Məhkəmə qərarları › İş №2-2(103)-173/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-173/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-173/2025 23.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-5005/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı "xxxx" ASC iddia ərizəsi, daha sonra isə tələbin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə xx.xx.2024-cü il tarixli 1011- ƏKM nömrəli Əsas kredit müqaviləsi və xx.xx.2024-cü il tarixli, 1011-KQ saylı Əlavə kredit müqaviləsi üzrə 631640.3 manat əsas və 6333.95 manat faiz borcu olmaqla, cəmi 637974.25 manat məbləğinin tutulması, həmçinin, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 970.41 AZN dövlət rüsumu və 1.46 AZN bank xidmət haqqının, MTT ilə bağlı məhkəməyə müraciət etmək üçün ödənilmiş 99.15 AZN dövlət rüsumu və 0.4 AZN bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-5005/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh xx.xx.2024-cü il tarixli 1011-ƏKM nömrəli əsas kredit müqaviləsi və xx.xx.2024-cü il tarixli, 1011-KQ saylı əlavə kredit müqaviləsi üzrə 631640,3 manat əsas və 6333,95 manat faiz borcu olmaqla, cəmi 637974 (altı yüz otuz yeddi min doqquz yüz yetmiş dörd) manat 25 (iyirmi beş) qəpik pul vəsaitinin, 970 (doqquz yüz yetmiş) manat 41 (qırx bir) manat ödənilmiş dövlət rüsumunun əvəzi, 1 (bir) manat 46 (qırx altı) qəpik bank xidmət haqqının, MTT ilə bağlı məhkəməyə müraciət etmək üçün ödənilmiş 99 (doxsan doqquz) manat 15 (on beş) qəpik və 0,4 manat bank xidmət haqqının iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir.

3. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5005/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Lakin cavabdeh tərəfindən vaxtlı-vaxtında ödənişlər edilmişdir. Cavabdeh "xxxx" ASC ilə müqavilə bağlayarkən qarşı tərəfə bildirmişdir ki, ipoteka müqaviləsində qeyd edilən əmlaklar "xxxx" ASC-də girovdadır, ipoteka ilə yüklüdürlər. Onlar da tərəfə krediti götürməyində maneçilik olmadığını bildirmişlər. Tərəf ipoteka ilə yüklü edilmiş əmlakların "xxxx" ASC-dən çıxarılması barədə qarşı tərəfdən soruşduqda bankın nümayəndələri bildirmişlər ki, özləri "xxxx" ASC-yə əmlakların ipotekadan çıxarılması barədə razılıq məktub verəcəklər. Daha sonra tez bir zamanda heç nə gözləmədən Cavabdehlə ipoteka müqaviləsini rəsmiləşdirilmişdir. Lakin daha sonradan tərəfə heç bir razılıq məktubu təqdim edilməmişdir. "xxxx" ASC isə məktub olmadığı təqdirdə 5% cərimələnəcəyini tərəfə bildirmişdir. İddiaçının səhvinə görə cavabdeh pis vəziyyətə düşmüşdür. Digər tərəfdən əgər iddiaçı etimad etmirdisə, cavabdehə nəyə görə ipoteka müqaviləsi rəsmiləşmədən kredit müqaviləsini rəsmiləşdirmiş və məbləği cavabdehə vermişdir. Burdan da göründüyü kimi indiki halda inkar etsələr də, öz üzərinə düşən öhdəliyi yerinə yetirməyərək "xxxx" ASC-ə məktubu ünvanlamaqdan sonradan imtina etmişlər. Hesab edilir ki, məhkəmə tərəfindən borcun tutulması barədə iddia təmin edilərkən cavabdehin hüquqlarının pozulmasını nəzərə almamışdır. Məhkəmə tərəfindən cavabdeh tərəfindən hər ay ödənişlərin olduğu halda faiz borcunun artması araşdırılmamış və iddiaçının tələbi tam təmin edilmişdir. Faiz borcunun müəyyən olunması məqsədi ilə ekspertiza təyin oluna bilərdi, lakin məhkəmə tərəfindən ekspertiza belə təyin edilməmişdir. Digər tərəfdən iddiaçının öz öhdəliyinin tam yerinə yetirilməməsi nəzərə alınmamışdır. Belə ki, halhazırda cavabdeh "xxxx" ASC-dən tələb olunan məktubu təqdim etdiyi təqdirdə cavabdeh ordakı öhdəliyini tam bağlayıb, yalnız "xxxx" ASC-yə olan borcunu ödəyə bilərdi. Lakin indiki vəziyyətdə hər iki banka ödənişlər edir və bu da öz növbəsində cavabdehin vəziyyətini pisləşdirir. İkinci tərəfdən isə kredit borcu üzrə öhdəliklər tam yerinə yetirilir. Hər ay ödənişlər cavabdeh tərəfindən olunur. Lakin Bank tərəfindən borcun məhkəmə qaydasında birdəfəlik tələb edilməsi cavabdehin vəziyyətin pisləşdirir. Bu hallar birinci instansiya məhkəməsində təqdim edilən sübutlarla təsdiq edilmiş və onlarla bağlı heç bir mübahisə edilməmişdir. Lakin birinci instansiya məhkəməsi təqdim olunmuş sənədləri əsassız olaraq nəzərə almamışdır. Qeyd edilmiş əsaslar açıq-aşkar göründüyü halda məhkəmə əsassız olaraq qanunsuz qətnamə qəbul etmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddianı qəbul etmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasına cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz etmiş və şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

9. Həmin Məcəllənin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır

10. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

11. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

12. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

13. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür.

17. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı cavabdehə 27 mart 2024-cü il tarixli, 1011-KQ №-li Əlavə kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 14 % olmaqla 36 ay müddətinə 728723 manat məbləğində kredit vermiş, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri iddiaçıya ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Həmçinin cavabdeh müqavilənin 5.4.12-ci bəndinə əsasən kreditin rəsmiləşdirildiyi tarixdən etibarən 10 iş günü müddətində ona məxsus ünvan 1 ünvanda yerləşən mənzili, ünvan 2 ünvanda yerləşən mənzili və ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka hüquqları ilə yüklü edilməsini təmin etməyi öhdəsinə götürmüşdür.

18. Qeyd edilənlər işdə olan müqavilələr, ödəniş qəbzi, maliyyə arayışı və digər sənədlərlə təsdiq edilmişdir.

19. Məhkəmə hesab etmişdir ki, kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan, yəni cavabdeh kredit müqavilələri üzrə öhdəlikləri icra etməmiş, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Nəticədə iddiaçının müqavilədən imtina edərək cavabdehdən xx.xx.2024-cü il tarixli 1011-ƏKM nömrəli Əsas kredit müqaviləsinin 4.7.1-ci yarımbəndinin (k) hissəsinə uyğun olaraq müqavilə çərçivəsində verilmiş kredit borcunun qalıq məbləğinin vaxtından əvvəl qaytarılmasını və qaytarılma anınadək hesablanmış faizlərin ödənilməsini tələb etmək hüququ yaranmışdır.

20. Digər tərəfdən məhkəmə cavabdehin xx.xx.2024-cü il tarixində təqdim etdiyi ödəniş qəbzinə münasibətdə hesab etmişdir ki, həmin ödənişin Cavabdeh adına deyil, müştəri X3 adına ödənildiyi qeyd edilmiş və ödənişin məhz mübahisə edilən kredit müqaviləsi üzrə ödənilməsini müəyyən etmək mümkün olmamışdır. Buna görə də həmin ödəniş nəzərə alınmamışdır.

21. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 19 mart 2024-cü il tarixli, 1011-ƏKM №-li Əsas kredit müqaviləsindən görünür ki, Müqaviləyə əsasən Borc verən Borc alana 60 (altmış) ay müddətində (xx.xx.2029-cu il tarixədək) ******* (iki milyon) manat ekvivalenti məbləğində bərpa olunan kredit limiti açmağı, Borc alan isə ona bu kredit limiti çərçivəsində təqdim olunmuş Krediti müvafiq Əlavə kredit müqaviləsində nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı və Kreditə hesablanmış faizləri Borc verənə ödəməyi, habelə Kreditdən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə çərçivəsində Borc alana verilən Kreditlərin qaytarılması şərtləri və dövriliyi, o cümlədən Kreditlərin məbləğinə hesablanmış faizlərin miqdarı, hesablanma qaydası və ödənilməsi dövriliyi Əlavə kredit müqavilələri ilə müəyyən olunur. Müqavilənin 4.7 və 4.7.1 bəndinin k) yarımbəndinə əsasən Əlavə kredit müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, Borc verən Borcalan tərəfindən bu Müqavilənin 5.4.9-5.4.12-ci yarımbəndlərində nəzərdə tutulmuş öhdəliklər icra edilmədikdə öz mülahizəsinə əsasən bu Müqavilə çərçivəsində verilmiş bütün Kreditlərin və ya onlardan birinin yaxud bir neçəsinin, həmçinin Borc alanla bağlanmış bütün kredit müqavilələri (kredit riski yaradan digər müqavilələr) üzrə borcların qalıq məbləğinin vaxtından əvvəl qaytarılmasını və qaytarılma anmadək hesablanmış faizlərin ödənilməsini Borc alandan tələb edə, o cümlədən Borc alana yeni Kreditin verilməsindən imtina edə bilər. Müqavilənin 5.4.12-ci bəndinə əsasən müqavilə çərçivəsində 36 (otuz altı) ay müddətinə, illik 14 (on dörd) % dərəcəsi ilə 728723 (yeddi yüz iyirmi səkkiz min yeddi yüz iyirmi üç) manat məbləğində Borc alana verilməsi nəzərdə tutulan kreditin rəsmiləşdirildiyi tarixdən etibarən 10 (on) iş günü müddətində Borc alana məxsus ünvan 1 ünvanda yerləşən (reyestr nömrəsi; **********44-05301-093027). ünvan 2 ünvanda yerləşən (reyestr nömrəsi: **********44-05301-093004) və ünvan 3 ünvanda yerləşən (reyestr nömrəsi: **********43-10301) Borc verənin xeyrinə ipoteka hüquqları ilə yüklü edilməsini təmin etmək; Borc alan bu yarımbənddə qeyd olunmuş öhdəliklərini icra etmədikdə, Borc verən birtərəfli qaydada kreditdən istifadəyə görə Əlavə kredit müqavilələrində müəyyən olunmuş illik faiz dərəcəsini əlavə 5 (beş) %-dək artırmaq hüququna malikdir.

22. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi və istinad etdiyi hallara dair sübutlar təqdim edilməmişdir. Mühasibatlıq ekspertizasının təyin edilməsi zərurəti cavabdeh tərəfindən əsaslandırılmamışdır. Müqavilə öhdəliyi cavabdeh tərəfindən pozulduğu üçün iddiaçı verdiyi kredit məbləğini bütövlüklə cavabdehdən tələb edə bilər. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassızdır.

23. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iş üzrə maddi və prosessual hüquq normalarını da düzgün tətbiq edərək, iş üzrə mövcud olan bütün mötəbər sübutları araşdırmış və düzgün nəticəyə gəlmişdir.

24. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

25. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-5005/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar