Məhkəmə qərarları › İş №2-2(103)-165/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-165/2022

18.01.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-165/2022 18.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-999/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 05.10.2021-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı "xxxx" ASC cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaz İxrac İdarəsinin Abşeron MQKS-nin istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 15171,54 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməs barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək, borc məbləğinin bir hissəsi ödənildiyindən cavabdehdən 5580 manat borc və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 05.10.2021-ci il tarixli e-2-2(113)-999/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsindən elektrik enerjisi üzrə yaranmış 986,37 manat (doqquz yüz səksən altı manat otuz yeddi qəpik) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5 (beş) manat olmaqla, cəmi 991,37 manat (doqquz yüz doxsan bir manat otuz yeddi qəpik) məbləğində pulun iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə2 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İş materiallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi bağlanmışdır. İddiaçı bildirir ki, elektrik enerjisinin istehlakına görə cavabdehin 986,37 manat borcu mövcuddur. Lakin sonuncu həmin borcu ödəməkdən yayınır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, elektrik enerjisinin istehlakına görə 986,37 manat borcun yaranması sübut olunmur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır. Belə ki, "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.14-cü bəndində təsbit olunmuşdur ki, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. İş materiallarında olan abonentin saldosundan da görünür ki, cavabdehin ümumilikdə 5580 manat borcu mövcuddur. Həmin borcdan aktlar üzrə borcları çıxdıqda isə müəyyən olunur ki, cavabdehin elektrik enerjisinin istehlakına (sayğac göstəricilərinə) görə 986,37 manat borcu mövcuddur. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı 986,37 manat borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və birinci instansiya məhkəməsi də düzgün olaraq həmin hissədə iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-999/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 05.10.2021-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar