Məhkəmə qərarları › İş №2-2(103)-172/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-172/2025

31.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-172/2025 31.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı (“X8 Stansiyası” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “elektrik enerjisinin əvəzləşdirilərək borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Əliyevanın sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4350/2024 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları

1. “X8 Stansiyası” MMC (İstehsalçı) ilə "xxxx" ASC (Təchizatçı) arasında Elektrik enerjisinin ötürülməsi haqqında 01 yanvar 2024-cü il tarixli müqaviləyə əsasən İstehsalçı” "xxxx" tərəfindən istehsal olunub “Enerji ötürən”-“Azərişıq" ASCnin şəbəkəsi vasitəsilə “İstehsalçı”nın istehlakçılarına ötürüləcək elektrik enerjisinin hər kVt.s-nın dəyəri (ƏDV daxil olmaqla) 0.4 qəpik təşkil edir. İllik, rüblük və aylıq elektrik enerjisinin istehsalının proqnoz göstəriciləri və maksimal güc qrafiki hər müvafiq il üçün Energetika Nazirliyi tərəfindən təsdiq edilərək, bu müqaviləyə əlavə olunur. “İstehsalçı”nın və “Enerji ötürən”in enerjinin təhvil-təsliminə dair sərhəd nöqtəsi olaraq qəbul edilmiş "xxxx"-də 35 kV-lıq bölmələrarası yağ açarında quraşdırılmış “ELSTER” tipli elektrik sayğacının göstəriciləri əsasında “Aran" RETSİ-nin X2 ilə ikitərəfli qaydada tərtib etdikləri sərfiyyat aktı əsas hüquqi sənəddir və hesablaşma həmin sənədə əsasən aparılır. “X8 Stansiyası” MMC-nin "xxxx" ASC-nin ərazisində olan enerji ötürdüyü müəssisələrin siyahısında "xxxx" MMC qeyd edilmiş və onun orta aylıq istehlak olunan enerjinin həcmi 500000 - ******* kVts müəyyən olunmuşdur. Müqavilənin 4-cü bəndinə əsasən elektrik enerjisinin ötürmə marşrutu aşağıdakı kimidir: “İstehsalçı” “Muğan SES" - “Enerji ötürən” “Azərişıq" ASC-nin enerji təchizatı şəbəkəsi- “İstehsalçı”nın enerji satacağı müəssisələrinin (Bakı şəhəri və regionlarda yerləşən) enerji qəbulu üzrə sərhəd nöqtələri. Müqavilənin 5-ci bəndinə əsasən “İstehsalçı”da sərhəddə quraşdırılmış hesabat sayğacının göstəriciləri əsas götürülərək, “İstehsalçı və “Enerji ötürən” arasında tərtib edilmiş akta əsasən istehsal edilib ötürülən enerjidən "xxxx" ASC-nin X6 Təchizatı və Satışı İdarəsinin X2 ərazisində “İstehsalçının enerji satacağı müəssisələrinin işlətdiyi enerji çıxıldıqdan sonra, artıq qalan enerji "xxxx" ASC-nin Bakı regionu ərazisində yerləşən “İstehsalçı”-nın müəssisələrinə ötürülür. Müqavilənin 6-cı bəndinə əsasən ötürülən elektrik enerjisinin kəmiyyəti “Enerji ötürən” ilə “İstehsalçı”nın müəssisələrinin istifadə etdikləri elektrik enerjisinin sərfiyyat aktları əsasında hər ay üzləşdirilərək rəsmiləşdirilir. Müqavilənin 7-ci bəndinə əsasən "İstehsalçı”nın işə buraxılması üçün (xüsusi sərfiyyat) sərhəddə quraşdırılmış hesabat sayğacının göstəricisinə əsasən. “Enerji ötürən”dən idxal etdiyi elektrik enerjisi “İstehsalçı” ilə “Enerji ötürən” arasında tərtib edilmiş aktda göstərilir və aktda göstərilən (idxal edilən) enerjinin haqqı “Enerji ötürən”ə qanunvericiliklə müəyyən edilmiş müvafiq qiymətlə ödənilir.

2. “X8 Stansiyası” MMC (Satıcı) ilə "xxxx" MMC (Alıcı) arasında bağlanmış 14 yanvar 2024-cü il tarixli Elektrik enerjisinin alqı-satqısı müqaviləsinə əsasən “Satıcı” müqavilə üzrə müəyyən edilmiş şərtlər əsasında elektrik enerjisini “Alıcı”-ya satmağı, “Alıcı” isə bu müqavilə ilə razılaşdırılmış qaydada elektrik enerjisinin dəyərini “Satıcı”-ya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 14 yanvar 2022-ci il tarixinədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. Bu qayda növbəti illərə də şamil edilir. Müqavilənin 4.3-cü bəndinə əsasən “Satıcı” hər ay "xxxx" ASC-yə “Alıcı”-ya ötürmək istədiyi elektrik enerjisinin miqdarı barəsində məlumat verir. Bu əsasla da “Alıcı” ilə "xxxx" ASC “Satıcı” tərəfindən “Alıcı”-ya ötürülmüş elektrik enerjisinin miqdarı barədə akt tərtib edilir. Bu akt “Satıcı” tərəfindən “Aİıcı”-ya müvafiq elektron qaimənin verilməsi üçün əsas hesab edilir.

3. "xxxx" ASC-nin təchizat şəbəkəsinə, Müstəqil enerji istehsalçısı "xxxx" MMC-dən 2024-cü il yanvar-aprel aylarında istehsal olunaraq ötürülən elektrik enerjisi sərfiyyatı haqqında xx.xx.2024-cü tarixli Aktdan görünür ki, 35 kV-luq "xxxx" h/x, xüsusi sərfiyyat – istehsal rejimi üzrə 847448 kvts enerji istehsal edilmiş, Bakı RETSİ-nə 783590 kvts enerji ötürülmüşdür.

4. Azərbaycan Respublikası “X8 Stansiyası” MMC tərəfindən "xxxx" ASC-nin Satış departamentinin direktoru Elçin Dadaşova ünvanlanmış məktubundan görünür ki, “X8 Stansiyası” MMC ilə "xxxx" ASC arasında təsdiqlənmiş akta əsasən 01 yanvar 2024cü il 01 may 2024-cü il tarixədək “X8 Stansiyası” MMC tərəfindən istehsal edilərək ötürülən 783590 kvts elektrik enerjisindən "xxxx" MMC-yə 310000 kvts, “Azərkimya İstehsal və X3” ASC-yə 75000 kvts, "xxxx" MTK-ya 398590 kvts əvəzləşdirmə aparılmasına köməklik göstərilməsini xahiş etmişdir.

5. "xxxx" MMC tərəfindən "xxxx" ASC-nin sədri Vüqar Əhmədova ünvanlanmış məktubundan görünür ki, “X8 Stansiyası” MMC-nin 01 yanvar 2024-cü il 01 may 2024-cü il tarixləri ərzində istehsal edərək ötürdüyü elektrik enerjisindən Holdingin tərkibinə daxil olan "xxxx" MMC ilə 310000 kvts, “Azərkimya İstehsal və X3” ASC ilə 75000 kvts, qalan istehsal olunaraq ötürülmüş elektrik enerjisinin isə "xxxx" MTK ilə əvəzləşdirmə aparılmasına göstəriş verilməsini xahiş etmişdir.

6. "xxxx" ASC tərəfindən “X8 Stansiyası” MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli 13-13/2-1/07-8252/2024 nömrəli məktubdan görünür ki, “X8 Stansiyası" MMC tərəfindən 2024-cü ilin yanvar - aprel dövrü ərzində istehsal edilmiş 783590-kVts elektrik enerjisinin 752327 kVts hissəsi "xxxx" MTK, 31263 kVts hissəsi isə "xxxx" MMC ilə əvəzləşdirilmişdir.

6. “X8 Stansiyası” MMC tərəfindən istehsal olunaraq ötürülən elektrik enerjisinin “Azərişıq" ASC-yə rəsmi müraciətlə əvəzləşdirilməsi barədə məlumat cədvəlindən görünür ki, xx.xx.2024-xx.xx.2024-cü il dövrləri üzrə "xxxx" MMC-yə 310000 kv/st əvəzləşdirilmənin aparılması nəzərdə tutulmuşdur.

7. MT2406 seriyalı, 10122354 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən istifadə olunmuş 317079 kv/st həcminə uyğun olaraq elektrik enerjisinin dəyəri 31707,9001 manat hesablanmaqla, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat:

8. İddiaçı "xxxx" MMC iddia ərizəsi və iddia ərizəsinin əlavə ilə məhkəməyə müraciət edərək, “X8 Stansiyası” MMC tərəfindən ötürülmüş elektrik enerjisinin 310000 kVt hissəsinin "xxxx" MMC ilə əvəzləşdirilməklə yaranmış 31000 manat məbləğində borcun silinməsi vəzifəsinin "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X8 Stansiyası” MMC ilə "xxxx" ASC arasında elektrik enerjisinin tranzit ötürülməsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “X8 Stansiyası” MMC istehsal etdiyi elektrik enerjisini "xxxx" ASC-nin şəbəkələrinə ötürür və “X8 Stansiyası” MMC-nin müəyyənləşdirdiyi abonentlər ilə "xxxx" ASC arasında akt tərtib edilərək şəbəkəyə ötürülmüş elektrik enerjisi həmin abonentlərlə istehlak etdiyi elektrik enerjisi ilə əvəzləşdirilir, daha sonra həmin müəssisələr “X8 Stansiyası” MMC-nin pulunu ödəyir. “X8 Stansiyası” MMC tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər 783.590 kVts elektrik enerjisi istehsal olunaraq "xxxx" ASC-yə ötürülmüş və bu xx.xx.2024-cü il tarixli aktla təsdiq edilmişdir. xx.xx.2024cü il tarixli, 05 nömrəli məktubla “X8 Stansiyası” MMC tərəfindən ötürülmüş elektrik enerjisinin 310000 kVts hissəsinin İddiaçı MMC-yə ötürülməsi və onunla əvəzləşdirilməli olması barəsində "xxxx" ASC-yə rəsmi məlumat verilmişdir. Buna görə də İddiaçı MMC-nin hazırda elektrik enerjisinə görə "xxxx" ASC-yə borcu yoxdur. Bir müddət əvvəl "xxxx" ASC tərəfindən guya ki, İddiaçı MMC-nin borcu olması səbəbindən əsassız olaraq İddiaçı MMC-yə elektrik enerjisinin verilişi dayandırılmışdır. "xxxx" MMC-nin elektrik enerjisinin ödənilməsi ilə əlaqədar borcunun olması həqiqətə uyğun deyildir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə istinad olunmuşdur.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 4350/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, “X8 Stansiyası” MMC tərəfindən ötürülmüş elektrik enerjisinin 310000 kv/st hissəsi iddiaçı "xxxx" MMC ilə əvəzləşdirilərək cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya hesablanmış 31000 manat məbləğində borcun silinməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “X8 Stansiyası” MMC ilə "xxxx" ASC arasında elektrik enerjisin ötürülməsi ilə bağlı 01 yanvar 2024-cü il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" ASC “X8 Stansiyası” MMC tərəfindən istehsal olunan elektrik enerjisini “X8 Stansiyası” MMC-nin istehlakçıları sırasında qeyd olunan "xxxx" MMC-yə ötürməyi, “X8 Stansiyası” MMC isə müqavilənin 13-cü bəndinə əsasən elektrik enerjinin ötürülməsi haqqını ona ödəməyi öhdəsinə götürmüşdür. Lakin "xxxx" ASC müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək, tərəflər arasında təsdiqlənmiş akta əsasən 01 yanvar-01 may 2024-cü il dövrü üzrə “X8 Stansiyası” MMC tərəfindən istehsal edilən 783590 kvts elektrik enerjisindən 310000 kvts enerjini "xxxx" MMC-yə ötürməmişdir. Cavabdehin iddiaçı qarşısında öhdəliyini yerinə yetirməməsi cavabdeh tərəfindən üçüncü şəxs olan “X8 Stansiyası” MMC-yə ünvanlanmış məktubla da təsdiq olunur. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 403.2-ci maddəsinə əsasən onun xeyrinə bağlanmış müqavilə üzrə öhdəliyin icrasını tələb edə etmək hüququ əmələ gəlmişdir. Belə ki, üçüncü şəxs “X8 Stansiyası” MMC-nin ötürdüyü elektrik enerjisi cavabdeh tərəfindən tərəflərin razılışdığı qaydada əvəzləşdirilmədən, nəzərdə tutulmuş sərfiyyatın qalan hissəsini “X8 Stansiyası” MMC-nin istehlakçıları sırasında qeyd olunmuş digər hüquqi şəxs olan "xxxx" MTK-nın ümumi borcuna silinmişdir. Bu səbəbdən məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, üçüncü şəxs “X8 Stansiyası” MMC tərəfindən iddiaçının xeyrinə müqavilə üzrə nəzərdə tutulmuş elektrik enerjisinin 310000 kv/st hissəsinin cavabdehə ötürdüyünü, cavabdehin isə öz öhdəliyini lazımi qaydada icra etməyərək iddiaçı ilə həmin həcmdə elektrik enerjisini əvəzləşdirmə aparmadığını nəzərə alaraq hesab edir ki, üçüncü şəxs “X8 Stansiyası” MMC tərəfindən ötürülmüş elektrik enerjisinin 310000 kv/st hissəsi iddiaçı ilə əvəzləşdirilərək cavabdeh tərəfindən iddiaçıya hesablanmış 31000 manat məbləğində borc silinməlidir.

12. Cavabdeh "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MTK abonentlərin siyahısında olduğundan, onun mövcud borcu ilə bağlı əvəzləşdirmə aparılmışdır. Belə ki, "xxxx" MTK tərəfindən binada istifadə olunmuş elektrik enerjisi sərfiyyatının dəyərini ödənilmədiyindən və ümumilikdə binanın enerji təchizatı müvəqqəti olaraq kəsmək ağır nəticələnəcəyindən ümumi siyahı üzrə məbləğ əvəzləşdirilmişdir.

14. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

Apellyasiya şikayətinə qarşı "xxxx" MMC tərəfindən yazılı etiraz verilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ilk öncə bir daha Hörmətli Məhkəmə Kollegiyasının nəzərinə çatdırır ki, “X8 Stansiyası" MMC ilə “Azərişıq" ASC arasında elektrik enerjisinin tranzit ötürülməsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “X8 Stansiyası" MMC istehsal etdiyi elektrik enerjisini “Azərişıq" ASC-nin şəbəkələrinə ötürür və "X8 Stansiyası" MMC-nin müəyyənləşdirdiyi abonentlər ilə “Azərişıq" ASC arasında akt tərtib edilərək şəbəkəyə ölürülmüş elektrik enerjisi həmin abonentlərlə istehlak etdiyi elektrik enerjisi ilə əvəzləşdirilir. “X8 Stansiyası" MMC tərəfindən 01 yamar 2024-cü il tarixdən 01 may 2024-cü il tarixə qədər 783 590 kV/st elektrik enerjisi istehsal olunaraq “Azərişıq" ASC’-no ötürülmüş və bu 29 may 2024-eü il tarixli aktla təsdiq edilmişdir. 27 may 2024-cü larixli 05 nömrəli məktubla "X8 Stansiyası” MMC tərəfindən ötürülmüş elektrik enerjisinin 310 000 kV/st hissəsinin "X5” MMC-nə ötürülməsi və oıunla əvəzləşdirilməli olması barəsində "Azərişıq” ASC-yə rəsmi məlumat verilmişdir. Buna görə də "X5” MMC-nin hazırda elektrik enerjisinə görə "xxxx" ASC-yə borcu yoxdur. Digər tərəfdən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin özündən də həmin şikayətin tamamilə əsassız olduğu açıq-aydın görünür. Apellyasiya şikayətinə diqqət eldikdə görünür ki, cavabdeh öz apellyasiya şikayətində istər bizim tərəfimizdən verilmiş iddia tələbinə qarşı, istərsə də məhkəmə qətnaməsinin dəlillərinə qarşı hər hansı bir əks arqumentə əsaslanmamışdır. Cavabdeh apellyasiya şikayətinin yeganə əsası kimi qeyd etmişdir ki. "Hüquq” MTK abonentlərin siyahısında olduğundan, onun mövcud borcu ilə bağlı əvəzləşdirmə aparılmış, "xxxx" MTK tərəfindən binada istifadə olunmuş elektrik enerjisi sərlıyyatının dəyəri ödənilmədiyindən və ümumilikdə binanın enerji təchizatı müvəqqəti olaraq kəsmək ağır nəticələnəcəyindən ümumi siyahı iizrə məbləğ əvəzləşdirilıııişdir. Cavabdeh "Azərişıq” ASC əslində əsassız hesablamalar apararaq "xxxx" MTK-nın da borcunu süni şəkildə şişiriınişdir. "xxxx" MTK-da olan sayğacın sıradan çıxması nəticəsində yaranmış əlavə sərfiyyatla bağlı məhkəməyə iddia qaldırılmış və həmin iddia da təmin olunmuşdur. "xxxx" MTK-nın binasında yerləşən Bank VLB (Azərbaycan) ASC-ni elektrik enerjisi ilə təmin edən xəttə quraşdırılmış sayğac düzgün yerdə quraşdırılmamış və buna görə də 21 000 kVts elektrik enerjisi itkisi "Hüquq” MTK-nın üzərində qalmışdır.Bu fakt Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən aparılan yoxlama nəticəsində tərtib olunan aktda da öz təsdiqini tapmışdır. Göründüyü kimi cavabdeh apellyasiya şikayətində onlara aidiyyatı olmayan başqa şirkətin ümumi siyahı üzrə əvəzləşdirilmiş məbləğlərinə istinad etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmədə verdiyi izahatda nümayəndə mübahisəli elektrik enerjisinin 31263 kVts hissəsi üzrə əvəzləşdirilmənin aparıldığını bildirdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmədə verdiyi izahatda nümayəndə mübahisəli elektrik enerjisinin 31263 kVts hissəsi üzrə əvəzləşdirilmə aparıldığını təsdiq etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X8 Stansiyası” MMC məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

15. Mülki Məcəllənin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -403.1-cü maddəsinə əsasən üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər. -403.2-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yaxud öhdəliyin mahiyyətindən hər hansı ayrı hal irəli gəlmirsə, üçüncü şəxsin xeyrinə bağlanmış müqavilənin icrasını həm kreditor, həm də üçüncü şəxs tələb edə bilər. -403.3. Xüsusi qeyd-şərt olmadıqda, işin hallarına, o cümlədən onun məqsədinə əsasən aşağıdakılar müəyyənləşdirilməlidir: 403.3.1. üçüncü şəxs hüquq əldə etməlidir, yoxsa əldə etməməlidir; 403.3.2. bu hüquq dərhal, yoxsa müəyyən ilkin şərtlər olduqda əmələ gəlir; 403.3.3. üçüncü şəxsin razılığı olmadan onun hüququna xitam verməyə və ya hüququnu dəyişməyə müqavilənin tərəflərinin ixtiyarı var, yoxsa yox. -403.6-cı maddəsinə əsasən borclu kreditora qarşı irəli sürə biləcəyi etirazları müqavilədə üçüncü şəxsin tələbinə qarşı irəli sürə bilər. -403.7-cü maddəsinə əsasən üçüncü şəxs müqavilə üzrə ona verilmiş hüquqdan imtina etdikdə, kreditor həmin hüquqdan, əgər bu Məcəlləyə və müqaviləyə zidd deyilsə, istifadə edə bilər. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. MPM-in: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmiş, həmin qətnamə cavabdeh tərəfindən apellyasiya qaydasında bütövlükdə mübahisələndirilmişdir. Odur ki, kollegiya Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, eləcə də cavabdehin apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq belə qənaətə gəlir ki, qətnamənin əsaslılığı tam şəkildə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi əvəzləşdirilməyən elektrik enerjisinin miqdarı və buna müvafiq olaraq silinməli olan borc məbləği hissəsində dəyişdirilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

1. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “X8 Stansiyası” MMC ilə "xxxx" ASC arasında elektrik enerjisin ötürülməsi ilə bağlı 01 yanvar 2024-cü il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" ASC “X8 Stansiyası” MMC-nin istehsal etdiyi elekteik enerjisini MMC-nin isteklakçılarına ötürməyi, o cümlədən müqavilənin 5-ci bəndinə əsasən “MMCnin istehsal edərək ötürdüyü enerjisindən istehsal olunan elektrik enerjisindən istehsalçının enerji satacağı müəssisələrin işlətdiyi enerji çıxıldıqdan sonra, artıq qalan enerjini istehsalçının Bakı ərazisində yerləşən müəssisələrinə (o cümlədən "xxxx" MMC yə) ötürməyi, “X8 Stansiyası” MMC isə müqavilənin 13-cü bəndinə əsasən elektrik enerjinin ötürülməsi haqqını "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında təsdiqlənmiş akta əsasən 01 yanvar-01 may 2024-cü il dövrü üzrə “X8 Stansiyası” MMC tərəfindən 01 yanvar 2024-cü il tarixdən 01 may 2024-cü il tarixə qədər 847448 kvts enerji istehsal edilmiş və həmin enerjinin artıq qalan 783590 kvts hissəsi Bakı RETSİ-ə ötürülmüşdür.

2. “X8 Stansiyası” MMC tərəfindən ötürülmüş 783590 kvts elektrik enerjisinin 75 000 kVst hissəsinin “Azərkimya İstehsal və X3” ASC-nin, 310000 kvts hissəsinin "xxxx" MMC-nin, 398590 kvts hissəsinin isə "xxxx" MTK-nin "xxxx" ASC-yə olan borcu ilə əvəzləşdirilməli olması barəsində "xxxx" ASC-yə rəsmi məlumat verilməsinə baxmayaraq "xxxx" ASC tərəfindən həmin enerjinin 752327 kVts hissəsi "xxxx" MTK və yalnız 31263 kVts hissəsi "xxxx" MMC ilə əvəzləşdirilmişdir.

3. Göründüyü kimi “X8 Stansiyası MMC istehsal etdiyi elektrik enerjisinin 310.000 kvst hissəsini iddiaçı "xxxx" MMC-nin borcu ilə əvəzləşdirilməsi üçün cavabdehin Bakı RETSİ-yə ötürmüş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməyərək iddiaçı ilə həmin həcmdə elektrik enerjisinə dair əvəzləşdirmə aparmamışdır. Odur ki, müqavilənin xeyrinə bağlandığı üçüncü şəxs olan iddiaçı "xxxx" MMC Mülki Məcəllənin 403.2-cü maddəsinə əsasən həmin öhdəliyin cavabdeh "xxxx" ASC tərəfindən tam şəkildə icra edilməsini tələb etməkdə haqlıdır.

21. "xxxx" MMC ilə əvəzləşdirilməli olan elekrik enerjisinin miqdarına, ona uyğun olaraq borcun məbləğinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan "xxxx" ASC-nin məktubundan, eyni zamanda hər iki tərəfin apellyasiya instansiyası məhkəməsində verdiyi izahatlardan müəyyən edilir ki, iddiaçının borcu ilə əvəzləşdirilməli olan 310.000 kvst elektrik enerjisinin 31263 kVts hissəsi ilə bağlı artıq əvəzləşdirmə aparılmış, yəni elektrik enerjisinin əvəzləşdirməmiş hissəsi 278.737 kvst, yəni 27.873,7 (278.737x0,1 manat) manat təşkil edir.

22. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə əvəzləşdirilməli olan elektrik enerjisinin miqdarı və buna müvafiq olaraq silinməli olan borcun məbləği hissəsində dəyişdirilməli, “X8 Stansiyası” MMC tərəfindən ötürülmüş elektrik enerjisi ilə əvəzləşdirilməli olan elektrik enerjisinin miqdarı 278.737 kvst, buna müvafiq olaraq silinməli olan borc məbləği isə 27.873,7 manat məbləğində müəyyən edilməlidir. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə xərclərinə gəldikdə kollegiya qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edildiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi iddiaçıdan tutularaq cavabdehə ödənilməli, dövlət rüsumunun qalan hissəsi isə cavabdehə aid edilməlidir.

24. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4350/2024 saylı qətnaməsi əvəzləşdirilməli olan elektrik enerjisinin miqdarı və buna müvafiq olaraq silinməli olan borcun məbləği hissəsində dəyişdirilsin. “X8 Stansiyası” MMC tərəfindən ötürülmüş elektrik enerjisi ilə əvəzləşdirilməli olan elektrik enerjisinin miqdarı 278.737 kvst, buna müvafiq olaraq silinməli olan borc məbləği isə 27.873,7 manat məbləğində müəyyən edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilərkən ödənilmiş ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi iddiaçıdan tutularaq cavabdehə ödənilsin, dövlət rüsumunun qalan hissəsi isə cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində cavabdeh "xxxx" ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar