Məhkəmə qərarları › İş №2-2(103)-165/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-165/2025

11.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-165/2025 11.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, yaşayış sahəsinin qanunsuz sökülməsi ilə bağlı kompensasiyanın ödənilməsi, əldən çıxmış fayda, maddi ziyan, ədalətli tarazlıq) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, İddiaçı1 və onun nümayəndəsi (vəkili) Nümayəndə Rüfət oğlunun, Cavabdeh MTK-nın nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi, zərərin əvəzinin, kirayə haqqının ödənilməsi” tələblərinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı1 nümayəndəsi (vəkili) tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində istifadədə olan 0,0137 hektar torpaq sahəsində yerləşən 29 nömrəli 1 mərtəbəli binada 31,92 m2 ümumi, 18,62 m2 yaşayış sahəsindən ibarət 1 otaqlı 36 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə 2/3 hissədə İddiaçı1, 1/3 hissədə İddiaçı2 adlarına daşınmaz əmlakın dövlət reyestrində 273 nömrəli reyestr kitabının 26293 nömrəli vərəqində 10 yanvar 2007-ci il tarixdə qeydiyyata alınmışdır.

2. Cavabdeh MMC-yə çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsinə icazə verilməsi haqqında” Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 24 oktyabr 2016-cı il tarixli 350 saylı sərəncamına əsasən, Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 2,99 ha torpaq sahəsinin Cavabdeh MMC-nin daimi istifadəsinə verilməsi, Cavabdeh MMC-yə ayrılmış torpaq sahəsini yerində qəbul etməsi və onun sanitar vəziyyətinə nəzarət etməsi, ayrılmış torpaq sahəsinə Cavabdeh MMC tərəfindən qanunla nəzərdə tutulmuş qaydada istifadə hüququ əldə edilməsi, ərazinin və obyektin memarlıq-planlaşdırma həllini layihələndirmə ərəfəsində RİH ilə razılaşdırılması, tikinti işlərinə başlamazdan öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınmasının Cavabdeh MMC-yə tapşırılması, ərazidə layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş Plan işlənilməzdən əvvəl həmin kommunikasiya xətlərinin köçürülməsinin RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla Cavabdeh MMC-nin vəsaiti hesabına həyata keçirilməsi, rayonun Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində yerləşən yaşayış binalarının sakinlərinin qarşılıqlı razılaşma əsasında yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində yerləşən yaşayış binalarının sökülməsi qərara alınmışdır.

3. Nərimanov Rayon İcra Hakimiyyəti ilə Cavabdeh MMC arasında 30 oktyabr 2016-cı il tarixdə müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndində göstərilmişdir ki, müqavilənin predmeti şirkət tərəfindən Nərimanov rayonu, Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) sökülməsi, həmin ərazidə yaşayan sakinlərin aylıq müavinətlər verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülməsi, sözügedən ərazilərdə yeni yaşayış binalarının tikilməsi və müvəqqəti yaşayış sahələrinə köçürülmüş sakinlərin yeni yaşayış sahələrinə köçürülməsini təmin etməkdir.

4. Müqavilənin 2.4-cü bəndinə əsasən, müqavilə öhdəliyi üzrə yeni yaşayış binalarının tikilib istismara qəbul edilməsinədək sakinlərə aylıq kirayə müavinətlərinin qabaqcadan ödənilməsini təmin etmək; 2.5-ci bəndinə əsasən, hər bir mənzilin mülkiyyətçisinə yeni yaşayış binalarında sökülən mənzillərin sahəsindən 20% artıq olmaqla razılaşdırılmış mərtəbələrdə yaşayış sahəsi ilə təmin etmək şirkətin vəzifəsidir.

5. 19 may 2017-ci il tarixli texniki rəydə qeyd edilmişdir ki, ünvan 1 binanın 36cı mənzili 10 yanvar 2007-ci il tarixli ******* saylı çıxarışa əsasən vətəndaşlar İddiaçı1 və İddiaçı2 mülkiyyətindədir. Mənzil birinci mərtəbədə yerləşir, ümumi sahəsi 64,65 m2 təşkil edir. ünvan 1 binanın 36-cı mənzili hal-hazırda qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Vətəndaşların xahişini, təqdim edilmiş sənədləri və Mənzil Məcəlləsinin 20 və 21-ci maddələrini nəzərə alan komissiya, mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsini mümkün hesab etmişdir.

6. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının “ünvan 1 evin 36 saylı mənzilinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında” 22 may 2017-ci il tarixli 209 saylı sərəncamına əsasən, ünvan 1 ünvanda yerləşən, sahəsi 64,65 m2 olan 36 saylı mənzilin mövcud istifadə vəziyyətində qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilməsi, göstərilən mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə zamanı mövcud qanunvericiliyin tələblərinə, müvafiq norma, qaydalara riayət olunmasının vətəndaşlar İddiaçı1 və Z.F.Abbasova tapşırılması, ünvan 1 ünvanda yerləşən 36 saylı mənzilin mövcud istifadə vəziyyətində qeyri-yaşayış sahəsi kimi müvafiq qaydada sənədləşdirilməsi məqsədilə Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-yə müraciət edilməsinin vətəndaşlar İddiaçı1 və Z.F.Abbasova tövsiyə olunması qərara alınmışdır.

7. 24 may 2017-ci il tarixli “Tikinti obyektinin istismarına icazə” ilə, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin istismarına icazə verilmiş, obyektin ümumi sahəsinin 64,65 m2, ümumi torpaq sahəsinin 81,4 m2 təşkil etdiyi göstərilmişdir.

8. İddiaçı1 Bakı şəhəri Vergilər Departamentinin 2 saylı filialı tərəfindən vergi ödəyicisi kimi ********** VÖEN nömrəsi ilə ünvan 2 ünvanı üzrə uçota alınmış, uçota alınma tarixi xx.xx.2007-ci il tarixi olmaqla, obyektin (təsərrüfat subyektinin) adı “Çinar” Kafesi kimi qeyd olunmuşdur.

9. Kommunal xidmətlərə (istismara qəbulla bağlı və s.) sənədlərə görə, “Çinar” kafesində qaz və elektrik enerjisi verilişi xətləri istismara yararlı olmuş, müvafiq sayğaclar quraşdırılmış, texniki şərtlərə və s. məqamlara ciddi riayət edilmişdir.

10. İddiaçı1 Əsgər oğlu 15 avqust 2020-ci il tarixdə Nərimanov RPİ-nin 18-ci PŞ-yə şikayət ərizəsi ilə müraciət edərək göstərmişdir ki, 13 avqust 2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən, mülkiyyətində olan “Kapitan” kafesi Cavabdeh MTK tərəfindən qanunsuz olaraq sökülmüş və içərisində olan avadanlıqlar yerində aşkar edilməmişdir.

11. Həmin ərizə əsasında toplanmış material Nərimanov RPİ İŞ-də araşdırılmış, 19 oktyabr 2020-ci il tarixli qərarla mübahisənin mülki xarakterli olduğu əsas göstərilməklə cinayət işinin başlanması rədd edilmişdir.

12. Cavabdeh MMC-nin direktorunun həmin qərarda əks olunmuş izahatında aşağıdakılar göstərilmişdir: “...Təxminən 3 ilə yaxındır ki, Nərimanov rayonu Qarabağ, T.Şıxəliyev küçələrinin və Xətai prospektinin kəsişmələrində “pilot” layihə üzrə tikinti ilə məşğul olurlar. Həmin ünvanlarda 200-dən artıq sakinlərlə razılaşmışlar və 4 binanı tam tikib sakinlərə təhvil vermişlər. Bu müddət ərzində rəhbəri olduğu Cavabdeh MTK-dan heç bir şikayət, narazılıq olmamışdır. Vətəndaş İddiaçı1 Əsgər oğluna məxsus Xətai prospekti 29, mənzil 36 ünvanında yerləşən mülkiyyəti onların layihəsində olduğundan sökülməli idi. Bununla bağlı onlar mülkiyyətçi ilə söhbətlər aparmışlar və ona bildirmişlər ki, Nazirlər Kabinetinin 86 saylı qərarı ilə Nərimanov rayon İcra Hakimiyyətinin sərəncamına əsasən qanun çərçivəsində mülkiyyətində olan nə varsa əvəzləndiriləcəkdir. Lakin mülkiyyətçi İddiaçı1 onlardan artıq tələblər irəli sürdüyü üçün danışıqları baş tutmamışdır. Bundan sonra onlar müqavilə bağlayıb köçürtdükləri ərazidə söküntü və qazıntı işləri aparmağa başlamışlar. Fövqəladə Hallar Nazirliyinin verdiyi rəydə göstərilən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış binalarının istismara yararsız olduğu qeyd olunduğu üçün onlar qazıntı işlərinə başlamamış Nərimanov RİH-in nümayəndələri ilə birlikdə komissiya təşkil etmişlər, mübahisəli qeyri-yaşayış sahəsinin istifadəyə yararsız olması haqqında akt tərtib edilmişdir. Eyni zamanda həmin aktda qeyri-yaşayış sahəsinin neçə m2 olması da göstərilmişdir. Qazıntı işləri aparılan zaman istismar müddəti bitmiş və yararsız halda olan mülkiyyət uçaraq yararsız hala duşmuşdur. Bununla belə, onlar İddiaçı1 mülkiyyətinin qanunla nəzərdə tutulmuş qaydada, yəni təhvil verilən günə qədər kirayə haqqı ödəmək şərti ilə əvəzləşmə müqaviləsi bağlamağa hazırdırlar”.

13. Cavabdeh MTK 20 may 2022-ci il tarixdə iddia ərizəsi Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 22 may 2017-ci il tarixli 209 nömrəli sərəncamının ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli qərardadı ilə Cavabdeh MTK tərəfindən iddia müddəti ötürlüdüyündən iddia ərizəsi qeyrimümkün sayılmışdır.

14. Bakı İnzibati Məhkəməsinin qərardadı Bakı Apellyasiya Məhkəməsinin 01 mart 2023-cü il tarixli qərardadı ilə, apellyasiya instansiyası məhkəməsinin aktı isə Ali Məhkəmənin 13 iyun 2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəmələrində icraat və qəbul olunmuş məhkəmə aktları

a) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsindəki icraat

15. İddiaçı1 və İddiaçı2 (iddiaçı və ya iddiaçılar) Cavabdehnə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətlərində olan qeyri-yaşayış obyektinin və tikilinin yerləşdiyi tikintialtı sahənin əhatə etdiyi qanuni istifadədə olan torpaq sahəsinin əvəzi olaraq onlara həmin ərazidə (sökülən yerdə) cavabdeh tərəfindən tikiləcək çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, binanın yola bilavasitə çıxışı olan hissəsində 110 m2 təmirli qeyri-yaşayış sahəsinin təhvil verilməsi, obyektlərindəki daşınar əmlakın qanunsuz məhv edilməsinə görə Cavabdeh MTK tərəfindən vurulmuş zərərin əvəzi olaraq 17 000 manatın onlara ödənilməsi; 2017-ci ilin avqust ayından 2020-ci ilin avqust ayına kimi (obyekt qanunsuz uçurulana kimi) ictimai-iaşə obyektinin işləmədiyi (fəaliyyətini məcburən dayandırdığı) hər ay üçün 800 manat olmaqla, 28 800 (800 x 36) manat ödənilməsi, 2020-ci ilin avqust ayından (obyektin uçurulduğu vaxtdan) başlayaraq obyekt tikilib təmirli olaraq təhvil verilənə kimi cavabdeh tərəfindən hər ay onlara 800 manat məbləğində pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

16. İddiaçılar iddia tələblərini işin faktiki hallarına uyğun əsaslandırmış, həmçinin aşağıdakıları göstərmişlər:

- 0,0137 hektar torpaq sahəsindəki 29 nömrəli 1 (bir) mərtəbəli binada (fərdi ev tikilisində) yerləşən, 2020-ci ilin avqust ayına kimi mövcud olan 36 nömrəli fərdi mənzil sahəsi paylı mülkiyyət formasında onların adına qeydiyyatdadır. Bununla belə, həmin sahəni faktiki olaraq qeyri-yaşayış sahəsi kimi almışlar və sahənin ictimai yola birbaşa çıxışı olmuşdur. 2017-ci ildən həmin sahənin statusunu rəsmiləşdirmək məqsədi ilə Nərimanov Rayon İcra Hakimiyyətinə, eləcə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinə müraciət edilmiş və onlar bunu müsbət qarşılamışlar. Buna görə də 24 may 2017-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən mülkiyyətlərində olan sahənin qeyri-yaşayış sahəsi kimi istismarına icazə verilmişdir. - 2007-ci ildən başlayaraq həmin qeyri-yaşayış sahəsində “Kapitan” adlı kafe fəaliyyət göstərmiş, lakin 2017-ci ilin yay aylarından cavabdeh tərəfindən görülən işlərə görə kafenin fəaliyyəti dayandırılmışdır. Həmin vaxtdan cavabdeh dəfələrlə onlarla yekunda razılaşacaqlarını, eləcə də kompensasiya və əvəzləşdirmə aparacaqları barədə zəmanət versə də, sözünə əməl etməmişdir. Əvəzində kommunikasiya xətlərini zədələməklə və ayırmaqla onların fəaliyyətlərini dolayı yolla faktiki olaraq dayandırmışlar. Sonradan tərəflər arasında danışıqlar olsa da, bu danışıqlar uğursuz olmuş, buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Bununla belə 10-15 gün sonra, yəni 13 avqust 2020-ci il tarixdə əmlaklarının (içərisində olan əşyalarla birlikdə) qanunsuz olaraq, məhkəmə aktı olmadan sökülməsi barədə xəbər almışlar. Hadisə ilə bağlı dərhal aidiyyəti orqanlara, o cümlədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qaynar xəttinə müraciətlər etmişlər. Fakt üzrə Nərimanov Rayon Polis İdarəsində təhqiqat aparılmış, cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda qeyd edilmişdir ki, obyektləri "Poleks” MTK tərəfindən sökülmüşdür, lakin mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. - Mülkiyyətlərində olan qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən tikinti məqsədləri üçün söküldüyündən və həmin şirkətin orada çoxmərtəbəli yaşayış binası tikmək niyyəti olduğundan, üstəlik tikililəri qanunsuz olaraq, məhkəmə aktı olmadan uçurulduğundan, onlara bunun əvəzində qanunvericiliklə müəyyən edilən bütün əlavələr ödənilməklə müvafiq ölçülü eyni təyinatlı obyekt (qeyri-yaşayış sahəsi) verilməlidir. - Belə ki, cavabdehin danışıqlarda istinad etdiyi Nazirlər Kabinetinin qərarı dövlət ehtiyacı ilə bağlı deyildir, bu qərar ictimai, yəni sosial ehtiyacdan irəli gəlir və sosial maraqların təmin edilməsi, yəni əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, istər dövlət ehtiyacları, istərsə də ictimai (sosial da ictimai ehtiyacdır) ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərt ilə yol verilə bilər. Göründüyü kimi, Konstitusiya mülkiyyətin özgəninkiləşdirilməsi üçün mülkiyyətin dəyərinin ödənilməsi (1), mülkiyyətin ödəniləcək dəyərinin ədalətli olması (2), bu dəyərin öncədən ödənilməsi (3) şərtlərini müəyyən etmişdir. Cavabdeh ümumiyyətlə, mülkiyyətlərində olan obyektin və yerləşdiyi istifadədə olan torpaq sahəsinin könüllü alınması və alınma ilə bağlı qanunvericilikdə irəli sürülmüş şərtlərə əməl etməmişdir. Şirkət onların mülkiyyətində olan obyektin alınması ilə bağlı olaraq indiyə kimi ünvanlarına yazılı bildiriş göndərməmişdir. Bu, 1-ci şərtə əməl edilməməsini göstərir. Bundan əlavə, şirkət şifahi olaraq onlara müəyyən təkliflər versə də, onlar bunu ədalətli hesab etməmişlər. Belə ki, şirkət onlara təmirli olan, istifadəyə yararlı, faktiki olaraq istifadə edilən və gəlir verən 64,65 m2 ölçülü obyektlərinin əvəzində 68 m2 təmirsiz obyekt verilməsini təklif etmişdir. Halbuki, onların malik olduqları obyektin faktiki tikintialtı sahəsi (obyektə məxsus çöl divarları ilə birlikdə tikilinin yerləşdiyi sahə) 80,4 m2 təşkil edirdi. Göründüyü kimi, cavabdehin təklif etdiyi obyektin ölçüsü nəinki əlavələrlə birlikdə verilməli olan sahəni, heç obyektlərinin faktiki sahəsinin ölçülərini belə keçmir. Bundan əlavə, tikinti şirkəti obyektin yerləşdiyi istifadədə olan torpaq sahəsini də nəzərə almır. Bu üzdən, 2-ci şərtə də əməl edilməmişdir. Yəni, mülkə görə təklif olunan əvəz ədalətli olmalı olsa da, belə deyildir. Həmçinin 3-cü şərtə də əməl olunmamışdır. Belə ki, Konstitusiya dəyərin və ya digər formada əvəzin öncədən ödənilməli olduğunu müəyyən etsə də, şirkət əvəzini sonradan, yəni 2-3 il ərzində tikiləcək binadan veriləcəyini bildirir. Konstitusiya mülkiyyətin dəyərinin öncədən ödənilməsi şərtini ona görə müəyyən etmişdir ki, risklər aradan qaldırılsın. Lakin şirkət əvəzin sonradan ödəniləcəyini bildirməklə dəyərin ödənilməsini risk altına almış olur. Bu üzdən də əslində, sonradan ödəmə yalnız onların razılıqları ilə ola bilər, cavabdeh bunu da nəzərə almalı idi, lakin nəzərə almamışdır. Həmçinin məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, şirkət öhdəliklərinin icrasının təminatı üçün onlara qanunvericilikdə müəyyən edilmiş təminatlardan (zaminlik, dəbbə pulu, girov, qarantiya və s.) heç birini vermir. Yəni bir sözlə, mülkü sökülən şəxslər kimi onların gələcəkdə müvafiq obyektlə təmin edilmələri tam riskli və cavabdeh şirkətin təminatsız bir öhdəliyidir. Belə bir şəraitdə də, təklif olunan və gözlənilən kompensasiyanın üstəlik ədalətsiz olması da tamamilə haqsızdır və mülki qanunvericiliyin tələbləri ilə tam uyğunsuzdur. Cavabdeh şirkətin ədalətli kompensasiya ödəməkdən boyun qaçırması bir də onda ifadə olunur ki, şirkət istifadələrində olan torpaq sahəsi ilə bağlı kompensasiya ödəməkdən imtina edir, bunu hətta danışıqların və razılaşmanın predmeti etməkdən belə boyun qaçırır. Onların obyektlərinin yerləşdiyi sahənin ümumi ölçüsü 80,4 m2-dir ki, bunun da 65 m2 daxili faydalı sahə, 15 m2 isə xarici və daxili divarlar təşkil edirdi. Qüvvədə olan qanunvericiliyə görə, torpaq sahəsinin statusu üzərindəki obyektin statusu ilə müəyyən edilir. İş materiallarından görünür ki, obyektləri binanın (evin) tərkib hissəsi olub, xüsusi mülkiyyətdə olub, bu malik olduqları hüquqi və texniki sənədlərdən də görünür. Mövcud qanunvericiliyə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinin ümumi mülkiyyətinə yaşayış binasından kənarda və ya binanın daxilində birdən çox mənzilə xidmət edən və fərdi mülkiyyətin obyekti olmayan yardımçı hissələr daxildir. Cavabdeh tikinti şirkətinin onlara məxsus obyekti sökməsi, uçurması, yerlə bir etməsi tamamilə qanunsuz olmuşdur. Əvvəla ona görə ki, onların tikili üzərində mülkiyyət və torpaq sahəsi üzərində qanuni istifadə hüquqları olmuşdur və hal-hazırda da vardır. Bu, daşınmaz əmlakın dövlət reyestrinin məlumatları, onlara verdiyi sənədlərlə təsdiq olunur. Bu hüquqlar mübahisələndirilmədən, qanunvericilikdə müəyyən edilmiş əsaslarla itirilmədən, yaxud itirilmiş hesab edilmədən obyektlərinin guya qəzalı olması bəhanəsi ilə uçurulmasının heç bir məntiqi və hüquqi izahı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülkiyyət hüququnun itirilməsi hallarını “Mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi” fəslinin “Mülkiyyət hüququnun itirilməsi” adlanan 4-cü paraqrafında, 203-cü maddədə müəyyən etmişdir. Maddədən göründüyü kimi, mülkiyyətin itirilməsinin növlərindən biri də 203.3.3-cü yarımbənddə göstərilən “sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi” halıdır. Həmin itirilmə növünün açıqlaması 207ci maddədə verilmişdir. 207-ci maddədə (Maddə 207. Torpaq sahəsinin alınması ilə əlaqədar orada olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi) deyilir ki, “207.1. Torpaq sahəsində olan binalara, qurğulara və ya digər daşınmaz əmlaka mülkiyyət hüququna xitam verilmədən həmin sahənin dövlət ehtiyacları üçün alınmasının mümkün olmadığı hallarda dövlət bu əmlakı satınalma yolu ilə ala bilər. Göründüyü kimi, burada söhbət yalnız dövlət ehtiyacları ilə bağlı satınalmadan gedir. Qanunvericiliyə görə, dövlət ehtiyacları tələb etdikdə, torpaq, habelə torpağa bağlı daşınmaz əmlak obyektləri mülkiyyətçi, istifadəçi və icarəçidən yalnız qanunda nəzərdə tutulmuş hallarda alına bilər, lakin qanunla müəyyən edilən dövlət ehtiyacları olmadan torpaq şəxslərdən (fiziki və va hüquqi) alına bilməz. Qanunverici alınma üçün dəqiq şərtlər və ciddi qaydalar, aşkar hədlər müəyyən etmişdir. Torpaq Məcəlləsinin 70-ci maddəsinə görə, “Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 3-cü maddəsinə əsasən, torpağın alına biləcəyi dövlət ehtiyacları, bu ehtiyaclarla bağlı hallar dəqiq olaraq müəyyən edilmişdir. Həmin maddənin 3.2-ci bəndinə əsasən, “Torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər”. Qanunun 1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün “alınma” dedikdə, “dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması” başa düşülür. Göründüyü kimi, şəxsin mülkiyyətində, istifadəsində olan torpaqlar qanunvericilikdə müəyyən edilmiş hallar olmadan alına bilməz. Mülkiyyətlərində olan obyektin və torpaq sahəsinin alınması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı yoxdur. “Bakı şəhərinin Suraxanı, Nəsimi, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial- iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı 25 fevral 2016-cı il tarixli qərarı (qüvvədən düşmüşdür) isə dövlət ehtiyacları ilə deyil, sosial ehtiyaclarla bağlı qəbul edilmişdir. Qərar vətəndaşlara ədalətli kompensasiya (müvafiq mənzillər və torpağın dəyərinin ödənilməsi, yaxud əvəzləşdirilməsi) ödənilməsini nəzərdə tuturdu və bunu tikinti şirkətlərinin üzərinə bir vəzifə olaraq qoyurdu, bu işə nəzarəti də icra hakimiyyəti orqanlarına həvalə edirdi. Beləliklə, qeyd etdikləri əsaslardan, təqdim etdikləri sənədlərdəki məlumatlardan və istinad etdikləri qanunvericilik aktlarının normalarından çıxan nəticə budur ki, mülkiyyətlərində olan obyektin uçurulması və qanuni istifadələrində olan yerləşdiyi torpaq sahəsindən çıxarılmaları, obyektin zorakı yollarla məhv edilməsi tamamilə hüquqazidd olmuşdur. Bununla belə, onlar dövlətin sosial ehtiyaclarla bağlı layihələrinə və tədbirlərinə qarşı çıxmırlar, bunlara qarşı hər hansı bir etirazları yoxdur. Hesab edirlər ki, bu işlər “ədalətli tarazlılıq prinsipi” əsasında həyata keçirilməli, onların fərdi və hüquqi maraqları, mülkiyyət və ədalətli kompensasiya hüquqları təmin edilməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 4-cü maddəsinin 4.1-ci bəndinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Tikinti şirkəti ilə aralarındakı mübahisənin xarakterindən görünür ki, mübahisə kompensasiyanın şərtləri, növü və məbləği ilə bağlıdır. Qanunvericilik onların mülkiyyət hüquqlarını qoruyur və bu hüququn yalnız ədalətli kompensasiya ödənilməsi halında itirilməsi halını və normasını müəyyən edir. Ədalətli kompensasiya məsələsində isə fərqli yanaşmalar, ayrı mövqelər, dəlillər və fərqli təklifləri olduğundan, hesab edirlər ki, bu kompensasiyanın növü və məbləğinə dair məsələlərə tələbləri üzrə məhkəmə tərəfindən baxılmalı, məsələ araşdırılmalı və müvafiq qiymətləndirmədən sonra qərar qəbul edilməlidir. Hesab edirlər ki, ədalətlilik meyarı qiymətləndirilərkən təkcə ölçülər deyil, obyektin yerləşmə yeri, səmti (inşaat malları küçəsinə yaxınlığı, şəhərin mərkəzində olması və s.) və s. hallar da nəzərə alınmalıdır. “Bakı şəhərinin Suraxanı, Nəsimi, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarının 1-ci hissəsinin 1.2-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin onların razılığı ilə dəyərinin ödənilməsi mülki Qanunvericiliyə uyğun olaraq təmin edilməlidir. Nəzərə çatdırmaq istəyirlər ki, halhazırda mülkiyyətdə və ya istifadədə olan torpaq sahələrinin ayrı-ayrı fiziki və ya hüquqi şəxslər tərəfindən, yaxud sosial layihələrlə bağlı tikinti şirkətləri tərəfindən alınması zamanı bunun dəyərinin ödənilməsini tənzimləyən xüsusi qanunvericilik aktı mövcud deyildir. Lakin torpaqların dövlət ehtiyacları üçün alınmasını tənzimləyən qanunvericilik normaları və xüsusi qanunvericilik aktı mövcuddur ki, konkret halda qanunun analogiyası əsasında həmin normalara istinad etmək mümkündür. Torpaq Məcəlləsinin 70-ci maddəsinə görə, Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 7-ci maddəsinin 7.1-ci bəndinə əsasən, torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan səxs hesab edilir. Eyni maddənin 7.2-ci bəndinə əsasən, alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Eyni maddənin 7.3-cü bəndində alınmanın təsirinə məruz qalan şəxslərin növləri göstərilib ki, bunlardan da biri 7.3.2-ci yarımbənddə göstərilən şəxslərdir, yəni “...yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər”dir. Qanunun qeyd edilən sonuncu normasından görünür ki, torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət hüquqları olan şəxslər alınmanın təsirinə məruz qalan şəxslər kimi kompensasiya almaq hüququna malikdirlər. Hesab edirlər ki, 7.3.2-ci bənddə göstərilən, yəni siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət hüququ olan şəxs kimi onların da torpaqla bağlı kompensasiya və digər yardımlarla təmin edilmək hüquqları vardır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 55-ci maddəsinə əsasən, alınan torpaq üçün kompensasiyanın məbləğinin hesablanmasının İ üsulu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi üsuludur. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin 58.1-ci bəndinə əsasən, bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Məlumat üçün bildirmək istəyirlər ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun statistik məlumatlarına əsasən hal-hazırda obyektlərinin yerləşdiyi səmtlərdəki zonada İ mərtəbələrdə yerləşən obyektlərin (qeyri-yaşayış sahələrinin) 1 m2 orta bazar qiyməti 6-8 min manatdır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 54-cü maddəsinin 54.1-ci bəndinə əsasən, alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Qüvvədə olan Mülki Məcəllənin 246-cı maddəsinin 246.5-ci bəndinə əsasən, bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da şamil edilir. Göründüyü kimi, malik olduqları obyekt və obyektin yerləşdiyi torpaq sahəsi onların xüsusi mülkiyyətlərində və qanuni istifadələrində olmuşdur. Qüvvədə olan qanunvericiliyə əsasən, xüsusi və ya ümumi mülkiyyətdə olan tikililər və torpaq sahəsi üzərində mövcud hüquqların başqasına keçməsi tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilə bilər. Onlarla belə bir müqavilə bağlanmamışdır. Bu üzdən kompensasiyanın məbləği ilə bağlı tələblərinə hüquqi istinadları və işin faktiki halları əsasında məhkəmə tərəfindən baxılmalı və qətnamə qəbul edilməli, hüquqi mənafeləri və qanuni maraqları qorunmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanına əsasən, “2.3. dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir”. Hesab edirlər ki, bu Fərmanın müddəaları qanunun analogiyası prinsipinə əsasən onların hallarına tətbiq edilməlidir. Əslində burada dövlət ehtiyacları üçün alınmadan söhbət gedir və əlavə kompensasiyanın minimum həddi müəyyən edilmişdir. Çünki, dövlət ehtiyaclarında dövlət satınalmasının məqsədi qazanc deyil, yaranmış dövlət zərurətləridir, sosial ehtiyaclar üçün satınalmada isə sahibkar tikinti şirkətinin məqsədi gəlir və qazanc əldə etməkdir. Bu üzdən əlavə kompensasiyanın minimum həddi daha yüksək olmalıdır. - İkinci tələbləri onunla bağlıdır ki, tikili qanunsuz sökülərkən məhv edilmiş əşyaların pul şəklində əvəzi ödənilməlidir. Belə ki, obyektlərinin açılıb-yığılma dəmir qapısı vardı, sökülərkən qapısı bağlı idi. Həmin zaman obyektin içərisində onlara məxsus əşyalar var idi. Onlar cavabdeh tikinti şirkətinin əməlləri üzündən ictimai-iaşə fəaliyyətlərini dayandırdıqları vaxtdan burada olan əşyaları başqa bir yerə daşımamış, şirkətlə razılaşacaqları günü gözləmişlər ki, bundan sonra əşyaları daşısınlar. Lakin razılıq olmadığından əşyalar da obyektdə idi. Bu ilin avqust ayında obyektləri yerlə bir edilərkən içərisindəki əşyalar da tələf və məhv edilmiş, yararsız hala salınaraq onlara məlum olmayan yerə daşınmış, yaxud hansısa zibilxanaya tullanmışdır. Həmin əşyalar aşağıdakılardan ibarət olmuşdur: Split-divar kondisioneri (80m2 sahəni soyutma üçün nəzərdə tutulan) = 2000 manat; Masa 8 x 120 = 960 manat; Miz 32 x 22 = 704 manat; Televizor = 300 manat; Maqnitafon = 150 manat; Mikrodalğalı = 200 manat; Jalüz 2 x 100 = 200 manat; Restoran qazanları 17 ədəd = 880 manat; Qaşıq, çəngəl, bıçaq (hər birindən 30 ədəd) = 500 manat; Boşqab dəstləri, kasalar 5 x 30 ədəd x 4 = 800 manat; Qaz sobaları 3 ədəd x 150 = 450 manat; Su qızdırıcısı 1 ədəd = 200 manat; Çilçıraq (Lüstr) 2 ədəd x 100 = 200 manat; Süfrələr 8 x 40 = 320 manat; Duz qabı, istiot qabı, salfetka qabı, kül qabı, hərəsindən 14 ədəd = 196 manat; Sərinkeş = 55 manat; Transformator = 600 manat; Soyuducular 3 x 600 = 1.800 manat; Çörək qabı 12 x 5 = 60 manat; Moyka 1 x 80 = 80 manat; Moyka tülpan = 120 manat; Unitaz = 125 manat; Smesitellər = 250 manat; Su sayğacı = 100 manat; Nərd 2 x 50 = 120 manat; Stəkan, bokal, rumka, fujer 4 x 30 = 480 manat; Çayniklər 72 x 11 = 132 manat; Samovar 2 x 120 = 240 manat; Süzgəclər 8 x 8 = 64 manat; Seyf qapılar 2 x 300 = 600 manat; Plastik pəncərə 3 x 180 = 540 manat; Pəncərə üçün sərinkeş 1 x 120 = 120 manat; Plastik qapı 2 ədəd = 380 manat; Jalüz qapı (açılıb-bağlanan, dəmirdən) = 440 manat; Reklam lövhəsi “Kafe Kapitan” 1 ədəd = 300 manat; Dəsmallar = 60 manat; Restoran üçün xüsusi hazırladılmış manqal, kazerok, tüstü borusu = 900 manat; Podnos 8 x 15 = 120 manat; Su nasosu 1 x 150 = 150 manat; Güzgü 2 x 70 = 140 manat; Armudu stəkan, nəlbəki, mürəbbə qabı 40 x 15 = 600 manat; Santexnika avadanlıqları = 400 manat cəmi 17 008 manat. Hesab edirlər ki, bu əşyaların dəyəri də onlara zərərin əvəzi olaraq ödənilməlidir. - Son olaraq da qeyd edirlər ki, onlara obyektdən istifadə etmədikləri və edə bilməyəcəkləri müddət üçün əldən çıxmış faydanın ödənilməsindən ötrü pul əvəzi şəklində ayrıca kompensasiya da ödənilməlidir. 2007-ci ildən istifadə etdikləri kafe 2017ci ildən fəaliyyətini cavabdeh tikinti şirkətinin söküntü işləri səbəbindən və kommunikasiya xətlərinin (su, işıq, qaz və s.) bərpa olunmaz hala salınmasından sonra dayandırmaq məcburiyyətində qalıb. Həmin vaxtlar onlar kafenin icarəsindən hər ay 800 manat pul əldə etmişlər. Bu üzdən onlara 2017-ci ilin avqust ayından 2020-ci ilin avqust ayına kimi (obyekt qanunsuz uçurulana kimi) işləmədikləri hər ay üçün 800 manat olmaqla, 28 800 (800 x 36) manat ödənilməli, həmçinin cavabdeh tikinti şirkətinin üzərinə 2020-ci ilin avqust ayından (obyektin uçurulduğu vaxtdan) başlayaraq obyekt onlara tikilib təmirli olaraq təhvil verilənə kimi hər ay 800 manat ödəmək öhdəliyi qoyulmasına dair də qətnamə qəbul edilməlidir. Məlumdur ki, başqa şəxsə zərər vurulması Mülki Məcəllənin 14-cü maddəsinin 14.2.6-cı bəndi ilə mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsaslarından biri hesab edilmişdir. Evin guya qəzalı olması ilə bağlı Nərimanov RİH-in qərarının olması barədə tikinti şirkətinin təhqiqatda irəli sürdüyü fikirlərə gəldikdə isə bildirmək istəyirlər ki, onlar bu qərarın qəbulunda, onların apardığı yerli müayinədə iştirak etməmişlər. Onlar obyekt uçurulmamışdan əvvəl qanunsuz olaraq buranın arxa qapısını sındırmış və buraya daxil olmuşlar. Onların bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəklərini bildikdə isə dərhal obyektin uçurulmasını həyata keçirmişlər ki, cinayətləri aşkara çıxarılmasın. Qeyd etmək istəyirlər ki, obyektlərinin texniki vəziyyəti qənaətbəxş olmuş, qəza vəziyyətində olmamışdır. Tikilinin qədimi və köhnə olması hələ onun qəzalı olması demək deyildir. Ona qaldıqda, Bakının bütün köhnə tikililəri sökülməlidir. Göründüyü kimi, onlara məxsus obyektin qəzalı olması ilə bağlı tikinti şirkətinin bəhanələri tamamilə əsassızdır. Beləliklə, yuxarıda göstərilənlərdən görünür ki, mülkiyyət hüquqları qanunla qorunduğu, bu hüququn qorunmasına dövlət tərəfindən təminat verildiyi halda məhkəmə qərarı olmadan obyektlərinin uçurulması və sökülməsi, mülkiyyətə qarşı zor işlədilməsi, məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilmələri tamamilə qanunsuzdur və bu əməllə mülkiyyət hüquqlarına qəsd olunmuşdur. Cavabdeh MTK-nın hüquqazidd əməlləri onların mülkiyyət hüquqlarının qanunsuz itirilməsi ilə nəticələnmişdir. Bununla da daşınmaz və daşınar əmlaklarına zərər vurulmuş, obyektdəki əşyalar məhv edilmişdir.

17. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir.

18. "xxxx" MMC-nin 16 noyabr 2021-ci il tarixli H/04-PLS saylı hesabatında göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində orta aylıq icarə haqqı 1250-1450 manatdır.

19. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və onun nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verməklə iddia tələbini müdafiə etmiş, digər iddiaçı isə məhkəməyə gəlməmişdir.

20. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia tələbini qismən qəbul etdiyini bildirərək izahatında göstərmişdir ki, MTK ilə Nərimanov rayon İcra Hakimiyyəti arasında bağlanmış müqavilənin 2.5-ci bəndinə əsasən, sökülməsi razılaşdırılmış mənzillərin əvəzinə mülkiyyətçilərə həmin mənzillərin sahəsindən 20% artıq olmaqla razılaşdırılmış mərtəbələrdə yaşayış sahəsi verilməsi öhdəliyi götürüldüyündən, 29 saylı evin 31,92 m2 ümumi sahədən ibarət 1 otaqlı 36 saylı mənzilinin sahəsindən 20% artıq yeni sahənin verilməsinə etiraz etmirlər, digər iddia tələblərini isə əsassız sayırlar.

21. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh MTK tərəfindən tikiləcək çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, binanın yola bilavasitə çıxışı olan hissəsində 77,58 m2 təmirli qeyri-yaşayış sahəsinin İddiaçı1 və İddiaçı2 təhvil verilməsi, həmçinin Cavabdeh MTK tərəfindən tikiləcək çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, binanın yola bilavasitə çıxışı olan hissəsində 77,58 m2 təmirli qeyri-yaşayış sahəsi İddiaçı1 və İddiaçı2 təhvil verilərkən həmin əmlakın 2/3 hissəsi üzərində bütün hüquqların İddiaçı1, 1/3 hissəsi üzərində bütün hüquqların İddiaçı2 məxsus olması, Cavabdeh MTK tərəfindən 2020-ci ilin avqust ayından başlayaraq obyekt tikilib təhvil verilənədək İddiaçı1 və İddiaçı2 hər ay cəmi 800 manat icarə haqqı ödənilməsi, dövlət rüsumunun iddiaçılara aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

22. Həmin qətnamədən cavabdehin nümayəndəsi və İddiaçı1 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

23. Bakı Apellyasiya Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir.

24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 noyabr 2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ev 29 ünvanındakı qeyri-yaşayış sahəsinə yaxın ərazilərdə yerləşən analoji qeyri-yaşayış sahələrinin 1 m2-nin orta bazar qiyməti təqribən 6300 manat məbləğində müəyyən edilir.

25. Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri qismən təmin olunmuş, qətnamə ləğv edilərək iş, məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.

c) Bakı Kommersiya Məhkəməsindəki icraat

26. Bakı Kommersiya Məhkəməsindəki (məhkəmə və ya birinci instansiya məhkəməsi) icraat zamanı cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, əvvəlki əmlakın yerləşdiyi eyni yerdən 64,65 m2 həcmində sahə verilməsinə razıdırlar. Bundan əlavə iddia tələbini 2020-ci ilin avqust ayından başlayaraq, obyekt tikilib təmirli olaraq təhvil verilənə kimi hər ay 800 manat ödənilməsi hissəsində də qəbul edirlər. Bu layihə dövlət ehtiyacları üçün aparılmayıb, sahə qeyriyaşayış sahəsidir. Ona görə də 20 faiz artıq sahə verilmə tələbi əsassızdır və həmin hissədə iddia tələbini qəbul etmirlər. Eyni zamanda vurulmuş zərərin əvəzi olaraq 17 000 manat məbləğində pulun ödənilməsi ilə bağlı sübut təqdim edilmədiyindən həmin tələbi də əsassız sayırlar.

27. Birinci instansiya məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh MTK tərəfindən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, binanın yola bilavasitə çıxışı olan hissəsində, İddiaçı1 və İddiaçı2 məxsus əvvəlki əmlakın yerləşdiyi (Nərimanov rayonu, Xətai prospekti, 29, 36 saylı qeyri-yaşayış sahəsi) yerdə 64,65 m2 təmirli qeyri-yaşayış sahəsinin İddiaçı1 və İddiaçı2 təhvil verilməsi, həmin qeyri-yaşayış sahəsinin 2/3 hissəsi üzərində hüquqların İddiaçı1, 1/3 hissəsi üzərində hüquqların İddiaçı2 məxsus olması, Cavabdeh MTK tərəfindən 2020-ci ilin avqust ayından başlayaraq, təmirli qeyri-yaşayış sahəsi iddiaçılara təhvil verilənədək İddiaçı1 və İddiaçı2 hər ay üçün ümumilikdə 800 manat icarə haqqı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

28. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13.1-ci, 13.3-cü, 29-cu maddələrinə, Mülki Məcəllənin 21.1-ci, 21.2-ci, 152.1-ci, 152.5-ci, 386.1-ci maddələrin istinadla aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

28.1. İddiaçılara məxsus qeyri-yaşayış sahəsinin sökülməsi işin mübahisəsiz halıdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında müvafiq sərəncam və cavabdehlə müqavilə bağlandıqdan sonra yaşayış sahəsinin qeyri-yaşayışa keçirilməsi barədə İH-nin sərəncamının qanunsuz olduğunu, inzibati məhkəməyə müraciət etdiklərini, lakin müddəti ötürdüklərindən iddianın qeyri-mümkün sayılması barədə qərar qəbul olunduğunu qeyd etmiş, ona görə də iddia tələbini 64,65 m2 təmirli qeyri-yaşayış sahəsinin iddiaçılara təhvil verilməsi hissəsində qəbul etdiyini bildirmişdir. 28.2. İddiaçılar 110 m2 təmirli qeyri-yaşayış sahəsinin onlara təhvil verilməsini xahiş etmişlər. Nərimanov Rayon İcra Hakimiyyəti ilə Cavabdeh MMC arasında 30 oktyabr 2016-cı il tarixdə bağlanmış müqavilənin 2.5-ci bəndində qeyd edilmişdir ki, hər bir mənzilin mülkiyyətçisinə yeni yaşayış binalarında sökülən mənzillərin sahəsindən 20% artıq olmaqla razılaşdırılmış mərtəbələrdə yaşayış sahəsi ilə təmin etmək şirkətin vəzifəsidir. İddiaçılara məxsus daşınmaz əmlak mənzil deyil, qeyri-yaşayış sahəsi olmuşdur. Bundan başqa, mənzil kimi yanaşılsa belə, 10 yanvar 2007-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində istifadədə olan 0,0137 ha torpaq sahəsində yerləşən 29 nömrəli 1 mərtəbəli binada paylı mülkiyyət hüququ üzrə İddiaçı1 2/3 hissə, İddiaçı2 1/3 hissədə məxsus olan 1 otaqlı 36 nömrəli mənzilin ümumi sahəsi 50.54 m2 olmuşdur və həmin sahə 20% əlavə ilə 60,65 m2 təşkil edir. 28.3. Qeyd olunanlara əsasən, məhkəmə Cavabdeh tərəfindən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, binanın yola bilavasitə çıxışı olan hissəsində əvvəlki əmlakın yerləşdiyi (Nərimanov rayonu, Xətai prospekti, 29, 36 saylı qeyri-yaşayış sahəsi) yerdə 64,65 m2 təmirli qeyri-yaşayış sahəsinin iddiaçılara verilməsi hissəsində iddianın təmin olunmasını hər iki tərəfin mənafeyinə uyğun və ədalətli hesab edir. 28.4. Sökülmüş qeyri-yaşayış sahəsi iddiaçıların paylı mülkiyyətində olduğundan (İddiaçı1 2/3 və İddiaçı2 1/3 paya sahib olmaqla) təhvil veriləcək qeyri-yaşayış sahəsinin 2/3 hissəsi üzərində hüquqların İddiaçı1, 1/3 hissəsi üzərində hüquqların İddiaçı2 məxsus olması nəzərə alınmalıdır. 28.5. İddia tələbinin digər hissəsi obyektdəki daşınar əmlakın qanunsuz məhv edilməsinə görə Cavabdeh MTK tərəfindən vurulmuş zərərin əvəzi olaraq 17 000 manat məbləğində pulun onlara ödənilməsindən ibarətdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçılar tərəfindən qeyri-yaşayış sahəsində olan daşınar əmlaklar, onların fərqləndirici əlaməti, dəyəri və s. barədə hər hansı sübut təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. 28.6. İş materialları ilə müəyyən edilir ki, qeyri-yaşayış sahəsi 2020-ci ilin avqust ayında sökülmüşdür. İddiaçılar həmin tarixdən əvvəlki dövrdə obyektin Cavabdeh MTKnın hərəkətləri nəticəsində fəaliyyət göstərə bilməməsi ilə bağlı sübut təqdim edə bilməmişlər. Məhkəmə hesab edir ki, iddia tələbi sözügedən hissədə qismən təmin edilərək cavabdeh tərəfindən 2020-ci ilin avqust ayından başlayaraq, təmirli qeyriyaşayış sahəsi iddiaçılara təhvil verilənədək iddiaçılar İddiaçı1 və İddiaçı2 hər ay ümumilikdə 800 manat icarə haqqı ödənilməli (iddiaçının nümayəndəsi də həmin hissədə iddianın təmin olunmasına etiraz etməmişdir), qalan hissədə isə əsassız olduğundan təmin olunmamalıdır.

29. Qətnamədən İddiaçı1 nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın tam həcmdə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin daşınmaz əmlakın ölçüsü və statusu barədə, eləcə də daşınmaz əmlakın içərisində yerləşən əşyaların məhv edilməsinə görə kompensasiya müəyyən etməməklə əsassız nəticəyə gəldiyini irəli sürmüşdür.

Apellyasiya şikayətinə etiraz

30. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

31. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən İddiaçı1 və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehin nümayəndəsi (vəkili) şikayətiin əsassız olduğunu bildirmiş, digər iddiaçı isə məhkəməyə gəlməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

32. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

33. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:

34. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

35. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

36. Maddə 203.3. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; rekvizisiya; müsadirə.

37. Maddə 203.5. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir.

38. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

39. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

40. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

41. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı

42. “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

46. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

49. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

54. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddia tələblərinin qismən təmin edilməməsi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, İddiaçı1 nümayəndəsi (vəkili) isə yalnız qeyd edilən hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Eyni zamanda qeyd olunmalıdır ki, İddiaçı2 qətnamədən şikayət verməsə də, mübahisənin predmeti bölünməz xarakterlidir (hazırkı işin halları baxımından) və İddiaçı1 şikayətinin dəlilləri qətnamənin İddiaçı2 aid hissədə də yoxlanılmasını zəruri edir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

55. İddia tələbləri mülkiyyət hüququna müdaxilə və bu müdaxiləyə görə kompensasiya (əvəz) ödənilməsi ilə bağlı olduğundan, iddiaya mülkiyyət hüququnun müdаfiəsi ilə bаğlı qanunvericilik çərçivəsində qiymət verilməlidir.

56. Azərbaycan Respublikasının tərəf olduğu və mahiyyət etibarilə mülkiyyət hüququnu təmin edən Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi (§ 34) üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş).

57. Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir.

58. İstismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması şübhəsizdir və əslində iddiaçılar da mülkiyyətlərinə müdaxilənin qanuni məqsəd daşımasını mübahisələndirmədən ancaq təklif olunan kompensasiya (əvəz) ilə razılaşmadıqlarını bildirmişlər.

59. Buna görə də kollegiya, prosessual qənaət prinsipindən çıxış edərək birbaşa olaraq aşağıdakı sualı araşdıracaq: iddiaçıların mülkiyyət hüququna müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə iddiaçıların əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?.

60. Bu kontekstdə kollegiya hesab edir ki, iddiaçıların əmlakının sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması qəbul edilsə belə, onların mülkiyyət hüququna müdaxilə qanunla nəzərdə tutulmuş şərtlərə cavab verməmiş, əmlaklarının əvəzində onlara təklif edilən kompensasiya (əvəz) ədalətli tarazlığa uyğun olmamışdır.

61. Nəzərə alınmalıdır ki, iddiaçılara məxsus əmlak artıq sökülmüş, iddiaçılar isə əmlaklarının bərpasını deyil, bunun müqabilində kompensasiya istəmişlər - buna görə də kollegiyanın qənaətinə görə, iddiaçıların məruz qaldığı ziyanın kompensasiya olunması onların pozulmuş hüququnun bərpasına xidmət edəcək vasitə kimi nəzərdən keçirilməlidir.

62. Başqa sözlə, iddiaçıların irəli sürdüyü faktiki hallar onların iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır və mülkiyyət hüququ ilə bağlı qəbul olunmuş ümumi prinsiplər tələb edir ki, iddiaçıların pozulmuş hüquqları bərpa edilsin.

63. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Nərimanov Rayon İcra Hakimiyyəti ilə Cavabdeh MMC arasında 30 oktyabr 2016-cı il tarixdə bağlanmış müqavilədə MMC-nin üzərinə yalnız mənzil mülkiyyətçilərinə 20% artıq yaşayış sahəsi vermək öhdəliyi qoyulduğundan, iddiaçılara məxsus daşınmaz əmlak isə mənzil olmadığından, həmçinin hətta mənzil kimi götürülsə belə 36 nömrəli mənzilin ümumi sahəsi 50,54 m2 təşkil etdiyindən, iddiaçıların “əmlaklarının əvəzində 20% artıq sahəsi olan əmlakın verilməsi” tələbi təmin olunmamalıdır.

64. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin nəticəyə tərəflərin qarşılıqlı münasibətlərini və sübutları düzgün qiymətləndirməməsi, maddi hüquq normalarını düzgün tətbiq etməməsi, eləcə də MMC ilə Nərimanov rayon İcra Hakimiyyəti arasında bağlanmış müqavilənin şərtlərini düzgün təfsir etməməsi səbəbindən gəlməklə, qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmışdır.

65. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektiində yerləşən 29 nömrəli evin 36 saylı mənzilinin ölçüsü müvafiq reyestr çıxarışında 31,92 m2 (50,54 m2 deyil) göstərilmiş olsa da, sonradan səlahiyyətli dövlət orqanının razılığı və qərarı əsasında mənzilin təyinatı dəyişdirilərək o qeyri-yaşayış sahəsinə çevrilmiş, obyektin (qeyri-yaşayış sahəsinin) ümumi sahəsinin 64,65 m2, ümumi torpaq sahəsinin 81,4 m2 təşkil etdiyi təsbit olunmuşdur.

66. Yuxarıda qeyd olunduğu kimi, sözügedən əmlakın yerləşdiyi ərazi Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 350 nömrəli 24 oktyabr 2016-cı il tarixli sərəncamı ilə Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarı rəhbər tutularaq Cavabdeh MMC-nin daimi istifadəsinə ayrılmış, ərazidə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış mövcud yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin sökülərək yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilmiş, həmin icra hakimiyyəti orqanının MMC ilə bağladığı xx.xx.2016-cı il tarixli müqavilədə “sakinlərin aylıq müavinətlər verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülməsi”, “sakinlərlə 2 aydan gec olmayaraq razılaşma əldə edərək müqavilələr imzalamaq”, “sakinlərə aylıq kirayə müavinətlərinin qabaqcadan ödənilməsini təmin etmək”, “hər bir mənzilin mülkiyyətçisinə yeni yaşayış binalarında sökülən mənzillərin sahəsindən 20% artıq olmaqla razılaşdırılmış mərtəbələrdə yaşayış sahəsi ilə təmin etmək” öhdəlikləri MMCnin üzərinə qoyulmuşdur.

67. Göründüyü kimi, hündürmərtəbəli binaları tikməkdə məqsədi qazanc əldə etmək olan MMC-yə müvafiq tikinti işlərini həyata keçirməyə icazə verilərkən, onun, söküntü aparacağı ərazidəki sakinlərlə razılıq əldə etməli olduğu nəzərdə tutulmuş, bu razılaşmaya stimul yaradacaq hallardan biri kimi, əmlakları sökülən sakinlərə (insanlara) sökülən əmlakın sahəsindən 20% artıq sahəsi olan mənzil vermək öhdəliyi müəyyənləşdirilmişdir. Nəzərə alınmalıdır ki, öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi, qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi, sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi, təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması, rekvizisiya, habelə müsadirə tədbirlərindən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir (§ 36) və sözügedən stumul məhz mülkiyyətçini öz mülkiyyət hüququndan imtinaya həvəsləndirmək məqsədinə yönəlmişdir.

68. Bu baxımdan kollegiyanın qənaətinə görə, Nərimanov rayon İcra Hakimiyyəti ilə söküntü işlərini həyata keçirən MMC arasında bağlanmış müqavilədə yalnız “sakinlər” ifadəsindən istifadə olunması, həmin müqavilənin tərəfi olmayan digər əmlak mülkiyyətçilərinin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz və sözügedən stumulun qeyri-yaşayış sahəsi mülkiyyətçiləri üçün də tətbiq olunmasına maneə törədəcək hər hansı hal mövcud deyildir.

69. Bu cür yanaşma həm də hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir.

70. Həmçinin qeyd olunmalıdır ki, Nərimanov Rayon İcra Hakimiyyəti ilə Cavabdeh MMC arasında bağlanmış müqavilədə qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinə münasibətdə hər hansı müddəa nəzərdə tutulmamışdır və əgər müqavilədəki “sakinlər” ifadəsi dar mənada (yalnız mənzil sakinləri kimi) təfsir olunarsa, o halda müqavilənin qeyri-yaşayış sahələrinə ümumiyyətlə şamil edilmədiyi, yəni müvafiq sərəncamın və müqavilənin MMC-yə qeyri-yaşayış sahələrinin yerində başqa tikili inşa etmək hüququnu vermədiyi nəticəsinə gəlinməlidir.

71. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, ölkədə, “...alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqqın ödənilməli olması” tənzimləməsinin maddi-hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı “dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın” mülkiyyətçisinin itirdiyi mülkiyyətinin müqabilində mülkiyyətinin dəyərindən daha artıq haqq almasını təmin edir – hansı ki, dövlət ehtiyaclarında dövlət satınalmasının məqsədi qazanc deyil, yaranmış dövlət zərurətləri olduğundan, əslində dövlətin belə artıq haqq vermək məcburiyyəti yoxdur; sosial ehtiyaclar üçün satınalmada isə tikinti şirkətinin məqsədi gəlir (qazanc) əldə etməkdir və əgər kiminsə mülkiyyətini qazanc məqsədi olmadan bütün cəmiyyətin (xalqın, dövlətin) ehtiyacları üçün satın alan dövlət heç bir məcburiyyəti olmadığı halda onun dəyərindən əlavə haqq ödəyirsə, qazanc əldə edən şirkət də bu əlavəni ödəməlidir.

72. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh MTK tərəfindən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, binanın yola bilavasitə çıxışı olan hissəsində, İddiaçı1 və İddiaçı2 məxsus əvvəlki əmlakın yerləşdiyi (Nərimanov rayonu, Xətai prospekti, 29, 36 saylı qeyri-yaşayış sahəsi) yerdə 64,65 m2 təmirli qeyri-yaşayış sahəsinin İddiaçı1 və İddiaçı2 təhvil verilməsi” hissəsində dəyişdirilməli, həmin əmlakın sahəsi 77,58 m2 (64,65 m2 x 20% = 12,93 m2, 64,65 m2 + 12,93 m2 = 77,58 m2) müəyyənləşdirilməlidir.

73. İddiaçıların “obyektlərindəki daşınar əmlakın qanunsuz məhv edilməsinə görə Cavabdeh MTK tərəfindən vurulmuş zərərin əvəzi olaraq 17 000 manatın onlara ödənilməsi; 2017-ci ilin avqust ayından 2020-ci ilin avqust ayına kimi (obyekt qanunsuz uçurulana kimi) ictimai-iaşə obyektinin işləmədiyi (fəaliyyətini məcburən dayandırdığı) hər ay üçün 800 manat olmaqla 28 800 (800 x 36) manat ödənilməsi” tələbləri üzrə gəlinən nəticəni isə kollegiya əsaslı hesab edir və həmin tələblərlə bağlı əlavə əsaslandırma aparılmasına ümumiyyətlə zərurət görmür. Belə ki, iddiaçılar sözügedən tələblərin təmin olunmasına zəmin yaradacaq heç bir sübutu məhkəməyə təqdim etməmişlər.

74. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin münasibət bildirmədiyi məhkəmə xərcinə dair məsələ də həllini tapmalı, iddia ərizəsini və apellyasiya şikayətini verərkən ödədikləri dövlət rüsumlarının əvəzi qismində 45 manat cavabdehdən iddiaçıların xeyrinə tutulmalı, əvvəlki apellyasiya baxışı zamanı alınmış ekspertiza tədqiqatının xərci isə MMC-dən alınıb müvafiq hesaba köçürülməlidir.

75. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin, yaxud apellyasiya dəlilinin olub-olmamasına bağlı deyildir.

76. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin təşəbbüsü əsasında əldə edilmiş qiymətləndirmə rəyinə müvafiq hesabat əlavə edilmədiyindən, kollegiya həmin rəylə bağlı xərcə münasibət bildirmir.

77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5935/2024 saylı iş üzrə 17 oktyabr 2024-cü il tarixli qətnaməsi Cavabdeh MTK tərəfindən çoxmərtəbəli yaşayış binasının 1ci mərtəbəsində, binanın yola bilavasitə çıxışı olan hissəsində, İddiaçı1 və İddiaçı2 məxsus əvvəlki əmlakın yerləşdiyi (Nərimanov rayonu, Xətai prospekti, 29, 36 saylı qeyri-yaşayış sahəsi) yerdə 64,65 m2 təmirli qeyri-yaşayış sahəsinin İddiaçı1 və İddiaçı2 təhvil verilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh MTK tərəfindən tikilən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, binanın yola bilavasitə çıxışı olan hissəsində, İddiaçı1 və İddiaçı2 məxsus əvvəlki əmlakın yerləşdiyi (Nərimanov rayonu, Xətai prospekti, 29, 36 saylı qeyri-yaşayış sahəsi) yerdə 77,58 m2 təmirli qeyri-yaşayış sahəsi İddiaçı1 və İddiaçı2 təhvil verilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə, yəni iddiaçıların “obyektlərindəki daşınar əmlakın qanunsuz məhv edilməsinə görə Cavabdeh MTK tərəfindən vurulmuş zərərin əvəzi olaraq 17 000 manatın onlara ödənilməsi; 2017-ci ilin avqust ayından 2020ci ilin avqust ayına kimi (obyekt qanunsuz uçurulana kimi) ictimai-iaşə obyektinin işləmədiyi (fəaliyyətini məcburən dayandırdığı) hər ay üçün 800 manat olmaqla 28 800 (800 x 36) manat ödənilməsi” tələblərinin təmin olunmaması ilə bağlı hissələrdə dəyişdirilmədən saxlanılsın. İddia ərizəsini və apellyasiya şikayətini verərkən ödədikləri dövlət rüsumlarının əvəzi qismində 45 (qırx beş) manat Cavabdeh MTK-dan alınıb İddiaçı1 və İddiaçı2 ödənilsin. Əvvəlki apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh MTK-dan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X2, Kod 210005, VÖEN **********, M/h- AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Təranə Mahmudova

Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar