Məhkəmə qərarları › İş №2-2(103)-165/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-165/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-165/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi X2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun müştərək qaydada tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, e-2-2(113)-407/2023 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 14 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 9624,19 manat əsas borc, 978,28 manat faiz borcu və 110,89 manat cərimə borcu olmaqla, ümumilikdə 10713,36 manat məbləğində kredit borcunun və ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 14 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 36 ay müddətinə 15000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 və Cavabdeh2 ilə 14 oktyabr 2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Kreditin müddəti 12 may 2020-ci il tarixli Əlavə Sazişə əsasən 14 yanvar 2023-cü il tarixədək, 29 oktyabr 2020-ci il tarixli Əlavə Sazişə əsasən isə 14 oktyabr 2023-cü il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci il iyulun 29-dək Cavabdeh3 banka 14 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 9624,19 manat əsas borc, 978,28 manat faiz borcu və 110,89 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 10713,36 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır.

3. Bakı Kommersiya Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, e-2-2(113)-407/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 14 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 9624 (doqquz min altı yüz iyirmi dörd) manat 19 (on doqquz) qəpik əsas borc, 223 (iki yüz iyirmi üç) manat 36 (otuz altı) qəpik faiz borcu, 110 (yüz on) manat 89 (səksən doqquz) qəpik cərimə borcu olmaqla, ümumilikdə 9958 (doqquz min doqquz yüz əlli səkkiz) manat 44 (qırx dörd) qəpik məbləğində pulun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 186 (yüz səksən altı) manat məbləğində pulun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ekspertiza xərci olaraq 140 (yüz qırx) manat məbləğində pulun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 10 (on) manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.

4. Cavabdeh3 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinine-2- 2(113)-407/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsinin məznunundanda göründüyü kimi, MəcidovXətai Maqbet oğlu 14 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 36 ay müddətinə 15000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 və Cavabdeh2 ilə 14 oktyabr 2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Kreditin müddəti 12 may 2020-ci il tarixli Əlavə Sazişə əsasən14 yanvar 2023-cü il tarixədək, 29 oktyabr 2020-ci il tarixli Əlavə Sazişə əsasən isə 14 oktyabr 2023-cü il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş 29 iyul 2022-ci il tarixli maliyyə arayışından görünür ki, bank tərəfindən arayışın verildiyi tarixə kredit müqaviləsi üzrə əsas borc üzrə 9624,19 manat, faiz borcu üzrə isə 978,28 manat hesablanmışdır. Lakin məhkəmə həmin maliyyə arayışını sübut kimi mülki işə əlavə edərkən qeyd olunan sənədin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmasına diqqət yetirməmişdir. Belə ki, hər hansı müəssisə, idarə və ya təşkilatın maliyyə sənədi həmin təşkilatın rəhbəri və maliyyə qurumunun vəzifəli şəxsi, baş mühasibi və ya mühasibi tərəfindən imzalanmalıdır. Ona görə də, həmin arayış ciddi maliyyə sənədi kimi qəbul edilə bilməz. Bildirirəm ki, 2019-cu ilin sonlarından etibarən pandemiya dövrü başlananadək kredit müqaviləsi üzrə borcumu ödəniş cədvəlinə uyğun vaxtında ödəmiş, lakin pandemiya ilə əlaqədar sahibkarlıq fəaliyyətinə qoyulan məhdudiyyətlərlə bağlı, eləcə də cavabdehin ailə və maddi vəziyyətinin pisləşməsi ilə əlaqədar bir müddət kreditin ödənişində müəyyən ləngimələr olmuş, fasilələr yaranmışdır. Bütün çətinliklərə baxmayaraq təkcə 2021-2022-ci illər ərzində tərəfimdən kredit borcu üzrə təqribən 9.000 manata yaxın məbləğdə ödənişlər edilmişdir. Ümumilikdə isə qrafik üzrə əvvəlki ödənişlər də daxil olmaqla təxminən 12.000 manatdan artıq pul vəsaiti ödəməyinə baxmayaraq kredit borcunun ümumi məbləği cüzi şəkildə azalmışdır. Hesab edir ki,məhkəmədə iddia qaldırılarkən bank tərəfindən kredit məbləği üzrə əsas, faiz və cərimə borcu süni şəkildə şişirdilərək düzgün hesablanmamış, kredit borcu üzrə ödəmələri ilk növbədə əsas borc məbləğinin ödənilməsinə yönəltmək əvəzinə, əsassız olaraq artıq hesablanmış faiz və cərimə borclarının silinməsinə yönəltmişdir. Nəticədə əsas borc məbləğindən vaxtlıvaxtında silinmələr aparılmadığına görə borc məbləği artıq hesablanmışdır. Bundan əlavə, heç bir zərurət olmadan 2020-ci ildə, qlobal “COVİD-19” pandemiyasının tüğyan etməsi ilə əlaqədar məhdudlaşdırmaların tətbiq olunduğu bir şəraitdə bankın təşəbbüsü və təkidi ilə kredit müqaviləsi üzrə 2 dəfə restrukturizasiyanın aparılması, faiz və cərimə borcu üzrə məbləğlərin əsas borc kimi kapitallaşdırılması cavabdehləri həmin dövrədək kifayət qədər ödənişlər edilməsinə baxmayaraq, bank qarşısında çıxılmaz vəziyyətə salmışdır. Lakin məhkəmə tərəfindən də bütün bu xüsusatlar tam və hərtərəfli araşdırılmamış, qətnamə çıxarılarkən nəzərə alınmamışdır. Bundan əlavə, iddia ərizəsində göstərilmişdir ki, guya mən kredit borcu üzrə öhdəliyi icra etməkdən qəsdən boyun qaçırıram. Bu tamamilə əsassız və yalandır! Mən bu gün də kredit borcumun ödənişi zamanı məndən asılı olmayan müəyyən səbəblərə görə (ilk növbədə pandemiya ilə bağlı) problemlərlə üz-üzə qalmışam və bu hallar bank tərəfindən nəzərə alınmamış, əksinə mənim əlverişsiz vəziyyətimdən bank sui-istifadə edərək daha çətin vəziyyətə salmışdır. Mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasına dair 14 mart 2023-cü il tarixli 9/1110 nömrəli ekspert rəyi üzrə tədqiqat zamanı da işin halları birtərəfli qaydada, yalnız bank tərəfinin təqdim etdiyi məlumatlara istinad etməklə aparılmış və düzgün olmayan nəticəyə gəlinmişdir. Hesab edirəm ki, iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli, kredit borcunun məbləği ödənişlər nəzərə alınmaqla yenidən araşdırılmalıdır. Azərbaycan Respublikası MM-nin 741-ci maddəsinə (borc üzrə faizlər) əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddənin məzmunundan göründüyü kimi, qanunverici faizlərin müvafiq surətdə bir ilin sonunda ödənilməli olduğunu nəzərdə tutur. Ancaq nədənsə, kredit müqaviləsində göstərilib ki, faizlər aylar üzrə, əsas borcla birlikdə ödənilməlidir. Deməli, kredit müqaviləsi və ona sonradan edilən əlavələr imzalanarkən, qanunun tələblərinə əməl edilməyib, onun və zaminlərin bu məsələləri vaxtında bilməməklərindən istifadə edərək, MM-nin 337-ci maddəsi ilə etibarsız hesab edilməli bir müqavilə bağlanılmışdır. Qanunun bu normasını da rəhbər tutub, kredit müqaviləsinin etibarsız əqd hesab edilməsi barədə tərəflərindən məhkəmədə iddia qaldırıla və bu mübahisə aylarla uzana bilər. Lakin mənəvi səbəblərdən bunu da etmək istəmir və razılaşdırılmış müddətədək müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən də imtina etmirlər. Bununla əlaqədar cavabdehlərin kreditin ödənilməsi üçün şərait yaradılmasına dair xahiş ilə banka dəfələrlə yazılı və şifahi müraciətlər etməsinə baxmayaraq, nə bank, nə də məhkəmə tərəfindən həmin xahiş nəzərə alınmamışdır. Hesab edir ki, məhkəmə tərəfindən mülki işə baxılarkən iş üçün əhəmiyyəti olan bütün faktiki hallar tam, hərtərəfli və obyektiv araşdırılmamış, işə səthi və qeyri-obyektiv mövqedən yanaşılmış, düzgün qərar qəbul edilməmişdir. Beləliklə də, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının tələbləri, nəticədə isə cavabdehlərin hüquqları və qanunla qorunan mənafeləri əhəmiyyəli dərəcədə pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

9. Digər Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Həmin Məcəllənin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

12. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

13. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

14. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etsə də, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız Cavabdeh3 tərəfindən verildiyini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız kredit borcuna (əsas, faiz və cərimə) aid hissədə yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı həddində iddia əsaslıdır.

17. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1-ci maddəsii təşkil edir.

18. Kreditor "xxxx" İKB ASC (indiki İddiaçı ASC) ilə Cavabdeh3 (Borc alan) arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 11-MZ2-1-0-2558-19 saylı kredit müqaviləsinə əsasən, Kreditor Borcalana biznes fəaliyyəti məqsədi ilə 15000 manat məbləğində kredit verir (1.1, 1.2), kredit 36 ay müddətinə verilir (2.3).

19. Müqavilənin 2.4-cü bəndinə əsasən kreditin istifadəsinə görə borc alan kreditora illik 30% ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 30% təşkil edir. Kreditor 2.4.1-2.4.3-cü bəndlərdə qeyd olunan hallardan biri və ya bir neçəsi baş verdikdə, bu bənddə qeyd edilmiş faiz dərəcəsi üzrə hesablanmış borcun tələbindən həmin bəndlərdə göstərilən həcmdə imtina edə bilər.

20. Müqavilənin 4.1 və 4.2-ci bəndlərinə əsasən kredit vəsaitinin hərəkəti Kreditor tərəfindən Borc alan üçün açılan bank hesabı ilə təmin edilir, kredit vəsaiti müqavilə qüvvəyə mindiyi gündən gec olmayaraq kreditor tərəfindən borc alanın hesabına köçürülür, borc alan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir.

21. Adıçəkilən müqaviləyə əlavə olunan ödəniş cədvəlindən görünür ki, 15000 manat kredit məbləğini illik 25% ilə qaytarmaq şərti ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixə hər ay üçün qrafikdə göstərilmiş annuitet məbləğini ödəmək barədə iddiaçı və Cavabdeh3 razılığa gəlmişlər.

22. Adıçəkilən kredit müqaviləsinə xx.xx.2020-ci il tarixdə bağlanmış 1 saylı Əlavə sazişə əsasən müqavilə üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 13426,40 manat təşkil edir (1.1.2), müqavilə üzrə kreditin müddəti xx.xx.2023-cü il tarixədək uzadılır (1.1.3), müqavilə üzrə kreditin illik faiz dərəcəsi 25% təşkil edir və əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 ay təşkil edir (1.1.4), borc alan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir (1.1.5).

23. Əlavə sazişə əlavə olunan ödəniş cədvəlindən görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə hər ay üçün qrafikdə göstərilmiş annuitet məbləğini ödəmək barədə iddiaçı və Cavabdeh3 razılığa gəlmişlər.

24. Kredit müqaviləsinə xx.xx.2020-ci il tarixdə bağlanmış 1 saylı Əlavə sazişə əsasən müqavilə üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 14983,12 manat təşkil edir (1.1.2), müqavilə üzrə kreditin müddəti xx.xx.2023-cü il tarixədək uzadılır (1.1.3), müqavilə üzrə kreditin illik faiz dərəcəsi 25% təşkil edir və əsas borc və faiz borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 ay təşkil edir (1.1.4), borc alan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir (1.1.5).

25. Həmin Əlavə sazişə əlavə olunan ödəniş cədvəlindən görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə hər ay üçün qrafikdə göstərilmiş annuitet məbləğini ödəmək barədə iddiaçı və Cavabdeh3 razılığa gəlmişlər.

26. Qeyd olunan kredit müqaviləsi, kredit müqaviləsinə əlavə sazişlər və ödəniş cədvəlləri iddiaçı və Cavabdeh3 tərəfindən imzalanaraq təsdiq edilmişdir.

27. Hazırki işdə də müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh öz öhdəliklərini pozmuş və kredit müqaviləsi üzrə ödənişləri vaxtında həyata keçirməmişdir.

28. 29 iyul 2022-ci il tarixli maliyyə arayışından görünür ki, arayışın verildiyi tarixə kredit müqaviləsi üzrə əsas borcu 9624,19 manat, faiz borcu isə 978,28 manat təşkil edir.

29. Kredit borcunun məbləğinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış 14 mart 2023-cü il tarixli 9/1110 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2019-cu il tarixli 11-MZ2-1-0-2558- 19 saylı kredit müqaviləsi üzrə (Əlavə sazişlər nəzərə alınmaqla) 29 iyul 2022-ci il tarixə (maliyyə arayışının verildiyi) əsas borc 10347,39 manat, faiz borcu 223,36 manat təşkil edir.

30. Birinci instansiya məhkəməsi əsas borcun və cərimə borcunun tutulması hissəsində iddianı tam təmin etmiş, faiz borcunun tutulması hissəsində isə iddianı qismən təmin etmişdir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

32. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

33. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

34. Hazırkı məhkəmə araşdırması zamanı 14 mart 2023-cü il tarixli 9/1110 nömrəli ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul edir.

35. 14 mart 2023-cü il tarixli 9/1110 nömrəli ekspert rəyində xx.xx.2019-cu il tarixli 11- MZ2-1-0-2558-19 saylı kredit müqaviləsi üzrə (Əlavə sazişlər nəzərə alınmaqla) 29 iyul 2022-ci il tarixə (maliyyə arayışının verildiyi) əsas borc 10347,39 manat, faiz borcu 223,36 manat müəyyən edilmişdir.

36. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 80 manat ödəniş edilmiş və həmin məbləğ əsas borcdan silinmişdir.

37. xx.xx.2019-cu il tarixli 11-MZ2-1-0-2558-19 saylı kredit müqaviləsi üzrə əsas borc ekspert rəyinə əsasən 10347,39 manat müəyyən olunsa da, iddiaçı 9624,19 manat əsas borc tələb edir. Həmçinin xx.xx.2023-cü il tarixdə 80 manat ödəniş də əsas borc məbləğindən (10347,39-80) silinmişdir.

38. Birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmamaqla 9624,19 manat əsas borcun cavabdeh tərəfindən iddiaçıya ödənilməsi nəticəsinə gəlmişdir.

39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir

40. İddiaçı 29 iyul 2022-ci il tarixə kredit müqaviləsi üzrə faiz borcu üzrə 978,28 manat tələb etmişdir.

41. İşdə olan xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehlərdən tələb etdiyi borcun məbləğini konkret olaraq göstərməmişdir.

42. Faiz borcunun tutulması hissəsində birinci instansiya məhkəməsi ekspert rəyini əsas tutaraq iddianı qismən təmin etməklə 223,36 manat tutulması barədə düzgün nəticəyə gəlmişdir.

43. Bundan başqa, tərəflər arasında imzalanmış Kredit müqaviləsinin 4.8-ci bəndinə görə, kredit ödənişləri üzrə gecikmə 15 günədək olduqda gecikdirilmiş kredit ödənişinin əsas borc məbləğinə gündəlik 5% dəbbə pulu, gecikmənin 16-cü günündən başlayaraq kreditor müqavilənin 2.4-cü bəndində nəzərdə tutulmuş faiz borcunu tələb hüququnu tam olaraq bərpa edir və borcalan həmin bənddə nəzərdə tutulmuş 30% dərəcəsilə hesablanmış faizləri kreditora ödəməlidir.

44. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

45. Birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının tələb etdiyi cərimə məbləğinu ağlabatan və ədalətli hesab etməklə 110,89 manat məbləğində pulun cavabdeh tutularaq iddiaçıya ödənilməsi nəticəsinə gəlmişdir.

46. Apellyasiya şikayətində göstərilən dəlillərə dair kollegiya qeyd edir ki, iddiaçının istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəli, hesabdan çıxarış, maliyyə arayışında olan məlumatlar və ekspert rəyi ilə təsdiq olunur.

47. Cavabdehin iddiaçıya etdikləri bütün ödənişlərin əksər hissəsinin faiz və cərimə borcuna çıxılması ilə bağlı qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2-ci bəndinə əsasən kredit müqaviləsinə uyğun olaraq borclu tərəfindən aparılan ödənişlərin kreditor tərəfindən akseptsiz qaydada 1) bu müqavilənin 3.2.1-ci yarımbəndində nəzərdə tutulmuş ödənişlər (əgər varsa); 2) borclunun öhdəliklərini lazımınca icra etməməsi səbəbindən kreditorun ödəmiş olduğu məhkəmə və digər xərclər; 3) əmlak sığortası müqaviləsi üzrə sığorta haqları (əgər varsa); 4) dəbbə pulu (əgər varsa); 5) hesablanmış faizlər (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla); 6) əsas borc üzrə ödənişlərə yönəldilməsi nəzərdə tutulmuşdur. Odur ki, iddiaçı tərəfindən hər hansı pozuntunun edilməsi müəyyən edilmir.

48. Hazırkı məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, yenidən məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsi üçün əsaslar mövcud deyildir.

49. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

50. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

51. Həmçinin, mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

52. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-407/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar