Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-178/2020 19.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı «xxxx» QSC bank olmayan kredit təşkilatının (BOKT) cavabdeh «Vəfa 5» firmasına qarşı «borcun tutulması tələbinə dair» iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1396/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı «xxxx» QSC BOKT cavabdeh «Vəfa 5» firmasına qarşı «kredit üzrə borcun tutulması, tələbin əmlaka yönəldilməsi, onun mülkiyyətinə verilməsi və hüquqlarının qeydiyyata alınması haqqında» iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1396/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı şikayət verərək həmin qərardadın ləğv edilməsini və cavabdehə qarşı iddia ərizəsinin məhkəmənin icraatına götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında qeyd etmişdir ki, iqtisadi mübahisələr üzrə bütün sənədlər, o cümlədən iddia ərizələri yalnız «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərilə bilər. Bununla bağlı məhkəmənin nəzərinə çatdırılır ki, «Vəfa 5» firması xx xxxxxx 1997-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyindən qeydiyyatdan keçmişdir. Həmin müəsissənin təsis sənədləri təşkilata təqdim edilmədiyindən təsis sənədlərinin əldə olunması üçün Azərbaycan Respublikası Vergilər Nazirlyüinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə sorğu verilməsinə baxmayraraq, müəssisənin təsis sənədləri təşkilata təqdim edilməmiş, iddia ərizəsi ilə məhkəməyə elektron iqadada müraciət olunması mümkün olmamışdır. Bu səbəbdən məhkəmənin qərardadı ləğv edilməli və iddiaçının cavabdehə qarşı borcun tutulması tələbinə dair mülki iş məhkəmənin icraatına götürülməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi C.Həmidov şikayəti dəlillərinə uyğun müdafiə etmiş və təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, prosessual qanunvericiliyin tələblərini nəzərə alıb belə hesab edir ki, iddiaçının şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və ona əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında yaranmış mübahisə iqtisadi mübahisədir. MPM-in qüvvədə olan 10-1.3-cü maddəsinin tələbinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir Qanunun qeyd olunan imperativ tələbindən göründüyü kimi, kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən, iddia ərizəsinin məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Lakin iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilməmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərində qanunun həmin tələbinə əməl etməməsini səbəbi olaraq göstərir ki, təşkilat tərəfindən cavabdeh müəssisənin təsis sənədlərinin təqdim edilməsinə nail olmaq üçün Hüquqi Şəxslərinin Dövlət Qeydiyyatı İdarəsinə müvafiq sorğu verilsə də, həmin sənədlər təqdim edildiyindən iddia ərizəsinin elektron kabinet vasitəsilə məhkəməyə göndərilməsi mümkün olmamışdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, qeydiyyat idarəsi tərəfindən iddiaçının sorğusuna cavab verilməməsi və bunun nəticəsində cavabdeh qürumun təsis sənədlərini əldə edilməsinin mümkün olmaması iddia ərizəsinin məhkəməyə elektron kabinet vasitəsilə göndərilməməsinin üzrlü səbəbi kimi çıxış edə bilməz. Ən azından ona görə ki, MPM-in yuxarıda qeyd olunan 10-3.1-ci maddəsi ilə kommersiya mübahisələri üzrə iddia ərizəsinin məhkəməyə göndərilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının, verdiyi sorğuya cavab verilməsini gözləməməsi və ya sorğunun qənaətbəxş cavablandırılmaması kimi səbəblər üzündən cavabdeh qürumun təsis sənədlərini əldə edə bilməməsi, bütün bu hallar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada sorğu verdiyi orqana qarşı müvafiq hüquqi müdafiə vasitələrinin həyata keçirilməsi üçün əsas ola bilər. Beləliklə də müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmununa riayət olunmamışdır. Belə olan halda, birinci instansiya məhkəməsinin mübahisələndirilən xx.xx.2019-cu il tarijli qərardadı ilə MPM-in 152.1.1-ci maddəsinə istinadən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması prosessual qanunvericiliyin tələbərinə uyğun olmuşdur. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının şikayətinin həmin qərardadın ləğv edilməsi üçün əsas gətirdiyi («sorğu verdiyi orqan tərəfindən cavabdehin təsis sənədləri ona təqdim edilmədiyindən, iddia ərizəsinin elektron qaydada verilməsinin mümkün olmamışdır) dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1396/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinin qüvvədə olan tələblərindən görünür ki, iddia ərizəsinin geri qaytarılması barədə məhkəmə qərardadlarından kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 263-264, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı «xxxx» QSC bank olmayan kredit təşkilatının şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1396/2019 saylı xx xxxxxx 2019cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-2(103)-178/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-178/2020
19.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver