Məhkəmə qərarları › İş №2-2(103)-172/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-172/2020

11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-172/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X5 və Əhmədov İlham Bayram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 , X1nun iştirakı ilə, X1nun cavabdeh "Cavabdeh" İB-nə qarşı “borcun silinməsi”nə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-484/2019 saylı, xx.xx.2019 tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: X1 Cavabdehnə qarşı 2788,13 manat borcun silinməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki,Cavabdeh İB əməkdaşları tərəfindən icarə əsasında istifadə etdiyi ünvana baxış keçirilmiş və sayğacdan kənar qazdan istifadə aşkar olunması ilə əlaqədar xx xxxxxx 2018-ci il tarixdə ******* saylı akt tərtib edilmişdir. Bakı Regional Qazın satışı Departamentinin qərarı ilə 2788,13 manat borc hesablanmışdır. Həmin borc əsassız hesablanmış, qazdan kənar istifadə olunmamışdır. Belə ki, şahidlərin iştirakı ilə həmin yerdə təndir quraşdırmaq üçün işlək vəziyyətdə-olub olmadığı müəyyən edilməsi məqsədilə boruya əlavə quraşdırma aparılmış və nəticədə həmin xəttin işləmədiyi aşkar edilmişdir. Eyni zamanda hər ay qaz idarəsinin işçiləri ümumi müayinə aparmış və heç bir pozuntu aşkar etməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-484/2019 saylı, xx.xx.2019 tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şossesi, 25-ci km ünvanında yerləşən 3 nömrəli qeyri-yaşayış sahəsinə (abonent kodu: **********00000) hesablanmış 2721,60 manat borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(82)-484/2019 saylı, xx.xx.2019 tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının icarə əsasında istifadəsində olan obyektə baxış keçirilmiş və təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Obyektdə sayğacdan kənar qaz xətti aşkar olunmuşdur. Qətnamədə tərtib edilmiş akt ləğv edilməmişdən öncə hər hansı ekspertiza keçirilməmiş, hakim mütəxəssis rəyi olmadan qətnamə qəbul etmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(82)-484/2019 saylı, xx.xx.2019 tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. X11 ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” AKX 2-2951 nömrəli müqavilədən müəyyən olunur ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən qeyriyaşayış sahəsinə G-4 markalı sayğac quraşdırılmışdır. - xx xxxxx 2012-ci il tarixli icarə müqaviləsinə əsasən Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şossesi, 25-ci km ünvanında yerləşən, 3 nömrəli ümumi sahəsi 555,1 kv.m2 olan qeyri-yaşayış sahəsi Məmmədov Könül Eldar qızı və X8 tərəfindən X4 icarəyə verilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, eyni tarixdə baxış keçirilmiş, sayğacdan kənar qaz xətti aşkar olunmuşdur. - Cavabdeh İB-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxxxx 2018-ci il tarixli rəyindən müəyyən olunur ki, iddiaçının istifadəsində olan Qaradağ rayonu, Sahil qəsəbəsi, Stansiya Qaradağ ünvanında yerləşən qeyri-yaşayış sahəsində sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar olaraq PQ-4-ün maksimal qaz sərfi 3,5 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün, PQ-3-ün maksimal qaz sərfi 2,8 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün qəbul edilməklə əlavə 13608 m3 /saat təbii qazın dəyərinin ödənilməsi qərara alınmışdır. xx xxxxxx 2018-ci il tarixli, İnventar aktında Qaradağ rayonu, Sahil qəsəbəsi, Stansiya Qaradağ ünvanında sayğacdan kənar qeyri-qanuni qazdan istifadə olunduğu aşkar edildiyi qeyd edilmişdir. Abonentin saldosundan (abonent kodu: **********00000) görünür ki, 2018-ci ilin dekabr ayına Qaradağ rayonu, Sahil qəsəbəsi, Stansiya Qaradağ ünvanında yerləşən qeyri-yaşayış sahəsinə 2721,60 manat borc yazılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, bağlanmış müqavilə əsasında Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şossesi, 25-ci km ünvanında yerləşən 3 nömrəli qeyri-yaşayış sahəsinə G-4 markalı, 05068839 nömrəli sayğac quraşdırılmışdır. Daha sonra sayğaca baxış keçirilən zaman sayğacdan kənar qaz xəttinə qeyri-qanuni qoşulma aşkar olunmuş və 2721,60 manat qaz sərfinə görə borc hesablanmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. 17.3-cu maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmə hesab edir ki, cavabdehin həyata keçirdiyi yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadığından hüquqi nəticəsi olmadığı üçün birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki,apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-484/2019 saylı, xx.xx.2019 tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-484/2019 saylı, xx.xx.2019 tarixli qətnaməsidəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar