdirilmişdir. Məhkəmənin qənaətinə əsasən tərəflər arasında bağlanılmış “beton alqısatqı müqaviləsi”nə 1 saylı əlavəsinin 2.1. və 2.2. maddələrində nəzərdə tutulan girovları etibarsız - əhəmiyyətsiz əqd hesab etməklə, həmin əlavənin qeyd edilən maddələrini etibarsız saymışdır. Müqaviləyə əlavənin həmin maddələrinin etibarsızlığı eyni zamanda depozit məbləği ilə bağlı müddəalara da şamil edilməli idi. Çünki, qeyd etdiyimiz kimi girov olmadan həmin depozit məbləğinin müəyyənləşdirilməsi barədə razılaşma da olmazdı. Lakin məhkəmə qeyd edilən əlavənin maddələrini yalnız girov əmlaka münasibətdə əhəmiyyətsiz əqd kimi qiymət verməsi və həmin maddələrdə olan depozit məbləğlərinə şamil etməməsi qanunsuz olmuşdur. Məhkəmə tərəflər arasında olan müqavilə və onun əlavəsində qeyd edilmiş iradə ifadəsinin həqiqi məzmununu təkcə hərfi mənaya görə müəyyənləşdirmişdir. Bu da Mülki Məcəllənin 324.5-ci maddəsinin tələblərinə ziddir. Məhkəmə nəzərə almalı idi ki, əgər tərəflər arasında olan xx.xx.2018-ci il tarixli müqavilə 1 il müddətinə bağlanılmışdırsa, o zaman müqavilə müddətinin bitməsindən sonra külli miqdarda pul vəsaitinin ödənilməsini nəzərdə tutan mallar depozit məbləği kimi girovsuz verilməsi satıcının maraqlarına zidd olmuşdur və bu şərt (girov predmeti) olmadan hazırki əlavənin satıcı tərəfindən təsdiq edilməsi mümkünsüz olmuşdur. Bundan əlavə məhkəmə qətnaməsini Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə əlaqədar 337.5-ci maddəsinin tələblərinə zidd şəkildə qəbul etmişdir. Çünki, tərəflər arasında bağlanılmış əqdin (onun tərkib hissəsi olan əlavənin) etibarsız sayılmasının hüquqi nəticələri tərəflərdən hər birinə əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməli olduğuna münasibət bildirməmişdir. Halbuki, əqdi (konkret halda 1 saylı əlavənin 2.1. və 2.2. maddələri) etibarsız hesab edən məhkəmə həmin əqd üzrə cavabdeh tərəfindən alınmış malların əvəzinin ödənilməsini nəzərə alaraq, iddia tələbini tam təmin etməli idi. Eyni zamanda məhkəmə Mülki Məcəllənin girov və ipoteka hüququ ilə bağlı münasibətləri tənzimləyən normalarını tətbiq edərkən nəzərə almalı idi ki, bu hüquqlar öhdəliklərin icrasının təmini üsuludur və bu üsulun (girovun) etibarsızlığı (əqdin əhəmiyyətsiz hesab edilməsi əlavə maddə 2.2.) elə həmin maddədə nəzərdə tutulan öhdəliyin də etibarsızlığına səbəb olur və etibarsız əqd üzrə də tərəflər aldıqlarını və ya əvəzini (pulu) geri qaytarmalı olmuşdurlar. İşin məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən girov kimi təqdim edilmiş əmlakların dövlət reystrində qeydə alınmadığı da məlum olmuşdur. Hətta bu xüsusat məhkəmənin iş üzrə girov əmlaklar barədə təyin etdiyi ekspertiza zamanı da təsdiqini tapmışdır. belə ki, həmin əmlaklara dair sənədlər cavabdeh tərəfindən təqdim edilməməsi səbəbindən ekspertin həmin əmlakarın mövcudluğu və dəyəri barədə rəy verməsi mümkünsüz olmuşdur. Baxmayaraq ki məhkəmə qətnaməsində bu xüsusatlara ümumiyyətlə hüquqi qiymət verməmişdir, bu işin mübahisəsiz hallarıdır. Məhkəmənin girovla bağlı yekun qənaətinə əsasən girov əmlakı əhəmiyyətsiz əqd hesab etməsi ilə girov hüquqlarına xitam verməsi qənaətinə gəlmiş və bu səbəbdən də iddia tələbini qismən təmin etmişdir. Bu zaman məhkəmə iddiaçının əvəz almaq tələblərinin olmasını nəzərə almamış və iddianı qismən rədd etmişdir. Bu münasibətlər qanunda Mülki Məcəlləsinin 269.10-cu maddəsinin tələbləri ilə tənzimlənmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 135.5, 135.8, 376.2-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün saymışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 Ələfsər oğlu iddiaçının apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.həmin borcunun İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlillərindən isə göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddianın təmin olunmayan hissəsində, yəni, pul tələbinin depozit məbləği hissəsində, habelə, tələbin beton alqı-satqısı müqaviləsinin təminatı kimi cavabdeh tərəfindən satıcı qarşısında girov qoyulmuş daşınmaz əmlaklara (yaşayış sahələrinə) yönəldilməsi hissələrinin rədd olunması hissələrində mübahisələndirilmişdir. MPM-in 372.6-cı maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işə şikayət həddində araşdırılıb qiymət verilməlidir. “İş materiallarından görünür ki, tərəflər arasında xx xxxxx 2018-ci il tarixdə CPS SB 03/0418 nömrəli “beton alqı-satqı” müqaviləsi bağlanmış və həmin müqaviləyə 01 saylı Əlavə (spesifikasiya və xüsusi şərtlər) imzalanmışdır. Alqı-satqı müqaviləsinin 1 saylı Əlavəsinin 1-ci bəndininin şərtindən görünür ki,“M350=B25=C25/30” markalı beton məhsulu 1m3-83 manat, “X1” layihəsi üçün sifarişin həcmi 17.500 m3, depozit məbləği isə 2500 m3 -207.500 manat, “Panorama Bayıl” layihəsinə üçün sifarişin həcmi 17.500 m3, depozit məbləği isə 2500 m3 -207.500 manat müəyyən edilmişdir. Həmin Əlavənin 2.1-ci bəndinə əsasən isə: - depozit məbləği alıcı tərəfindən ünvan 5 ünvanında inşası bitənədək köçürmə nəzərdə tutulan - “X1” layihəsinin və ünvan 2 57 və 59 ünvanında nəzərdə tutulan - “Panorama Bayıl” layihəsinin inşası bitənədək köçürmə və ya; - ünvan 6 ünvanında inşası nəzərdə tutulan “X1” layihəsində 161 kv.m ibarət yaşayış sahəsi və ünvan 2 57 və 59 ünvanında inşası nəzərdə tutulan “Panorama Bayıl” layihəsində 94 kv.m ibarət yaşayış sahəsi depozit məbləğinə uyğun girov şəklində müştəriyə təqdim olunur. Göründüyü kimi, depozit məbləğini təşkil edən beton məhsulun həcmi ümumilikdə - 5000 m3 (2500+2500) müəyən edilmişdir ki, həmin həcmdə betonun hər 1 m3 qiyməti 83 manatdan olmaqla ümumi dəyəri 415.000,00 manat təşkil edir. 1 saylı Əlavənin qeyd olunan bəndindən göründüyü kimi, satılmış betonun dəyərinin depozit məbləği həcmində ödənişi üçün icra müddəti - “X1” və Panorama Bayıl” layihələrinin inşası bitənədək müəyyən edilmişdir. Belə olan halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məjəllənin 428.2-ci maddəsinə əsasən öhdəliyin tərəflərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin vaxtından əvvəl icrasınaın mümkünlüyü bu Məcəllədə və ya öhdəlik şərtlərində nəzərdə tutulduqdavə ya işgüzar dövriyyə adətlərindən və ya öhdəliyin mahiyətindən irəli gəldikdə yol verilir. Məcəllənin qeyd olunan normalarından göründüyü kimi, əgər tərəflər arasında müqavilə şərtlərinə əsasən öhdəliyin icrası müddəti müəyyən edilmişdirsə, kreditor həmin müddət çatanadək öhdəlyin icrasını borcludan tələb edə bilməz. Konkret halda da məhz iş materiallarından görünür ki, qeyd olunan tikinti layihələrinin inşası başa çatmamış, istismara verilməmişdir və bu işin tərəflər arasında mübahisələndirilməyən halıdır. Belə olan halda, cavabdehdən 415.000,00 manat depozit məbləği həddində ödənişin cavabdehdən iddiaçının xeyrinə tutulmasını zəruri edən faktiki şərtlərin mövcudluğundan s.zbət gedə bilməz və həmin hissədə iddianın təmin olunması istisna olunur. Birinci instansiya məhkəməsinin qətnaməsindən də məhz görünür ki, məhkəmə müqaviləyə 01 saylı Əlavədə göstərilmiş depozit məbləğini çıxdıqdan sonra, cavabdeh tərəfindən depozit məbləğindən əlavə alınan beton məhsulunun 102.920,00 manat məbləğində olan dəyərini ondan iddiaçının xeyrinə tutulmuşdur. Göründüyü kimi, birici instansiya məhkəməsi tərəfindən həmin 415.000 manat depozit məbləği hissəsində iddianın rədd olunması sübutlara və maddi hüquq normalarına uyğundur. Məhkəmə kollegiyası, eyni zamanda, birinci instansiya məhkəməsinin qətnamə ilə iddianın tutmanın “X1” layihəsi üzrə 161 kv.m, “Panorama Bayıl” layihəsi üzrə 94 kv.m ibarət yaşayış sahəsinə yönəldilməsi tələbi hissəsində iddianın rədd olunmasını işin hallarına və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Belə ki, tərəflər arasında beton alqı-satqısı müqavilənin 1 №-li Əlavəsinin qeyd olunan 2.1-ci, bəndindən göründüyü kiimi, tərəflər həm də razılığa gəlmişlər ki, ünvan 6ünvanında inşası nəzərdə tutulan “X1” layihəsində 161 kv.m ibarət yaşayış sahəsi və ünvan 2 57 və 59 ünvanında inşası nəzərdə tutulan “Panorama Bayıl” layihəsində 94 kv.m ibarət yaşayış sahəsi depozit məbləğinə uyğun girov şəklində müştəriyə təqdim olunur. Göründüyü kimi, faktiki olaraq iki yaşayış sahəsi, yəni, daşımnmaz əmlak beton məhsullarının satışı müqabilində cavabdeh (alıcı) tərəfindən satıcı qarşısında ipoteka ilə yüklü edilmişdir. Halbuki, Mülki Məcəllənin 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Həmin Mcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Müqaviləyə Əlavənin 2.1-ci bəndinin qeyd olunan hissəsindən göründüyü kimi, tərəflər iki yaşayış sahəsinin satıcı qarşısında yüklülüyü barədə razılığa gəlsələr də həmin razılaşma notarial qaydada təsdiq olunmamış, həmçinin, dövlət reyestrində də qeydə alınmamışdır, yəni, həmin hissədə əqdin bağlanmasının qanunla müəyyən edilən formasına riayət olunmamışdır. Belə olan halda, mülki qanunvericiliyin qeyd ollunan tələbləri baxımından beton alqı satqısı müqaviləsininin ayrılmaz tərkib şhissəsi olan 1 saylı Əlavənin 2.1-ci bəndinin qeyd olunan hissəsi özlüyündə etibarsızdır və tərəflər üçün öhdəlik yaratması istisna olunur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin - birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın rədd olunan hissəsində sənədlərə düzgün hüquqi qiymət verilmədiyini, həmin hissədə qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya təmin edilmədən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-737/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392 və 402 - 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı MMC–nin apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-737/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-158/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-158/2021
25.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver