Məhkəmə qərarları › İş №2-2(103)-175/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-175/2022

07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-175/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2, nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı icarə haqqı borcunun və kommunal xərclərə görə haqqın tutulmasına dair ilk iddiası, Cavabdeh İddiaçı qarşı maddi və mənəvi zərərin tutulması barədə qarşılıqlıa iddiası üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-33/2021 nömrəli qətnaməsindən (hakim Emin Əliyev) Cavabdeh apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 38422,40 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 14 sentyabr 2018-ci il tarixində cavabdeh fərdi sahibkar (VÖEN **********) Cavabdeh ilə müxtəlif ərazilərdə yerləşən 3 iaşə obyektinə dair subicarə müqavilələri bağlanmış, 14 sentyabr 2018-ci il tarixli subicarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 70 m2 olan iaşə obyekti 9 ay yarım müddətinə aylıq icarə haqqı 1000 manata, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 130 m2 olan iaşə obyekti 9 ay yarımmüddətinə aylıq icarə haqqı 2500 manata; ünvan 3 ünvanında yerləşən, ümumisahəsi 150 m2 olan iaşə obyekti 9 ay yarım müddətinə aylıq icarə haqqı 2000 manata subicarəyə verilmişdir. Başqa sözlə cavabdeh tərəfindən hər 3 iaşə obyektinə görə ümumilikdə aylıq 5500 manat məbləğində icarə haqqı iddiaçıya ödənilməli idi. Subicarə müqavilələri əsasında 14 sentyabr 2018-ci il tarixindən iaşə obyektlərindən istifadə edən Cavabdeh 7 ay yarımdan artıq icarə müddəti dövrünə görə ümumilikdə 41250 manat icarə haqqı ödəməli idi. Lakin buna baxmayaraq cavabdeh tərəfindən bu günədək ümumilikdə 10554,90 manat məbləğində icarə haqqı ödənilmiş, 8328,70 manat məbləğində isə göstərilmiş xidmətlərə qarşı icarə haqqı ilə əvəzləşdirmə aparılmışdır. Başqa sözlə cavabdeh tərəfindən ödənilməli 41250 manat məbləğində icarə haqqı əvəzinə ümumilikdə 18883,60 manat məbləğində ödəniş həyata keçirilmiş, bu günə isə icarə haqqına görə 22366,40 manat məbləğində borcu qalmışdır. İcarəyə verilmiş obyektlərdən istifadə edildiyi dövr ərzində kommunal xidmətlərin haqqı da cavabdeh tərəfindən ödənilməmiş, beləliklə də cavabdehin elektrik sərfiyyatına görə 3831 manat, su sərfiyyatına görə isə 1225 manat ümumilikdə 5056 manat məbləğində borcu yaranmışdır. Subicarə müqavilələrinin şərtlərinə əsasən cavabdeh tərəfindən müqaviləyə vaxtından əvvəl xitam verildikdə o, müqavilə müddətinin sonunadək icarə haqqını ödəyəcəyinə dair öhdəlik də götürmüşdür. Bu isə o deməkdir ki, cavabdeh tərəfindən subicarə müqavilələrinə əsasən 2019-cu ilin may və iyun aylarına görə də icarə haqqı ödənilməlidir. Qeyd edilən aylara (may və iyun) görə icarə haqqının məbləği isə ümumilikdə 11000 manat təşkil edir. Beləliklə də Cavabdeh subicarə müqavilələrinə əsasən gecikdirilmiş icarə haqqına görə 22366,40 manat, müqavilə müddətinin sonunadək ödənilməli icarə haqqına görə 11000 manat, elektrik və su sərfiyyatına görə 5056 manat, ümumilikdə 38422,40 manat məbləğində borcu vardır. Yaranmış mübahisənin məhkəmədənkar həlli üçün tərəfimdən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndələri ilə dəfələrlə danışıqlar aparılmış, çoxsaylı güzəşt təklifləri edilmiş, lakin cavabdeh tərəfindən öhdəliyin icrasından imtina edilmişdir. Son olaraq cavabdehə bildiriş göndərilərək borc məbləğinin ödənilməsi tələb edilmiş, bunun üçün müddət təyin edilmiş, borcun ödənilməyəcəyi təqdirdə müqaviləyə birtərəfli qaydada xitam verərək iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi cavabdehin nəzərinə çatdırılmışdır. Bildirişi aldıqdan sonra da cavabdeh tərəfindən öhdəliklər yenə də icra edilmədiyindən iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Eyni zamanda X3 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 35000 manat maddi, 25000 manat mənəvi ziyan və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı tutulması tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, icarə haqqının ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq zor tətbiq etməklə obyekdən çıxarılmış, 2 aydan artıq oraya buraxılmamış, 50000 manatdan artıq avadanlıqların oradan götürülməsinə icazə verilməmiş, qida məhsulları xarab olmuş və qida satışı ilə məşğul olan şirkətlərə külli miqdarda borcu qalmışdır. Bakı Kommersiya Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2-2(113)-33/2021 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddia qismən təmin edilmiş, ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 33366,39 manat məbləğində icarə haqqı borcu, elektrik sərfiyyatına görə 800 manat, su sərfiyyatına görə 400 manat cəmi 34566,39 manat və dövlət rüsumu kimi ödənilmiş 26,98 manat məbləğində pulun tutularaq ilk iddia üzrə İddiaçı ödənilməsi, qarşılıqlı iddia üzrə cavabdeh və ilk iddia üzrə İddiaçı maddi ziyan kimi 13065 manat və dövlət rüsumu kimi ödənilmiş 7,83 manat məbləğində pulun, həmçinin ayaq üstü qida qəbulu üçün nəzərdə tutulan divara vurulmuş rəfin alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi, Məhkəmə Ekspertizasının xərci olan 150 manat məbləğində pulun 75 manatı İddiaçı, 75 manatın isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-33/2021 saylı qətnaməsinin ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 683.1-ci maddəsinə əsasən kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyanı ikinci əldən kirayəyə vermək hüququ yoxdur. MMnin 700.3-cü maddəyə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Lakin məhkəmə bu maddəni nəzərə almamışdır. Belə ki, mübahisəli sahənin mülkiyyətçisi həmin sahələri Qərbi-Kaspi Universitetinə icarəyə verərkən o şərtlə icarəyə vermişdir ki, Qərbi-Kaspi Universiteti həmin sahəni subicarəyə vermək istəsə mülkiyyətçilərin razılığı alsın. Halbuki, Qərbi-Kaspi Universiteti razılıq almadan həmin sahələri hazırki iş üzrə İddiaçı subicarəyə, o isə öz növbəsində cavabdehə subicarəyə vermişdir. Bu da cavabdehlə bağlanmış müqavilələrin hüquqi qüvvəsinin olmaması deməkdir. MPM-nin 97.5-ci maddəsinə əsasən iddiaçı tərəf ekspertizanın keçirilməsinə mane olduğuna görə (zəruri tədqiqat predmetlərini ekspertə təqdim etməmiş, ekspertləri icarə sahələrinə buraxmamış və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş hesab edilməli idi. Çünki ekspertiza baxışının iddiaçının təqsiri üzündən keçirilməməsi onun əşyalarının “itirilməsi, məhv edilməsi və qanunsuz istifadə edilməsi” deməkdir. Halbuki onlar tədqiq olunub, qiymətləndirilib borcla əvəzləşdirilsəydi borcu qalmayacaqdı. Məhkəmənin cavabdehdən 11916,66 manat məbləğində pulun tutulmasını qət etməsi tamamilə hüquq və qanun pozuntusudur. Belə ki, müqavilənin 2.3-cü bəndinə əsasən müqavilə müddəti başa çatmadan icarəçi tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verildikdə müqavilənin sonunadək olan dövr üçün icarəçi bu müqavilənin 4.1-ci maddəsində nəzərdə tutulmuş icarə haqqını tam ödəməlidir. Bundan əlavə iddiaçı öz iddia ərizəsinin 3-cü səhifəsində qeyd etmişdir: “cavabdeh tərəfindən müqaviləyə vaxtından əvvəl xitam verildikdə, o, müqavilə müddətinin sonunadək icarəhaqqını ödəyəcəyini öhdəsinə götürmüşdür.” Müqavilənin xitamı ilə bağlı tərəfindən heç bir addım atılmamışdır. Əksinə, qarşı tərəf müqavilə üzrə maliyyə öhdəliklərini icra etməyinə dolayı yolla mane olmuş, obyektin işçilərini icarə sahəsinə buraxmamışdır. Müqaviləyə görə subicarə sahəsindən istifadə etmədiyi aylara görə o halda pul ödəməlidir ki, müqaviləyə birtərəfli qaydada xitam versin. Halbuki, məhkəmə öz qətnaməsinin 4-cü səhifəsinin sonuncu abzasında aşağıdakı şəkildə qeyd etmişdir: “Cavabdeh müqavilənin xitamı ilə bağlı heç bir hərəkət etməyi və məhdudiyyətlə səlahiyyətli orqanlara və ya məhkəməyə müraciət etməmişdir.” İş materiallarının 145-ci səhifəsindən görünür ki, İddiaçı cavabdehin qarşılıqlı iddiasına etiraz edərək bildirmişdir ki, “bildiriş göndərilərək borc məbləğinin ödənilməsi tələb edilmiş, bunun üçün müddət təyin edilmiş, borcun ödənilməyəcəyi təqdirdə müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi tələbi ilə məhkəməyə müraciət ediləcəyi cavabdehin diqqətinə çatdırılmışdır. Demək ki, subicarəyəverən də etiraf edir ki, birtərəfli qaydada xitam verməyib. Özləri bu fikrə düşüblər. O halda, subicarə müqavilələrinin 2.3-cü bəndi hansı əsasla tətbiq edilir? Cavabdeh 3 subicarə müqaviləsi bağlamışdır. 3 fərqli sahə cavabdehə təqdim olunmuşdu. Hər bir subicarə sahəsində restoranın fəaliyyəti üçün zəruri olan avadanlıqlar olmuşdur. Məhkəmə iş üzrə ekspertiza təyin etmiş, hər 3 sahədə qalmış avadanlıqların, əşyaların qiymətləndirilməsini ekspert qarşısında sual olaraq qoymuşdur. Ekspert öz rəyində qeyd edir ki, “ünvan 4 ünvanda mövcud olan tədqiqat obyektlərinə baxış keçirmək üçün münasib şərait yaradılmadığından tədqiqat aparmaq mümkün olmadı.” Göründüyü kimi, iddiaçının sahibliyində, istifadəsində qalmış əşyaların iddiaçının təqsiri ucbatından qiymətləndirilməmiş, ekspert subicarə sahəsinə buraxılmadığını öz rəyində təsdiq etmiş, lakin məhkəmə bu halı nəzərə almadan qətnamə qəbul etmişdir. Bu məntiqlə çıxış etsək deyə bilərik ki, əgər iddiaçı Nərimanov rayonunda olan sahəyədə eksperti buraxmasaydı, əşyalar qiymətləndirilməyəcəkdi və onların dəyəri əvəzləşdirilməyəcəkdi. İş materiallarının 219, 223, 236, 237-ci, səhifələrindən görünür ki, ekspert dəfələrlə vəsatətlər vermiş, tədqiqat obyektlərinə baxışın keçirilməsini xahiş etmiş, bir neçə dəfədə, bu təmin olunmadığına görə ekspertizanın keçirilməsindən imtina etmişdir. Lakin sonda 3 sahədən birinə girişini təmin olunmuş, digərlərinə ekspertin baxışı təmin olunmamışdır. İş materiallarının 165-ci səhifəsindən görünür ki, şahid ifadə verərək təsdiq etmişdir ki ,biz icarə sahələrinə buraxılmamışıq. Lakin məhkəmə öz qətnaməsində bu sübutun həqiqiliyini şübhə altınaalan hərhansı dəlili göstərməmiş, bu sübutu görmək, tədqiq etmək istəməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 və X14 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-33/2021 saylı qətnaməsi qismən ləğv edilməli, ilk iddia tələbi Cavabdeh 11916,66 manat pulun tutulması hissəsində rədd edilməli, qarşılıqlı iddia tələbi rədd edilən hissədə qismən təmin edilərək ünvan 2 ünvanında yerləşən əmlaklarla bağlı maddi ziyana görə 414,5 manat pul qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulmalıdır. Apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi xahiş edilsə də, apellyasiya şikayətinin dəlillərindən görünür ki, qətnamə ilk iddianın təmin edildiyi və qarşılıqlı iddianın rədd edildiyi hissədə mübahisələndirilir. İşin sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında 14 sentyabr 2018-ci il tarixdə üç subicarə müqaviləsi bağlanmış, İddiaçı tərəfindən Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli-3 küçəsi 21 ünvanında yerləşən ümumi sahəsi 150 m2 -dən ibarət olan qeyri-yaşayış sahəsi aylıq icarə haqqı 2000 manat olmaqla, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 130 m2 -dən ibarət olan qeyri-yaşayış sahəsi aylıq icarə haqqı 2500 manat olmaqla, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 70 m2 -dən ibarət olan qeyri-yaşayış sahəsini aylıq icarə haqqı 1000 manat olmaqla subicarəyə verilmişdir. Hər üç müqavilənin qüvvədə olma müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. İşdəki notarial qaydada təsdiq edilmiş icarə müqavilələrindən görünür ki, İddiaçı qeyri-yaşayış sahələrini mülkiyyətçilər X5 və X8 ilə bağlanmış xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli icarə müqavilələri əsasında icarəyə götürmüşdür. Qeyd edilən müqavilələrin 6-cı bəndində icarəçinin icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə vermək hüququ nəzərdə tutulduğundan İddiaçı həmin obyektləri subicarəyə vermək hüququ olmadığına və subicarə müqavilələrinin hüquqi qüvvəsi olmayan etibarsız müqavilələr olduğuna dair apellyasiya şikayətində qeyd edilənlər əsassız hesab edilir. İş materiallarına əlavə edilmiş İddiaçı ilə Qərb Universiteti (əvvəlki icarəçi) ilə xx.xx.2018-ci il tarixdə bağlanmış subicarə müqavilələri ilə əlaqədar məhkəmə qeyd edir ki, 2018-ci ilin sentyabr ayında artıq İddiaçı ilə qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri arasında obyektlərlə bağlı icarə müqavilələri bağlandığından Qərb Universiteti ilə bağlanmış subicarə müqavilələri qüvvəsini itirmişdir. Subicarə müqavilələrinin 3.1.5-ci bəndinə əsasən icarəçi müqavilənin 4-cü bəndində müəyyən edilmiş icarə haqqından başqa sahənin istismarı ilə bağlı elektrik enerjisi və rabitə haqlarını və digər kommunal xərcləri ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin qeyd edilən şərtinə əsasən kommunal xərclərin ödənilməsi icarəyəçinin vəzifələrinə aid olduğundan Cavabdeh tutulmuş vcəmi 1200 manat kommunal xərclərlə bağlı hissədə qətnamə qanuni və əsaslı hesab edilir. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, tutulmuş kommunal xərclərlə bağlı hissədə qətnamənin hansı əsasla ləğv edilməli olduğu apellyasiya şikayətində əsaslandırılmamış, ilk iddia üzrə cavabdehin nümayəndəsi işə birinci instansiya qaydasında baxılarkən xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddianı həmin hissədə qəbul etmişdir. İşin mübahisəsiz halıdır ki, obyektlər 2019-cu ilin aprel ayının sonlarınadək Cavabdeh icarəsində olmuş, may ayından icarəçi həmin obyektlərdə fəaliyyət göstərməmişdir. İlk iddia üzrə iddiaçı ərizəsində Cavabdeh tərəfindən subicarə müqavilələri üzrə cəmi 18883,6 manat icarə haqqı ödənildiyini göstərmiş, Cavabdeh isə bu məbləğdən artıq ödəniş etməsi barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 15 fevral 2021-ci il tarixli, 10/2428-9/3706-9/3710 nömrəli məhkəmə ekspertizasının rəyində qeyd edilmişdir ki, Cavabdeh 7 ay 10 gün üçün icarəyəverənə 40333,33 manat icarə haqqı ödəməli olduğu halda, cəmi 18883,6 manat ödəniş edildiyindən xx.xx.2019-cu il tarixədək 21449,73 manat icarə haqqı borcu, həmin tarixdən sonra isə xx.xx.2019-cu il tarixədək 11916,66 manat borcu olduğu müəyyən olunur. Subicarə müqavilələrinin 2.3-cü bəndinə əsasən, müqavilə müddəti başa çatmadan icarəçi tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verildikdə müqavilənin sonunadək olan dövr üçün icarəçi bu müqavilənin 4.1-ci maddəsində nəzərdə tutulmuş icarə haqqını tam ödəməlidir. İlk iddia üzrə iddiaçı icarəçi tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verildiyini iddia edərək icarə münasibətlərinə faktiki xitam verildiyi tarixdən sonra Cavabdeh müqavilələrin 2.3-cü bəndinə əsasən 2019-cu ilin may və iyun ayları üçün icarə haqqı ödənişi tələb etmişdir. Birinci instansiya məhkəməsi işdəki sübutlara, ekspert rəyinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.1, 421.2, 421.3, 427.1, 442, 443.1, 445.2.2, 445.7, 448.1, 448.2, 448.4, 700.1, 700.2-ci maddələri, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi və 13-cü maddəsinin 5-ci bəndinə istinad edərək ilk iddianı 33366,39 manat icarə haqqının və 1200 manat kommunal ödənişlərə görə haqqın tutulması hissəsində təmin etmişdir. Məhkəmə kollegiyası xx.xx.2019-cu il tarixədək 21449,73 manat icarə haqqı borcunun Cavabdeh tutulması hissəsində tələbin əsaslı olduğunun işdəki sübutlarla təsdiq edildiyini nəzərə alaraq hesab edir ki, həmin hissədə qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi Cavabdeh 11916,66 manat pulun tutulması barədə tələbin təmin edilməsi barədə iş üzrə gəldiyi nəticəni belə əsaslandırır ki, həmin borcun olması ekspert rəyi əsasında müəyyən edilmiş, N.Əliyeva xx.xx.2019-cu il tarixdə iddiaçının tələbi əsasında icarəyə götürdüyü obyektlərdən çıxarıldığına dair məhkəməyə sübut təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə öz qətnaməsində qeyd edir ki, icarəçi müqavilənin xitamı ilə bağlı heç bir hərəkət etməmiş, məhdudiyyətlə səlahiyyətli orqanlara və məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, icarə münasibətlərinə faktiki xitam verildiyi tarixdən sonra müqavilə şərtlərinə əsasən icarəçinin icarə haqqı ödəməli olub-olmadığına hüquqi qiymət verilməsi eksperin deyil, məhkəmənin səlahiyyətinə aid olduğundan məhkəmənin bu hissədə iddianı təmin edərkən məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsaslanması düzgün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən tərəflər arasında bağlanmış subicarə müqavilələrinə icarəçi tərəfindən birtərəfli qaydada xitam verildiyini sübut etmək vəzifəsi İddiaçı üzərinə düşdüyü halda iddiaçı bu barədə məhkəməyə hər hansı mötəbər sübut (icarəçinin yazılı müraciəti və s) təqdim edə bilməmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş pretenziya məktubunda müqavilə müddətinin bitməməsinə baxmayaraq heç bir əsas olmadan icarəyə götürdüyü obyektlərə buraxılmamasının qanunsuz olduğu qeyd edilərək bunun nəticəsində dəymiş ziyanın ödənilməsi tələb olunmuş, qeyd edilən məktuba qarşı tərəf hər hansı münasibət bildirməmişdir. İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmənin xx.xx.2019-cu il tarixdə keçirilmiş hazırlıq iclasında (iclasın 13-18-ci dəqiqələri) sədrlik edən hakimin sualına cavab olaraq bildirmişdir ki, subicarə müqavilələrinə tərəflərindən icarə haqqı borcu ödənilmədiyinə görə xitam verilmiş, bu barədə qarşı tərəfə şifahi olaraq məlumat verilmişdir. Eyni zamanda qarşılıqlı iddiaya etiraz məktubunda qeyd edilir ki, İddiaçı tərəfindən iddiaçıya bildiriş göndərilərək borc məbləğinin ödənilməsi tələb edilmiş, bunun üçün müddət müəyyən edilmiş, əks halda müqaviləyə birtərəfli qaydada xitam verilərək məhkəməyə müraciət ediləcəyi bildirilmişdir (iş mat. 1-ci cild 145-ci vərəq). İşə birinci instansiya qaydasında baxılarkən şahid qismində dindirilmiş, Cavabdeh subicarəyə verilmiş və kafe kimi fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrində işləmiş şəxslər X6 və X1 ifadələrində göstərmişlər ki, aprel ayında kafedə işlədikləri zaman onlardan və digər işçilərdən işin dayandırılması və obyektdən çıxmaları tələb edilmişdir. Obyektdən çıxdıqları zaman obyektdə avadanlıqlar və məhsullar qalmışdır. İlk iddia üzrə iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X10 ifadəsində göstərmişdir ki, icarəçi obyektdə aprel ayınadək fəaliyyət göstərmiş, icarəçinin icarə haqqı borcu olduğundan ona möhlət verilməsini istəmişdir. Şahid obyektlərdə avadanlıqların qalıb-qalmaması, müqaviləyə xitam verilib verilməməsi barədə məlumatı olmamışdır. X17 ifadəsində obyktlərin aprel ayınadək fəaliyyət göstərdiyini, icarəçiyə müdaxilə olmadığını, təqdim edilmiş avadanlıq olmadığını göstərmişdir. X2 ifadəsində icarə haqqını ödəyə bilmədikləri üçün özlərinin (icarəçi) işə gəlmədiyini, avadanlıqların isə Y.Musayevə təhvil verildiyini göstərmişdir. Şahid Nəbiyevin verdiyi bu ifadə işdəki digər sübutlarla təsdiq edilmir və inandırıcı hesab edilmir. Məhkəmə hesab edir ki, əgər həqiqətən icarəçi icarə müqaviləsinə birtərəfli qaydada xitam vermiş olsaydı ona məxsus əşyaları da obyektlərdən çıxarmalı idi. Obyektlərdə iddiaçıya məxsus avadanlıqların mövcudluğu belə qənaətə gəlməyə əsas verir ki, müqavilə münasibətlərinə icarəyəverən tərəfindən xitam verilmiş, icarəçi və işçiləri obyektlərə buraxılmamış və ona məxsus əşyaları götürməyə imkan yaradılmamışdır. İlk iddia üzrə iddiaçının nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən xx.xx.2022-ci il tarixli məhkəmə iclasında may və iyun ayları üçün icarə haqqı tələbinin iddia ərizəsində qeyd edilmiş əsasını dəyişərək bildirmişdir ki, tərəflər arasında bağlanmış subicarə müqavilələrinə hal-hazıradək xitam verilməmişdir, may və iyun ayları üçün icarə haqqı isə müqavilələrinin 7.1.2-ci bəndinə əsasən (icarəçi müqavilənin qüvvədə olduğu müddət ərzində və onun uzadıldığı istənilən dövrdə icarə haqqını icarəyəverənə ödəməyə bocludur) tələb edilmişdir. Məhkəmə kollegiyası MPM-nin 53-cü maddəsinə əsasən apellyasiya instansiyası mərhələsində iddianın əsasının dəyişdirilməsinə yol verilmədiyini, ilk iddia üzrə iddiaçı subicarə müqavilələrinə icarəçi tərəfindən birtərəfli qaydada xitam verildiyinə dair birinci instansiya məhkəməsinə mötəbər sübutlar təqdim etmədiyini, iddiaçının nümayəndəsi apellyasiya instansiyası mərhələsində izahat verərkən icarəçi tərəfindən müqavilələrə xitam verilmədiyini təsdiq etdiyini nəzərə alaraq hesab edir ki, mübahisələndirilən qətnamə MPM-nin 385.1.4-cü maddəsinə əsasən ilk iddianın təmin edildiyi hissədə qismən ləğv edilərək, Cavabdeh 11916,66 manat pulun tutulması hissəsində ilk iddia tələbi rədd edilməlidir. “Mənəvi zərərin ödənilməsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur. Qeyd edilən halların məhkəmə tərəfindən aydınlaşdırılması üçün isə iddiaçı mənəvi zərərlə bağlı iddia qaldırarkən cavabdehin ona mənəvi zərər vurulmasına səbəb olan hərəkətlərinin nədə ifadə olunduğunu göstərməlidir. Cavabdeh qarşılıqlı iddia ərizəsində 25000 manat mənəvi ziyan tələbi ilə bağlı hər hansı əsaslandırma olmadığından həmin tələbin rədd edildiyi hissədə qətnamə qanuni və əsaslı hesab edilir. İşə birinci instansiya qaydasında baxılarkən şahid ifadələrinə əsasən müəyyən edilmişdir ki, icarəyə verilmiş obyektlərdə Cavabdeh məxsus müəyyən avadanlıqlar və əşyalar qalmışdır. Həmin avadanlıqların dəyəri qarşılıqlı iddia ərizəsində 35.000 manat olaraq göstərilmiş və icarəçiyə vurulmuş maddi ziyanın əvəzi olaraq tələb olunmuşdur. Məhkəmə qarşılıqlı iddianı qismən- 13065 manat hissədə təmin edərkən həmin məbləğlə bağlı tərəflər arasında razılaşma əldə edildiyinə istinad etmişdir. Qarşılıqlı iddianın təmin edildiyi hissədə qətnamə mübahisələndirilməmişdir. İcarəyə verilmiş obyektlərdə Cavabdeh məxsus avadanlıqların dəyərinin müəyyənləşdirilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ünvan 6 ünvanlarında yerləşən obyektlərə baxış keçirilməsi nəticəsində həmin obyektlərdə təqdim edilmiş siyahılar üzrə mövcudluğu müəyyən edilmiş əşyaların orta bazar qiyməti 10830 manat təşkil edir. Rəydə ünvan 7 ünvanda yerləşən obyektə baxış keçirmək üçün münasib şərait yaradılmadığından həmin obyekt üzrə tədqiqat aparmağın mümkün olmadığı qeyd edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış sahəsində Cavabdeh tərəfindən siyahısı təqdim edilmiş avadanlıqların mövcud olubolmadığı, əgər mövcuddursa həmin avadanlıqların bazar dəyərinin müəyyən edilməsi üçün yenidən ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyində qeyd edilən obyektdə iddia ərizəsində qeyd edilən və ekspert baxışına təqdim olunmuş əşyaların orta bazar dəyərinin təxminən 414,50 manat olduğu müəyyən edilmişdir. Ekspert rəyindən və iş materiallarından ünvan 7 ünvanda yerləşən obyektə baxış keçirilməsinə şərait yaradılmamasına görə ilk iddia üzrə iddiaçının təqsirli olduğu aydın görünmədiyindən (bu barədə akt və s. olmadığından), o cümlədən apellyasiya instansiyası mərhələsində həmin obyektdəki əşyalarla bağlı ekspertiza tədqiqatı həyata keçirildiyindən məhkəmə hesab edir ki, hazırkı iş üzrə MPM-nin 97.5-ci maddəsinin tətbiq edilməli olduğuna dair apellyasiya şikayətinin dəlili əsassızdır. İlk iddia üzrə iddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında qarşılıqlı iddianın 414,50 manat hissədə təmin edilməsinə etiraz etmədiklərini bildirməklə qarşıqlı iddianı həmin hissədə etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, mübahisələndirilən qətnamə qismən ləğv edilərək qarşılıqlı iddia 414,50 manat pulun tutulması hissəsində təmin edilməlidir. Cavabdeh tərəfindən icarəyə götürülmüş obyektlərdə qalan əşyalarla bağlı siyahılar və video diskdən başqa məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən, təqdim edilmiş sübutlar əsasında həyata keçirilmiş ekspertizalar nəticəsində icarə obyektlərində icarəçiyə məxsus olduğu iddia edilən əşyaların bazar dəyəri cəmi 11244,5 manat müəyyən edildiyindən məhkəmə hesab edir ki, qətnamə maddi ziyan tələbi ilə bağlı qarşılıqlı iddianın rədd edildiyi qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hər iki iddia qismən təmin edildiyindən işə apellyasiya qaydasında baxılarkən ödənilmiş 100 manat ekspertizası xərci tərəflərdən bərabər qaydada (hər tərəfdən 50 manat olmaqla) tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ilk iddia üzrə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-33/2021 saylı qətnaməsi qismən ləğv edilməli, ilk iddia tələbi Cavabdeh 11916,66 manat pulun tutulması hissəsində rədd edilməli, qarşılıqlı iddia tələbi rədd edilən hissədə qismən təmin edilərək ünvan 2 ünvanında yerləşən əmlaklarla bağlı maddi ziyana görə 414,5 manat pul qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulmalı, ekspertiza xərci tərəflərdən bərabər qaydada tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-33/2021 saylı qətnaməsi qismən ləğv edilsin. İlk iddia tələbi Cavabdeh 11916,66 manat pulun tutulması hissəsində rədd edilsin. Qarşılıqlı iddia tələbi rədd edilən hissədə qismən təmin edilərək ünvan 2 ünvanında yerləşən əmlaklarla bağlı maddi ziyana görə 414,5 manat pul qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulsun. 100 manat ekspertiza xərci tərəflərdən bərabər qaydada tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar