Məhkəmə qərarları › İş №2-2(103)-159/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-159/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-159/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə; İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı “X3” ASC-nin cavabdeh “X6 İnvestisiya Koorporasiyası” ASC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)- 859/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-859/2020 saylı qiyabi qətnaməsi ilə iddiaçı “X3” ASC-nin cavabdeh “X6 İnvestisiya Koorporasiyası” ASC-yə qarşı pul tələbinə tələbinə dair iddiası təmin edilərək, «X6 İnvestisiya Koorporasiyası» Açıq Səhmdar Cəmiyyətindən 104627,06 manat pul və 30 manat dövlət rüsumu tutularaq «X3» Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Cavabdeh “X6 İnvestisiya Koorporasiyası” ASC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçı müqaviləni “X4 Company” MMC ilə bağlamışdır. “X6 İnvestisiya Koorporasiyası” ASC ilə “X4 Company” MMC ayrıca hüquqi şəxslərdir. Hər birinin ayrı VÖEN-i var. Ona görə hesab edirik ki, iddia tələbi təmin olunmamalıdır. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdirş Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, apellyasiya baxışı zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinin mətnində cavabdeh qismində “X6 İnvestisiya Koorporasiyası” ASC-ni qeyd etməsinə baxmayaraq iddia ərizəsini “Elektron məhkəmə” informasiya sistemində məhkəməyə göndərərkən cavabdeh qismində “X4 Company” MMC-ni qeyd etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 151-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə baxarkən MPM-in 54-cü maddəsinə əsasən əsl cavabdehin kim olmasını müəyyən etməmiş, əsassız olaraq cavabdeh qismində «X6 İnvestisiya Koorporasiyası» Açıq Səhmdar Cəmiyyətini qeyd etmişdir. Bununla da məhkəmə əsl cavabdehin məhkəmədə iştirakını təmin etməmiş, bununla da prosesin çəkişmə prinsipini təmin etməmişdir. MPM-in 4.3-cü bəndinə əsasən əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmçinin, yaranmış vəziyyətdə mübahisənin məhkəməyə qədər nizamlama (pretenziya) qaydasına riayət olunmamışdır. Yuxarıda qeyd olunanlara əsasən qətnamə ləğv olunaraq iddia tələbi baxılmamış saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 391-ci maddəsində isə təsbit olunmuşdur ki, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Eyni zamanda cavabdehə izah olunur ki, məhkəmənin qeyd etdiyi qanunla müəyyən edilmiş qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, hazırkı qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Əvvəlki prosedurlara sərf edilmiş müddət iddia müddətinə daxil olmamalıdır. Çünki iddiaçı məhkəmə müraciət edərkən iddia müddətinin buraxmamışdır. Məhkəmənin yol verdiyi yalnışlığa görə iddiaçı tərəfindən həmin prosedurlara sərf edilmiş ağlabatan müddət iddiaçının ziyanına istifadə oluna bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 259, 391 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh “X6 İnvestisiya Koorporasiyası” ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-859/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı “X3” ASC-nin cavabdeh “X6 İnvestisiya Koorporasiyası” ASC-yə qarşı borcun tutulması tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar