Məhkəmə qərarları › İş №2-2(103)-179/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-179/2020

11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-179/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı «borcun silinməsi tələbinə dair» iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-104/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” MMC Cavabdehnə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2015, 2016, 2017 və 2018-ci ilin may ayından avqust ayına qədər Cavabdeh İB tərəfindən iddiaçıya hesablanmış 43.413 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı cavabdehlə 2015, 2016 və 2017-ci illərdə “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilələr bağlayaraq qazdan istifadə etmişdir. Müqavilənin 2.3.1-ci bəndlərinə əsasən iddiaçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməli olduğundan hər ay hesab fakturada göstərilən pul vəsaitini tam həcmdə köçürmə üsulu ilə cavabdehə ödəmişdir. Lakin sonradan həmin hesab fakturalara diqqət yetirərkən müəyyən etmişdir ki, şirkətə əlavə borc hesablanmışdır. Belə ki, həmin illərin hesab fakturalarından məlum olur ki, qaz sayğacının ayın əvvəlinə göstəricisi ayın sonuna olan göstəricidən çıxıldıqda fərq hər dəfə artıq yazılmışdır. İddiaçı tərəfindən Bakı Regional qaz satışı departamentinə müraciət edilərək bildirilmişdir ki, müəsissə indiyə qədər və bundan sonra da istifadə etdiyi təbii qazın dəyərini tam ödəmiş və ödəyəcək, yaranmış mübahisə məhkəmə qaydasında öz həllini tapması üçün aidiyyatı üzrə məhkəməyə müraciət ediləcək, lakin həmin müraciətin müsbət nəticəsi olmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-104/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessul hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, araşdırma natamam və birtərəfli aparılmamış, qanunun tətbiqində səhvə yol verilmişdir. İşə baxan məhkəmə mübahisəni həll edərkən, əslində, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanmayıb, əksinə, öz qətnaməsini digər tərəfin izahatları üzərində qurulmuş mülahizələri əsasında əsaslanlırmağa çalışıb. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 385.1.1-ci maddəsinin müddəalarına istinadən hesab edir ki, şikayəti təmin olunmalıdır. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 184,2, 376.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) R.Axundov iddiaçıya məxsus obyektə quraşdırılmış qaz sayğacının fotoşəkillərini təqdim edərək, cavabdehin apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu və hal-hazıradək qanunsuz hərəkətlərini davam etdirərək iddivaçıya artıq qaz sərfiyyatı hesablandığını bildirmiş və birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyyü kimi, birinci instansiya məhkəməsiin qətnaməsinin maddi və prosessul hüquq normalarının pozulması ilə çıxarıldığını, araşdırmanın natamam və birtərəfli aparıldığını, işin həqiqi hallarının müəyyən edildiyini mübahisələndirsə də, konkret olaraq, məhkəmənin yol verdiyi pozuntuların nədə ifadə olunduğu açıqlanmamış, əsaslandırılmamışdır. İddia ərizəsindən, işə əlavə olunmuş hesab ödəniş vərəqələrinə (və s) müəyyən olunur ki, Cavabdeh İB-nin iddiaçıya təqdim etdiyi 2015, 2016, 2017 və 2018-ci ilin may ayından avqust ayına qədər təbii qazdan istifadəyə dair hesablarda sayğacın ayın əvvəlinə və sonuna olan göstəriciləri arasındakı fərq düzgün hesablanmamışdır. İşdən görünür ki, tərəflər arasında 2015, 2016 və 2017-ci illərdə «Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə birtipli müqavilələr bağlandığı işin mübahisələndirilməyən halıdır. İşdə olan 2326-07-17 saylı müqavilənin 1-ci bəndinə əsasən qaz paylayıcısı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən aşağıdakılar paylayıcının vəzifələrinə aid edilmişdir: - istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) (2.1.8)..; -“Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək, həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq, habelə dövlət yoxlanılmasından keçirmək (2.1.12); Eyni zamanda, həmin müqavilənin 2.3-cü bəndi ilə istehlakçının vəzifələrinə aid edilmişdir. - qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək (2.3.1.); -“Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək (2.3.8.) Eyni zamanda həmin müqavilənin 3-cü bəndi ilə müəyyən edilmişdir: -paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay İstehlakçıya məlumat (hesab) təqdim etməlidir. “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur (3.3). -hesab istehlakçıya istezlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Qeyd olunan müqavilə şərtlərindən göründüyü kimi, istehlakçı yalnız qaz sayğacının göstəricdilərinə əsasən ona hesablanan qazın dəyərini paylayıcının hesabını aldıqdan bir ay ərzində ödəməyə borcludur. İşə əlavə olunmuş, mübahisəndirilən illərə dair iddiaçıya təqdim edilən hesablar nəzərdən keçirildikdə, sayğacın ayın əvvəlinə və sonuna olan göstəriciləri arasındakı fərq olduğunu, dah konkret, hər dəfə artırıldığı aydın görünür. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinineksperti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 17938 nömrəli ekspert rəyində tədqiqat nəticəsində cavabdehin iddiaçıya təqdim etdiyi hesablar üzrə aşağıdakı uyğunsuzluqlar müəyyən olunmuşdur: -2015-ci ildə - 4.888,30 manat: -2016-cı ildə - 7.641,50 manat; -2017-ci ildə - 13.756,60 manat; -2018-ci ildə (may-avqust) – 17.126,60 manat, ümumilikdə 43.413,00 manat məbləğində artıq borc hesablandığı müəyyənləşdirilmişdir. Rəyin tədqiqi hissəsindən görünür ki, ekspert tədqiqatı zamanı hesablama hər ilə görə ayrılıqda qrafik şəklində izahlı olaraq, sayğacın elektron göstəricsinin ayın əvvəlinə və sonuna olan göstəriciləri arasındakı fərq əsasında aparılmışdır. Ekspertin gəldiyi nəticənin inandırıcılığı şübhə doğurmur. Bu baxımdan məhkəmə kollegiyası ekspert rəyində gəlinən nəticələri sübut əhəmiyyətli məlumalar kimi qiymətləndirir. Beləliklə də, tədqiq olunan sübutlara əsasən müəyyən olunur ki, iddiaçıya cavabdeh tərəfindən 2015-2017 və 2018-ci ilin may-avqust aylarında qaz sərfiyyatı düzgün hesablanmamış, ümumilikdə ona 43.413,00 manat məbləğində artıq borc hesablanaraq ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların qeyd olunan tələbindən göründüyü kimi, qaz paylayıcısı düzgün hesablamadığı pulun ödənilməsini ishehlakçıdan tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsimin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinin tələbinə görə isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki qanunvericilyin qeyd olunan normaları baxımından, cavabdeh tərəfindən mübahisələndirilən dövrdə sayğacın göstəricilərindən artıq borcun hesablanaraq iddiaçının həmin məbləin alınması qanunsuz və əsassızdır. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın təmin olunmasını- işin hallarına, maddi hüquq normalarına uyğun olan nəticə kimi qiymətləndirir. Bu mənada, cavabdehin apellyasiya şikayətinin həmin qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini, işin tam araşdırılmadığını mübahisələndirən dəlillərini əsassız sayır. Onun apellyasiya şikayətinə əlavə edilmiş, habelə birinci instansiya məhkəməsində işə baxılarkən, təqdim edilmiş başqa işlər üzrə qətnamələrə gəldikdə isə, birincisi, həmin qətnamələrələ müəyyən edilən hallar hazırkı iş üçün preyudisial xarakter daşıya bilməz. İkincisi həmin qətnamələrdə mübahisələndirilən məsələ istihlakçıya hesablanmalı olan qaz sərfiyyatının, sayğacın mexaniki yoxsa, elektron göstəricilərinə əsasən həyata keçirilməsi ətrafında yaranan bir mübahisəni əhatə etmiş və mütəxəssis rəyinə əsaslanmaqla, hesablamanın sayğacın elektron göstəricisinə əsasən aparılmalı olduğu qənaətinə gəlinmişdir. Hazırkı işdə isə sayğacın elektron göstəricisi əsasında hesablamanın aparıldığı işin mübahisələndirilməyən halıdır. Mübahisələndirilən məsələ isə həmin elektron göstəricinin ayın əvvəlinə və sonuna olan göstəriciləri arasındakı fərqin düzgünü hesablanmaması təşkil edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, bu yolla cavabdehin dolayısı ilə birinci instansiya məhkəməsinin əsassız olduğunu vurğulaması əhəmiyytsizdir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qətnamənin qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-104/2019 saylı xx.xx.2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-104/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar