Məhkəmə qərarları › İş №2-2(103)-159/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-159/2022

18.01.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-159/2022 18.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4120/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 05.11.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 30.04.2021-ci il tarixə olan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 116000 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 116000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 05.11.2021-ci il tarixli e-2-2(113)-4120/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən vergi borcu tələb olunmamış, bununla bağlı bildiriş gəlməmiş, həmçinin əmlakın siyahıya alınması qaydası pozularaq mütəxəssisin iştirakı olmadan həyata keçirilərək, əmlakın qiymətləndirilməsi düzgün aparılmamışdır. Məhkəmə siyahıya alınmış əmlakların qiymətləndirilməsi ilə bağlı ekspertiza təyin etmədən iddianı təmin etmişdir. Halbuki, əmlaklar iddiaçı tərəfindən siyahıya alınarkən qiymətlərini ən aşağı qiymətlərlə götürmüş və həmin qiymətlərin hansı mənbələrdən götürdüklərini iddia tələbində qeyd etməmişdirlər. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, vergi ödəyicisi olan cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmiş, lakin borc məbləği ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 30.04.2021-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 30.04.2021-ci il tarixə yaranan 1150464,75 manat borcuna görə 116000 manat dəyərində əmlakı siyahıya alınmış və bu barədə 03.05.2021-ci il tarixli **********2 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 30.04.2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 116000 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddia ərizəsində göstərilən vergi borcunun mövcudluğunu, həmin borcun yaxın günlərdə ödəniləcəyini bildirmiş, ərizənin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətində isə cavabdeh digər əsaslara istinad etmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. Həmin Məcəllənin 90.1-ci maddəsində isə təsbit olunmuşdur ki, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Hazırki işdə də qeyd olunan maddələrin bütün dispozisiya şərtləri mövcuddur. Belə ki, iş materiallarından da göründüyü kimi vergi ödəyicisi olan Cavabdeh MMC Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə ümumilikdə borcu yaranmış və həmin borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdeh yaranmış borc məbləğinin büdcəyə ödənilməsini təmin etməmiş və ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 30.04.2021-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında Cavabdeh MMC-yə məxsus 116000 manat dəyərində əmlak siyahıya alınmış və bu barədə 03.05.2021-ci il tarixli **********2 saylı protokol tərtib edilmişdir. Qeyd olunanları və istinad olunan maddi hüquq normalarının tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı cavabdehin dövlət büdcəsinə ödənilməmiş vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 116000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılmasını tələb etməkdə haqlıdır. Ona görə də, iddia təmin edilməlidir. Apellyasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Belə ki, əvvəla cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddia ərizəsində göstərilən vergi borcunun mövcudluğunu etiraf etmiş, həmin borcun yaxın günlərdə ödəniləcəyini bildirmiş və siyahıya alınmış əmlakların qiymətləndirilməsi ilə bağlı hər hansı etirazını bildirməmişdir. Apellyasiya şikayətində isə cavabdeh həmin hallara etiraz etmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bundan əlavə Vergi Məcəlləsinin 89.8-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi ödəyicisinin, habelə müşahidəçilərin və zəruri hallarda mütəxəssislərin iştirakı ilə vergi orqanı tərəfindən həyata keçirilir. Göründüyü kimi əmlakın siyahıya alınmasında mütəxəssislərin iştirakı yalnız zəruri hallarda nəzərdə tutulmuş və hazırki işdə də mütəxəssislərin iştirakını zəruri edən hər hansı hal mövcud deyildir. Həmçinin cavabdeh əmlakın siyahıya alınması qaydasının pozulduğunu bildirsə də, əmlakının siyahıya alınması barədə 30.04.2021-ci il tarixli qərarı, o cümlədən əmlakının siyahıya alınması barədə tərtib olunmuş aktları və 03.05.2021-ci il tarixli **********2 saylı protokolu inzibati qaydada mübahisələndirməmişdir. Ona görə də cavabdehin həmin hallara istinad etməsi tamamilə əsassızdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4120/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 05.11.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar