Məhkəmə qərarları › İş №2-2(103)-178/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-178/2024

10.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-178/2024 10.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Sadıqov Vahid Nəriman ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehin 156 Evakuasiya Xidməti tərəfindən vurulmuş zərərin dəyəri olan 39.100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2-2(113)-1794/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Cavabdehnə qarşı cavabdehin 156 Evakuasiya Xidməti tərəfindən vurulmuş zərərin dəyəri olan 39.100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1794/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 3000 manat pul tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1794/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmttəşünaslıq ekspertizası üzrə iqtisadçı eksperti Elvin Qəhrəmanov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/3906 saylı ekspert rəyinə əsasən “Alfa İlava” Model FOPX 607 yağ-su ayrıcı separatorun halhazırki vəziyyətdə orta bazar qiyməti təxminən 55000 manat müəyyən olunmuşdur. Göründüyü kimi aparatın dəyəri hal-hazırki vəziyyətdə 55.000 manat təşkil edir. Cavabdeh aparatı məhv etməklə iddiaçıya 55.000 manat dəyərində maddi zərər vurmuşdur. Lakin, həmin rəydə ekspert Elvin Qəhrəmanov X1 99 N ekspert rəyinə də əsaslanmışdır. X1 rəyinə görə çuqun hissələrinin bir-birinə müxtəlif üsullarla qaynaq olunmasının mümkün olduğunu bildirmişdir. Mütəxəssiz rəyi həmin aparatın təmir-bərpası üçün çəkilən xərci təxminən 3000 manat müəyyən etmişdir. Məhkəmə Rəyin həmin hissələrinə (təmir-bərpanın mümkünlüyü və xərclərinin 3.000 manat təşkil etməsinə) isdinad bilməz. X1 rəyi mötəbər deyil. Belə ki, məhkəmə qərardad qəbul edərkən məhkəmə-texniki ekspertizasının aparılmasını Ədliyyə Nazirliyinin Məhkəmə Espertizası Mərkəzinə həvalə edib, X2 həvalə etməyib. X4 ekspertizanı cavabdehin nümayəndəsi vəkil Nümayəndə ərizəsi əsasında aparıb, bu da həmin ekspertiza əməkdaşlarının cavabdehlə əməkdaşlıq etməsini, qərəzli rəy verməsini təsdiq edir. X1 rəyindən görünür ki, rəy qiymətləndirmə rəyidir, növü əməəşünaslıq ekspertizasıdır, ekspert X7 əmtəəşünasdır, mütəxəssis X9 isə qiymətləndiricidir. Əmtəəşünaslıq ekspertizası üzrə məhkəmə-texniki ekspertizasının qarşısında qoyulmuş suallara cavab vermək mümkün deyil, bu rəy saxtakarlıq faktıdır. Bundan başqa, qiymətləndirmə rəyi ilə texniki ekspertizanın sualına cavab verən ekspert Şükür Hüseynov aparata baxışda iştirak etməyib, belə olan halda o, necə aparatın təmir yolu ilə bərpa olunmasını müəyyən edə bilər. Göründüyü kimi, X1 rəyi mötəbər deyil, ümumiyyətlə həmin mərkəzə ekspertizanın aparılması həvalə edilməyib, qiymətləndirmə və əməəşünsalıq ekspertizası ilə texniki ekspertizanın qarşında qoyulmuş suallara cavab vermək olmaz. Aparatın təmir yolu ilə bərpası mümkün deyil, həmin aparatı bərpa edə biləcək mütəxəssislər ölkəmizdə fəaliyyət göstərmir, aparatın bərpası ilə bağlı iddiaçı tərəf ölkə üzrə çox axtarışlar aparıb, əgər bərpa mümkün olsa idi, nəinki 3.000 manata, hətta 5.000 manat və daha çox xərc çəkib onu bərpa etdirərdik, aparatın işləməsi iddiaçıya daha çox xeyir gətirmiş olardı, bu günədək həmin aparatı iddiaçı bu vəziyyətdə saxlamzdı. Odur ki, məhkəmənin qətnaməsi əsaslı deyil, məhkəmə mötəbər olmayan cavablara əsaslana bilməz, ona görə də iddia tələbi tam təmin edilməlidir. İddiaçının aparatı cavabdehin hərəkətləri nətcəsində məhv olub, iddiaçıya 39.100 manat maddi zərər vurulub, aparatın təmir bərpası mümkün deyil, bu barədə iş materillarında olan qiymətləndirmə rəyi mötəbər deyil, həmin rəyi texniki ekspertizanın rəyi kimi qəbul etmək olmaz, yalnız, Ədliyyə Nazirliyinin Məhkəmə Eskpertizası Mərkəzinin aparatın ümumi dəyəri ilə bağlı cavabına əsalanaraq iddia tam təmin edilməlidir. İş materiallarında olan X1 rəyi mötəbər rəy deyil, saxtalaşdırılmış sənəddir, rəyin başlanğıc hissəsində qiymətləndirmə, əmtəəşünslıq fəaliyyəti, təsviri və son hissəsində texniki fəaliyyət qeyd olunur, ekspert məhkəmə-texniki ekspertizası aparan ekspert deyil, onlara məhkəmə bu cür ekspertizanı aparmağı həvalə etməyib, ekspert baxışda iştirak etməyib, bu cür rəy Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əlavə edilə bilməzdi, məhkəmə də bu cür rəyi nəzərə ala bilməzdi. Məhkəmə təmir-bərpanın mümkünlüyü və onun xərcinin 3000 manat təşkil etməsi hissəsində bu cür qeyri-mötəbər yazılara düzgün qiymət verməyib. Həmin yazılar məhkəmə üçün məcburi xarakter daşımır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

6. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş ərizədə kompressora dəymiş zərərin məbləği 39.100.0 manat olaraq müəyyənləşdirilsə də, iş üzrə aparılmış Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən müvafiq zərər çuqun hissələrinin bir-birinə müxtəlif üsullarla qaynaq olunması yolu ilə təmir-bərpa edilməsi mümkün hesab edilmiş və zərər 3000 manat məbləğində qiymətləndirilmişdir. Göründüyü kimi ekspert rəyi ilə sübut olunmuşdur ki. iddiaçı əsassız olaraq cavabdehdən daha böyük məbləğdə pul tələb etməkdədir. Habelə, müvafiq rəydə qeyd edilən avadanlığının dəyərinin 55.000 manat məbləğində qiymətləndirilməsi aşkardır ki. avadanlığın köhnəlməsi, amortizasiyası nəzərə alınmadan yeni işlənməmiş məhsulun dəyəridir. Məlum məsələdir ki, istifadə edilən bir aparatın qiyməti bu məbləğdə ola bilməz və avadanlığın qiymətinin 39.100 manat olmasını iddiaçının ərizəsində göstərməklə və tələb etməklə də etiraf etmişdir. Digər tərəfdən bu məbləğin hal-hazırki vəziyyətdə heç bir əhəmiyyəti yoxdur. Yeni və ya köhnə aparat olmasından asılı olmayaraq vurulmuş zərərin aradan qaldırıla bilinməsi mümkün olduğundan yalnız həmin zərərin aradan qaldırılması üçün nəzərdə tutulan məbləğ tələb oluna bilən məbləğdir. Vurulmuş zərərin qiyməti 3000 manat olaraq müəyyən edilmiş və məhkəmənin qətnaməsi ilə artıq təmin olunmuşdur. Əgər iddiaçının yeni aparata ehtiyacı varsa, bu vəziyyətdən sui-istifadə edib cavabdehdən aparatın təmir oluna biləcəyi halda yeni aparat almaq niyyəti ilə əlavə məbləğ tələb etməsi və cavabdehi pis vəziyyətdə qovması hüquq sistemində qəbul edilmir. İddiaçının tələbi təmin edilərsə, bıı onun əsassız varlanmasına, cavabdehin isə hüquqlarının pozulmasına dəlalət verəcək. AR MM-nin 21.2-ci maddəsinə uyğun olaraq zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərelər başa düşülür. İddiaçının təmir üçün çəkməli olduğu xərc isə məhkəmə qətnaməsi ilə 3000 manat olaraq təsdiq edilmişdir. Həmin Məcəllənin 21.1-ci maddəsinin anlayışına görə zərərin tam həcmdə ödənilməsinə o halda yol verilir ki. zərərin əvəzinin daha az miqdarda ödənilməsi mümkün olmasın. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Hüququn və onun təmin və bərpasını həyata keçirən məhkəmənin məqsədi pozuntu nəticəsində baş vermiş faktiki zərərin əvəzinin ərizəçiyə ödənməsidir. Habelə, maddi zərərin əvəzinin ödənilməsində məqsəd iddiaçının əvvəlki vəziyyətinin bərpa olunmasından, bir sözlə. restitutio in integrum prinsipindən ibarətdir. Bu prinsipin tələblərinə əsasən əvvəlki vəziyyətin bərpa olunması sadəcə olaraq qaynaq olunma уolu ilə ölkəmizdə mümkün hesab edilir. Odur ki, təqdim edilən sübutlar və sənədlər məhkəmə tərəfindən araşdırılmış və həqiqiliyi təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixində Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən mütəxəssisin cəlb edilərək əmlaka baxışın keçirilməsi barədə Bakı Kommersiya Məhkəməsinə vəsatət verilmişdir. Ümumiləşmiş ekspertiza təcrübəsinə əsasən iş üzrə araşdırma zamanı mütəxəssisə ehtiyac olduqda ekspert tərəfindən mütəxəssisin cəlb edilməsi barədə vəsatət verilir və mütəxəssis tək və ya bir neçə nəfər olmaqla tərəflərin tövsiyə eldiyi şəxslər sırasından seçilir. Bu əsasla hazırkı iş tizrə Ekspertiza Mərkəzi tərəfindən də tövsiyə edilən şəxsin peşə hazırlığı yoxlanılmış və onun cəlb edilməsinə razılıq verilmişdir. Həmçinin iddiaçı tərəfindən də hər hansı bir mütəxəssisin cəlb edilməsinə məhdudiyyət qoyulmamış, hətta iddiaçı baxış zamanı mütəxəsəssisin iştirakına heç bir etiraz etməmişdir. Halbuki, iddiaçının bunu əvvəlcədən bildirmək imkanı da mövcud idi. Etirazın edilməməsi isə təklif edilən mütəxəssinin cəlb edilməsinə münasibətdə razılıq əlamətini özündə ehtiva edir. Sonradan iddiaçının guya həmin ekspertiza mərkəzinin əməkdaşlarının cavabdehlə əməkdaşlıq etməsi iddiasını irəli sürməyi iddiaçı "BAFT İNVEST” MMC-nin özünün sui-istifadəyə meyilli olduğunu bir daha təsdiq edir. Bu səbəbdən iddiaçının həmin hissədə arqumenti əsassızdır. Belə ki, aparatın təmir edilməsinin mümkün olması istiqamətində verilmiş X1 rəyi mötəbərdir. İddiaçı ümumiyyətlə Məhkəməyə zərər məbləğini təsdiq edən hər hansı bir qüsur aktı, sübut təqdim etməmişdir. Halbuki, MPM-nin 77-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu əsasla hazırkı iş üzrə mütəxəssis rəyi vacib və mütləq hesab olunur! Həmçinin diqqətinizə çatdıraq ki. tərəf apelyasiya şikayətində aparata baxışda mütəxəssis Şükür Hüseynovun iştirak etmədiyini bildirsə də, qeyd edir ki, iş üzrə materiallardan məlum olur ki, Şükür Hüseynov X1 direktoru olmaqla, baxışda nümayəndəsi İbadov Fərid çıxış etmişdir ki, bu da Şükür Hüseynov birbaşa özünün iştirakının mütləqliyini istisna edərək, rəyin həqiqi və mötəbərləyinə heç bir təsir etmir. Həmçinin iddiaçı birinci instansiya məhkəməsində irəli sürdüyü tələbi dəyişdirərək inkar edə bilməz, bu hal faktın preyudisiyallığı institutuna zidd olmaqla bərabər iddia tələbindən kənara çıxma kimi qəbul edilməlidir. Preyudisiya institutunun mülki prosesdə mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair AR KM xx.xx.2016-cı il tarixli qərarı).

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

10. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

11. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

12. Həmin Məcəllənin 852.5-ci maddəsinə əsasən ekspeditor yük göndərənin göstərişlərindən bütün kənaraçıxmalar üçün onun qarşısında məsuliyyət daşıyır. Ekspeditor daşıyıcıların təqsiri üçün də məsuliyyət daşıyır, amma daşıyıcıları seçərkən lazımi vicdanlılıq göstərdiyini sübuta yetirdiyi hallar istisna təşkil edir.

13. Həmin Məcəllənin 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir.

14. Həmin Məcəllənin 859.2-ci maddəsinə əsasən bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır.

15. Həmin Məcəllənin 859.4-cü maddəsinə əsasən daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcının vasitəsilə həyata keçirdiyi halda da məsuliyyət daşıyır. Onun daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır.

16. Həmin Məcəllənin 859.5-ci maddəsinə əsasən daşıyıcıya qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul edildikdən və ödənildikdən sonra ödənilir.

17. Həmin Məcəllənin 861.1-ci maddəsinə əsasən daşıyıcıya qarşı iddialar müddətin keçməsinə görə bir ildən sonra, yəni yükün məhv olduğu, itirildiyi və ya gecikdirildiyi təqdirdə çatdırmanın həyata keçirilməli olduğu gündən, yük zədələndikdə isə onun yük alana verildiyi gündən qüvvəsini itirir. Etiraz qaydasında yük alan və ya yük göndərən istənilən vaxt öz pretenziyalarını irəli sürə bilərlər, bu şərtlə ki, onlar bir illik müddət ərzində reklamasiya haqqında öz tələblərini bildirmiş olsunlar və iddia yükün qəbul edilməsi nəticəsində qüvvəsini itirməsin. Daşıyıcının qəsdi və kobud ehtiyatsızlığı halları istisna təşkil edir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

22. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddianın təmin edilməyən hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

25. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə neftlə çirklənmiş torpaqların neft tullantılarının təmizlənməsi işlərinin xüsusi təmizləmə qurğusunu Ulduz metrosu yaxınlığından Zığ gölü və ətraf ərazilərinin təmizlənməsi ilə əlaqədar Hövsan qəsəbəsinə aparılması ücün Cavabdeh 166 Evakuasiya Xidmətinə sifariş vermiş, təmizləmə qurğusunu həmin xidmətin sürücüsü Ulduz metrosunun yaxınlığından götürmüş və Zığ gölünə apararkən Cəmşid Naxcıvanski və Heydər Əliyev adına Hərbi lisey yaxınlığında cavabdehin 156 Evakuator maşınından yerə düşmüş və nəticədə iddiaçıya məxsus avadanlığa zərər dəymişdir. İddiaçı 39100 manat məbləğində zərərin əvəzini tələb etmişdir. Cavabdeh dəymiş zərərlə bağlı məsuliyyətin sürücünün daşımalı olmasını bildirmişdir. Mübahisəli məqam zərərin məbləği, həmçinin avadanlığın bərpa edilməsinin mümkünlüyü barədədir.

26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3906 saylı ekspert rəyindən görünür ki, X1 99N ekspert rəyinə əsasən burdan da belə nəticəyə gəlmək olar ki, çuqun hissələrinin bir-birinə müxtəlif üsullarla qaynaq olunması mümkündür. Tədqiqatı aparılan avadanlığın qopub düşmüş hissəsi hazırda mövcud olmadığından, ekspert məsləhətinə əsasən, qaynaq üçün aşağdakı hallardan istifadə etmək olar:həmin hissənin qəlibi hazırlanmalı (bunun üçün həmin avadanlığın eynisindən istifadə edərək qəlib hazırlana bilər), qəlib vasitəsilə çuqun materialından sınmış hissə düzəldilməli və həmin hissə avadanlığın sınmış hissəsinə qaynaq olunmalı; digər başqa bir eyni tipli istifadə olunmayan avadanlıqdan həmin hissə kəsilib götürülərək qaynaq olunmalı. Aparılmış tədqiqatlar nəticəsində, İddiaçı MMC-yə məxsus “Alfa Lava” Model FOPX 607 yağ-su ayrıcı separatorun təmir-bərpasının xüsusi növ qaynaq üsulları ilə mümkün olması müəyyən edilmişdir. Qaynaq üsulları rəyin tədqiqat hissəsində ərtaflı qeyd edilmişdir. Ekspert baxışına təqdim olunmuş “Alfa Lava” Model FOPX 607 yağ-su ayrıcı separatorun hal-hazırki vəziyyətdə orta bazar qiyməti təxminən 55000 manat müəyyən olunmuşdur.

27. “X4” MMC-nin xx.xx.2023-cü il tarixli 99 saylı Qiymətləndirmə rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində, İddiaçı MMC-yə məxsus “Alfa Laval” Model FOPX 607 yağ-su ayırıcı separatorun təmir-bərpasının xüsusi növ qaynaq üsulları ilə mümkün olması müəyyən edilmişdir. Qaynaq üsulları rəyin tədqiqat hissəsində ətraflı qeyd edilmişdir. X4-nin tərtib etdiyi mütəxəssis rəyinin nəticəsinə əsasən həmin aparatın təmirbərpası üçün çəkilən xərc təxminən 3000,0 manat müəyyən olunmuşdur.

28. Məhkəmə qeyd edilən rəylərə əsaslanaraq avadanlığın təmir edilməsinin mümkünlüyünü və təmir xərcini, yəni real zərərin məbləğini 3000 manat məbləğində müəyyən etmişdir.

29. İddiaçı apellyasiya şikayətində məhkəmənin bu mövqeyi ilə razılaşmamış, mütəxəssis rəyini mötəbər olmayan sübut hesab etmişdir. Həmçinin şikayətdə 55000 manat bazar dəyərini zərər kimi göstərmişdir. İddiaçı hesab edir ki, aparatın bərpası mümkün deyil. Bundan başqa iddiaçı şikayətdə qeyd etmişdir ki, mütəxəssis rəyini məhkəmə tələb etməmiş, qərardadda göstərilməmişdir.

30. Apellyasiya şikayətinin mütəxəssis rəyi ilə bağlı dəlilinə dair qeyd edilməlidir ki, xx.xx.2023-cü il tarixində Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən mütəxəssisin cəlb edilərək əmlaka baxışın keçirilməsi barədə Bakı Kommersiya Məhkəməsinə vəsatət verilmişdir. Ümumiləşmiş ekspertiza təcrübəsinə əsasən iş üzrə araşdırma zamanı mütəxəssisə ehtiyac olduqda ekspert tərəfindən mütəxəssisin cəlb edilməsi barədə vəsatət verilir və məhkəmə mütəxəssis cəlb edir. Hazırki işdə də belə olmuşdur. Bu əsasla hazırkı iş üzrə Ekspertiza Mərkəzi tərəfindən də tövsiyə edilən şəxsin peşə hazırlığı yoxlanılmış və onun cəlb edilməsinə razılıq verilmişdir. Həmçinin iddiaçı tərəfindən də hər hansı bir mütəxəssisin cəlb edilməsinə məhdudiyyət qoyulmamış, hətta iddiaçı baxış zamanı mütəxəsəssisin iştirakına heç bir etiraz etməmişdir. Yalnız qərardadda mütəxəssisin göstərilməməsi müvafiq rəyin mötəbərlilyinə təsir edə bilməz. Şikayətdə mütəxəssisin avadanlığa baxış keçirməməsi qeyd olunsa da, ekspert rəyinə əlavə edilmiş aktdan görünür ki, ekspert və mütəxəssis baxış keçirmişlər.

31. İddiaçı dəymiş zərər faktını və cavabdehin təqsirini sübuta yetirsə də, zərərin məbləğini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Məhkəmə ekspertiza tədqiqatı zamanı əldə etdiyi rəyə uyğun olaraq zərər məbləğini və təmirin mümkünlüyünü müəyyən edərkən prosessual qanunvericiliyin tələblərinə əməl etmişdir. Əldə edilən ekspert və mütəxəssis rəyləri mötəbər, mümkün və qanunvericiliyin tələbinə uyğun əldə edilmiş sübutlardır.

32. Məhkəmə kollegiyası iddiaçının vəsatəti əsasında Dövlət Neft Şirkətinin mütəxəssis qismində cəlb edilməklə əlavə məhkəmə-texniki və əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul etmişdir. X13 Şirkətinin xx.xx.2024cü il tarixli imtina məktubunda şirkətin belə bir səlahiyyətinin olmaması göstərilmişdir. Odur ki, ekspertizanın keçirilməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən şikayətin dəlilləri zərərin daha yüksək məbləğini müəyyən etməyə əsas vermir.

33. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

34. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1794/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. 50 manat ekspertiza xərci iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar