Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-174/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdehnə qarşı kommersiya işi Açar söz: borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı borcun silinməsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3624/2023 nömrəli qətnaməsindən hər iki tərəfin apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İş materiallarından görünür ki, tərəflər arasında “Qazın alqı-satqısı barədə” xx.xx.2014-cü il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələr bağlanmışdır.
2. xx.xx.2023-cü il tarixli hesab-fakturadan görünür ki, xx.xx.2023-cü il tarixə abonent İddiaçı MMC-nin Cavabdeh İB-yə olan qalıq borcu 145.763,12 manat təşkil etmişdir.
3. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı MMC-yə məxsus kərpic zavodunda 2010-cu il üçün qalıq və aktlar üzrə 17.606,70 manat, 2012-ci il üçün qalıq və aktlar üzrə 13.561,90 manat, 2016-cı il üçün qalıq və aktlar üzrə 407 manat, 2021-ci ilin iyulunda akt üzrə 13.981,80 manat, 2021-ci ilin avqustunda 16.367,2 manat, 2022-ci ilin dekabrında 14.111,42 manat məbləğində borc hesablanmışdır.
4. Saldodan görünür ki, istehlakçının - İddiaçı MMC-nin 2020-ci ilin aprel ayının sonuna qaz paylayıcıya - Cavabdeh İB-yə borcu olmamışdır (sıfırlanmışdır).Saldoya əsasən saldonun təqdim edildiyi son dövrə, yəni 2023-cü ilin sentyabr ayının sonuna qaz sərfiyyatına görə abonentin qalıq borcu 129.927,34 manat təşkil edir.
5. xx.xx.2022-cü il tarixli “Təbii qazın uçotunun pozulması haqqında” 24004070 saylı aktdan görünür ki, İddiaçı MMC-yə məxsus qaz sayğacından keçirilərkən sayğacın xətasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı və uçotu pozulmuş qazın həcminin 64.171 m2 (827.626x7,75/100=64141) olması müəyyən edilmişdir.
6. İddiaçı MMC tərəfindən Cavabdeh İB-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə müəyyən edilir ki, Cavabdeh İB-dən qanunsuz hesablanmış borcun silinməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı MMC Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 76.035,62 manat məbləğində borcun onun **********00000 saylı abonent hesabından borcun silinməsi, 400 manat mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən barəsində əsassız hesablanmış ********** VÖEN üzrə 58.428,92 manat borcun silinməsi barədə o **********00000 abonent kodu ilə qazdan kərpic zavodu işlətməklə istifadə edir. Cavabdeh əməkdaşları tərəfindən məlumatım olmadan, sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi qaydalarına riayət edilmədən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun tələbi gözlənilmədən təmin edilmədən əsassız aktlar tərtib edilmiş və buna görə də 57.900,62 manat cərimə borcu yazılmışdır. Əksik görünən istehsalı və ya yığa bilmədikləri vəsaiti hissə-hissə onun üzərinə müxtəlif vaxtlarda borc kimi yazmışlar və bu barədə bir dəfə də olsun rəsmi bildiriş, məlumat və akt təqdim etməmişlər. 13.561,90 manat 2012-ci il, 407 manat 2016-cı il, 30.349 manat 2021-ci il, 14.111,02 manat 2022-ci ildə olmaqla cəmi 76.035,62 manat borc hesablamışlar. Bu qeyd edilənlər yalnız abonent saldosundan görünür və heç bir sənəd təqdim edilməsi mümkün deyildir. Cavabdeh tərəfindən barələrində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, Cavabdeh yoxlama apararkən qanunvericiliyin tələblərinə əməl etməmiş, belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Cavabdehnə mediasiya təklif göndərilmiş və məcburi mediasiya prosesində iştirak edilmişdir. Bu barədə tərəflərindən mediasiya müraciət edilmiş və Bakı 11 saylı Mediasiya təşkilatında işə baxılmış və razılaşma əldə edilmədiyindən 400 manat mediasiya xərci ödənilmişdir.
9. Eyni zamanda Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı MMC-dən Hacıqabul rayonu, Atbulaq kəndi ərazisində yerləşən kərpic zavodunda təbii qazdan istifadə etdiyinə görə yaranmış 141.186,85 manat borc məbləğinin və iddia qaldırmaq üçün ödənilmiş 431,19 manat məbləğində dövlət rüsumunun alınaraq Cavabdeh hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB ilə İddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı- satqısı barədə” müqaviləyə əsasən Cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdeh həmin müqavilənin şərtlərini pozaraq kərpic zavodunda istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və xx.xx.2023-cü il tarixə Cavabdehnə 141.186,85 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "R-Turan” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən kərpic zavodunda istifadə olunmuş təbii qazın dəyərinin tam ödənilməməsi səbəb olmuşdur. Belə ki, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən kərpic zavodunda 2021-ci ilin iyul ayından xx.xx.2022-ci il tarixədək 128.881,36 manat məbləğində təbii qazdan istifadə etmiş, 58.790,20 manat məbləğində ödəniş edilmiş, 70.090,78 manat borcu qalmışdır. 2022-ci ilin yanvar ayından 01.01,2023-cü il tarixədək 340.211,08 manat məbləğində təbii qazdan istifadə etmiş, 302.047,10 manat məbləğində ödəniş edilmiş, 38.163,98 manat borcu qalmışdır. 2023-cü ilin yanvar ayından xx.xx.2023-cü il tarixədək 171.256,36 manat məbləğində təbii qazdan istifadə etmiş, 138.324,27 manat məbləğində ödəniş edilmiş, 32.932,04 manat borcu qalmışdır. Ümumilikdə 2021-ci ilin iyul ayından 2023-cü ilin iyul ayınadək 640.348,80 manat məbləğində təbii qazdan istifadə etmiş, 499.161,57 manat məbləğində ödəniş edilmiş, 141.186,85 manat borcu qalmışdır. Cavabdeh tərəfindən cavabdehə borcun ödənilməsi barədə hər ay hesab-faktura təqdim olunmasına, xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin, eləcədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.4- cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən bank və poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Həmin müqavilənin 2.2.1 -ci maddəsinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın, qaz sayğacının göstəricisinə əsasən tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Müqavilənin 2.3.1 -ci maddəsinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödənilməsi istehlakçının vəzifəsidir. Qeyd olunan mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədilə tərəflərindən pretenziya məktubu ilə müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən borc ödənilməmiş, borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı cavabdeh İddiaçı MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi və ilk iddia ilə birlikdə baxılması qərara alınmışdır.
12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3624/2023 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) ilk iddia qismən təmin edilərək Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə hesablanmış 44.460,02 manat məbləğində borc silinməsi, qarşılıqlı iddia qismən təmin edilərək İddiaçı MMC-dən 85.467,32 məbləğində borc və 300 manat dövlət rüsumu tutularaq Cavabdeh İB-yə ödənilməsi qət edilmişdir.
13. İddia tələbi ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə qalıq və aktlar əsasında 2010-cu il üçün 17.606,70 manat, 2012-ci ildə 13.561,90 manat, 2016-cı ildə 407 manat, 2021-ci ildə 30.349 manat və 2022-ci ildə 14.111,02 manat olmaqla ümumilikdə 76.035,62 manat məbləğində borc hesablanmışdır.
14. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında iştirak etmiş ilkin Cavabdeh İBnin nümayəndəsi ilkin cavabdeh tərəfindən 2021-ci ildə ilkin iddiaçıya 13.981,80 və 16.367,20 manat məbləğində borcların əsaslılığını həmin dövrdə qaz sayğacının işləməməsi və sayğacın işləmədiyi dövr üçün normativ hesabatın aparılması ilə əsaslandırsa da, həmin halları təsdiq edən mötəbər sübutları, o cümlədən borcun hesablanması üçün əsas olmuş aktları, eləcə də normativ hesabatları məhkəməyə təqdim etməmişdir.
15. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, Cavabdeh İB tərəfindən 2022-ci ilin dekabrında “Təbii qazın uçotunun pozulması haqqında” 24004070 saylı akta əsasən hesablanmış borca münasibətdə məhkəmə qeyd edir ki, həmin aktda qaz sayğacındakı xətanın normaya uyğun olmamasının müəyyən edilməsi qeyd edilsə də, həmin akt birtərəfli sənəd olmaqla sayğacda həqiqətən də xətanın mövcud olması faktının müəyyən edilməsi üçün kifayət etmir. Digər tərəfdən Cavabdeh İB-nin nümayəndəsi aktda əks olunan uçotu pozulmuş sərfin hesablanma qaydasını izah etməmiş, hesablanma qaydasını müəyyən edən normativ sənədləri, eləcə də sözügedən hesablanma qaydasına aydınlıq gətirən digər mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
16. Məhkəmə həmçinin qeyd etmişdir ki, 2022-ci ilin dekabrında İddiaçı MMC-də aparılmış yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların reyestrində qeydiyyata alınmamışdır.
17. Məhkəmə ilk iddiayla bağlı son olaraq belə nəticəyə gəlmişdir ki, 2020-ci ilin aprelində İddiaçı MMC qazdan istifadəyə görə borcunu tam şəkildə ödədiyindən həmin tarixədək yaranmış borcun tutulması üçün əsaslar mövcud deyil.
18. Qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən təbii qazdan istifadə etdiyinə görə yaranmış 141.186,85 manat borc məbləğinin ödənilməsini tələb etsə də məhkəməyə təqdim edilmiş abonent saldosundan müəyyən edilmişdir ki, saldonun təqdim edildiyi son dövrə, yəni 2023-cü ilin sentyabr ayının sonuna qaz sərfiyyatına görə abonentin qalıq borcu 129.927,34 manat təşkil edir.
19. Məhkəmə qarşılıqlı iddiayla bağlı qeyd etmişdir ki, abonent saldosunun təqdim edildiyi son dövrə yəni 2023-cü ilin sentyabr ayının sonuna qaz sərfiyyatına görə abonent İddiaçı MMC-nin qalıq borcunun 129.927,34 manat təşkil etməsi, həmin məbləğin 44.460,02 manat hissəsinin silinməli olması müəyyən edildiyindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən qaz sərfiyyatıan görə hesablanmış 85.467,32 manat məbləğində (129.927,34-44.460,02=85.467,32) borcun tutulmasını tələb etməkdə haqlı olmuşdur.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
20. İlk iddia üzrə İddiaçı MMC qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3624/2023 nömrəli qətnaməsinin qismən ləğv edilərək dəyişdirilməsini, ilk iddianın tam təmin edilməsini, qarşılıqlı iddia qismən təmin edilərək İddiaçı MMC-dən 53894,32 məbləğində borcun tutularaq Cavabdeh İB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. İlk iddia üzrə Cavabdeh İB qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3624/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.
22. İlk iddia üzrə İddiaçı MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hesabat yalnız qaz sayğacının göstəricisinə əsasən aparılmalıdır. Sayğac olmadığımüddətdə isə müvafiq dövrün qaz sərfinə uyğun İddiaçı MMC-nin qaz xətti üzərində bütün hallarda qaz sayğacı olub. “Sayğac dövlət yoxlamasındadır” adı ilə hesabatın aparılmasıobyektin qaz xətti üzərində qaz sayğacının olmaması, obyektin sayğacsız fəaliyyət göstərməsi deməkdir. Bu halda həmin hesabatlar aparılan müddətdə sayğacın dövlət yoxlamasında və ya təmirdə olduğu barədə Cavabdeh İB tərəfindən rəsmi sənədlər təqdim olunmalı idi. Bütün aylarda sayğac obyektin üzərində olub, sayğac çıxarıldığı halda onun yerinə əvəzedici sayğac qoyulur. Saldodan da açıq aşkar görünür ki, sayğac üzərində olub və hesablamalar aparılıb. Əgər sayğac çıxarılmışdırsa bu mütləq şəkildə sənədləşdirilməli sayğacın götürülməsi və yoxlamadan sonra quraşdırılması üçün müvafiq akt tərtib edilərək imzalanmalı və nümayəndənin iştirakı təmin edilməli idi. İş materiallarında isə ümumiyyətlə iddia tələbində göstərilən halları təsdiqləyəcək bir sübut da olsun təqdim olunmamışdır. Sayğacın qeyd olunan vaxtlarda doğurdan da yoxlamada olduğunu təsdiq edən sənəd olsaydı belə sayğac çıxarılandan sonra ötürücü ilə qazın verilişinin bərpa olunması və ya əvəzedici sayğac qoyulması aktda qeyd olunmalı idi. Hərhansı bir obyektin qaz təchizatı ötürücü ilə bərpa olunduqda aparılacaq hesabatlar barədə razılaşma protokolu tərtib olunur. Amma belə akt və sair sənəd məhkəməyə təqdim edilməmişdir. Konstitusiyanın tələblərinə zidd olaraq “Sayğac dövlət yoxlamasına getdi”, “Sayğac dövlət yoxlamasındadır”, “Əl ilə daxil edilən qaz sərfi”, “Uçotu pozulmuş qaz sərfinin bərpası” adı ilə vurulan bütün əlavə qaz sərfləri qanunsuzdur. Cavabdeh İB tərəfindən heç bir sübut məhkəməyə təqdim edilmədiyi halda 2010-cu il üçün 17.606,70 manat, 2012-ci il üçün 13.561,90 manat, 2016-cı il üçün 407 manat məbləğində borcların silinməsi təmin edilməmişdir. Halbuki həmin pulların ödənilməsini təmin edən hallar sübuta yetirilməmişdir. Eyni zamanda 2010-2023-cü illərdə yekun olaraq sərfiyyatdan az və artıq ödənilməsi halları tam araşdırılmalı və Cavabdeh İB tərəfindən həmin yazılan artıq pulların ödənilməsi sübuta yetirilməli idi. Amma iş materiallarından da göründüyü kimi belə sübutlar təqdim edilməmişdir. 2010-2023-cü illərdə edilmiş ödənişlərdə olan az və artıq ödəmə hallarını Cavabdeh İB həmin 2010-cu il üçün 17.606,70 manat, 2012-ci il üçün 13.561,90 manat, 2016-cı il üçün 407 manat məbləğində borcların ödənişi olmasını sübuta yetirməmişdir. “Sayğac dövlət yoxlamasındadır” adı ilə hesabatın aparılması obyektin qaz xətti üzərində qaz sayğacının olmaması, obyektin sayğacsız fəaliyyət göstərməsi deməkdir. Bu halda həmin hesabatlar aparılan müddətdə sayğacın dövlət yoxlamasında və ya təmirdə olduğu barədə Cavabdeh İB tərəfindən rəsmi sənədlər təqdim olunmalı idi. Bütün aylarda sayğac obyektin üzərində olub, sayğac çıxarıldığı halda onun yerinə əvəzedici sayğac qoyulur. Saldodan da açıq aşkar görünür ki, sayğac üzərində olub və hesablamalar aparılıb. Əgər sayğac çıxarılmışdırsa bu mütləq şəkildə sənədləşdirilməli, sayğacın götürülməsi və yoxlamadan sonra quraşdırılması üçün müvafiq akt tərtib edilərək imzalanmalı və nümayəndənin iştirakı təmin edilməli idi. İş materiallarında isə ümumiyyətlə iddia tələbində göstərilən halları təsdiqləyəcək bir sübut da olsun təqdim olunmamışdır. Sayğacın qeyd olunan vaxtlarda doğurdan da yoxlamada olduğunu təsdiq edən sənəd olsaydı belə sayğac çıxarılandan sonra ötürücü ilə qazın verilişinin bərpa olunması və ya əvəzedici sayğac qoyulması aktda qeyd olunmalı idi. 2010-cu il üçün 17.606,70 manat, 2012-ci il üçün 13.561,90 manat, 2016-cı il üçün 407 manat məbləğində borcların silinməsi hissəsində məhkəmə tərəfimizdən əsaslandırılmış aşağıdakı halları nəzərə almamışdır: Bütün hallarda qaz sayğacı qaz xəttinin üzərində olub, obyekt sayğacsız fəaliyyət göstərməyib. Bu abonent saldosundan açıq aşkar görünür. Həmin hesabatlar aparılanda sayğac yoxlamada olubsa "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu" aktları məhkəməyə təqdim olunmalı idi. Hər hansı bir akt təqdim edilməmişdir. Akt olduğu halda sayğac çıxarılanda yerinə başqa sayğac bağlandığı və ya qaz sərfinin hansı qaydada hesablamalı olduğu qeyd olunmalı və hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmalı idi. Bu halı təsdiq edən sübut yoxdur.“Sayğac dövlət yoxlamasına getdi”,“Sayğac dövlət yoxlamasındadır”, “Əl ilə daxil edilən qaz sərfi”, “Uçotu pozulmuş qaz sərfinin bərpası” adı ilə vurulan bütün əlavə qaz sərfləri Hacıqabul Xidmət Sahəsinin itkilərinin azaldılması məqsədilə yazılıb. Qaz sayğacının sərfiyyatından əlavə aparılmış bütün hesabatların hansı rəyə əsasən, hansı qanuna uyğun olaraq aparıldığını təsdiq edən sənədlər mövcud deyil və Cavabdeh İB tərəfindən məhkəməyə təqdim edilməmişdir. İstismarda olan qaz sayğacı qaz xətti üzərindən çıxarılmadan, aylar üzrə qaz sayğacı vasitəsilə hesabat getdiyi halda “Sayğac dövlət yoxlamasına getdi”, “Sayğac dövlət yoxlamasındadır”, “Əl ilə daxil edilən qaz sərfi”və ya sayğac yerində test edilmədən “Uçotu pozulmuş qaz sərfinin bərpası” adı ilə hesabatlar həqiqətə uyğun deyil. Bu qeyd edilən məbləği ödənilmiş kimi göstərməklə həmin hissədə təmin etməmişdir.
23. İlk iddia üzrə Cavabdeh İB apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamədə 2021-ci ildə ilkin iddiaçıya 13.981,80 və 16.367,20 manat məbləğində borcların silinməsini borcun hesablanması üçün əsas olmuş aktları, eləcə də normativ hesabatların məhkəməyə təqdim edilməməsi ilə əsaslandırmışdır. Tərəfimizdən məhkəməyə abonent saldosu təqdim edilmişdir ki, həmin saldoda 2021-ci ilin iyul ayında İddiaçı MMC tərəfindən sayğacla 19348,60 manat, arxiv yaddaşına əsasən 13981,80 manat, 2021-ci ilin avqust ayında sayğacla 14879,20 manat, normativ əsasla 16367,20 manat məbləğində qaz sərf etmişdir. Abonent saldosundan da müəyyən olunur ki, abonentin 2021-ci ilin iyul və avqust aylarını 2021-ci ilin iyun, sentyabr ayları ilə müqaisə etdikdə sayğacın qaz sərfini düzgün qeydə almaması müəyyən olunur. Belə ki, İddiaçı MMC 2021-ci ilin iyun ayında sayğacla 29245,40 manat qaz sərf etdiyi halda iyul ayında 19348,60 manat, avqust ayında 14879,20 manat qaz sərf etmişdir. 2021-ci ilin sentyabr ayında isə 27957,80 manat qaz sərf etmişdir. Qeyd olunanlar İddiaçı MMC-yə məxsus kərpic zavodunda 2021-ci ilin iyul və avqust aylarında qaz sayğacının qaz sərfini düzgün qeydə almamasının, qaz sayğacının arxiv yaddaşına əsasən 2021-ci ilin iyul ayında hesablanmış 13981,80 manat, avqust ayında hesablanmış 16367,20 manat məbləğində qaz sərfinin hesabatın qanunauyğun olmasının birbaşa sübutudur. Məhkəmə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikası Qanununun tələblərinin Cavabdeh İB tərəfindən pozulması barədə səhv qənaətə gəlmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus kərpic zavodunun qaz xətti üzərində quraşdırılmış G-400 markalı 80082392 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilən zaman sayğacın qaz sərfi xətasının normalara uyğun olmaması müəyyən edilmiş və bu barədə 24004070 nömrəli “Təbii qazın uçotunun pozulması haqqında” akt tərtib edilmişdir. Tərtib edilmiş akta əsasən 64141 m3 (14111,02 manat dəyərində) qaz sərfi hesablanaraq iddiaçı müəssisənin hesabına əlavə olunmuşdur. Məhkəmə əsassız olaraq sayğacın arxiv yaddaşına əsasən aparılmış hesabatı yoxlama kimi qiymətləndirmiş, Cavabdeh İB-nin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikası Qanununun tələblərinin Cavabdeh İB tərəfindən pozulması barədə səhv qənaətə gəlmiş və borcun silinməsi barədə qərar qəbul etmişdir. Bildirirəm ki, qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” (Qaydalar) ilə tənzimlənir və Qaydaların 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Cavabdeh İB tərəfindən Qaydaların 4.1-ci bəndinə uyğun olaraq balans mənsubiyyəti sərhədində quraşdırılmış qaz sayğaclarına baxış keçirilir və qazın alqı-satqısı müqaviləsinin 2.1.6-cı yarımbəndinə uyğun olaraq istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotu aparılır. Bu məqsədlə istixanada istismarda olan qaz qurğularının tam və dəqiq uçotu aparılarkən məlum olmuşdur ki, istehlakçı tərəfindən Qaydaların 3.4.1-ci yarımbəndinin tələbləri pozularaq tikinti obyektinin qazlaşdırma layihəsindən kənar qaz qurğuları özbaşına quraşdırılmış və istismar edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanunun tətbiq dairəsi yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə şamil edilir. Cavabdeh İB-nin nümayəndələri tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə daxil olmadan, yalnız “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə uyğun olaraq balans mənsubiyyəti sərhədində quraşdırılmış qaz sayğaclarına baxış keçirilir Məhkəmə Cavabdeh İB-nin qarşılıqlı iddia tələbinin qismən təmin edilməsini ilk iddianın qismən təmin edilməsi əsasları ilə əsaslandırmışdır. Təqdim edilmiş saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Bununla bərabər ilk iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı, qarşlıqlı iddianın əsaslı olduğu halda ilk və qarşılıqlı iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarmışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında tərəflərindən verilən apellyasiya şikayətini müdafiə edərək təmin edilməsinin, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
25. İlk iddia üzrə cavabdehin nümayndəsi Nümayəndə2 məhkəmə iclasında tərəflərindən verilən apellyasiya şikayətini müdafiə edərək təmin edilməsinin, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
26. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu 3.5-ci maddəsinə görə sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. 13-cü maddənin 8-ci hissəsi- xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasında deyilirdi ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları” 5-ci bənd- qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli 246 nömrəli Fərmanın 2-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. ahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 1.7-ci bəndə əsasən, reyestrin informasiya resursu vahid məkanda saxlanılmaqla öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
27. Qətnamə həm iddianın təmin edildiyi, həm də rədd edildiyi hissədə mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
28. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3624/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. İşdən görünür ki, iddiaçı (abonent kodu **********00000) ona aktlar əsasında hesablanmış 76.035,62 manat məbləğində borcun silinməsi üçün iddia qaldırmış, məhkəmə abonent saldosuna əsasən müəyyən etmişdir ki, 2020-ci ilin aprel ayınadək iddiaçı tərəfindən cavabdehə olan bütün borclar ödənilmişdir. Belə olan halda, məhkəmə düzgün olaraq hesab etmişdir ki, ödənilmiş borclar üzrə öhdəlik xitam olunduğundan hazırda yalnız ödəniş edilməmiş aktlar üzrə borclar mübahisələndirilə və silinməsi tələb edilə bilər. İddiaçı ondan əsassız tutulmuş borcların silinməsi üçün deyil, əsassız varlanma qaydasında geri ödənilməsi ilə bağlı iddia qaldıra bilərdi.
30. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya 2021-ci ilin iyul ayında 13981,80 manat, 2021-ci ilin avqust ayında 16367,20 manat əlavə sərfiyyat hesablanaraq aktlar bölməsində qeyd edilsə də, həmin tarixlərdə hər hansı akt tərfib edildiyi sübut edilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, qeyd edilən borcların istehlakçıdan tələb edilməsinin qanuni əsası olmadığı üçün həmin borcların silinməsinə dair hissədə ilk iddia qanuni və əsaslıdır.
31. Cavabdeh İB tərəfindən 2022-ci ilin dekabrında tərtib edilmiş “Təbii qazın uçotunun pozulması haqqında” 24004070 saylı akta əsasən 14111,02 manat borc hesablansa da, həmin yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət reyestrində qeydə alınmadığından hüquqi nəticəsi olmadığı üçün qeyd edilən akt əsasında hesablanmış borcun silinməsi hissəsində də qətnamə qanuni və əsaslı hesab edilir. Yoxlama qeydə alınsaydı belə, məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki,qeyd edilən akt əsasında iddiaçıya əlavə sərfiyyat hesablanması əsaslı hesab edilə bilməzdi. Belə ki, aktda qaz sayğacındakı xətanın normaya uyğun olmaması qeyd edilmiş, cavabdehin nümayəndəsi sayğacın xətasının normasının hansı normativ akt əsasında müəyyən edildiyini, bu normanın nə qədər olduğunu göstərə bilməmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi əlavə sərfiyyatın sayğacın arxiv yaddaşına əsasən hesablandığını göstərsə də, bu qaydada hesablamanın hansı normada nəzərdə tutulduğunu göstərə bilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə işin faktiki hallarına uyğun düzgün həll edildiyindən, hər hansı maddi və prosessual pozuntuya yol verilmədiyindən hər iki apellyasiya şikayəti əsassız hesab edilir.
32. Məhkəmə eyni zamanda qeyd edir ki, ilk iddia tələbi qismən təmin edildiyindən ödənilmiş mediasiya xərcinin Cavabdeh İB qismən (250 manat) tutulması hissəsində də qətnamə qanuni və əsaslı hesab edilir. Belə ki, MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3624/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı MMC və Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3624/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.