Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-172/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Assosiasiyasının Cavabdeh ASC-ə qarşı “250000 manat zərərin əvəzinin tutulması” tələbinə dair Açar sözlər: zərərin ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının qanuni nümayəndəsi Nümayəndə1 və nümayəndəsi Nümayəndə3, cavabdehin nümayəndəsi Nümayəndə5 iştirakı ilə, İddiaçı Assosiasiyasının Cavabdeh ASC-ə qarşı “250000 manat zərərin əvəzinin tutulması” tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-4522/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları Ağsu rayonu Padar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı Qərarı, torpaqların alqı-satqısına dair aktının və qəbzlərin surətindən görünür ki, Padar kəndinin qərb tərəfində ərazidən keçən yüksək gərginlikli elektrik xəttindən cənub tərəfə Girdiman çayının kənarında Padar bələdiyyəsinin mülkiyyətində olan torpaqlardan iddiaçıya daş doğrayıb çeşidləyən qurğunun quraşdırılması üçün 1 hektar torpaq sahəsi torpaqların alqısatqısı qaydasında 1200 manat ödəniş müqabilində satılmışdır. Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin Ağsu rayon Şöbəsinin xx.xx.2007-ci il tarixli rəyindən görünür ki, İddiaçı Assosiasiyasına daş doğrayıb çeşidləyən qurğunun quraşdırılması üçün 1 ha torpaq sahəsinin torpaqların alqı-satqısı qaydasında satılmasına etiraz olunmamışdır. Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, qeyd edilmiş torpaq sahəsi üzərində iddiaçının hüquqları X2nda xx.xx.2007-ci il tarixdə qeydə alınmışdır. İddiaçı Assosiasiyasının xx.xx.2007-ci il tarixli 01 saylı sərəncamından görünür ki, İddiaçı Assosiasiyasına ayrılmış torpaq sahəsində istehsala başlamaq üçün Assosiasiyasının daxili imkanları hesabına elektrik xətti, lazımı avadanlıqlar və köməkçi binalar tikilməsinə sərəncam verilmişdir. İddiaçı Assosiasiyasının xx.xx.2007-ci il tarixli 05 saylı sərəncamından görünür ki, qum-çınqıl istehsalı sahəsində ümumi dəyəri 254.000 ABŞ dolları olmaqla 130.000 ABŞ dolları dəyərində, quraşdırılma xərci 20.000 ABŞ dolları olan qum-çınqıl istehsalı avadanlığının, 48.000 ABŞ dolları dəyərində yüksək gərginlikli (400 Kv) elektrik xətti və transformatorun quraşdırılması, 56.000 ABŞ dolları dəyərində yardımçı tikililər, müvəqqəti yataqxana, sanitar qovşaqları, anbar, mal tövləsinin tikilməsinə sərəncam verilmişdir. İddiaçının Cavabdeh ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli müraciətindən görünür ki, iddiaçı qanuni istifadəsində olan ərazidəki qurğuların və avadanlıqların uçurulması nəticəsində 250.000 ABŞ dolları ziyanın ödənilməsini xahiş etmişdir. Cavabdeh ASC-nin iddiaçının xx.xx.2019-cu il tarixli və xx.xx.2021-ci il tarixli müraciətlərinə xx.xx.2019-cu il tarixli, xx.xx.2021-ci il tarixli cavab məktublarında qeyd edilir ki, müraciətdə qeyd edilən məsələnin araşdırılması üçün İddiaçı Assosiasiyasına məxsus əmlakların mülkiyyət hüququnu təsdiq edən sənədlərin Cavabdeh ASC-yə təqdim edilməsi xahiş olunmuşdur. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə cavabdeh tərəfindən qanunsuz söküldüyü iddia edilən tikili və qurğuların fotoşəkilləri təqdim edilmişdir. İşin mübahisəsiz halıdır ki, iddiaçıya Ağsu rayonu Padar Bələdiyyəsinin xx.xx.2007ci il tarixli 09 saylı Qərarı əsasında satılmış torpaq sahəsində Cavabdeh ASC tərəfindən 2013-cü ildə müəyyən qurğuların quraşdırılması üçün alınmış, iddiaçıya hər hansı kompensasiya ödənilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı ərazidəki tikililərin və qurğuların uçurulması nəticəsində 250.000 ABŞ dolları məbləğində vurulmuş zərərin ödəniş günü ödəniş yerinin məzənnəsinə uyğun Azərbaycan manatı ilə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağsu Rayon İcra Hakimiyyəti başçısının 42 saylı, 15 fevral 2007-ci il tarixli Sərəncamına əsasən iddiaçıya Ağsu rayonunda qumçınqıl hasilatı məqsədi ilə Ağsu rayonu, Padar kəndinin cənub-qərb tərəfində Girdimançay çayından 50 metr məsafədə 11,0 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi X2 kitabında xx.xx.2007-ci il tarixində A000362 nömrəsi ilə qeydiyyata alınmışdır. Ağsu Rayon İcra Hakimiyyəti başçısının 42 saylı, 15 fevral 2007-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Ağsu rayonu Padar Bələdiyyəsi ilə iddiaçı arasında 44 ha torpağın qum-çınqıl qarışığından istifadəyə görə 15 fevral 2007-ci il tarixli Müqavilə imzalanmışdır. Həmin müqaviləyə görə iddiaçı tərəfindən hər kub.metr qum-çınqıl qarışığı üçün Ağsu rayonunun Padar Bələdiyyəsinə 0,50 manat məbləğində ödənişin edilməsi razılaşdırılmışdır. İddiaçı tərəfindən müqavilə öhdəliklərinə həmişə əməl edilmiş, həmçinin digər məcburi dövlət ödənişləri vaxtında həyata keçirilmişdir. Həmçinin Ağsu rayonu Padar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı Qərarı ilə iddiaçıya daş döğrayıb çeşidləyən qurğunun quraşdırılması məqsədi ilə 100000 kv.metr torpaq sahəsi ayrılmış və X2 kitabında xx.xx.2007-ci il tarixində A-19815 nömrə ilə qeydiyyata alınmışdır. Göstərilən obyektlərin tikintisi, həmçinin ətrafın abadlaşdırılması və həmin əraziyə 4 km yüksək gərginlikli işıq xəttinin çəkilməsi üçün iddiaçı tərəfindən həmin vaxtın məzənnəsi ilə 250000 ABŞ dolları pul xərclənmişdir. Sonradan dövlət əhəmiyyətli su xətlərinin çəkilişi ilə əlaqədar cavabdeh tərəfindən göstərilən tikili və qurğular uçurdulmuş və ayrılan torpaq sahələri iddiaçının istifadəsindən alınmışdır. Lakin bütün bunlara görə iddiaçıya heç bir kompensasiya ödənilməmişdir. Bu isə qanunvericiliyin tələblərinin kobud surətdə pozulması deməkdir. Cavabdehin bu qanunsuz əməli nəticəsində iddiaçıya 250000 ABŞ dolları məbləğində zərər vurulmuşdur. Həmçinin, cavabdeh tərəfindən həmin işlər həyata keçirilərkən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 1, 23, 26, 30.1, 30.2, 32, 46, 47, 49, 54, 55, 58, 67- ci maddələrinin tələbləri qəsdən, kobud surətdə pozulmuşdur. Bakı Kommersiya Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, e-2-2(113)-4522/2021 saylı qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia rədd edilmişdir. Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı ona məxsus torpaq sahəsində tikililər və qurğular olduğu, dəymiş zərərin məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı ona dəymiş ziyan məbləğinin 250.000 ABŞ dolları olduğunun necə hesablandığını əsaslandıra bilməmişdir. Apellyasiya instansiyasi məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021, 2-2(113)-4522/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Ağsu rayonu Padar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı Qərarı ilə “Qara Qaya” Assosiasiyasına Daş döğrayıb çeşidləyən qurğunun quraşdırılması məqsədi ilə 100.000 kv.m. torpaq sahəsi ayrılmış və X2 kitabında xx.xx.2007-ci il tarixində A -19815 nömrə ilə qeydiyyata alınmışdır. Göstərilən obyektlərin tikintisi, həmçinin ətrafın abadlaşdırılması və həmin əraziyə 4 km yüksək gərginlikli işıq xəttinin çəkilməsi üçün “Qara Qaya” Assosiasiyası tərəfindən həmin vaxtın məzənnəsi ilə 250000 ABŞ dolları pul xərclənmişdir. Sonradan dövlət əhəmiyyətli su xətlərinin çəkilişi ilə əlaqədar Cavabdeh ASC tərəfindən göstərilən tikili və qurğular uçurdulmuş və ayrılan torpaq sahələri “Qara Qaya” Assosiasiyasının istifadəsindən alınmışdır. Lakin bütün bunlara görə “Qara Qaya” Assosiasiyasına heç bir kompensasiya ödənilməmişdir. Bu isə qanunvericiliyin tələblərinin kobud surətdə pozulması deməkdir. Cavabdeh ASC-nin bu qanunsuz əməli nəticəsində “Qara Qaya” Assosiasiyasına 250000 ABŞ dolları məbləğində zərər vurulmuşdur. Qətnamədə zərər vurulan sahənin iddiaçıya ayrılması barədə rəsmi sənədlər (tikililərin şəkilləri) məhkəməyə təqdim olunmuşdur. Çox təəssüf ki, məhkəmə tərəfindən həmin sənədlər hüquqi qiymət verilməmişdir. Qətnamənin təsviri hissəsində (səh.2) cavabdehin nümayəndəsinin Cavabdeh ASC tərəfindən həmin ərzidə dövlət layihəsininin həyata keçirilməsi etiraf edildiyi göstərilir. Məhkəmə tərəfindən zərər vurulan ərazidə Cavabdeh tərəfindən hansı işlərin görülməsini yerində yoxlamq üçün məhkəmə tapşırığının göndərilməsindən imtina edildi və bununla da işin həqiqi hallarının, həqiqətin aşkara çıxarılması mümkün olmadı. Bu isə məhkəmənin qeyri-obyektivliyinin bariz nümunəsidir. Bildirmək istəyirik ki, bizim tərəfimizdən bir neçə dəfə Cavabdeh ASC-yə müraciət olunub. Cavabdeh ASC tərəfindən lazımi sənədlərin onlara təqdim olunması istənilib və həmin tələb olunan lazımi sənədlər onlara təqdim edilib. Hətta bir dəfə Cavabdeh ASC tərəfindən dəyən zərərin əvəzi olaraq 50000 manat məbləğin ödənilməsinə razı olduqlarını bildirmişlər. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 52.2-ci, MPM-nin 372.2-ci, 385.1.1ci, 386-cı, 387.1-ci maddələrinə istinad edilmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının qanuni nümayəndəsi və nümayəndəsi məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 26. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İnsan Hüquqları və X1” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Assosiasiyası tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)- 4522/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilərək cavabdeh "Azərsu” ASC-dən iddiaçı "Qara-Qaya” Assosiasiyasının xeyrinə 23.200 manat pul tutulmalıdır. İşə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmiş, iddiaçının tələbinin əsassız olduğuna dair düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tərəflərin təqdim etdikləri sübutları qiymətləndirərkən təkcə sübutun qəbuledilənliyi məsələsini və işə aidiyyətini deyil, həm də sübutedici dəyərini qiymətləndirməkdə sərbəstdir. Sübutedici dəyərinə görə sübutlar birbaşa və dolayı sübutlara bölünür. Dolayı sübutlar əsas faktlara, yaxud işin hallarına və ya hadisələrin gedişinə dair elə informasiyaları bildirir ki, onların əsasında əsas faktlar barəsində nəticə çıxarmaq mümkün olur (Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları-İlqar Məmmədov Azərbaycana qarşı, 142-ci bənd; Rəsul Cəfərov Azərbaycana qarşı, 158-ci bənd). İşin cavabdeh tərəfindən mübahisələndirilməyən halı bundan ibarətdir ki, iddiaçının qanuni əsaslarla istifadə etdiyi torpaq sahəsində Cavabdeh ASC tərəfindən 2013-cü ildə müəyyən işlər görülmüş, hidrotexniki qurğular (su poplayıcı qurğu) quraşdırılmışdır. Cavabdehin nümayəndəsi həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində izahat verərək göstərmişdir ki, 2013-cü ildə Cavabdeh ASC-nin sifarişi ilə iddiaçıya ayrılmış torpaq sahəsində podratçı təşkilat tərəfindən işlər görülərkən ərazidə uçulub- sökülmüş tikililər olmuşdur. İddiaçının dəymiş ziyanın ödənilməsi barədə müraciətinə cavab olaraq Cavabdeh ASC-nin cavab məktublarında ziyan vurulmuş əmlaklar üzərində iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənədlərin tələb edilməsi belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh iddiaçının əmlaklarına Cavabdeh ASC tərəfindən ziyan vurulduğunu inkar etməmiş, dəymiş ziyana görə kompensasiya ödənişi üçün dağıdılmış və sökülmüş əmlaklar üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin təqdim edilməsinin zəruri olduğunu göstərmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi fotoşəkillərdən və "Qara-Qaya” Assosiasiyasının sərəncamlarından görünür ki, iddiaçıya Ağsu rayonunun Padar Bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahəsində istehsal sahəsi yaradılmış, müəyyən tikililər inşa edilmiş və qum-çınqıl hasilatı məqsədi ilə qurğular quraşdırılmışdır. Cavabdehin nümayəndəsinin 2013-cü ildə ərazidə Cavabdeh ASC-nin sifarişi əsasında işlər görülərkən hər şeyin dağılmış vəziyyətdə olduğuna dair izahatı sahənin boş olmadığını, həqiqətən sözügedən ərazidə əvvəllər iddiaçıya məxsus tikili və qurğuların mövcud olmuşdur. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması məqsədi ilə torpaqlar dövlət ehtiyacları üçün alına bilər. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Məcəllənin 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Torpaqların dövlət ehtiyacları üçün alınması qaydası “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrində nəzərdə tutulmuşdur. İstinad edilən normalara əsasən iddiaçıya alqı-satqı qaydasında satılmış torpaq sahəsində Cavabdeh ASC tərəfindən müəyyən hidrotexniki qurğuların quraşdırılması üçün həmin torpaq sahəsi və üzərindəki əmlaklar qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət ehtiyacları üçün alınmalı və iddiaçıya kompensasiya ödənilməli idi. İddiaçının bələdiyyə tərəfindən ona alq-satqı qaydasında satılmış torpaq sahəsi üzərində hüququ dövlət kadastrında qeydə alındığından onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaqla mülkiyyət hüququ haqqında sənəd əldə etməyə “qanuni gözlənti” hüququ vardır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox presedentlərində ifadə olunmuş hüquqi mövqeyə görə “qanuni gözlənti” “İnsan hüquqları və əsas azadlılarının müdafiəsi haqqında” Avropa Konvensiyasının “mülkiyyət hüququ”nun müdafiəsi ilə bağlı 1 saylı protokolun 1-ci maddəsinin təsiri altına düşür. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçıya qanuni əsaslarla ayrılmış torpaq sahəsinin dövlət ehtiyacı üçün alınması barədə müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan (cavabdehin bu barədə məhkəməyə hər hansı sübut təqdim etmədiyi nəzərə alınaraq) Cavabdeh ASC iddiaçıya məxsus torpaq sahəsində onun razılığı olmadan hidrotexniki qurğuların quraşdırılması üçün işlər görməklə mülki hüquq pozuntusu-delikt törətmişdir. Cavabdeh tərəf iddiaçıya məxsus torpaq sahəsində mövcud olmuş tikili və avadanlığın sökülməsinin Cavabdeh ASC və ya onun sifarişi əsasında işləri görmüş podratçı təşkilatlar tərəfindən həyata keçirildiyi inkar etsə də, məhkəmə hesab edir ki, 2013-cü ildə həmin ərazidə işlərin Cavabdeh ASC-nin sifarişi əsasında həyata keçirildiyi nəzərə alınarsa artıq iddiaçıya məxsus əmlakların işlər başlananadək üçüncü şəxslər tərəfindən söküldüyünü və dağıdıldığını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh tərəfindən bu barədə məhkəməyə sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsindəki tikililərin sökülməsi və əmlakların məhv olmasına görə məsuliyyət Cavabdeh ASC-nin üzərinə düşür. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, Cavabdeh ASC tərəfindən iddiaçıya ona məxsus torpaq sahəsində müəyyən işlərin görüləcəyi barədə hər hansı yazılı bildiriş təqdim etməmiş, həyata keçirilən işlər nəticəsində avadanlıq və qurğulara ziyan dəyə biləcəyi barədə iddiaçı məlumatlandırılmamışdır. Əgər belə məlumat verilmiş olsaydı iddiaçı sökülərək başqa ərazidə quraşdırılması mümkün olan qurğu və avadanlıqları sökmək imkanına malik olardı. MPM-in 77.3-cü maddəsinə görə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən sübutlar bu Məcəllə ilə müəyyən edilmiş qaydada hakim tərəfindən təmin edilir. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Bakı Apellyasiya Məhkəməsinin 02 mart 2022-ci il tarixli, e-2-2(103)-172/2022 saylı qərardadı ilə iddiaçıya məxsus olmuş əmlaklara vurulmuş ziyanın dəyərinin təqdim edilmiş fotoşəkillər və iddiaçı tərəfindən işə apellyasiya qaydasında baxılarkən təqdim edilmiş arayış, aktlar, smeta sənədləri əsasında müəyyənləşdirilməsi üçün iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın həyata keçirilməsi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş ekspert rəyində qeyd edilmişdir ki, ekspertiza təyini barədə qərardadda göstərilən malların (KTM-400 kva üçün-2500 manat, anker dayaq 1 ədədi 300 manat olmaqla 10 ədəd-3000 manat, aralıq dayaq 1 ədədi 150 manat olmaqla 70 ədəd-10500, AS-50 məftil-1 metri 0,60 manat olmaqla 12.000 metr- 7200 manat) orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hazırki orta bazar qiyməti ilə ümumi dəyəri nəzərə alaraq hesablama yolu ilə təxminən 23200 manat müəyyən edilmiş, 40 kv.m, 30 kv.m, 80 kv.m, 34 kv.m sahəsi olan yardımçı tikililərə və 2 ədəd sanitar qovşağının tikintisinə çəkilmiş xərcin dəyərini tikintiyə sərf edilmiş materialların və çəkilmiş xərclərin layihə smeta sənədləri, malların alınmasına dair qaimələr, tikililərin ölçüləri (eni, uzunluğu, hündürlüyü) barədə məlumatlar olmadığından müəyyən etmək mümkün olmamışdır. Məhkəmə göstərilənlərə və ekspert rəyinə əsaslanaraq hesab edir ki, iddiaçıya alqısatqı qaydasında satılmış torpaq sahəsində mövcud olmuş tikili və avadanlığa 2013-cü ildə Cavabdeh ASC tərəfindən həmin ərazidə görülmüş işlərlə əlaqədar ziyan vurulduğuna dair birbaşa sübutlar olmasa da, bu hal iş materiallarına əlavə edilmiş dolayı sübutlarla təsdiq edildiyindən, həmin tikililərin inşasına sərf edilmiş vəsait barədə smeta sənədləri, o cümlədən avadanlıq və qurğuların dəyəri barədə alış sənədləri, qaimələr və digər mötəbər sübutlar mövcud olmadığından iddia qismən təmin edilərək dəymiş ziyana görə ekspert rəyinə əsasən 23200 manat (təxmini hesablama yolu ilə müəyyən edilmiş) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Assosiasiyasının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-4522/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilərək cavabdeh "Azərsu” ASC-dən iddiaçı "Qara-Qaya” Assosiasiyasının xeyrinə 23.200 manat pul tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Assosiasiyasının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-4522/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilərək cavabdeh "Azərsu” ASC-dən iddiaçı "Qara-Qaya” Assosiasiyasının xeyrinə 23.200 manat pul tutulsun. İddia qalan hissədə rədd edilsin. 100 manat ekspertiza xərci cavabdeh "Azərsu” ASC-dən Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən hakim:İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən V.Ə.Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-172/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-172/2022
28.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver