Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-175/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh X4 qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: icarə müqaviləsi, müqavilənin qüvvədə olması, icarəyə verilmiş əmlakın mülkiyyətçisinin dəyişməsi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və X8 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, cavabdeh X3 vəkili Vəkil1 iştirakı ilə İddiaçı MMC-nin X4 qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi və müqavilə bağlamaq vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1000 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.2015-ci il tarixdə X5 adına qeydiyyata alınmış, İddiaçı MMC ilə X9 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış icarə müqaviləsi əsasında həmin qeyri-yaşayış sahəsinin 200 kv.m hissəsi 10 il müddətinə İddiaçı MMC-nə icarəyə verilmişdir.
2. X1 Mahmudovun atasıdır.
3. X6 xx.xx.2023-cü il tarixdə sözügedən əmlakın oğlu Bəhruz Mahmudovun adından çıxarılaraq öz adına keçirilməsi və bu səbəblə də bağışlama müqaviləsini rəsmiləşdirmək üçün "OBA Market” MMC-yə müraciət etmiş, həmin tarixdə də bağışlama müqaviləsi rəsmiləşdirilmişdir.
4. X6 xx.xx.2023-cü il tarixdə İddiaçı MMC ilə notarial qaydada təsdiqlənmiş “Öhdəlik müqaviləsi” bağlamış, müqaviləyə əsasən o, əvvəlki mülkiyyətçi X5 bağladığı xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin şərtləri ilə İddiaçı MMC ilə yenidən icarə müqaviləsi bağlayacağına dair İddiaçı MMC qarşısında öhdəlik götürmüşdür.
5. X3 İddiaçı MMC-nə qarşı “icarə müqaviləsinin ləğv olunması” tələbi Bakı Kommersiya Məhkəməsinin 20 iyun 2024-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 05 noyabr 2024-cü tarixli qətnaməsi ilə, apellyasiya instansiyası məhkəməsinin aktı isə Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
6. Həmin işə baxan məhkəmələr hesab etmişlər ki, xx.xx.2021-ci il tarixli icarə müqaviləsi qüvvədədir və onun ləğv olunması üçün əsaslar mövcud deyil.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
7. İddiaçı MMC (iddiaçı) X4 (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlə arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-64 reyestr nömrəli “Öhdəlik müqviləsi”nin cavabdeh tərəfindən icra edilməsi və onunla X9 arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1000 kv.m olan qeyri-yaşayış sahəsinin 200 kv.m hissəsinin MMC-yə icarəyə verilməsinə dair bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi ilə eyni şərtlərlə notarial qaydada yeni icarə müqaviləsi bağlamaq vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onunla X9 arasında xx.xx.2021-ci il tarixdə icarə müqaviləsi bağlanmış, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 1000 kv.m olan qeyri-yaşayış sahəsinin 200 kv.m hissəsi MMC-nə icarəyə verilmişdir. Sözügedən icarə müqaviləsinin imzalanmasında etibarnamə üzrə səlahiyyətli nümayəndə kimi cavabdeh şəxsən iştirak etmiş və qeyri-yaşayış sahəsinin MMC-yə icarəyə verilməsinə razılığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh əmlakın oğlu X5 adından çıxarılaraq, öz adına keçirilməsi və bu səbəbdən də bağışlama müqaviləsini rəsmiləşdirmək üçün MMC-yə müraciət etmiş, həmin tarixdə bağışlama müqaviləsi rəsmiləşdirilmişdir. Cavabdeh həmçinin xx.xx.2023-cü il tarixdə MMC ilə notarial qaydada “Öhdəlik müqaviləsi” bağlamışdır. Öhdəlik müqaviləsinə əsasən o, əvvəlki mülkiyyətçi X9 ilə rəsmiləşdirilən xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin bütün şərtlərini qəbul edərək, eyni formada, eyni şərtlərlə, heç bir maddəni və icarə qiymətini dəyişmədən MMC ilə yenidən İcərə müqaviləsi bağlayacağına dair MMC qarşısında öhdəlik götürmüşdür. “Öhdəlik müqaviləsi”nin 2-ci bəndində göstərilir ki, bu müqavilə bağlandığı andan qüvvəyə minir və müddəaları tərəflər üçün məcburidir. Lakin cavabdeh hələ də öhdəliyinə əməl etməyərək, MMC ilə yeni icarə müqaviləsi bağlamamışdır. Öhdəliyin icra edilməsi üçün MMC tərəfindən cavabdehə yazılı qaydada xəbərdarlıq və pretenziya göndərilsə də o, öhdəliyinə əməl etməmişdir. “İcarə haqqında” Qanunun 13.3-cü maddəsinə əsasən, icarəyəverən təşkilatın yenidən təşkil edilməsi, habelə icarəyə götürülmüş əmlakın mülkiyyətçisinin dəyişməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun pozulması üçün əsas deyildir. Cavabdeh yeni müqavilə bağlamaq vəzifəsini, onunla MMC arasında xx.xx.2023-cü il tarixdə notarial qaydada bağlanılan “Öhdəlik müqaviləsi” ilə könüllü olaraq öz üzərinə götürmüşdür. Həmçinin həmin müqavilənin 2-ci bəndində göstərilir ki, müqavilə bağlandığı andan qüvvəyə minir və müddəaları tərəflər üçün məcburidir. Müqavilənin bağlanmaması dayanıqlıq baxımından, investisiya qoyuluşunun qorunması, uzunmüddətli müqavilə münasibətlərinin təmin edilməsi, bir çox hallarda icarəyə verən tərəfindən icarəçi qarşısında suni əngəllər törədərək icarə haqqının artırılması, obyektdən çıxarma, obyektin boşaldılması, biznes mühitinin qorunması, işsizliyin qarşısının alınması, yəni işçilərin ixtisara düşməsi, bir qrup təbəqənin işsiz qalması və sahibkarlıq fəaliyyətinə ciddi şəkildə mənfi təsir göstərir. xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 11.1-ci bəndində göstərilir ki, icarəyə verənin hüquqları vərəsəlik qaydasında onun varislərinə keçdikdə və ya o icarəçinin əvvəlcədən alınmış yazılı razılığı əsasında hər hansı bir formada digər şəxlərə özgəninkiləşdirildikdə bu, müqavilədən imtina edilməsi üçün əsas ola bilməz.
9. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmiş, cavabdehin nümayəndəsi isə cavabdehin oğlu Bəhruz Mahmudovla İddiaçı MMC arasında bağlanmış icarə müqaviləsinin hazırda da qüvvədə olduğunu, icarəyə verənin də, nəzarət edənin də, ödənişləri qəbul edənin də iddiaçının özü olduğunu, bu səbəblə iddianı əsassız hesab etdiyini bildirmişdir.
10. Birinci instansiya məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur..
11. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
11.1. Mülki hüquq nəzəriyyəsində öhdəlik hüququ əşya hüququndan fərqli olaraq nisbi hüquq hesab edilir. Başqa sözlə, öhdəlik bir qayda olaraq yalnız onun tərəfləri üçün hüquq və vəzifələr müəyyən edir, müqavilə iştirakçısının tələb etmək hüququ əşya hüquqlarında olduğu kimi hamı və hər kəs üçün deyil, yalnız kontragent üçün vəzifələr yaradır. Məhz Mülki Məcəllənin 387.3-cü maddəsinə əsasən də öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. 11.2. Lakin kirayə (icarə) müqaviləsi üzrə kirayəçinin (icarəçinin) əldə etdiyi hüquqlar kvazi-əşya hüquqları hesab edilir. Belə ki, həmin hüquqlar öhdəlik hüququ ilə yanaşı əşya hüququ xüsusiyyəti də daşıyır. Məhz buna görədir ki, Mülki Məcəllənin 699.1-ci maddəsinə əsasən, kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. 11.3. Göründüyü kimi, adi halda öhdəlik üçüncü şəxslər üçün vəzifələr yaratmasa da, icarə münasibətlərində icarəçinin hüquqlarının xarakterinə uyğun olaraq icarəyə verənin dəyişməsi yeni mülkiyyətçi ilə icarəçi arasında icarə müqaviləsinin mövcüd olmamasına baxmayaraq, icarə hüququna təsir etmir, mülki qanunvericilik yeni mülkiyyətçini icarə münasibətinin (müqaviləsinin) tərəfi hesab edir və onu icarəyə verən statusu ilə təmin edir. 11.4. Bu mənada məhkəmə hesab edir ki, X9 ilə "OBA Market” MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi (hazırda iddiaçının şərtlərinə istinad etdiyi, eyni şərtlərlə bağlanmasını istədiyi icarə müqaviləsi) 09 fevral 2023-cü il tarixli öhdəlik müqaviləsinin məzmunundan asılı olmayaraq qanuna görə qüvvədədir və icarə obyektinin (qeyri-yaşayış sahəsinin) yeni mülkiyyətçisi olan cavabdeh X6 üçün də hüquq və vəzifələr yaratmaqdadır (tərəflərin verdiyi izahatlara əsasən icarə münasibətləri davam edir, icarə haqqı "OBA Market” MMC tərəfindən yeni mülkiyyətçi - X4 ödənilir). 11.5. İşdə olan müqavilədən göründüyü kimi cavabdeh tərəfindən iddiaçı MMC qarşısında müqavilə bağlamaq öhdəliyi götürülsə də, hazırda cavabdehə məxsus daşınmaz əmlaka dair hal-hazırda qüvvədə olan icarə hüquq münasibətləri davam edir və həmin müqavilənin ləğv edilməsi də işin halları ilə müəyyən edilmir. Buna görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı və cavabdeh arasında icarə hüquq münasibətləri davam (Mülki Məcəllənin 699.1-ci maddəsinə əsasən iddiaçının istədiyi şərtlərdə icarə müqaviləsi artıq mövcüd olduğu üçün) etdiyi üçün və həmin müqavilə münasibətlərinə xitam verilmədiyindən, tərəflər arasında eyni şərtlərlə eyni müqavilənin bağlanması zərurəti də aradan qalxmış olur.
12. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 6.1-ci, 6.1.5-ci, 385.1-ci, 390.1-ci, 390.3-cü, 399.1-ci, 442-ci, 675-ci, 700.1-ci, 700.3-cü maddələrinə istinad etmişdir.
13. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun olmadığını, məhkəmənin düzgün nəticəyə gəlmədiyini, cavabdehin MMC-nə qarşı “icarə müqaviləsinin ləğvi” barədə iddia qaldırdığını, üzərinə götürdüyü öhdəliyə vicdanlılıq baxımından əməl etmədiyini nəzərə almadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, verilən izahat
15. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı nümayəndəsini məhkəməyə göndərməmiş (iddiaçı MMC ərizə göndərərək nümayəndəsinin məzuniyyətdə olması səbəbindən prosesin təxirə salınmasını xahiş etmişdir), cavabdehin məhkəmə iclasında iştirak edən vəkili isə şikayətin əsassız olduğunu bildirmişdir.
16. İşin halları və iddiaçının şikayətinə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla, işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
18. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
19. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
23. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
24. Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.
25. Maddə 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur.
26. Maddə 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir.
27. Maddə 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır.
28. Maddə 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir.
29. Maddə 402.6. Niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur.
30. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
31. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
32. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
33. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
34. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
38. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
46. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və apellyasiya şikayətində irəli sürülənlərlə bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür.
47. Xüsusilə nəzərə alınmalıdır ki, qanuni qüvvəsini almış məhkəmə aktı ilə xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin qüvvədə olduğu müəyyən edilmişdir və əgər həmin müqavilə qüvvədədirsə, eyni müqavilənin yenidən bağlanmasının hər hansı məntiqli əsası mövcud deyildir.
48. Beləliklə, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3560/2024 saylı iş üzrə 24 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən İddiaçı MMC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Təranə Mahmudova
Leyla Əliyeva