Məhkəmə qərarları › İş №2-2(103)-174/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-174/2020

19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-174/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı «A-3 X4 Karparasiyası» MMC-nin nümayəndəsi və vəkili X2 iştirakı ilə, iddiaçı «A-3 X4 Karparasiyası» MMC-nin cavabdeh «xxxxxxxxxxxxxxx» Özəl Kollektiv müəssisəsinə qarşı “pul” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2(81)-1144/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən (hakim Fərid Mədətli) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı «A-3 X4 Karparasiyası» MMC cavabdeh «xxxxxxxxxxxxxxx» Özəl Kollektiv Müəssisəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “İnvestisiya qoyulması haqqında alqı-salqının keçirilməsi üçün” xx xxxx 2015-cı il tarixli müqavilə üzrə yaranmış əsas borca görə 439.000 manat, faiz borcuna görə 149.260 manat olmaqla, cəmi 588.260 manat pulun cavabdeh “xxxxxxxxxxxxxxx Özəl Kollektiv Müəssisəsindən iddiaçı “A-3 X4 Karparasiyası” MMC-nın xeyrinə tutulması barədə qətnamə qəbul edlməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2(81)-1144/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı “A-3 X4 Karparasiyası MMC ilə cavabdeh "xxxxxxxxxxxxxxx" Özəl Kollektiv Müəssisəsi arasında xx xxxx 2015-cı il tarixdə “İnvestisiya qoyulması haqqında Alqı-satqının keçirilməsi üçün” müqavilə bağlanmışdır. Daha sonra isə xx xxxxxx 2016-cı il tarixdə həmin müqaviləyə 1 nömrəli əlavə razılaşma imzalanmışdır. Həmin müqaviləyə və müqaviləyə əlavə razılaşmaya əsasən cavabdeh iddiaçıdan 2016-cı ilin avqust ayına qədər ayrı-ayrı vaxtlarda nağd şəkildə 439000 manat pul almışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən alğı-satqı müqabilində iddiaçı öz mülahizəsinə uyğun olaraq müqavilənin 1.1-ci bəndində qeyd olunan obyektləri təmir etmək, beş mərtəbəli yarımçıq tikilinin inşasını tam başa çatdırmaq və alğı-satqının dəyərini ödəmək üçün tərtib olunacaq layihə-smeta sənədlərinə əsasən maliyyələşdirməklə bu qeyri-yaşayış sahələrinə investisiya qoyur. Müqavilənin 1.3-cü bəndinə əsasən müqavilə bağlandığı gündən (ilk maliyyə qoyuluşu həyata keçirildiyi gündən) müqavilədə qeyd edilən üç obyekt üzərində Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş istifadə və sərəncam hüququ iddiaçıya keçir və iddiaçı bu obyektləri öz mülahizəsinə görə istədiyi təyinatla istifadə edir. Müqavilədən irəli gələn öhdəliklərin icrasının təminatı qismində cavabdeh özünə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Vaqif Ələkbərov küçəsi, 1 ünvanda yerləşən-Qaraj, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Qərb küçəsində yerləşən beş mərtəbəli bina, Bakı şəhəri, Qaradağ rayonu. Sahil qəsəbəsi, Sement zavodunun yanında yerləşən Baş ofis, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Sement zavodunun ərazisində yerləşən- Beton qovşağını iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh nə pulu qaytarmış, nə də əmlakların mülkiyyətə verməsinə dair öhdəliyini də icra etməmişdir. Cavabdeh tərəfindən pulun alınması barədə təkzibedilməz sübutların təqdim edilməsinə baxmayaraq məhkəmə sübutları şübhə altına almış, iddianı rədd edərkən cavabdehin formal mülahizələrinə əsaslanmış və iş üzrə qanuni qərar qəbul etməmişdir. İşə apelyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, cavabdehin iştirakının təmin edilməsi üçün xx.xx.2020-ci il tarixə təxirə salınmış, cavabdehin hüquqi ünvanına göndərilmiş məhkəmə bildirişləri bağlı olduğuna görə çatmamış, cavabdehin nümayəndəsi S.Lələyevə işə baxılmasının vaxtı və yeri barədə elektron məhkəmə sistemi vasitəsi ilə “SMS” xəbərdarlıq göndərilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2(81)-1144/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən Çıxarışın sürətindən görünür ki, «xxxxxxxxxxxxxxx» Özəl Kollektiv müəssissəsi ********** nömrəli VÖEN ilə fəaliyyət göstərir, təşkilati-hüquqi forması qeydiyyata alındığı zaman kiçik müəssisə, sonradan kollektiv müəssisə olaraq qeydiyyata alınmış, dövlət qeydiyyatına alındığı tarix xx.xx.1996-cı ildir. İş materiallarından görünür ki, iddiaçı “A-3 X4 Karparasiyası MMC ilə cavabdeh "xxxxxxxxxxxxxxx" Özəl Kollektiv Müəssisəsi arasında xx xxxx 2015-cı il tarixdə “İnvestisiya qoyulması haqqında alqı-satqının keçirilməsi üçün” qarışıq müqavilə bağlanmış, xx.xx.2016-cı il tarixdə müqaviləyə əlavə imzalanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən iddiaçı cavabdehə mülkiyyətində olan obyektləri təmir etdirmək və yarımçıq tikilinin inşasını başa çatdırmaq üçün investisiya vəsaiti verməyi, cavabdeh isə həmin vəsaitdən istifadə edərək razılaşdırılmış işləri gördükdən sonra müqavilədə nəzərdə tutulmuş obyektləri gələcəkdə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. İddiaçının həmin müqaviləyə əsasən cavabdehə 439000 manat məbləğində pul ödədiyi iş materiallarına əlavə edilmiş aşağıdakı mötəbər sübutlarla təsdiq edilir: “xxxxxxxxxxxxxxx” Özəl Kollektiv Müəssisəsinin əvvəlki direktoru Q.Musayevin iddiaçıya ünvanladığı və cavabdehin möhürü ilə təsdiq edilmiş xx xxxxxx 2016-cı tarixli məktubda həmin şəxs 2016-cı ilin avqust ayına kimi ayrı-ayrı müddətlərdə iddiaçıdan nağd şəkildə 439.000 AZN aldığını təsdiq edərək müəssisənin hüquqi sənədlərində problemlər olduğundan görüləcək işlərin başlanması ləngidiyinə görə üzr istəmiş və üç ay ərzində öhdəliklərin tam olaraq yerinə yetiriləcəyini bildirmişdir. İş materiallarının 47-52-ci vərəqlərinə əsilləri əlavə edilmiş və cavabdeh “xxxxxxxxxxxxxxxi” kollektiv müəssisəsinin möhürü ilə təsdiq edilmiş kassa mədaxil orderlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2015-ci ildə 10.000 AZN, xx.xx.2015-ci ildə 39.000 AZN, xx.xx.2015-ci ildə 180.000 AZN, xx.xx.2016-cı ildə 50.000 AZN, xx.xx.2016-cı ildə 70.000 AZN, xx.xx.2016-cı ildə 90.000 AZN, cəmi 439.000 manat məbləğində pul ödənilmişdir. Cavabdeh tərəfin nümayəndəsi işə birinci instansiya qaydasında baxılarkən xx.xx.2019-cu il tarixdə keçirilmiş hazırlıq iclasında və xx.xx.2019-cu il tarixli baxış iclasında tərəflər arasında iddiaçının məhkəməyə təqdim etdiyi xx xxxx 2015-cı il tarixli müqavilənin bağlandığını təsdiq etmiş, 439.000 manat borcu qəbul etmiş, faiz tələbi ilə bağlı etirazını bildirərək faizlərin şişirdildiyini göstərmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixli iddiaya etiraz ərizəsində də iddiaçıdan müqavilə əsasında 439.000 manat pulun alındığını təsdiq edilmiş, müəssisənin hazırda fəaliyyət göstərmədiyi üçün öhdəliyin icrasının mümkün olmadığı, o cümlədən tərəflər arasında bağlanmış müqavilə qüvvədə olduğu üçün iddiaçının ödədiyi pulu geri tələb etməsinin əsassız olduğu qeyd edilmişdir. Sonuncu məhkəmə iclasında isə cavabdeh iddiaya etirazının əsasını dəyişərək ödənilmiş məbləğin müəssisənin mühasibat sənədlərində əksini tapmadığı üçün iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-cı maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. İşin hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış xx xxxx 2015-cı il tarixli müqavilə əsasında iddiaçı üzərinə düşən öhdəliyi icra edərək 439.000 manat pulu cavabdehə vermiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyi halda iddiaçı tərəfindən ödənilən vəsaiti geri qaytarmamışdır. İşə apellyasiya qaydasında baxan məhkəmə hesab edir ki, iddianın əsaslı olduğu işdəki sübutlarla təsdiq edildiyi halda tələbin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassızdır. Cavabdehə iddiaçı tərəfindən 439.000 manat pulun alındığı işdəki sübutlar və cavabdehin nümayəndəsinin izahatları, iddiaya etiraz ərizəsində qeyd edilənlərlə təsdiq olunduğu və cavabdeh tərəfindən məhkəməyə iddiaçının təqdim etdiyi sübutları təkzib edən hər hansı sübut təqdim edilmədiyi halda işə birinci instansiya qaydasında baxan məhkəmə işin bu halını təsdiq edən mötəbər sübutlar olunmadığına dair əsassız nəticəyə gəlmişdir. Mübahisələndirilən qətnamədə məhkəmə qeyd etmişdir ki, cavabdehin direktoru olmuş Q.Musayev vəfat etdiyindən onun xx.xx.2016-cı il tarixli məktubdakı imzasının həmin şəxsə məxsus olub-olmamasını araşdırmaq mümkün olmadığından qeyd edilən məktub mötəbər sübut kimi nəzərə alınmır. Məhkəmə nəzərə almamışdır ki, həmin məktub yalnız direktorun imzası ilə deyil, eyni zamanda müəssisənin möhürü ilə təsdiq edilmiş, nə həmin sənədə vurulmuş möhür, nə də işdəki kassa mədaxil orderlərindəki möhür əkslərinin “xxxxxxxxxxxxxxx” Özəl Kollektiv Müəssisəsinə məxsus olduğu cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş ödənişi təsdiq edən kassa mədaxil orderlərini düzgün tərtib edilmədiyinə əsaslanaraq sübut kimi qəbul etməmiş, nəzərə almamışdır ki, orderlər pulu qəbul edən “xxxxxxxxxxxxxxx” Özəl Kollektiv Müəssisəsi tərəfindən təqdim edildiyindən orderlərin düzgün tərtib edilməməsinə görə iddiaçı məsuliyyət daşıya bilməz. O cümlədən, hüquqi şəxsin səlahiyyətli şəxsinin imzası və möhürlə təsdiq edilmiş orderlərdə müəyyən rekvizitlərin qeyd edilməməsi həmin sənədlərin mülki mübahisə üzrə sübut kimi qəbul edilməməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının təqdim etdiyi sübutların əsassız olduğuna dair etirazı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşdüyü halda cavabdeh məhkəməyə iddiaçının müqavilə üzrə ödəniş etmədiyinə dair sonradan dəyişdirilmiş mövqeyini təsdiq edən hər hansı sübut təqdim edə bilməmiş, əgər bu vəsait həqiqətən ödənilməmişdirsə iş üzrə keçirilmiş xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli məhkəmə iclaslarında, o cümlədən iddiaya etirazda cavabdehin nümayəndəsinin vəsaitin ödənilməsi faktını qəbul etdiyinə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi qətnamədə tərəflər arasında bağlanmış müqavilədə mücərrədlik olduğunu və öhdəliklərin qeyri-müəyyən olduğunu göstərərək, “İnvestisiya fəaliyyəti haqqında” Qanununun normalarına istinad edərək investisiya fəaliyyətinin nədən ibarət olduğunu, iddiaçının belə bir fəaliyyətlə məşğul olmaq hüququnun müəyyən edilmədiyini əsaslandırmağa çalışmışdır. Halbuki hazırda həmin müqavilə və ya müqavilənin şərtləri tərəflərdən hər hansı biri tərəfindən mübahisələndirilmədiyindən və iddiaçı cavabdehdən müqavilədən irəli gələn öhdəliyin icrasını deyil, müqavilə üzrə ödədiyi pul vəsaitini geri tələb etdiyindən məhkəmə qətnamənin əsaslandırıcı hissəsində “İnvestisiya fəaliyyəti haqqında” Qanununun normalarına istinad etməklə maddi hüquq normasının mübahisə üzrə tətbiqində səhvə yol vermişdir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, xx xxxx 2015-cı il tarixli müqavilə öhdəliyin cavabdeh tərəfindən icra edilmədiyi işin mübahisəsiz halı olduğundan və iddiaçı tərəfindən həmin müqavilə üzrə cavabdehə 439.000 AZN vəsait ödənildiyi işdəki sübutlarla təsdiq edildiyindən iddiaçının 439.000 manat pulun cavabdeh tərəfindən geri qaytarılmalı olduğuna dair tələbi əsaslı olduğu üçün iş üzrə qəbul edilmiş qətnamə ləğv edilərək iddia qeyd edilən məbləğin cavabdehdən tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məhkəmə iddia tələbini cavabdehdən MM-nin 449.1-ci maddəsinə əsasən pul vəsaitini il ərzində qanunsuz saxlamağa görə 149.260 manat faiz tutulması hissəsində əsassız hesab edir. Həmin normaya əsasən, 449.1-ci maddəyə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında x xxxx 2009-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Hazırkı halda iddiaçı cavabdehin ona məxsus pul vəsaitindən gəlir və fayda əldə etməsi barədə sübutlar təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iş üzrə MM-nin 445.7-ci maddəsinin tətbiqi də istisna olunur. Belə ki, həmin normaya əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Hazırkı halda cavabdeh iddiaçıdan aldığı pul vəsaiti müqabilində tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməli olduğundan və öhdəliyin icrası müddəti müqavilədə konkret müəyyən edilmədiyindən cavabdehin aldığı məbləği geri qaytarmaq öhdəliyi iddiaçının müqavilədən imtina edərək pulun qaytarılması barədə tələb irəli sürdüyü andan yaranmış olur. İş materiallarından görünür ki, iddiaçı ödədiyi vəsaitin geri qaytarılması barədə tələbi yalnız pretenziya məktubunda irəli sürmüşdür. Həmin məktubun isə cavabdehə hansı tarixdə təqdim edildiyi barədə sübut iş materiallarında mövcud olmadığından məhkəmə hesab edir ki, cavabdehdən pul vəsaitinin qaytarılmasının geckdirilməsinə görə faiz tutulması hissəsində iddia əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2(81)-1144/2019 saylı xx.xx.2019cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilərək cavabdeh «xxxxxxxxxxxxxxx» Özəl Kollektiv Müəssisəsinədən iddiaçı «A- 3 X4 Karparasiyası» MMC-nin xeyrinə 439.000 manat pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı «A-3 X4 Karparasiyası» MMC-nin apelyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2(81)-1144/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilərək cavabdeh «xxxxxxxxxxxxxxx» Özəl Kollektiv Müəssisəsinədən iddiaçı «A-3 X4 Karparasiyası» MMC-nin xeyrinə 439.000 manat pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar