Məhkəmə qərarları › İş №2-2(103)-16/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-16/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-16/2025 06.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Şirinovun sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənov və X3 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kredit borcunun tutulması və ipoteka predmetin yönəldilmə tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-1799/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 056R********** saylı krеdit razılaşması üzrə 195.673,63 manat krеdit bоrcu, 22.840,03 manat faiz bоrcu və 15.037,10 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 233.550,76 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 123,55 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 400 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 30 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri Yasamal rayonu 2-ci Yasamal küçəsində 79V saylı fərdi yaşayış evinə (0.018212 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə cəmi 233.550,76 manat məbləğində borcun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 123,55 manat, mediasiya xərcinin əvəzi olaraq 400 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş rüsumun əvəzi olaraq 15 manat və xidmət haqqının əvəzi olaraq 30 manat bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, Bakı şəhəri Yasamal rayonu 2-ci Yasamal küçəsi 79V saylı fərdi yaşayış evinə (0.018212 ha torpaq sahəsi ilə birlikdə) tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh3 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-1799/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 056R********** saylı krеdit razılaşması üzrə 195.673,63 manat məbləğində krеdit bоrcu, 21.162,69 manat məbləğində faiz bоrcu, 9000 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 225.836,32 manat məbləğində pul vəsaiti, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu, mediasiya xərclərinin əvəzi olaraq 400 manat, işə baxılması ilə bağlı məsrəflərin əvəzi olaraq 45 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı QSC-yə ödənilməsi, tələb üzrə tutma cavabdeh X2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsində yerləşən 0,018212 ha torpaq sahəsində yerləşən 437,7 m2 ümumi sahədən ibarət 79 V nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlak açıq hərracda satılması, əmlakın ilkin satış qiyməti 446.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı QSC-nin tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh3 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutulması, Bakı şəhəri, Yasamal rayonu, 2ci Yasamal küçəsində yerləşən 0,018212 ha torpaq sahəsində yerləşən 437,7 m2 ümumi sahədən ibarət 79 V nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 evdən çıxarılması, evin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

3. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-1799/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, "xxxx" MMC-nin 01 avqust 2023-cü il tarixli, LP-112/2023 saylı mütəxəssis rəylərinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsində yerləşən 79 V nömrəli fərdi yaşayış evinin hazırkı bazar dəyəri 525.000 manat, likvid qiyməti 446.000 manat dəyərində müəyyən edilmişdir. 01 avqust 2023-cü il tarixli, LP-112/2023 saylı mütəxəssis rəyi qanunsuz və əsasızdır. Sözügedən fərdi yaşayış sahəsinə dair doğru şəkildə qiymətlənirmə aparılmamış, belə ki, qiymətləndirmə ilə bağlı mütəxəssislər yaşayış sahəsinə gəlib baxış keçirməmiş, ümumiyyətlə cavabdehdən fərdi yaşayış sahəsində ekspertizanın keçirilməsi üçün şərait yaradılmasını tələb etməmişdir. Bu hal isə qanunvericiliyin tələblərinin pozulması üçün əsasdır. Lakin iddiaçı öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icarə edərkən yüksək məbləğdə faiz borcu eləcə dəbbə pulu hesablayaraq yalnız öz şəxsi maraqlarını üstün tutmağa çalışmışdır. Bu kimi hallar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış yalnız iddiaçının iddia tələblərinə əsaslanaraq əsassız olaraq qətnamə qəbul edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Nümayəndə təqdim etdiyi mütəxəssis rəyinin əsas götürülərək ilkin satış qiymətinin müəyyən edilməsini xahiş etmişdir.

7. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

9. Həmin Məcəllənin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

10. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

11. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

12. Həmin Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

13. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.

14. Həmin Qanunun 34.1-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

15. Həmin Qanunun 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur.

16. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

17. Həmin Qanunun 38.2-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır.

18. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: .. 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

19. Həmin Qanunun 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.

20. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır.

21. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddianın təmin edilən hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

25. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı «AccеssBank” QSC ilə Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixli 10L000005553 saylı kredit xətti müqaviləsi və həmin müqavilə üzrə xx.xx.2019-cu il tarixli kredit razılaşmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı "xxxx" QSC Cavabdeh1 müqavilədə və razılaşmada müəyyən edilmiş şərtlərlə cəmi 300.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə və razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır.

26. İddianın kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsinə gəldikdə məhkəmə qeyd etmişdir ki, kredit razılaşması üzrə əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə Cavabdeh1 "xxxx" QSC-yə xx.xx.2019-cu il tarixli, 056R********** saylı kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə (iddia ərizəsində tələb olunan tarixə) əsas kredit borcunun 195.676,63 manat, faiz borcunun 21.162,69 manat təşkil etməsi müəyyən edilmişdir.

27. Digər tərəfdən məhkəmə onu da qeyd etmişdir ki, mübahisəli kredit müqaviləsinə iddiaçı tərəfindən cavabdehlərə kredit borcunun vaxtından əvvəl ödənilməsi barədə xəbərdarlıq məktubları göndərilməklə xx.xx.2023-cü il tarixdə birtərəfli qaydada xitam verilmişdir. Odur ki, iddiaçı "xxxx" QSC xx.xx.2023-cü il tarixə, yəni xitam tarixindən əvvəlki tarixə olan əsas və faiz borcunun ödənilməsi tələbini irəli sürməkdə haqlıdır.

28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2023-cü il tarixli, 9/3484 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış kredit müqavilələri, həmçinin həmin müqavilələrin əsasında imzalanmış sazişlərin qeyd olunan şərtlərini nəzərə alınaraq Cavabdeh1 iddiaçı "xxxx" QSC-yə olan borcu xx.xx.2023-cü il tarixə (maliyyə arayışında borcun hesablandığı tarixə) əsas kredit borcu 195.676,63 manat, faiz borcu 21.162,69 manat olmaqla, cəmi borc 216.839,32 manat məbləğində müəyyən olunur.

29. Məhkəmə qeyd etmişdir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. Ekspert rəyində əsas borc məbləği 195.676,63 manat məbləğində müəyyən edilsə də, iddiaçı iddia ərizəsində 95.673,63 manat məbləğində əsas borcun tutulması tələbini irəli sürmüşdür. Odur ki, məhkəmə iddia tələbi həddində işə baxaraq hesab etmişdir ki, xx.xx.2019-cu il tarixli, 056R********** saylı kredit razılaşması üzrə tutulacaq əsas borc 95.673,63 mana məbləğində, xx.xx.2023-cü il tarixə (iddia ərizəsində tələb olunan tarixə) olan faiz borcu isə ekspert rəyinə əsasən 21.162,69 manat məbləğində müəyyən edilməlidir. Belə olan halda məhkəmə Cavabdeh1 kredit xətti müqaviləsi və kredit razılaşması üzrə iddiaçı "xxxx" QSC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab etmişdir ki, iddiaçı "xxxx" QSC Cavabdeh1 "xxxx" QSC-yə xx.xx.2019-cu il tarixli, 056R********** saylı kredit razılaşması üzrə 195.673,63 manat məbləğində əsas, 21.162,69 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.

30. Kredit müqaviləsi üzrə əsas borcu ödəniş qrafikinə uyğun qaytarmadığına görə Cavabdeh1 hesablanmış dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu "xxxx" QSC-yə xx.xx.2019-cu il tarixli, 056R********** saylı kredit razılaşması üzrə 9.000 manat məbləğində müəyyən edilməlidir.

31. Qeyd edilən işin faktiki halları, müqavilələr, maliyyə arayışı, ekspert rəyi və digər sübutlarla təsdiqlənmişdir.

32. Cavabdeh1 faiz və dəbbə pulunun yüksək olduğunu, birtərəfli işə baxdığını şikayətdə bildirsə də, əsas borcun nəyə görə rədd edlməsini əsaslandırmamışdır. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlarla kifayətlənməmiş, məhkəmə əmtəəşünaslıq və mühasibatlıq ekspertizaları keçirərək, əsas borc, faiz borcunun məbləğini müəyyən etmişdir. Ekspert rəyinin qeyri-mötəbərliliyi barədə cavabdeh tərəfindən heç bir dəlil irəli sürülməmişdir.

33. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kredit borcunun (əsas, faiz və dəbbə pulu) Cavabdeh1 tutulması hissəsində qətnamə qanuni və əsaslıdır.

34. İddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini də irəli sürmüşdür.

35. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" QSC ilə Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixli 10L000005553 saylı kredit xətti müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq "xxxx" QSC və Cavabdeh3 arasında bağlanmış 28 oktyabr 2013-cü il tarixli, 10M000001243 saylı ipoteka müqaviləsinə əsasən hazırda tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsində yerləşən 0,018212 ha torpaq sahəsində yerləşən 437,7 m2 ümumi sahədən ibarət 79 V nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetinə tutma yönəldilməsi ilə bağlı “İpoteka haqqında” Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır.

36. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

37. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyini vaxtında icra etmədiyi üçün “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.

38. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

39. İpoteka müqaviləsində ipteka predmetinin qiyməti-Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsində yerləşən 79 V nömrəli fərdi yaşayış evi 277.677 manat məbləğində dəyərləndirilmişdir.

40. İpoteka müqaviləsi bağlanarkən tərəflər arasında dəyərləndirilmiş qiymət ilə bağlı qeyd edilməlidir ki, həmin ipoteka müqaviləsinin bağlanması, yəni sözügedən əmlakın tərəflər arasında dəyərləndirilməsindən 10 ilə yaxın müddət keçmişdir.

41. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı birinci dəfə qiymətləndirici şirkətin rəyi alınmışdır.

42. Belə ki, "xxxx" MMC-nin 01 avqust 2023-cü il tarixli, LP-112/2023 saylı mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsində yerləşən 79 V nömrəli fərdi yaşayış evinin hazırkı bazar dəyəri 525.000 manat, likvid qiyməti 446.000 manat dəyərində müəyyən edilmişdir.

43. Belə olan halda məhkəmə ipoteka müqaviləsində ipoteka predmeti olaraq "xxxx" MMCnin rəyində müəyyən edilmiş fərdi yaşayış evinin likvid dəyərinin (446.000 manat) ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədəmüvafiq hesab etmişdir.

44. Cavabdeh1 nümayəndəsi X1 istinad etdiyi "xxxx" MMC-nin qiymətləndirmə rəyini verərkən ipoteka predmeti olan fərdi yaşayış evinə onların iştirakı təmin edilməməklə baxış keçirilməməsi barədə dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, məhkəmə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilsə də, tərəflər tədqiqat obyektinə baxışın təyin olunduğu tarixdə məhkəməyə gəlmədiyindən və göstərilən səbəbdən obyektə baxış keçirilməsi qeyri-mümkün olduğundan qiymətləndirmə təqdim olunmuş fotoşəkillər əsasında analoji təhlil metodu ilə aparılmışdır. Halbuki sözügedən ipoteka predmetinə baxış keçirilməsi üçün şərait yaradılması məhz ipoteka predmetinin mülkiyyətçisi olan Cavabdeh1 vəzifələrinə daxil idi. Mülki Məcəllənin 97.5-ci maddəsinə görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

45. Apellyator məhkəmənin bu mövqeyi ilə razılaşmamış və mütəxəssis rəyini mübahisələndirdiyindən məhkəmə kollegiyası ziddiyyətli məqamların aydınlaşdırılması məqsədilə məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilmiş və müvafiq rəy alınmışdır.

46. Belə ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/42xx-xx/3952 saylı ekspert rəyinə əsasən tədqiq olunan mənzilin sahəsinə, təmirinə və s. uyğun olaraq Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsində və ya həmin ərazidə yerləşən anoloji fərdi yaşayış evlərinə dair məlumat olmadığından, həmin ev üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır.

47. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilən "xxxx" MMC-nin 03 fevral 2025-ci il tarixli, MB18/0083 saylı mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsində yerləşən 0,018212 ha torpaq sahəsində yerləşən 437,7 m2 ümumi sahədən ibarət 79 V nömrəli fərdi yaşayış evi üzrə ilkin satış qiyməti (likvid) 455.000 manat məbləğində (bazar dəyəri isə 530.000 manat) müəyyən edilmişdir.

48. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.

49. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

50. Məhkəmə Ekspertiza Mərkəzinin rəyində qiymət müəyyən edilməmişdir. Göründüyü kimi yuxarıda qeyd edilən cəmi 2 ədəd mütəxəssis rəylərinin bazar və likvid qiymətlə bağlı müəyyən etdiyi məbləğlər fərqlidir. Bu fərq az olduğuna görə və sonuncu rəy tarix baxımından daha real və obyektiv rəy olduğuna görə kollegiya hesab edir ki, sonuncu rəydə müəyyən edilən məbləğ ipoteka predmetinin ilkin satış qiyməti kimi əsas götürülməlidir.

51. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, tutma yönəldilərkən, yəni hərrac keçirilərkən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsində yerləşən 0,018212 ha torpaq sahəsində yerləşən 437,7 m2 ümumi sahədən ibarət 79 V nömrəli fərdi yaşayış evinin likvid qiyməti isə 455.000 manat dəyərində müəyyən edilməlidir.

52. Kollegiya hesab edir ki, qətnamə mübahisələndirilən hissədə qismən ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilməli və ipoteka predmetinin ilkin satış qiyməti (likvid) məhkəmə araşdırmaları nəticəsində əldə edilən sonuncu mütəxəssis rəyində qeyd olunan qiymət müəyyən edilməlidir.

53. Əlavə olaraq qeyd edilməlidir ki, apellyasiya şikayətində ilkin satış qiyməti mübahisələndirildiyi üçün apellyasiya şikayəti qismən təmin edilməlidir.

54. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

55. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 385.1.3, 389, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-1799/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən, yəni ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilsin. Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsində yerləşən 0,018212 ha torpaq sahəsində yerləşən 437,7 m2 ümumi sahədən ibarət 79 V nömrəli fərdi yaşayış evi üzrə ilkin satış qiyməti (likvid) 455.000 manat müəyyən edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 90 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada, 10 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar