Məhkəmə qərarları › İş №2-2(103)-162/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-162/2024

16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-162/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankının cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh3 QSC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 ASC) qarşı “pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh3 QSC-nin nümayəndəsi və vəkili Nümayəndə4 və üçüncü şəxsin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1009/2023 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. QSC "xxxx" Kommersiya Bankı ilə Cavabdeh2 MMC arasında 26 may 2014-cü il tarixli 1xx/xx/3212/14 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən bank tərəfindən cavabdehə 60 ay müddətinə, illik 8 faiz ödənilməsi şərti ilə ******* manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsinin təminatı kimi QSC "xxxx" Kommersiya Bankı (Kreditor) ilə Cavabdeh2 MMC (borc alan) və Cavabdeh3 MMC (zamin) arasında 26 may 2014-cü il tarixli 1xx/xx/3212/14.1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən zamin borclunun bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır.

3. Daha sonra QSC "xxxx" Kommersiya Bankı ilə Cavabdeh2 MMC arasında xx.xx.2014-cü il tarixli 1xx/xx/3212/14 saylı kredit müqaviləsinə 01 saylı xx.xx.2015-ci il tarixli əlavə saziş bağlanmışdır. Sazişə əsasən kreditin 60 ay müddətinə verilməsi və kreditin ödənilməli olduğu son tarix 22 may 2019-cu il müəyyən edilmişdir. Həmçinin kredit müqaviləsinin təminatı kimi QSC "xxxx" Kommersiya Bankı ilə Cavabdeh3 MMC arasında 05 yanvar 2015-ci il tarixli 1xx/xx/3212/14.2 saylı sonrakı girov müqaviləsinə bağlanılmışdır. Müqaviləyə əsasən Cavabdeh1 ASC-nin nominal dəyəri 24 manat olan 843113 ədəd sənədsiz adlı səhmlərini bank qarşısında sonrakı girovla yüklü edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh3 QSC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 ASC) qarşı iddia ərizəsi və daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh2 MMC ilə Bank arasında bağlanmış 1xx/xx/3212/14 saylı 26 may 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 2450451,61 manat məbləğində əsas, 563767,66 manat məbləğində faiz, 260912,28 manat məbləğində cərimə, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 537737.20 manat məbləğində faiz məbləğinin, ümumilikdə isə 3.812.868,75 manat borcun, ödənilmiş 2697,07 manat dövlət rüsumunun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilən 400 manat pul məbləğinin müştərək qaydada Cavabdeh2 MMC-dən və Cavabdeh3 MMC-dən ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulması, Cavabdeh2 MMC-dən tutulmalı olan məbləğin Cavabdeh3 MMC-nin mülkiyyətində olan nominal dəyəri 24.00 manat olan Cavabdeh1 ASC-nin 843.113 ədəd sənədsiz adlı səhminə yönəldilməsi və yönəldikdən sonda girov predmetinin açıq hərracdan satılması, girov predmetləri satıldıqdan sonra kredit müqaviləsi üzrə öhdəliyin lazımınca və tam icra olunmasına kifayət etmədikdə qalan borcun kredit müqaviləsi üzrə cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı bildirir ki, Cavabdeh2 MMC müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 2450451,61 manat, faiz borcu 563767,66 manat, cərimə borcu 260912,28 manat, borcun gecikdirilməsinə görə illik 5 %-lə hesablanan faiz borcu 537737,20 manat, cəmi borcu isə 3.812.868,75 manat təşkil edir.

6. Cavabdeh3 QSC və üçüncü şəxs iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia tələbinin rədd edilməsini xahiş etmişlər.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1009/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi əsasına görə həmin nəticəyə gəlmişdir.

9. İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, QSC "xxxx" KB ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1xx/xx/3212/14 saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ilk dəfə xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Belə ki, xx.xx.2014-cü il tarixli, 1xx/xx/3212/14 saylı kredit müqaviləsinin icra müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. Bundan sonra tərəflər arasında borcun ödənilməsi ilə bağlı şifahi danışıqlar aparılmış və kredit müqaviləsi üzrə iddia müddətinin bitməsinə 46 gün qalmış – xx.xx.2022-ci il tarixli “mediasiya prosesinin tətbiqi barədə təklif” məktubu ilə cavabdehlərə müraciət olunmuşdur. Təklif məktubunun cavabdehlərə göndərilməsi ilə hazırki mübahisə üzrə mediasiya prosesi tətbiq olunmuş və qanunvericiliyin tələbinə uyğun olaraq həmin vaxtdan etibarən iddia müddətinin axımı dayanmışdır. Həmin təklif məktubunun cavabdehlərə çatdırılmasından 10 iş günü keçdikdən sonra iddiaçı tərəfindən Bakı 5 saylı Mediasiya Təşkilatına müraciət olunmuş və qanunvericiliyə uyğun olaraq mediasiya prosesinin sonunda xx.xx.2022-ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış tərtib olunaraq xx.xx.2022-ci il tarixində ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təqdim olunmuşdur. Bundan 9 gün sonra, yəni xx.xx.2022-ci il tarixində Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Lakin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə qərardadında qeyd edilmişdir ki, iddia ərizəsində iki cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir və cavabdehlərin hər birinə qarşı bir-biri ilə əlaqədar olmayan iki ayrıayrı kredit müqaviləsindən irəli gələn tələblər yönəlmişdir. Həmin qərardaddan iddiaçı tərəfindən şikayət verilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(103)-1090/2022 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(103)-1090/2022 saylı qərardadı qanuni qüvvəsini aldıqdan 1 gün sonra, məhkəmə qərarında qeyd olunan çatışmazlıqlar aradan qaldırılaraq xx.xx.2022-ci il tarixdə yenidən mediasiya prosesinin tətbiqi barədə təklif məktubu ilə cavabdehlərə müraciət olunmuşdur. Təklif məktubu cavabdehlərə çatdırıldıqdan 10 iş günü sonra, xx.xx.2022-ci il tarixdə “ilkin mediasiya sessiyası üçün ərizə” ilə Bakı 12 saylı Mediasiya təşkilatına müraciət olunmuşdur. Bakı 12 saylı Mediasiya təşkilatının mediatoru tərəfindən tərəflərə mediasiya prosesində iştirak edilməsi ilə bağlı bildiriş göndərilmiş, lakin cavabdehlər tərəfindən mediatora edilmiş etiraza əsasən xx.xx.2022-ci il tarixdə “mediasiya prosesinə xitam verilməsi haqqında protokol” tərtib edilmişdir. Elə həmin gün – xx.xx.2022-ci il tarixində cavabdehin əsassız etirazlarının qarşısının alınması üçün mediasiya işini Bakı şəhərində yerləşən hər hansı bir mediasiya təşkilatına göndərməsi üçün bank tərəfindən “ilkin mediasiya sessiyasına dair ərizə” ilə Mediasiya Şurasına müraciət olunmuşdur. Mediasiya Şurası həmin ərizəni Bakı 8 saylı Mediasiya təşkilatına göndərmiş və həmin təşkilat tərəfindən ərizə icraata götürülmüşdür. Bakı 8 saylı Mediasiya təşkilatının mediatoru tərəfindən tərəflərə bildiriş göndərilmiş, lakin cavabdehlər mediasiya prosesində iştirak etmədiklərinə görə xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” tərtib olunmuş və Fonda təqdim olunmuşdur. Bundan 10 gün sonra, xx.xx.2022-cü il tarixdə iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Qeyd olunanları nəzərə alaraq hesab edirlər ki, hazırki mübahisə üzrə müqavilə tələbləri üzrə tətbiq olunan 3 illik iddia müddəti bank tərəfindən ötürülməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi, Cavabdeh3 QSC-nin nümayəndəsi və vəkili Nümayəndə4 və üçüncü şəxsin nümayəndəsi və vəkili X2 isə apellyasiya şikayətinə etiraz etdilər.

13. Cavabdeh2 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

15. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

16. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

17. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.

18. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

19. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

20. Həmin Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. 21.Həmin Məcəllənin 381.2-ci maddəsinə əsasən əgər cinayət işində irəli sürülmüş iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı iddianı baxılmamış saxlayan hökm qanuni qüvvəyə minənədək dayandırılır. Müddətin dayandırıldığı vaxt iddia müddətinə daxil edilmir. Bu zaman müddətin qalan hissəsi altı aydan az olduqda altı aya qədər uzadılır.

22. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

23. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

24. Həmin Məcəllənin 739.1-ci maddəsinə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

25. Həmin Məcəllənin 741-ci maddəsinə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) əsasən əfər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

26. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.5-ci maddəsində isə təsbit olunmuşdur ki, mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.

27. Həmin Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

28. Həmin Qanunun 35.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.

31. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1, 741, 462 və 445.7-ci maddələri təşkil edir.

32. Hazırki işdə də müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə əsas və faiz borcunu ödəniş qrafikinə uyğun ödəməməklə Cavabdeh2 MMC QSC "xxxx" Kommersiya Bankı qarşısında üzərinə götürdüyü öhdəlikləri əhəmiyyətli dərəcədə pozmuşdur.

33. Belə ki, kredit borcunun məbləğinin müəyyənləşdirilməsi məqsədilə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/2716 saylı ekspert rəyinə əsasən Cavabdeh2 MMC-nin 26 may 2014-cü il tarixli 1xx/xx/3212/14 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi xx.xx.2019-cu il tarixə "xxxx" KB-yə olan əsas borcu 2.450.451,61 manat və faiz borcu 520.315,86 manat müəyyən edilmiş, o cümlədən bağlanmış 26 may 2014-cü il tarixli 1xx/xx/3212/14 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş iş materiallarında olan hesabdan çıxarış məlumatlarından kredit müqaviləsi üzrə Cavabdeh2 MMC tərəfindən sonuncu ödənişin 30 dekabr 2016-cı ildə aparıldığı qeyd olunmuşdur.

34. Göründüyü kimi ekspert rəyi ilə Cavabdeh2 MMC-nin QSC "xxxx" Kommersiya Bankına ödənilməmiş borcunun mövcudluğu ekspert rəyi ilə müəyyən olunur.

35. Bu mənada kollegiya hesab edir ki, iddia tələbləri qismən əsaslı hesab edilə bilər.

36. Bununla yanaşı, iş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh3 QSC və üçüncü şəxs tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.

37. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır.

38. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/3212/14 saylı kredit müqaviləyə əsasən öhdəliyin icrası müddətinin son tarixi 22 may 2019-cu il olaraq müəyyən edilmişdir.

39. İşdə olan ekspert rəyinə əsasən həmin kredit müqaviləsi üzrə Cavabdeh2 MMC tərəfindən sonuncu ödəniş xx.xx.2016-cı il tarixdə aparılmışdır.

40. Buna görə də müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin axımı 23 may 2019-cu il tarixdən hesablanmalıdır.

41. Eyni zamanda işdən görünür ki, iddiaçı LPO QSC “Bank Standart” Kommersiya Bankı tərəfindən birinci dəfə 06 aprel 2022-ci il tarixli **********959 saylı “Mediasiya prosesinin tətbiqi barədə təklifi” məktubu tərtib edilmişdir. Həmin təklif 29 aprel 2022ci il tarixdə elektron qaydada cavabdehə göndərilmişdir.

42. Həmçinin işdən görünür ki, 5 saylı Mediasiya Təşkilatı tərəfindən 16 may 2022-ci il tarixli mediasiyaya dəvət məktubu göndərilmişdir. Məktuba əsasən ilkin mediasiya sessiyası 26 may 2022-ci il tarixə təyin olunmuşdur.

43. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

44. Həmin Qanunun 21.5-ci maddəsində isə təsbit olunmuşdur ki, mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.

45. Göründüyü kimi iddiaçı kredit müqaviləsi üzrə öhdəliyin icrasını tələb etmək hüququnun yarandığı gündən üç il müddətin tamamlanmasına (xx.xx.2022) 24 gün qalmış, yəni xx.xx.2022-ci il tarixində mediasiya prosesinin tətbiqi barədə qarşı tərəfə təklif göndərmiş və məhz həmin tarixdən də iddia müddətinin axımı dayandırılmışdır.

46. İddiaçının bu təklifi əsasında 26 may 2014-cü il tarixli 1xx/xx/3212/14 saylı kredit müqaviləsi üzrə mediasiya prosesi başlanmış və mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 16 iyun 2022-ci il tarixli arayış tərtib edilmişdir.

47. İddiaçının təqdim etdiyi həmin arayışdan görünür ki, o, banka 29 iyul 2022-ci il tarixdə daxil olmuşdur.

48. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

49. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən iddia müddətinin axımı 30 iyul 2022-ci il tarixdən həmin gün də daxil olmaqla hesablanmağa davam etmişdir.

50. Həmin tarixdən 9 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə iddiaçı birinci dəfə iddia müddətinin bitməsinə 15 gün (24-9) qalmış Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir.

51. Bununla yanaşı, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 4555/2022 saylı qərardadı ilə iddiaçı tərəfindən 2 may 2014-cü il tarixli 1xx/xx/1592/14 saylı və xx.xx.2014-cü il tarixli 1xx/xx/3212/14 saylı kredit müqavilələri üzrə mediasiya sessiyasında iştirakla bağlı arayışları ayrı-ayrılıqda təqdim etməli olduğu halda, yalnız 1 ədəd ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı təqdim etməsi əsası ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

52. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 01 noyabr 2022-ci il tarixli 2-2(103)-1090/2022 saylı qərardadı ilə iddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC tərəfindən verilmiş şikayət təmin edilməmiş və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4555/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

53. Mülki Məcəllənin 381.1-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.

54. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməsi iddia müddətinin axımının kəsilməsinə səbəb olmamış və həmin müddətin axımı ümumi qaydada davam etmişdir.

55. Belə olan halda isə 3 illik iddia müddəti 22 avqust 2022-ci il tarixdə bitmişdir.

56. Eyni zamanda işdən görünür ki, iddiaçı tərəfindən ikinci dəfə “Mediasiya prosesinin tətbiqi barədə təklifi” məktubu 02 noyabr 2022-ci il tarixdə cavabdehlərə göndərilmişdir.

57. Bu hal isə iddia müddətinin dayandırılmasına səbəb olmamışdır. Çünki yuxarıda da qeyd edildiyi kimi iddia müddəti 22 avqust 2022-ci il tarixdə artıq bitmişdir.

58. Göründüyü kimi iddiaçı tərəfindən üç illik iddia müddəti ötürülmüşdür.

59. Beləliklə, iddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdən sonra ödənişlərin aparıldığını təsdiq edən sübutların təqdim edilmədiyini, yəni hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq və Mülki Məcəllənin 375.2 və 376-cı maddələrinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, əsas öhdəlik olan kredit müqaviləsi üzrə borcluya qarşı irəli sürülmüş iddia tələbləri, habelə əlavə tələblər üzrə zamin və girov qoyana qarşı irəli sürülmüş iddia tələbləri iddia müddətinin keçməsi səbəbinə görə rədd edilməlidir.

60. Apellyasiya şikayətinin dəlilləri isə əsaslı hesab edilə bilməz.

61. Belə ki, Mülki Məcəllənin 380.1-ci maddəsində iddia müddətinin axımının kəsilməsinə səbəb olan iki hal müəyyən edilmişdir. Birincisi – tələbkar tərəfindən müəyyənləşdirilmiş qaydada iddianın irəli sürülməsi, ikincisi – borclu şəxs tərəfindən borcu etiraf etməsini göstərən hərəkətlərin edilməsi.

62. Mülki Məcəllənin 380.2-ci maddəsinin dispozisiya şərtlərinə əsasən isə müəyyən edilir ki, iddia müddətinin axımı kəsildikdə, keçmiş vaxt yeni müddətə daxil edilmir, yəni iddia müddəti sıfırlanır və yenidən hesablanmaya başlanır. Məsələn borclu tərəfindən qismən ödəniş edildiyi halda iddia müddətinin axımı kəsilir və yeni müddətin hesablanması başlanır.

63. Tələbkar tərəfindən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldüyü halda isə başqa nəticə yaranır. Belə ki, bu halda iddia müddətinin axımı kəsilir, işə baxıldığı bütün müddət üzrə iddia müddətinin hesablanmasında fasilə yaranır və mübahisəni mahiyyəti üzrə həll edən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər yeni müddətin hesablanması başlanmır. Həmin qərarla tərəflər arasında olan bütün mübahisə həll edildikdə mübahisəyə son qoyulur, mübahisə qismən həll edildikdə isə (məsələn: kredit müqaviləsi üzrə tam borc deyil, onun bir hissəsinin ödənilməsi tələbi irəli sürülür və s.) yeni müddətin hesablanması başlanır.

64. Bununla yanaşı, iddia müddətinin axımının kəsilməsinə səbəb olan tələbkarın iddiası mahiyyəti üzrə həll olunmadan baxılmamış da saxlanıla bilər. Bu halda isə Mülki Məcəllənin 381.1-ci maddəsində müəyyən edilən nəticə yaranır və iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Yəni həmin iddianın irəli sürülməsi artıq iddia müddətinin axımının kəsilməsinə səbəb olmur və iddia irəli sürüldüyü gündən baxılmamış saxlanıldığı günədək olan müddət başlanmış iddia müddətindən çıxılmır.

65. Kollegiya izah edir ki, əks yanaşma, yəni həmin müddətin başlanmış iddia müddətindən çıxılması iddia müddətinin kəsilməsi anlayışına ziddir. Çünki yuxarıda qeyd edildiyi kimi iddia müddətinin axımının kəsilməsi müddətin dayandırılmasına deyil, sıfırlanaraq yenidən hesablanması ilə nəticələnir. 66.Yalnız cinayət işində irəli sürülmüş iddiaya dair qanunvericilikdə başqa qayda müəyyən edilmişdir.

67. Belə ki, Mülki Məcəllənin 381.2-ci maddəsində müəyyən edilmişdir ki, əgər cinayət işində irəli sürülmüş iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı iddianı baxılmamış saxlayan hökm qanuni qüvvəyə minənədək dayandırılır. Müddətin dayandırıldığı vaxt iddia müddətinə daxil edilmir. Bu zaman müddətin qalan hissəsi altı aydan az olduqda altı aya qədər uzadılır. 68.Göründüyü kimi Mülki Məcəllə cinayət işində irəli sürülmüş iddiaya dair başqa qaydanı, yəni həmin iddianın irəli sürülməsini iddia müddətinin kəsilməsi kimi deyil, dayandırılması kimi müəyyən etmişdir.

69. Bu baxımdan kollegiya qeyd edir ki, iddiaçının birinci dəfə məhkəməyə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən həmin iddianın baxılmamış saxlanması barədə qərardadın qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixə qədər olan müddətin iddia müddətindən çıxılması üçün əsaslar mövcud deyil və həmin müddət də axımı xx.xx.2019-cu il tarixdən başlanmış iddia müddətinə daxil edilir.

70. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

71. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1009/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar