Məhkəmə qərarları › İş №2-2(103)-177/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-177/2022

07.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-177/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı keçirilmiş hərracın etibarsız hesab edilməsi və əmlak kompleksi kimi müəssisənin hərrac vasitəsilə satışının yenidən təşkil olunması tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-4822/2021 nömrəli iş üzrə 04 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, cavabdeh MMC tərəfindən keçirilmiş hərracın etibarsız hesab edilməsi və Cavabdeh2 məxsus Bakı şəhəri Nəsimi rayonu X1 küçəsi ev 2c ünvanda istifadədə olan 3,37905 ha torpaq sahəsində yerləşən 4.469,1 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin hərrac vasitəsilə satışının yenidən təşkil olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçının ipoteka saxlayan kimi hərracın keçirilməsindən xəbəri olmamış, sonradan İcra və probasiya şöbəsinin 08.10.2020-ci il tarixli 11786- 18530/2019 nömrəli məktubundan məlum olmuşdur ki, Cavabdeh2 məxsus olan ipoteka predmeti olan daşınmaz əmlak satışa qoyulmuş, həmin əmlak kompleksi kimi müəssisənin satışı ilə bağlı xəbəri olmadan hərraclar keçirilmiş və cavabdeh MMC-nin 24.05.2019-cu il tarixli məktubundan məlum olmuşdur ki, qeyd olunan əmlak guya iddiaçıya təklif olunmuş və alınmadığına görə sonda hərrac baş tutmamış hesab olunmuşdur. İcra şöbəsindən hazırkı vaxtda əldə olunmuş cavabdeh MMC-nin 24.05.2019-cu il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklif məktubunda iddiaçının hüquqi ünvanı səhv göstərilmişdir. Həmin məktubda iddiaçının hüquqi ünvanı ünvan 2laraq ünvan 3yd olunmuşdur. Hərrac Mərkəzinin məktubları iddiaçının hüquqi ünvanına göndərilmədiyi üçün Bankın hərracdan xəbəri olmamışdır. Həmçinin, Nəsimi rayon icra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş 08 oktyabr 2020-ci il tarixli **********/2019-5-1 nömrəli məktubda iddiaçının hüquqi ünvanı ünvan 5 rayonu Babək prospekti 16 ünvanı kimi qeyd olunmuşdur. Belə olan halda hərracın keçirilməsi ilə bağlı bildirişlər, məlumatlar iddiaçıya verilmədiyindən, bankın hərracın keçirilməsi barədə xəbəri olmadığından, keçirilmiş hərraclar etibarsız hesab olunmalı və Cavabdeh2 məxsus Bakı şəhəri Nəsimi rayonu X1 küçəsi 2c ünvanda istifadədə olan 0,37905 ha torpaq sahəsində yerləşən 4.469,1 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin satışı hərrac vasitəsilə yenidən təşkil olunmalıdır. Bakı Kommersiya Məhkəməsinin 04.11.2021-ci il tarixli qətnaməsi iddia qismən təmin edilmiş, Bakı şəhər Xətai rayon Məhkəməsinin 09.10.2018-ci il tarixli 2(011)- 1442/2018 nömrəli qətnaməsi ilə əlaqədar icra sənədi üzrə cavabdeh MMC tərəfindən keçirilmiş hərracın etibarsız hesab edilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 20 manat dövlət rüsumunun 10 manat məbləğinin cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi, qalan 10 manat məbləğin iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan Cavabdeh2 ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09.10.2018-ci il tarixli 2(011)1442/2018 nömrəli qətnaməsi ilə əlaqədar icra sənədi üzrə cavabdeh MMC tərəfindən keçirilmiş hərrac etibarsız hesab edilməsinə dair hakimin gəldiyi nəticə mülki işin faktiki hallarına uyğun deyil. Belə ki, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində iddiaçının hərrac, məhkəmə prosesi və icra sənədindən xəbərsiz olmasına dair gəldiyi nəticə cavabdehin hakimin adına yazmış olduğu izahatla və qoşulu sənədlərlə təkzib edilir. Bakı Komersiya Məhkəməsinin cavabdeh MMC-nin iddiaçının hərrac keçirilməsində iştirakının təmin edilmədən saxlanmasına dair gəldiyi nəticə səhvdir və işin faktiki halları ilə təkzib edilir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi şikayəti qəbul etməyib, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, mübahisənin predmeti bölünən olduğu və iddiaçı tələbin qismən təmin olunması ilə razılaşaraq, apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməlidir. Belə ki, iddia rədd olunan hissə artıq tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnaməyə həmin hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, qətnamə iddia hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair təmin olunan hissədə hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. Bu kontekstdə aparılan araşdırmadan müəyyən edilir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1442/2018 nömrəli iş üzrə 09.10.2018-ci il tarixli icra vərəqəsinə əsasən, 31 mart 2014-cü il tarixli 57HS nömrəli kredit müqaviləsi üzrə 4.400.000 manat məbləğdə əsas borc, 942.333,33 manat məbləğdə faiz borcu olmaqla, cəmi 5.342.333,33 manat məbləğdə kredit borcu, 25.04.2014-cü il tarixli 58HS nömrəli kredit müqaviləsi üzrə 4.720.000 manat məbləğdə əsas borc, 991.200 manat məbləğdə faiz borcu olmaqla, cəmi 5.711.200 manat məbləğdə kredit borcu, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat məbləğdə dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğdə dövlət rüsumu və sənədlərin surətlərinin notariat qaydasında təsdiq edilməsi üçün ödənilmiş 47 manat məbləğində dövlət rüsumu "xxxx" MMC-dən alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, tutma Cavabdeh2 məxsus Bakı şəhəri Nəsimi rayonu X1 küçəsi 2c ünvanda istifadədə olan 0,37905 ha torpaq sahəsində yerləşən 4.469,1 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməli, Bakı şəhəri Nəsimi rayonu X1 küçəsi 2c ünvanda istifadədə olan 0,37905 ha torpaq sahəsində yerləşən 4.469,1 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti 10.300.000 manat məbləğdə olmaqla, həmin əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən ləğv prosesində olan İddiaçı ASC-yə olan borc ödənilməli, Bakı şəhəri Nəsimi rayonu X1 küçəsi 2c ünvanda istifadədə olan 0,37905 ha torpaq sahəsində yerləşən 4.469,1 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə satıldıqdan sonra 1 ay müddətdə həmin əmlak boşaldılmalıdır. İcra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri Nəsimi rayon icra şöbəsi tərəfindən cavabdeh MMC-yə hərracın keçirilməsi ilə bağlı müvafiq sifariş göndərilmiş, sonuncu tərəfindən 29.04.2019-cu il və 20.05.2019-cu il tarixlərdə hərrac keçirilmişdir. İddiaçı hərracın keçirilməsinin vaxtı və yeri barədə bildirişin ona göndərilmədiyini, ipoteka predmetinin əldə olunmasına dair təklifdə iddiaçının hüquqi ünvanının yanlış qeyd olunduğunu bildirir. “İpoteka haqqında” AR Qanununun 42.1-ci maddəsinə görə, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Mübahisəli hərracın keçirilmə yeri və vaxtı barədə bildirişin tələbkar iddiaçıya çatdırıldığını təsdiq edən sənəd işdə mövcud deyil. Bundan əlavə, cavabdeh MMC tərəfindən ipoteka predmetinin əldə olunmasına dair iddiaçıya ünvanlanmalı olan təklif iddiaçıya heç bir aidiyyəti olmayan Naftalan şəhəri S.Qurbanov küçəsi 11 ünvana göndərilmişdir. Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, Cavabdeh2 iddiaçının icra sənədindən və hərracın keçirilməsindən xəbərdar olduğunu bildirsə də, iş materialları ilə bu hal öz təsdiqini tapmır, şikayət də bu barədə konkret fakta istinad etmir, bununla bağlı Məhkəməyə heç bir mötəbər sübut təqdim olunmamışdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin faktiki halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4822/2021 nömrəli iş üzrə 04 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar