Məhkəmə qərarları › İş №2-2(103)-170/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-170/2020

11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-170/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, iddiaçının nümayəndəsi (vəkili) X3, cavabdehin nümayəndəsi (vəkili) X2 iştirakı ilə İddiaçı “xxxx” MMC-nin cavabdeh «xxxx» MMC-yə qarşı «borcun tutulması tələbinə dair» iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-306/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı “xxxx” MMC cavabdeh «xxxx» MMC-yə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən, onun iddiaçıya olan, 257,93 manat ödənilməmiş borcunun, xx xxxxxx 2011-ci il tarixli «malların güzəştli alqı-satqı müqaviləsinin 8-ci maddəsinə əsasən cavabdehə ödənilmiş 3540 manat nəğd pulun, hüquqi yardıma çəkilən 700 manat xərcin, 1000 manat əldən çıxmış faydanın, 30 manat dövlət rüsumunun, cəmi, 5.527,93 manat vəsaitin iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında sərinləşdirici içkilərin alqısatqısına dair xx xxx 2010-cu il və xx xxxxxx 2011-ci il tarixdə imzalanmış müqavilələrə əsasən cavabdehə Milli Parkın ərazisində yerləşən «Park Bulvar»da yerləşən obyektə müxtəlif çeşidli sərinləşdirici içkilər verilmiş, həmin məhsulların dəyərindən cavabdehin iddiaçıya 257,93 manat borcu qalmışdır. Məhsulların dəyərini təsdiq edən bütün fakturalar cavabdehə təqdim edilimişdir. Bundan başqa xx xxxxxx 2011-ci il tarixli malların güzəştli alqı-satqı müqaviləsinin 8-ci bəndinə əsasən cavabdehə 3540 manat məbləğində pul ödənilmişdir. Müqavilə şərtlərinə görə alıcıya 7000 kaset satışı tamamlandıqdan sonra isə əlavə olaraq 1000 manat ƏDV xaric məbləğində xidmət haqqı ödəməyi öhdəsinə götürür. Cavabdehə ünvanlanmış xx.xx.2013-cü il pretenziya nəticə verməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin2-2(81)-306/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddia tam təmin edilmişdir. İş materiallarından görünür ki, cavabdeh tərəfi məhkəmə iclasında iştirak etməmiş, ümumiyyətlə, bütün məhkəmə bildirişləri, eyni zamanda qətnamə cavabdehə çatdırılmamış və geri qayıtmışdır. Yalnız qətnamə icraya yönəldikdən sonra cavabdeh xx.xx.2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin surətinin ona verilməsini xahiş etmiş və xx.xx.2019-cu il tarixdə qətnamənin surəti ona təqdim edilmişdir. Bundan sonra, cavabdeh xx.xx.2020-ci il tarixdə həmin qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassızdır. Belə ki, xx xxxxxx 2011-ci il tarixli malların güzəştli alqı-satqı müqaviləsinin 8-ci bəndinə əsasən cavabdehə 3000 manat ödəniş nəzərdə tutulduğu halda, iddiaçı tərəfindən iddia ərizəsində 3540 manat, yəni, 540 manat artıq pul ödənildiyini bildirir. Lakin 540 artıq ödənişin səbəbini göstərmir, ümumiyyətlə, 3540 manatın cavabdehə ödəməsinə dair məhkəməyə heç bir sübut da təqdim etməmişdir. Məhkəmə xx.xx.2011-ci l tarixli malların güzəştli alqı-satqı müqavilənin imzalanmasının səbəbini araşdırmamışdır. Həmin müqavilə öncə bağlanan xx.xx.2010-cu il tarixli müqavilədən fərqli olmuş, rəqib firmaların (Pepsi Kola və s.) sərinləhdirici içkilərinin satışını həyata keçirməmək müqabilində həmin müqavilə imzalanmışdır. İddiaçının inhisarçı mövqeyini cavabdeh tanımış, rəqib firmaların içkilərinin satışını həyata keçirməmişdir. Əgər iddiaçı ödəniş etsəydi, 3540 manat yox, 3000 manat qarşılıqsız olaraq ödəməli olardı. Odur ki, həmin məbələğin tələb edilməsi absurdur. İddiaçının 257,93 manat borc qalığına dair tələbi də əsassızdır. Belə ki, təqdim etdiyi qaimə fakturanın həqiqliyi müəyyən edilməmiş, digər tərəfdən həmin fakturalara imza atan «Ulduzə» adında şəxs, iddiaçıya məxsus iaşə obyektində işləməmiş, etibarnamə də verilməmiş, Vergilər Nazirliyində də belə br şəxs cəmiyyətin qanuni təmsilçisi kimi də qeydə alınmamışdır. Ona görə də iddiaçının təqdim etdiyi fakturalar qanunsuzdur. Digər tərəfdən, iddiaçı hüquqi xidmətə görə 700 manat xidmət haqqı ödədiyinə dair də heç bir sübut da məhkəməyə təqdim etməmişdir. Cavabdeh daha sonra MPM-in 14.2 və 77.1-ci maddələrinə istinad edir, bundan sonra isə iddiaçının əldən çıxmış faydaya görə 1000 manat pul tələbi ilə də razılaşmayraq qeyd edir ki, iddiaçı pul siyasəti ilə məşğul olan bank və ya hər hansı kredit təşkilatı deyil, dolayısı ilə puldan pul qazanması da mümkün deyil. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi O.Xudatlı şikayəti dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını, iddiaçının nümayəndəsi (vəkili) R.Əmiraslanov isə onunla razılaşmamış məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məcəllənin qeyd olunan tələbindən göründüyü kimi, alqı-satqı müqaviləsi o zaman baş tutur ki, satıcı əşyanı alıcıya versin, sonuncu isə əvəzində onun qiymətini ödəsin. Konkret halda isə iş materiallarına əsasən iddiaçının mübahisəlndirilən alqı-satqı müqavilələri üzrə cavabdehə 257,93 manat məbləğində sərinləşdirici içkilər verdiyi mötəbər sübutlarla təsdiq olunmur. İddiaçı tərəfindən isə 257,93 manat məbləğində sərinləşdirici məhsulların cavabdehə təhvil verməsinin təsdiqi olaraq məhkəməyə təqdim etdiyi, işə əlavə olunmuş qaimə fakturalar cavabdeh tərəfindən qanunsuz olduğu mübahisələndirilərək qəbul edilmir. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin qeyd olunan dəlili ilə razılaşır. Belə ki, MPM-in 89.3-cü maddəsinin tələbində isə nəzərdə tutulur ki, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Birincisi, işdə olan qaimə fakturalar (xx.xx.20xx xxxxxxx 419943 №-li, xx.xx.2013-cü il tarijxli 410326 №-li, xx.xx.2013-cü il tarixli 413627 №-li) əsilləri deyil, kserosurətləri təqdim edilmişdir. İkincisi, həmin qaimə-fakturalarda içkilərin təhvil verildiyi və imzası olan «Ulduzə» adlı şəxsin kimliyi, o cümlədən, cavabdehin işçisi və ya onu etibarnamə əsasında təmsil edən şəxs olub olmadığı qeyri-müəyyəndir. Cavabdeh tərəfindən isə isə işçisi və ya etibarnamə üzrə nümayəndəsi və yaxud qanuni təmsilçisi olmadığı mübahisələndirilir. Göründüyü kimi, iddiaçının cavabdehə qarşı 257,93 manat qalığ borca dair birinci tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. İddiaçının xx xxxxxx 2011-ci il tarixli «malların güzəştli alqı-satqı müqaviləsi»nin 8-ci bəndinə əsasən cavabdehə 3540 manat pul ödəməsi də iş materiallarına əsasən öz təsdiqini tapmır. Belə ki, birincisi, iddiaçı həmin pulu cavabdehə ödəməsini təsdiq edən sübutunu məhkəməyə təqdim etməmiş, hazırkı apellyasiya mərhələsində də məhkəmənin təklifinə baxmayaraq belə sənəd-sübut təqlim edə bilməmişdir. İkincisi, müqavilənin 8-ci bəndində cavabdehə 3000 manat ödəniş edilməsindən söhbət getdiyi halda, iddiaçı iddia ərizəsində 3540 manat, yəni, 540 manat artıq ödədiyini bildirir. Ümumiyyətlə müqavilənin həmin şərtinn mənasından görünür ki, iddiaçı 3000 manat pulu, cavabdehin rəqib firmalarla (Pepsi Kola və s.) sərinləşdirici içkilərin alqı-satışını həyata keçirməməsi üçün qarşılığı olmadan, ona həvəsləndirmək üçün verməlidir. İddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə əsasən isə cavabdehin müqavilənin qeyd olunan şərtini pozan hərəkətlərə yol verdiyi iddiaçı tərəfindən sübutlarla təsdiq edilmir. İddiaçının, həmçinin, üçüncü tələbi üzrə ona göstərilən hüquqi yardıma görə çəkdiyi 700 manat məbləğində pulu həmin xidməti göstərən şəxsə ödədiyini təsdiq edə bilən sübutları da mövcud deyil. Beləliklə də qeyd edilənlərdən göründüyü kimi, iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddia tələblərinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmir. Belə olan halda da, əldən çıxmış faydaya görə iddiaçının 1000 manat məbləğində dördüncü tələbinin də əsaslandırılmış iddia tələbi kimi qəbulu istisna olunur. MPM-nin 14.2-ci maddəsinin tələbindən isə görünür ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin birinci instansiya məhkəməsinin qətnaməsindən isə görünür ki, işdə olan sübutlara düzgün qiymət verilməmiş, iddiaçının iddia ərizəsində şərh olunanları sübutedici məlumatlar kimi qəbul edilərək iddiaçının tələbləri tam şəkildə təmin edilmişdir. Halbuki, «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X11 Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur (§68). Beləliklə də müəyyən edilir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə işin sübutlarla müəyyən edilən hallarına və maddi və prosessual hüquq normalarına uyğun deyil. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qətnamənin əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin2(82)-306/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ləğv edilməli və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh «xxxx» MMC-nin apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin2(82)-306/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı “xxxx” MMC-nin cavabdeh «xxxx» MMC-yə qarşı «borcun tutulması tələbinə dair» iddia ərizəsi rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz, çıxarıldığı andan qüvvəyə minir. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar