Məhkəmə qərarları › İş №2-2(103)-162/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-162/2022

09.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-162/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi (qanuni təmsilçi) Qanuni nümayəndə2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılmasına dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 01.11.2021-ci il tarixli e-2-2(113)-4349/2021 nömrəli qətnaməsindən (hakim Leyla Əliyeva) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 26.04.2021 tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 11.838,02 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 40.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehin 26.04.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 5166,18 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 40.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, e-2-2(113)- 4361/2021 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin icraatında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair e-2- 2(113)- 4361/21 saylı kommersiya mübahisəsinə dair iş həmin məhkəmənin icraatında olan iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair e-2-2(113)-4349/2021 saylı kommersiya mübahisəsinə dair işlə bir icraatda birləşdirilmişdir. Bakı Kommersiya Məhkəməsinin 09.12.2021-ci il tarixli e-2-2(113)-5558/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 09.12.2021-ci il tarixli e-2-2(113)-5558/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, vergi ödəyicisinin iddia ərizəsi üzrə dövlət büdcəsinə ödənilməmiş 5166,18 manat, Dövlət Sosial MüdafiəFonduna ödənilməmiş 11.838,02 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 40.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X1 alınmış ünvan 1 ünvanındakı qeyriyaşayış sahəsinin onun mülkiyyətində olduğunu qeyd etsə də, bunu hüquqi baxımdan təsdiq edən sənəd daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Bununla yanaşı, vergi ödəyicisi ilə X4 arasında bağlanılmış 19.03.2019-ci il tarixli icarə müqaviləsinə istinad edilsə də, vergi orqanının informasiya bazasında vergi ödəyicisinin icarə müqaviləsinin mövcud olması, eləcə də, həmin icarə müqaviləsi üzrə icarə haqqı ödənilərkən ödəmə mənbəyində verginin tutulması barədə təqdim etdiyi hesabatı da mövcud deyildir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, siyahıya alınmış əmlak mülkiyyət hüququ ilə vergi ödəyicisinə məxsusdur. Qeyd edilən səbəbdən məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassızdır. İşə apellyasiya qaydasında baxılması 09.03.2022-ci il tarixə təyin edilmiş, iddiaçıya işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Qanuni nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 01.11.2021-ci il tarixli e-2-2(113)-4349/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdehnə ünvanlanmış 18 dekabr 2019-cu il tarixli, **********222500 saylı bildirişdən görünür ki, 18.12.2019-cu il tarixə yaranmış 9463,37 manat borcun (muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə (8084,98 manat, faizlər üzrə 1378,39 manat vergi borcunun 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir; İş materiallarında olan vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 23.04.2021-ci il tarixli, **********3 nömrəli qərardan görünür ki, “Əzizbəy-KM” Məhdud Məsuliyyətli Cəmiyyəti vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınmışdır. İş materiallarında olan 27 aprel 2021-ci il tarixli əmlakın siyahıya alınması haqqında protokoldan və əlavə olunmuş siyahıdan görünür ki, siyahıya alınmış əmlak Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, ünvan 2 ünvanında inşa edilmiş çoxmərtəbəli binanın altında yerləşən 40 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsidir (zirzəmidir). Siyahıda zirzəminin “Əzizbəy- KM“ MMC-nin mülkiyyətində olmasını təsdiq edən sənəd kimi Bakı şəhər İcra Hakimiyyəti başçısının 20 may 2005-ci il tarixli, 126 nömrəli sərəncamına istinad edilmişdir. Siyahıya alınmış əmlakın dəyəri 40.000 manat məbləğində müəyyən edilmişdir. İşdəki şəxsi vərəqədən görünür ki, 19.08.2021-ci il tarixə cavabdehin 189823,42 manat vergi borcu olmuşdur. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının 20 may 2005-ci il tarixli, 126 nömrəli sərəncamının surətindən görünür ki, Cavabdehnə Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsindəki 2347-48 saylı məhəllədə 0,3 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilmişdir. İş materiallarında olan X4 (payçı) ilə Cavabdeh MMC (cəmiyyət) arasında bağlanılmış 02 dekabr 2015-ci il tarixli mənzil tikintisi haqqında müqavilədən görünür ki, “Əzizbəy-KM“ MMC ümumi dəyəri 25.000 manat müəyyən edilən ünvan 3 ünvanında yerləşən 2-ci girişin zirzəmi sahəsində 42,5 m2 olan qeyri-yaşayış sahəsini (zirzəmi) payçıya verməyi, payçı isə qeyriyaşayış sahəsini qəbul etməyi və qabaqcadan müəyyən edilmiş haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MMC tərəfindən X3 verilmiş arayışdan görünür ki, Ə.Heydərova 02.12.2015-ci il tarixdə ünvan 3 ünvanında yerləşən 2-ci girişin zirzəmi sahəsində 42,5 m2 olan qeyri-yaşayış sahəsinin dəyərini tam ödəmişdir və cəmiyyətə heç bir borcu yoxdur. İş materiallarında olan X4 (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanılmış 19.03.2019-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən ünvan 3 ünvanında yerləşən 2-ci girişin zirzəmi sahəsində 42.5 m2 olan qeyri-yaşayış sahəsini 02 №-li aktda qeyd olunan avadanlıqlarla birlikdə müvəqqəti istifadə üçün icarəyə vermiş, icarəçi isə onu qəbul etmişdir. Məhkəmə kollegiyası iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı, apellyasiya şikayətini əsassız hesab edir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. İstinad edilən normanın tələbindən göründüyü kimi, vergi borcuna görə tutma yönəldilməsi üçün yalnız vergi ödəyicisinə məxsus əmlak siyahıya alına bilər. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 14.02.2020-ci il tarixli **********043600 nömrəli əmri ilə təsdiq edilmiş “Vergilər, işsizlikdən sığorta, icbai tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair Qaydalar”ın 6.19-cu bəndinə əsasən daşınmaz əmlak və nəqliyyat vasitəsi siyahıya alındıqda ona dair mülkiyyət hüququnu təsdiq edən sənədlər, tikilidə tikintiyə icazə verilməsi barədə sənədlər siyahıya almaya dair materiallara əlavə edilməlidir. Həmin qaydaların 6.40-ci bəndinə əsasən siyahıya alınma zamanı borcların alınması prosesində borclu olan vergi ödəyicisinə məxsus olmayan (3-cü şəxslərin mülkiyyətində olan), girov qoyulmuş, digər şəkildə yüklənmiş və qanunvericiliyə müvafiq qaydada üzərinə həbs qoyulmuş əmlakların siyahıya alınmasına yol verilmir. İş materiallarına siyahıya alınmış daşınmaz əmlakın “Əzizbəy-KM“MMC-nin mülkiyyətində olması barədə sənəd əlavə edilməmişdir. İşdəki sənədlərdən görünür ki, həmin əmlakın (qeyriyaşayış sahəsinin) yerləşdiyi bina Cavabdeh MMC tərəfindən inşa edilsə də, 02.12.2015-ci il tarixdə X4 ilə bağlanmış müqavilə əsasında özgəninkiləşdirilmiş və X4 tərəfindən əmlakın dəyəri tam ödənilmişdir. Bundan sonra həmin əmlak X4 tərəfindən MMC-yə icarəyə verilmişdir. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, siyahıya alınmış əmlakın X2 mülkiyyətində olması barədə sübut olmadığından iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi əsassız olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə razılaşmır və hesab edir ki, yuxarıda istinad edilən normaların tələblərinə əsasən siyahıya alınmış əmlakın vergi ödəyicisinin mülkiyyətində olduğunu sübut etmək vəzifəsi, yəni sübutetmə yükü hazırkı halda iddiaçının üzərinə düşdüyü halda iddiaçı siyahıya almanı həyata keçirərkən 14.02.2020-ci il tarixli Qaydaların 6.19-cu bəndində nəzərdə tutulmuş sənədləri əldə etməmiş, həmin sənədləri sübut qismində məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 01.11.2021-ci il tarixli e-2-2(113)-4349/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 01.11.2021-ci il tarixli e-2-2(113)-4349/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar