Məhkəmə qərarları › İş №2-2(103)-160/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-160/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-160/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh4 Qüdrət oğlunun nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialının cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 MMC, Cavabdeh1 və Cavabdeh4 Qüdrət oğluna qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-78/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh4 Qüdrət oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı ilə "xxxx" MMC arasında 18 oktyabr 2010-cu il tarixli, 145 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcalana bank tərəfindən 36 ay müddətinə, illik faiz dərəcəsi 20% olmaqla, 85000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı ilə Cavabdeh4 Qüdrət oğlu və Cavabdeh2 MMC arasında 15 iyul 2009-cu il tarixli, 17 nömrəli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh4 Qüdrət oğlunun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən 369/370- 1100/1108 saylı bağ evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daha sonra həmin ipoteka müqaviləsinə dəyişiklik edilməsinə dair 18 oktyabr 2010-cu il tarixli Razılaşma imzalanmışdır. Həmçinin kredit müqaviləsinin təminatı kimi Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı ilə Cavabdeh1 arasında 18 oktyabr 2010-cu il tarixli, 110 nömrəli zaminlik müqaviləsi bağlanılmış və müqaviləyə əsasən zamin borclu Cavabdeh2 MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat: İddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 Qüdrət oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-dən, Cavabdeh3 MMCdən, Cavabdeh1 və Cavabdeh4 Qüdrət oğlundan müştərək qaydada Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialının xeyrinə 43594,88 manat əsas borc, 43022,73 manat faiz borcu olmaqla, cəmi 86617,61 manat məbləğində borcun, ödənilmiş 400 manat mediasiyaya dair xərcin, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh4 Qüdrət oğlunun xüsusi mülkiyyətində olan (çıxarış: Seriya MH, №0175164, xx.xx.2009-cu il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********51 11301 qeydiyyata alınmışdır) Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 157 m yaşayış, 107.2 m köməkçi sahədən ibarət 369/370-1100/1108 nömrəli bağ evinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, borcun göstərilən ipoteka predmetinin hərracdan satışdan əldə olunan vəsait hesabına Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialına ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 MMC-dən, Cavabdeh3 MMC-dən, Cavabdeh1 və Cavabdeh4 Qüdrət oğlundan müştərək qaydada tutulması və tutma Cavabdeh4 Qüdrət oğluna məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 157 m yaşayış, 107.2 m köməkçi sahədən ibarət 369/370-1100/1108 nömrəli bağ evinə yönəldikdən və həmin əmlak satıldıqdan 1 ay sonra Cavabdeh4 Qüdrət oğlunun və digər şəxslərin həmin bağ evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh4 Qüdrət oğlunun və digər şəxslərin həmin bağ evindən çıxarılmaları, həmin bağ evinin boşaldılması və Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialına təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı və Cavabdeh2 MMC arasında xx.xx.2010-cı il tarixli, 145 saylı kredit müqaviləsi bağlanmış və həmin müqavilə çərçivəsində cavabdehə 85000 (səksən beş min) manat, illik 20% dərəcəsi ilə 36 (otuz altı) aylıq müddətə kredit verilmişdir. Həmin müqavilə üzrə borcalanın bank qarşısında olan öhdəliklərinin təminatı kimi Cavabdeh4 Qüdrət oğlunun xüsusi mülkiyyətində olan (çıxarış: Seriya MH, № 0175164, xx.xx.2009-cu il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********51- 11301 qeydiyyata alınmışdır) Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 157 m yaşayış, 107.2 mköməkçi sahədən ibarət 369/370-1100/1108 nömrəli bağ evi Banka ipotekaya qoyulmuş, bu barədə Cavabdeh4 Qüdrət oğlu ilə Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı arasında xx.xx.2009-cu il tarixli 17 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsinə dair xx.xx.2010-cu il tarixli razılaşma imzalanmış və müqavilə Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontorunda müvafiq qaydada rəsmiləşdirilmişdir. Bununla əlaqədar ipoteka hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya MA № 0130586, qeydiyyat tarixi xx.xx.2010-cu il, qeydiyyat nömrəsi ********** olan “Hüquqların Dövlət qeydiyyatı” haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 3231 nömrəli vərəqində qeydiyyat aparılmışdır. Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı ilə Cavabdeh1 arasında imzalanmış 18 oktyabr 2010-cu il tarixli, 110 saylı zaminlik müqaviləsinə əsasən borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin borcalan ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh3 MMC Cavabdeh2 MMC-yə zamin duraraq banka xx.xx.2010-cu il tarixli qaranti məktubu vermişdir ki, Cavabdeh3 MMC borcalan ilə birlikdə məsuliyyət daşıyacaqdır. Kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə tələblər borcalan və zaminlər tərəfindən pozulmuş, borc öhdəliyini icra etməkdən boyun qaçırmışlar. xx.xx.2022-ci il tarixinə Borcalan Cavabdeh2 MMC-nin Kredit müqaviləsi üzrə Banka 43594,88 manat əsas, 43022,73 manat faiz olmaqla, cəmi 86617,61 manat borcu yaranmışdır. Dəfərlərlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına bildirişin qeydiyyatı üçün ərizə verilmiş və ərizə bu orqanda qeydə alınmışdır. İddiaçı tərəfindən Mediasiya Şurasına müraciət olunmuş, mediator təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında cavabdehlərin 10 gün əvvəlcədən sms və məktub vasitəsilə məlumatlandırılmasına baxmayaraq, iştirak etməmişlər. İddiaçının nümayəndəsi tərəfindən 400 (dörd yüz) manat mediasiya xərci ödənilmiş, mediator tərəfindən isə xx.xx.2021-ci il tarixli, A-018/2021 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayış təqdim edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə müraciət edərək, Cavabdeh2 MMC-dən, Cavabdeh3 MMC-dən, Cavabdeh1 və Cavabdeh4 Qüdrət oğlundan müştərək qaydada Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialının xeyrinə 43594,88 manat əsas borc, 43022,73 manat faiz borcu olmaqla, cəmi 86617,61 manat məbləğində borcun, xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış 18662,19 manat faiz borcunun, xx.xx.2022-ci il tarixdən qətnamənin faktiki icra olunan gününə 43594,88 manata illik 5% hesablanmaqla zərər məbləğinin, ödənilmiş 400 manat mediasiya xərcinin, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh4 Qüdrət oğlunun xüsusi mülkiyyətində olan (çıxarış: Seriya MH, № 0175164, xx.xx.2009-cu il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********51 11301 qeydiyyata alınmışdır) Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 157 m2 yaşayış, 107.2 m2 köməkçi sahədən ibarət 369/370-1100/1108 nömrəli bağ evinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, borcun göstərilən ipoteka predmetinin hərracdan satışdan əldə olunan vəsait hesabına Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialına ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 MMC-dən, Cavabdeh3 MMC dən, Cavabdeh1 və Cavabdeh4 Qüdrət oğlundan müştərək qaydada tutulması, tutma Cavabdeh4 Qüdrət oğluna məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 157 m2yaşayış, 107.2 m2 köməkçi sahədən ibarət 369/370-1100/1108 nömrəli bağ evinə yönəldikdən və həmin əmlak satıldıqdan 1 ay sonra Cavabdeh4 Qüdrət oğlunun və digər şəxslərin həmin bağ evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh4 Qüdrət oğlunun və digər şəxslərin həmin bağ evindən çıxarılmaları, həmin bağ evinin boşaldılması və Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialına təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh4 Qüdrət oğlu iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, müqavilə üzrə borcalanın bank qarşısında olan öhdəliklərinin təminatı kimi İpoteka Predmeti ipotekaya qoyulmuş, kredit götürən tərəfindən kredit öhdəliyi lazımi qaydada və vaxtında ödənilməmişdir. İddiaçı tərəfindən kredit müqaviləsi lazımınca icra edilməməsinə əsasən 90 gün ərzində faiz və digər hesablamaları hesablayaraq məhkəməyə müraciət etməli idi. Bu qanunun tələbidir. İddiaçı faiz hesablamalarını 90 gün müddətində 13 il müddətində hesablayaraq qanunun tələblərini pozmuşdur. Qanunsuz müqavilədən kənar 43.000,73 manat faiz borcu yaratmışdır. Bundan əlavə, MM-in 373-cü maddəsinin tələbinə əsasən müqavilə öhdəlikləri üzrə 3 il müddət müəyyən edilir. Lakin buna baxmayaraq, iddiaçı tərəfindən 13 il sonra məhkəməyə müraciət edilərək, 3 illik iddia müddəti də buraxılmışdır. Məhkəmə tərəfindən hazırkı kommersiya işi üzrə iddia müddətinin tətbiq edilməsi əsası ilə iddia ərizəsi rədd edilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 23 iyun tarixli e-2-2(113)-2627/2022 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq və əmlakın qiymətləndirilməsi üzrə ekspertiza təyin olunmuşdur. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə 2022-ci il 4 avqust tarixli ƏEM/A 17-537/22 saylı qiymətləndirmə rəyindən müəyyən olunmuşdur ki, İpoteka Predmetinin 2022-ci il 4 avqust tarixinə likvid dəyəri 118.000 manat, bazar dəyəri 131.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022ci il 18 noyabr tarixli 9/4989 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Cavabdeh2 MMC-nin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 2010-cu il 18 oktyabr tarixli 145 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 MMC-nin 2013-cü il 18 oktyabr tarixinə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) banka olan əsas və faiz borcu ümumilikdə 62.697,09 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 43.559,15 manat, faiz borcu üzrə 19.137,95 manat. Tədqiqat zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 MMC tərəfindən 2013-cü il 18 oktyabr tarixdən sonrakı dövrdə ümumilikdə 4.000 manat məbləğində ödəniş aparılmışdır ki, həmin ödəniş faiz borcundan silinir. Belə olan halda Cavabdeh2 MMC ilə iddiaçı arasında bağlanmış 2010-cu il 18 oktyabr tarixli 145 saylı kredit müqaviləsi üzrə 2013-cü il 13 oktyabr tarixdən 2022-ci il 4 may tarixədək kredit borcu üzrə illik 5 % dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla, MMC-nin iddiaçıya olan borcu aşağıdakı kimi müəyyən olunur: 2022-ci il 5 yanvar tarixinə əsas kredit borcu 43.559,15 manat, faiz borcu 33.027,44 manat; 2022-ci il 4 may tarixinə əsas kredit borcu 43.559,15 manat, faiz borcu 33.747,38 manat. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 yanvar tarixli e-2-2(113)-78/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada 43.559,15 manat əsas borc, 19.137,95 manat faiz borcu, 14.609,43 manat gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcu, 400 manat mediasiya xərci və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu olmaqla, cəmi 77.751,53 manat məbləğində pul tutularaq ləğv prosesində olan iddiaçıya ödənilməsi, tutmanın İpoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda, həmin məbləğ müvafiq olaraq Cavabdeh4 qaytarılması, ipoteka predmetinin ilkin satış qiyməti 118.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin bağ evindən çıxarılması və əmlakın boşaldılaraq təhvil verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pulun cavabdehlər MMC və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat pulun cavabdehlər MMC və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. İddia tələbinin bir hissəsini cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 43.594,88 manat əsas borc, 43.022,73 manat faiz borcunun tutulması təşkil edir. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehlərin müqavilə öhdəliklərini lazımınca icra etmədiklərini (borcalan və zamin), belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 18 noyabr tarixli 9/4989 nömrəli ekspert rəyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsas kredit borcu və hesablanmış faizlərin tutulması hissəsində qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada 43.559,15 manat əsas borc, 19.137,95 manat faiz borcu iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə təmin olunmamalıdır. İddia tələbinin digər hissəsini cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 2013-cü il 13 oktyabr tarixindən 2022-ci il 4 may tarixinədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış 18.662,19 manat faiz borcunun, 2022-ci il 4 may tarixdən qətnamənin faktiki icra olunan gününə 43.594,88 manata illik 5% hesablanmaqla zərər məbləğinin tutulması təşkil edir. Qanunvericilik normaları və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 18 noyabr tarixli 9/4989 nömrəli ekspert rəyini nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı icranı gecikdirmiş cavabdehlərdən gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb etməkdə haqlıdır və iddia həmin hissədə qismən təmin edilərək, 2010-cu il 18 oktyabr tarixli 145 nömrəli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün 5%lə hesablanmış 14.609,43 manat məbləğ cavabdehlər MMC və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə qeyri-müəyyən olduğundan təmin olunmamalıdır. Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, müqavilə müddəti bitdikdən sonra 2022-ci il 4 may tarixinədək 5% ilə hesablanmış faiz borcu 14.609,43 manat (33.747,38 manat–19.137,95 manat = 14.609,43 manat) təşkil edir. Məhkəmə həmçinin iddia tələbinin cavabdehlər "xxxx" MMC və Cavabdeh4 müştərək qaydada tutulmasına münasibətdə qeyd etmişdir ki, sözügedən şəxslər iddia tələbinin borcun tutulması hissəsində iddiaçı tərəfindən cavabdeh qismində qoyulsa da, iş materiallarından "xxxx" və Cavabdeh4 tərəfindən kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank qarşısında zamin və ya hər hansı qisimdə “Meri-Dian» MMCə birgə məsuliyyət daşımaq barədə öz üzərlərinə hər hansı məsuliyyətin götürülməsi müəyyən edilməmişdir. Cavabdeh4 yalnız 2010-cu il 18 oktyabr tarixli 145 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ona məxsus olan əmlakı bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İddiaçının istinad etdiyi, yuxarıda qeyd olunan məktub isə "xxxx" dən hazırkı pul məbləğinin tutulmasının qət edilməsi üçün əsas ola bilməz. İddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən Cavabdeh4 məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka haqqında” Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində əsaslı olduğundan təmin edilməli, tutma 2009-cu il 15 iyul tarixli 17 nömrəli ipoteka müqaviləsi və həmin ipoteka müqaviləsinə 2010-cu il 18 oktyabr tarixli dəyişiklik edilməsinə dair Razılaşmaya əsasən ipoteka predmetinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ müvafiq olaraq Cavabdeh4 qaytarılmalıdır. İpoteka predmetinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəydən müəyyən olunmuşdur ki, ipoteka predmetinin likvid dəyəri 118.000 manat təşkil edir. Belə olan halda, ipoteka predmetinin ilkin satış qiyməti 118.000 manat məbləğində müəyyən edilməlidir. İddia tələbinin bir hissəsini də tutma ipoteka predmetinə yönəldikdən və həmin əmlak satıldıqdan 1 ay sonra Cavabdeh4 və digər şəxslərin həmin bağ evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh4 və digər şəxslərin həmin bağ evindən çıxarılmaları, həmin bağ evinin boşaldılması təşkil edir. İddia həmin hissədə qismən təmin edilməli, ipoteka predmetinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin bağ evindən çıxarılmalı, əmlak boşaldılaraq təhvil verilməli, qalan hissədə isə təmin olunmamalıdır. İddianın ipoteka predmetinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra ipoteka qoyanın ipoteka predmeti olan daşınmaz əmlaka olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, ipoteka qoyanın ipoteka qoyulmuş əmlak açıq hərracda satılanadək borcu ödəmək, eyni zamanda açıq hərracda ipoteka predmetini əldə etmək hüququ olduğundan, digər tərəfdən, ipoteka predmeti olan əmlak açıq hərracdan satılaraq alqı-satqı rəsmiləşdirilənədək həmin əmlak üzrə mülkiyyət hüququ ipoteka qoyana məxsus olduğundan hazırkı mərhələdə məhkəmə qətnaməsi ilə ipoteka qoyanın istifadə hüquqlarının itirilmiş hesab edilməsi onun qanunla qorunan hüquqlarını pozur. Ona görə də iddia tələbi ipoteka predmetinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra ipoteka qoyanın, eləcə də kimliyi məlum olmayan digər şəxslərin ipoteka predmeti olan daşınmaz əmlaka olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsində iddia rədd edilməlidir. Tərəflər arasında müqavilə 2010-cu il 18 oktyabr tarixində bağlansa da, Cavabdeh2 MMC tərəfindən 2021-ci il 24 aprel tarixində 3.000 manat, 2021-ci il 25 iyun tarixində isə 1.000 manat məbləğində pul vəsaiti iddiaçının hesabına ödənilmişdir. Hazırkı tələblə bağlı isə iddiaçı 2022-ci il 4 may tarixində məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarının məzmunundan müəyyən olunmuşdur ki, borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir, fasilədən sonra iddia müddəti yenidən başlanır və fasiləyə qədər keçmiş vaxt isə yeni müddətə daxil edilmir. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Bunlardan biri kimi borcun qismən ödənilməsi təşkil edir. Cavabdeh tərəfindən isə qeyd edildiyi kimi, 2021-ci il 25 iyun tarixində iddiaçının hesabına ödənişin edilməsi, cavabdehin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkət kimi qəbul edilir. Ona görə də hazırkı iş üzrə iddia müddəti ötürülməmişdir. Birinci instansiya məhkəməsi bu qənaətini MM-in 269, 270.1, 372.1, 373.1, 373.2, 374.1, 374.2, 375.2, 385.1, 386.1, 442, 445.1, 445.2.1, 445.7, 448.1, 470, 472, 739-cu, “İpoteka haqqında” Qanunun 1.0.6, 3.1, 10.4, 11.1, 11.2, 39.3, 41.1, 59.3.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli, 2018-ci il 28 noyabr tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır. Həmin qətnamədən Cavabdeh4 Qüdrət oğlu apellyasiya şikayəti verərək, qətnamənin ona aid olan hissədə ləğv edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2010-cu il tarixli 145 saylı kredit müqaviləsinin müddəti xx.xx.2013-cü il tarixində bitir və həmin tarixə də iddia müddəti buraxılmış hesab edilir. Birinci instansiya məhkəməsində iddia müddətinin buraxılması barədə vəsatətlə məhkəməyə müraciət olunmuş, məhkəmə isə Mülki Məcəllənin 373.3-cü maddəsinin tələblərinə əsasən iddia müddətinin üç il olmasına münasibət bildirməmiş və düzgün hüquqi qiymət verməmişdir. Bundan əlavə, xəstə olmağı barədə məhkəməyə teleqram vurularaq onun iştirakının təmin edilməsi üçün məhkəmənin başqa vaxta təxirə saslınması xahiş edilmişdir. Lakin məhkəmə bu teleqramı da nəzərə almamış və nəticədə də iş hərtərəfli obyektiv və tam araşdırılmamışdır. Bundan əlavə ipoteka müqaviləsinə xitam veriməsi barədə vəsatət verilmişdir. Lakin məhkəmə bunu da nəzərə almamış və münasibət bildirməmişdir. Həmçinin ipoteka predmetinin qiymətinin 2023-cü il üçün yüksək olduğunu nəzərə alınaraq, əmlakın və torpağın qiymətləndirilməsi məqsədi ilə ekspertiza keçirilmiş, lakin ekspertizanın rəyi əmlakın dəyərlədirilməsi hissəsində qeyri-realdır. Hal-hazırda torpağın və əmlakın dəyəri dəfələrlə xeyli yüksəkdir. Bundan əlavə məhkəmədə kredit götürən ”Meri-Dian” MMC-nin götürdüyü kreditin hansı hissəsinin ödədiyini, əsas və faiz borcu dəqiq müəyyən edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 08 iyun 2023-ci il tarixli, 2-2(103)-545/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni tutmanın İpoteka Predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda, həmin məbləğin müvafiq olaraq Cavabdeh4 qaytarılması, ona İpoteka Predmetinin ilkin satış qiymətinin 118.000 manat məbləğində müəyyən edilməsi, İpoteka Predmetinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin bağ evindən çıxarılması və əmlakın boşaldılaraq təhvil verilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə görə kredit 36 ay müddətinə verilib və kreditdən istifadə müddəti 2013-cü il 18 oktyabr tarixində başa çatır. Hazırkı iddia ərizəsi isə 2022-ci il 4 may tarixində, yəni 2013-cü il 18 oktyabr tarixindən hesablanmaqla təxminən 8 il 7 ay keçdikdən sonra verilmişdir. Halbuki Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli qərarında isə müəyyən edilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göründüyü kimi iddiaçı Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etmiş, eyni zamanda cavabdehin 2013-cü il 18 oktyabr tarixindən sonra 3 il müddətində ödənişlər etdiyini və ya digər etirafedici hərəkətlər etməsini təsdiq edən sübutları təqdim etməmişdir. Cavabdeh2 MMC tərəfindən 2021-ci il 22 aprel tarixində 3.000 manat və 2021-ci il 25 iyun tarixində 1.000 manat məbləğində pul vəsaitinin iddiaçının hesabına ödənilməsi isə birinci instansiya məhkəməsinin istinad etdiyi kimi Mülki Məcəllənin 380.1-ci maddəsində göstərilən iddia müddətinin axımının kəsilməsi hallarına aid edilə bilməz. Belə ki, Mülki Məcəllənin 380-ci maddəsinin mənasına görə, iddia müddətinin axımının kəsilməsinə səbəb olan hərəkətlər (iddia irəli sürülməsi və borcu etiraf etməsini göstərən hərəkətlər edilməsi) yalnız iddia müddəti çərçivəsində edildikdə müddətin axımının kəsilməsinə səbəb olur. İddia müddəti keçdikdən sonra edilmiş belə hərəkətlər isə iddia müddətinin axımının kəsilməsinə səbəb olmur və bu baxımdan Cavabdeh2 Mülki Məcəllənin hər hansı hüquqi əhəmiyyət daşımır. Mülki Məcəllənin 383-cü maddəsi də qanunun bu şəkildə təfsirini təsdiq edir.Həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutlar təqdim edilməmiş və Cavabdeh4 tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Sonuncu ilə bağlı məhkəmə qeyd etmişdir ki, Cavabdeh4 borcalan deyil, ipoteka qoyan olsa da, iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermək hüququna malikdir. Belə ki, Mülki Məcəllənin 323-1-ci maddəsinə əsasən, daşınmaz əmlakın mülkiyyətçisi eyni zamanda ipoteka ilə təmin edilmiş tələbin şəxsi borclusu olmasa da, o, ipoteka saxlayana yalnız şəxsi borcluya məxsus olan qarşılıqlı tələb irəli sürə bilər; xüsusi olaraq bu pul öhdəliklərinin əvəzləşdirilməsi və tələbdən şikayətin verilməsi ilə bağlı qarşılıqlı tələblərdir. Bu, həmçinin mülkiyyətçinin ipoteka saxlayanın şəxsi borclusu olduğu hala da aiddir. Eyni zamanda, birinci instansiya məhkəməsində borcalan tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə, habelə qətnamədən apellyasiya şikayəti verilməmişdir. Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətində isə qətnamə yalnız ona aid hissədə, yəni tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində mübahisələndirilmişdir. Ona görə də hazırda kredit müqaviləsi üzrə iddia müddətinin ötürülməsinə qiymət verilməklə hazırkı apellyasiya baxışının predmetinə aid məsələnin həll edilməsi kredit müqaviləsi üzrə borcun tutulması tələbinə qiymət verilməsi kimi qiymətləndirilməməlidir. Çünki yuxarıda qeyd edildiyi kimi, hazırki apellyasiya baxışının həddi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsindən ibarətdir. Qeyd olunan halları və Mülki Məcəllənin 376 və 375.2cı maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə aid hissədə iddia rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 376-cı maddəsinin tələblərinə görə, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə isə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini Mülki Məcəllənin 323-1, 373.2, 375.2, 376, 379.1, 380.1, 383-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsini - iddianın təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbinin həmin hissədə də təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 556/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qərarı ilə iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialının kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 iyun tarixli 2-2(103)-545/2023 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Kassasiya instansiya məhkəməsi Mülki Məcəllənin 375.2, 376-cı maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlmişdir ki, əgər əsas tələblər üzrə iddia müddəti ötürülmüşdürsə və məhkəmə Mülki Məcəllənin 375.2-ci maddəsinə uyğun olaraq, cavabdehin müvafiq ərizəsinə əsasən həmin əsas tələblər üzrə iddia müddətini tətbiq edərək bu iddia tələblərini rədd etmişdirsə, Mülki Məcəllənin 376-cı maddəsinə uyğun olaraq, sözügedən tələblərin təminatına dair tələblər, yəni aksessor tələblər üzrə də iddia müddəti ötürülmüş hesab olunur.Əks halda, yəni əgər əsas tələblər üzrə məhkəmə cavabdehin müvafiq ərizəsi əsasında iddia müddətini tətbiq edərək bu iddia tələblərini rədd etməmişdirsə, sözügedən tələblərin təminatına dair tələblər, yəni aksessor tələblər (girov və s.) üzrə də iddia müddəti ötürülmüş hesab oluna bilməz. Baxılan işdə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya qaydasında yalnız tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində mübahisələndirilməsinə baxmayaraq, məhkəmə həmin instansiyada işə baxılmanın hədlərinə dair Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini (bax bu qərarın 64-cü bəndinə) pozaraq, qətnaməni həm də kredit borcunun tutulması hissəsində də yoxlamış, həmin hissədə iddia müddətinin ötürülməsi qənaətinə gələrək, aksessor tələb olan ipoteka predmetinə tutma yönədilməsi hissəsində iddia müddətini tətbiq etmişdir.Nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın əsas borc və faiz borcunun təmin edilməsi hissəsindən apellyasiya şikayəti verilmədiyindən, qətnamə həmin hissədə qanuni qüvvəyə minmişdir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsinin iddianın əsas borc və faiz borcunun tutulması hissəsində iddia müddətinin ötürülməsi qənaətinə gəlməsi, qətnamənin qanuni qüvvəyə minən hissəsi ilə uyğunluq təşkil etməmiş, Mülki Prosessual Məcəllənin 233-cü maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası Mülki Məcəllənin 375.2, 376-cı maddələrinin tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan mövqeyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsinin kredit öhdəliyi üzrə iddia müddətinin ötməsini əsas gətirərək birinci instansiya məhkəməsinin qətnaməsini tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində ləğv etməklə, qeyd olunan maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, Mülki Prosessual Məcəllənin 217.1 və 372.6-cı maddələrinin tələblərinə zidd nəticəyə gəlmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, Cavabdeh4 apellyasiya şikayətində tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı iddia müddətinin ötürülməsindən əlavə, digər maddi və prosessual hüquq pozuntularına dair dəlillər də gətirmiş, lakin apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində həmin dəlillər üzrə də heç bir hüquqi qiymətləndirmə aparmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir. Apellyasiya instansiyası məhkəməsində hazırki icraat Proses iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən Cavabdeh4 Qüdrət oğlunun nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən Cavabdeh4 Qüdrət oğlu apelyasiya şikayəti verərək, qətnamənin ipoteka qoyan kimi ona aid hissədə ləğv edilməsini və iddia tələbinin həmin hissədə rədd edilməsini xahiş etməklə, qətnamə yalnız tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 323-1. Daşınmaz əmlakın mülkiyyətçisi eyni zamanda ipoteka ilə təmin edilmiş tələbin şəxsi borclusu olmasa da, o, ipoteka saxlayana yalnız şəxsi borcluya məxsus olan qarşılıqlı tələb irəli sürə bilər; xüsusi olaraq bu pul öhdəliklərinin əvəzləşdirilməsi və tələbdən şikayətin verilməsi ilə bağlı qarşılıqlı tələblərdir. Bu, həmçinin mülkiyyətçinin ipoteka saxlayanın şəxsi borclusu olduğu hala da aiddir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 379.1 və 379.1.1. İddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda iddia müddətinin axımı dayandırılır. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

383. Borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 233.1. Bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355- 22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir.

“Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Bu da Konstitusiyanın 131-ci maddəsinin İ hissəsinin, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin İ hissəsinin müddəalarından irəli gələn vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarı).

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Scordino İtaliyaya qarşı (no. 1) iş üzrə qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə Konvensiyanın 19-cu maddəsi baxımından bu Məhkəmənin məqsədi daxili qanunvericiliyin təfsir və tətbiq edildiyi tərzin presedent hüququnda olduğu kimi Konvensiya prinsiplərinə uyğun olub-olmamasının yoxlanılmasından ibarətdir. Avropa Məhkəməsi bu qərarında göstərmişdir ki, İtaliya Kassasiya Məhkəməsinin düzgün qeyd etdiyi kimi, daxili qanunvericilik Konvensiyanın müddəalarına açıq-aşkar istinad etdiyi hallarda bu daha vacib əhəmiyyət kəsb edir. Bu nəzarət rolunun həyata keçirilməsi Avropa Məhkəməsi üçün o halda daha asan olur ki, məsələ Konvensiyanı öz hüquqi sisteminə daxil etmiş və onu birbaşa tətbiq olunan normalar kimi qiymətləndirən Dövlətlərə aid olsun, ona görə ki, bu Dövlətlərin Ali məhkəmələri, bir qayda olaraq, Avropa Məhkəməsinin müəyyən etdiyi prinsiplərə riayət olunmasına nəzarət etməlidirlər (no. 36813/97, 29 mart 2006-cı il, §§ 190-191). Konstitusiya Məhkəməsinin Plenumu bu mənada qeyd edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən daxili qanunvericiliyin təfsiri və tətbiqi eynilə Konstitusiyanın müddəalarına və qanunvericilyə uyğun olmalıdır. Belə ki, istənilən məsələ üzrə formalaşan məhkəmə təcrübəsi, hər bir halda, tətbiq edilən hüquqi normanın məqsəd və mahiyyətinə uyğun olmalı, onun mənası təhrif olunmamalı, xüsusilə də tətbiqetmə təcrübəsi elə tərzdə formalaşdırılmalıdır ki, Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqlarının pozulmasına səbəb olmasın.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-78/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən, yəni tutmanın ipoteka predmeti olan əmlakın açıq hərracda satılması və s. hissəsində ləğv edilməli və həmin hissədə iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı cavabdehlərə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia tələblərini irəli sürmüş, ipoteka qoyan Cavabdeh4 isə iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsi barədə ərizə vermiş, birinci instansiya məhkəməsi də iddia müddətinin tətbiqinə əsas olmadığı qənaətinə gələrək iddianı qismən təmin etmişdir. Həmin qətnamədən, Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi yalnız tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində mübahisələndirilmişdir. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə görə kredit 36 ay müddətinə verilib və kreditdən istifadə müddəti 18 oktyabr 2013-cü il tarixdə başa çatmışdır. İddia ərizəsi isə 04 may 2022-ci il tarixdə, yəni 18 oktyabr 2013-cü il tarixdən hesablanmaqla təxminən 8 il 7 ay keçdikdən sonra verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya qaydasında yalnız tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində mübahisələndirilməsinə baxmayaraq, qətnamə kredit borcunun tutulması hissəsində yoxlanmayaraq aksessor tələb olan ipoteka predmetinə tutma yönədilməsi hissəsində iddia müddəti tətbiq edilməlidir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən iddianın əsas borc və faiz borcunun təmin edilməsi hissəsindən apellyasiya şikayəti verilməməsinə baxmayaraq, qətnamə həmin hissədə hələ qanuni qüvvəsini almamışdır. Çünki qətnamənin ümumilikdə qanuni qüvvəsinin alması hazırki tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində mübahisələndirilməsinə verilən hüquqi qiymətdən asılıdır. Məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində mübahisələndirilməsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarında isə müəyyən edilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etsə də, eyni zamanda cavabdehin 18 oktyabr 2013-cü il tarixdən sonra 3 il müddətində ödənişlər etdiyini və ya digər etirafedici hərəkətlər etməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin kollegiyanın qənaətinə görə Cavabdeh4 Qüdrət oğlu borcalan deyil, ipoteka qoyan olsa da, onun iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermək hüququ Mülki Məcəllənin 323-1-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Belə ki, göstərilən normaya əsasən daşınmaz əmlakın mülkiyyətçisi eyni zamanda ipoteka ilə təmin edilmiş tələbin şəxsi borclusu olmasa da, o, ipoteka saxlayana yalnız şəxsi borcluya məxsus olan qarşılıqlı tələb irəli sürə bilər; xüsusi olaraq bu pul öhdəliklərinin əvəzləşdirilməsi və tələbdən şikayətin verilməsi ilə bağlı qarşılıqlı tələblərdir. Bu, həmçinin mülkiyyətçinin ipoteka saxlayanın şəxsi borclusu olduğu hala da aiddir. Eyni zamanda, kollegiya qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsində borcalan tərəfindən nə iddia müddətinin tətbiq edilməsi barədə ərizə, nə də qətnamədən apellyasiya şikayəti verilməmişdir. Cavabdeh4 Qüdrət oğlu tərəfindən verilmiş apellyasiya şikayətində isə qətnamə yalnız ona aid hissədə, yəni tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində mübahisələndirilmişdir. Buna görə məhkəmə kollegiyası hesab edir ki, hazırda kredit müqaviləsi üzrə iddia müddətinin ötürülməsinə qiymət verilməklə hazırki apellyasiya baxışının predmetinə aid məsələnin həll edilməsi kredit müqaviləsi üzrə borcun tutulması tələbinə qiymət verilməsi kimi qiymətləndirilməməlidir. Çünki yuxarıda qeyd edildiyi kimi hazırki apellyasiya baxışının həddi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsindən ibarətdir. Mülki Məcəllənin 376-cı maddəsinin tələblərinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyası apelyatorun tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı iddia müddətinin ötürülməsindən əlavə, digər maddi və prosessual hüquq pozuntularına dair dəlillərinə qiymət verilməsinə dair kassasiya instansiyası məhkəməsinin göstərişi ilə bağlı qeyd edir ki, işin yuxarıda qeyd olunan halları və Mülki Məcəllənin 376 və 375.2-cı maddələrinin tələblərini nəzərə alaraq tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə aid hissədə iddia rədd olunduğu üçün apellyatorun digər maddi və prosessual hüquq pozuntularına dair dəlillərinə qiymət verilməsinə zərurət yoxdur. Belə ki, apellyator şikayətində qətnamənin ipoteka qoyan kimi özünə aid olan hissədə ləğv edilməsi barədə yeni qətnamə qəbul ediliməsini xahiş etmişdir ki, tələbin ona aid hissəsinə də iddia müddəti tətbiq edilərək rədd edilmişdir. Apelyatorun tələbi də məhz buna yönəlmişdir. Digər göstərişlərlə bağlı kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 233.1ci maddəsinin dispozisiya şərtlərinə görə məhkəmə qətnaməsi ondan şikayət verilmədiyi halda qanuni qüvvəyə minir. Qətnamənin qismən mübahisələndirilməsi isə mübahisələndirilməyən hissənin qanuni qüvvəyə minməsi anlamına gəlmir. Belə ki, Mülki Prosessual Məcəllədə belə qayda müəyyən edilməmişdir. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsindən müəyyən edilir ki, qətnamənin əsaslılığı qismən mübahisələndirdiyi halda belə, apellyasiya instansiyası məhkəməsi mübahisənin predmetini bölünməz hesab edərək qətnamənin əsaslığını tam yoxlaya bilər. Həmçinin, Mülki Prosessual Məcəllənin 387.2-ci maddəsində müəyyən edilən prosessual normaların kobud pozulması hallarında da şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi tam ləğv edilir. Qeyd olunan maddələr bir daha təsdiq edir ki, qətnamənin qismən mübahisələndirilməsi mübahisələndirilməyən hissənin qanuni qüvvəyə minməsi ilə nəticələnmir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini, Konstitusiya Məhkəməsinin məsələ ilə bağlı şərhini və Ali Məhkəmənin mübahisə edilən qərarla bağlı hüquqi mövqeyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələbləri baxımından hüquqi qiymət verilərkən yuxarıdakı müzakirələrdən irəli gəlinən nəticədən qeyrisinə gəlmək mümkün olmur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh4 Qüdrət oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-78/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən, yəni tutmanın ipoteka predmeti olan Cavabdeh4 Qüdrət oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən 369/370-1100/1108 saylı bağ evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda, həmin məbləğin müvafiq olaraq Cavabdeh4 Qüdrət oğluna qaytarılması, Cavabdeh4 Qüdrət oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən 369/370-1100/1108 saylı bağ evinin ilkin satış qiymətinin 118000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən 369/370-1100/1108 saylı bağ evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh4 Qüdrət oğlunun həmin bağ evindən çıxarılması və əmlakın boşaldılaraq təhvil verilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd edilsin. Apellyatorun ödədiyi dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar