Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-166/2020 19.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X7 və X1 ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1 iştirakı ilə İddiaçı “Fuad-Kimya Servis” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «pul tələbinə dair» kommersiya mübahisəsi üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-711/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı “Fuad-Kimya Servis” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia qaldıraraq, 65.254 manat məbləğində əsas borcun, ödənişin gecikdirilməsinə görə müqavilə üzrə əsas borca hesablanmış 5% cərimənin, Mərkəzi Bankın müəyyən etdiyi 15% bank uçot dərəcəsinə əsasəb hesablanmış faizin, hüquqi xidmətlərə görə ödənilmiş 1.500 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 80.293 manat məbləğində pulun “Cavabdeh” MMC-dən tutularaq i “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Mərkəzi Bankın müəyyən etdiyi 15% bank uçot dərəcəsi ilə hesablanmış faizin tələbdən çıxarılmasını və 70.046 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 112 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı 70 ton kaustik sodanı cavabdehin mülkiyyətinə verməyi, sonuncu isə malı qəbul edib dəyərini pul şəklində satıcıya ödəməyi öz üzərinə götürmüşdür. Müqavilə üzrə iddiaçı göstərilən malı cavabdehə təhvil vermiş, sonuncu isə bu malları qəbul etmişdir. Satılan malın, cəmi dəyəri müqavilənin 3-cü bəndinə əsasən 65.254 manat təşkil etmişdir. Müqavilənin 3.3-cü bəndinə əsasən alıcı 5 təqvim günü ərzində alınan malın əvəzi olaraq, 65.254 manat məbləğində pul ödəməli olduğu halda, göstərilən tarixdən xeyli müddət keçməsinə baxmayaraq, qeyd edilən malın dəyəri iddiaçıya ödənilməmişdir. Dəfələrlə şifahi şəkildə müəssisə rəhbərliyinə və səlahiyyətli şəxslərə müraciət edilsə də, eləcə də, xx.xx.2019-cu tarixli pretenziya məktubu verilməsinə baxmayaraq, heç bir tədbir görülməmiş, müqavilə üzrə öz öhdəliklərinin yerinə yetirilməsindən qərəzli şəkildə boyun qaçırmışdıır. Müqaviləyə əsasən alınmış mallar üçün ödənişdə yubanma halında, satıcı müqavilənin dəyərinin 5%-dən çox olmamaq şərti ilə cərimə sanksiyaları tətbiq edə bilər. Cəmi ödənilməyən 65.254 manat məbləğin 5 faizi 3.262 manat təşkil edir. Bundan əlavə iddiaçı ilə Bakı şəhəri 8 saylı Vəkil Bürosu arasında xx.xx.2019-cu il tarixdə bağlamış 140 saylı "xxxx" müqaviləyə görə MMC tərəfindən 1.500 manat məbləğində xidmət haqqı ödənilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2-2(82)- 709/2019 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh “Cavabdeh” MMC xx.xx.2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, qiyabi qətnamənin ləğv edilməsini və işin təzələnərək mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmiş və məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilmiş və qiyabi qətnamə ləğv edilərək, işə mahiyyəti üzrə baxılması təzələnmişdir. İş təzələndikdən sonra tərəflərin iştirakı ilə yenidən işə mahiyyəti üzrə baxılmış və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-711/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə: - iddia qismən təmin edilmiş, cavabdeh “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətindən 3534,48 manat məbləğində borc və dövlət rüsumunun əvəzi olaraq 5 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı “Fuad-Kimya Servis” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi,qalan hissədə iddianın rədd edilməsi və iddia verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun 25 manat hissəsinin iddiaçıya aid edilməsi qət olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnaməni ləğv edib, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 112 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı 70 ton kaustik sodanı cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə pulunu ödəməyi öhdəsinə götürmüşdür. Məhsulun hissəvi şəkildə təhvil verilməsi barədə razılıq əldə edilmişdir. xx.xx.2017-ci il tarixli, EAAA seriyalı, 951454 saylı elektron qaiməyə əsasən ƏDV daxil 3.188,12 manat dəyərində kaustik sodanın dəyərinin 001BUDG173040170 saylı ödəniş tapşırığı ilə də ödənildiyi təsdiq edilir. xx.xx.2017-ci il tarixli EAAB 640626 saylı elektron qaiməyə əsasən ƏDV daxil 1587,54 manat dəyərində kaustik soda bərk halda iddiaçı tərəfindən onlara təqdim edilmiş və 001İNT********** saylı ödəniş tapşırığı ilə həmin dəyərin 242,17 manat ƏDV-si iddiaçıya ödənilmişdir. Qeyd olunan hər iki tarixə ənənəyə uyğun olaraq sənədləşdirmə aparılmış və imzalanmışdır. İddiada xx.xx.2017-ci il tarixli, EAAE 732252 saylı elektron qaiməyə əsasən ƏDV daxil 2.189,11 manat dəyərində kaustik soda (bərk halda) iddiaçı tərəfindən onlara təqdim edildiyi, cavabdehin malı aldığı və ödənişi etmədiyi qeyd olunur. Halbuki, sənədləşmə aparılmamış, elektron qaimədə şirkətin heç bir nümayəndəsinin imzası yoxdur və iddiaçı malları onlara təhvil vermədiyindən iddianı sübut edə bilməmişdir. İddiaçı müəssisənin hüquq şöbəsinin rəisi X3 və sex rəisi X5 bu faktı təsdiqləmiş, sənədləşmənin aparılmadığını qeyd etmişdir. Cavabdeh Mülki Məcəllənin 425.1 və 570.1.1-ci maddələrinə istinadən istinadən malların təhvil verilmədiyi qeyd edərək hesab edir ki, iddia əsassızdır, qətnamə ləğv edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 376.2-ci maddəsinin tələblərini nəzərə alan kollegiya onun iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 cavabdehin apellyasiya şikayətinin əsassız olduğunu və işdə olan qaimələrə və birinci instansiya məhkəməsində dindirilən şahid ifadələrinə əsasən mübahisələndirilən elektron qaimələr üzrə iddiaçı tərəfindən malları cavabdehə təhvil verildiyi tamamilə sübuta yetirildiyini vuruğulayraq, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Birinci instansiya məhkəməsinin qətnaməsindən göründüyü kimi, cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli EAAB 640626 saylı elektron qaiməyə əsasən təqdim olunmuş ƏDV daxil 1587,54 manat dəyərində malın (bərk halda kaustik sodanın) ödənilmiş 242,17 manat məbləğində ƏDV-si istisna olmaqla, yerdə qalan 1345,37 manat məbəlğin, habelə xx.xx.2017-ci il tarixli, EAAE 732252 saylı elektron qaimə üzrə ona təqdim olunan malın ƏDV daxil 2.189,11 manat dəyərinin, ümumilikdə, 3534,48 (1345,37+2189,11) manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən aydın görünür ki, ona iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixli EAAB 640626 saylı elektron qaimə üzrə malın (bərk halda kaustik sodanın) təhvil verildiyi, lakin həmin malın ƏDV daxil 1587,54 manat dəyərindən yalnız 242,17 manat məbləğində olan ƏDV-si istisna olmaqla, malın yerdə qalan 1345,37 manat məbləğində əsas hissəsinin iddiaçıya ödənilmədiyi mübahisələndirilmir. Bununla da, adıçəkilən qaimə üzrə cavabdehin iddiaçıya 1345,37 manat məbləğində borcu qaldığı öz təsdiqini tapmış olur. Cavabdehin apellyasiya şikayətiin dəlillərindən göründüyü kimi, onun tərəfindən mübahisələndirilir ki, xx.xx.2017-ci il tarixli, EAAE 732252 saylı elektron qaimə üzrə ümumiyyətlə iddiaçı tərəfindən mal (bərk halda kaustik soda) ona təhvil verilməmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin qeyd olunan həmin qaimə üzrə malın ona təhvil verilmədiyini mübahisələndirən dəlilləri ilə razılaşmır. Birincisi, EAAE 732252 saylı elektron qaimədən görünür ki, iddiaçı tərəfindən həmin qaimə üzrə də mal tərəflər arasındakı əvvəlki ənənəyə (öz aralarında formalaşmış işgüzar adətə, o cümlədən, qeyd olunan barəsində cavabdeh tərəfindən malın alınmadığı mübahisələndirilməyən EAAB 640626 saylı elektron qaiməyə) uyğun formada təqdim edilmişdir. İş materiallarından və cavabdehin apellyasiya şikayətinin dəlillərindən görünür ki, onun tərəfindən həmin vaxt qeyd olunan qamə üzrə malın ona təhvil-verilib verilməməsinə dair iddiaçıya hər hansı irad və etirazları mövcud olmamışdır. Bundan əlavə, iş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsində işə baxılarkən xx xxxx 2019-cu il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X2, X3, xx xxxxxx 2019-cu il tarixli məhkəmə iclasında dindirilən X5 və X6 - iddiaçının elektron qaimələri üzrə cavabdehə göndərilmiş malların avtomaşınlara yüklənməsi, təhvil verilməsi və sonuncunun əməkdaşlarının orada iştirak etdiyi barədə məhkəməyə təsdiqedici ifadələr vermişlər. O cümlədən, şahid İ.F.Nəcəfov, məhkəməyə verdiyi şahid ifadəsində, tərəflər arasında etibarlı münasibətlər yarandığını qeyd edərək, cavabdehin sənədləşdirilmədiyini mübahisələndirdiyi sonuncu qaimə üzrə malın da həmçinin təhvil verildiyini bildirmişdir. Məhkəmə kollegiyası adıçəkilən şahid ifadələrində qeyd olunan məlumatlara inandırıcı yanaşır. Ən azından, cavabdeh apellyasiya şikayətində şahidlərin ifadələrini mübahisələndirməyərək buna heç bir münasibət bildirməmiş və həmin ifadələrdə təsbit olunan məlumatları təkzib etməmiş, bununla bağlı sübutlarını, o cümlədən, malların təhviltəslimin iştirak edən əməkdaşlarının məhkəməyə şahid qismində dəvət olunmasında, təşbbüs göstərməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsi baxımından cavabdeh kimi tərəf olaraq istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlar onu deməyə əsas verir ki, mübahisələndirilən EAAE 732252 saylı elektron qaimədə göstəilən, ƏDV daxil 2.189,11 manat məbləğində mal (bərk halda kaustik soda) cavabdehə təhvil verilmiş, lakin sonuncu həmin malın dəyərini iddiaçıya ödəməmişdir. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin həmin qaimə üzrə malın ona təhvil verilmədiyini mübahisələndirən dəliləri əsassızdır. Tərəflər arasında bağlanmış alqı-satqı haqqında müqavilənin 1.1-ci bəndindən görünür ki, iddiaçı (satıcı) bu müqavilənin 1.2-ci bəndində göstərilən əmlakı (kaustik sodanı) cavabdehin (alıcının mülkiyyətinə verməyi, sonuncu isə onu qəbul edib dəyrini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.3-cü bəndi ilə isə tərəflər razılığa gəlmişlər ki, müqavilə üzrə ödəniş mal təhvil verildikdən sonra 5 bank iş günü ərzində satıcının hesablaşma hesabına köçürüləcək. Mülki Məcəllənin 427.3-cü maddəsinin tələbindən görünür ki, əgər öhdəlik icra edilməli vaxt dövrünü nəzərdə tutursa, öhdəlik həmin dövr ərzində istənilən an ərzində icra edilməlidir. Beləliklə də göstərilənlərə əsasən məhkəmə tərəfindən müəyyən olunur ki, cavabdeh alqı-satqı müqaviləsinin 1.1 və 3.3-cü bəndində nəzərdə tutulan öhdəliyini mübahisələndirilən - xx.xx.2017-ci il tarixli EAAB 640626 saylı elektron qaimə üzrə malın dəyərini tam ödəməməklə (qismən, ƏDV-ni ödəmişdir) lazımınca yerinə yetirməmiş, xx.xx.2017-ci il tarixli, EAAE 732252 saylı elektron elektron qaimə üzrə isə ona təhvil verilmiş malın dəyərini bütölükdə ödəməməklə öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. Belə olan halda, alqı-satqı müqaviləsinin 5.1-ci bəndinə əsasən öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyəntərəf digər tərəf vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəf vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Qüvvədə olan qanunvericiliyin, o cümlədən, Mülki Məcəllənin 443.1-ci maddəsinin tələbində isə nəzərdə tutulur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Birinci instansiya məhkəməsinin qətnaməsindən də görünür ki, işə baxan məhkəmə tərəfindən iş materialları hərtərəfli araşdırılmış, işdə olan sübutlara, o cümlədən mübahisələndirilən elektron qaimələr üzrə təqdim olunan mala görə cavabdehdən iddiaçının xeyrinə 3534,48 manat məbləğində borcun tutulması barədə nəticəyə gəlməsi mahiyyəti ürə işin hallarına uyğun olan düzgün nəticə kimi qiymətləndirilməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə də, cavabdehinapellyasiya şikayətinin Mülki Məcəllənin 425.1 və 570.1.1ci maddələrinə istinadən iddianın əsassız olduğunu mübahisələndirən dəlillərini əsassız sayır və yekunda belə qənaətə gəlir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2- 2(82)-711/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi faktlar nöqteyi nəzərindən mahiyyəti üzrə düzgün olduğundandəyişdirilmdən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-711/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-2(103)-166/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-166/2020
19.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver