Məhkəmə qərarları › İş №2-2(103)-160/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-160/2023

10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-160/2023 10.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2947/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2947/2022 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddiası təmin edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda qətnamədən verilmiş apellyasiya şikayəti üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsində baxılmış işdə nə MMC-nin nə də ki, MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmiş, iş üzrə qəbul edilmiş məhkəmə aktı MMC-yə və ya MMC-nin səlahiyyətli nümayəndəsinə təqdim edilməmiş, yalnız və yalnız icra məmuru tərəfindən xəbərdar edildikdən sonra belə bir məhkəmə aktının mövcud olmasından xəbərdar olmuşdur. Bundan sonra ərizə ilə məhkəməyə müraciət olunaraq qətnamənin onlara təqdim edilməsi xahiş olunmuşdur. Bakı Kommersiya Məhkəməsindən xx.xx.2022-ci il tarixli məktub göndərilərək qətnamənin xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-yə məxsus “elektron kabinet”ə yerləşdirilməsi, xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minməsi və qətnamənin “elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet” vasitəsilə əldə edə biləcəyi qeyd olunmuşdur. Bu günə qədər bütün məhkəmə sənədləri poçt vasitəsilə çatdırıldığı üçün “elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”dən istifadə edilməmişdir. Bakı Kommersiya Məhkəməsindən xx.xx.2022-ci il tarixli məktubu aldıqdan sonra xx.xx.2022-ci il tarixdə “elektron kabinet”ə daxil olmuş və qətnaməni əldə etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2947/2022 saylı qərardadı ilə cavabdeh tərəfindən prosessual müddətin bərpasına dair verilmiş ərizə rədd edilmiş, apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Hazırki işdə də həmin əsaslar mövcuddur. Belə ki, Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.8-ci maddəsində isə göstərilmişdir ki, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Hazırki işdə də “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2947/2022 saylı qətnaməsi xx.xx.2022-ci il tarixdə cavabdehə məxsus elektron kabinetə yerləşdirilmişdir. Lakin cavabdehə bu barədə məlumatın həmin sistem vasitəsilə elektron qaydada çatdırılması müəyyən olunmur. Belə ki, həmin çıxarışda Cavabdeh MMC-nin təsdiq edilmiş elektron ünvan (e-mail) qeyd edilməmişdir. Eyni zamanda həmin məlumatın Cavabdeh MMC-yə SMS qaydasında göndərilməsi də hər hansı sənədlə təsdiq olunmur. Göründüyü kimi Mülki Prosessual Məcəllənin 135.8-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin cavabdehə rəsmi qaydada - həmin sistem vasitəsilə elektron poçt, SMS və s. vasitəsilə təqdim edilməsi müəyyən olunmur. Eyni zamanda, məhkəmə sənədlərinin rəsmi qaydada təqdim edilməsi vəzifəsi məhkəmənin üzərinə düşür. İşin qeyd olunan hallarını, nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi müddətinin buraxılması üzrlü səbəblərdən baş vermişdir. Bu baxımdan kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə təmin edilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2947/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. Ərizə təmin edilsin və Cavabdeh MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2947/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılması üzrlü hesab edilərək bərpa edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar