Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-179/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4414/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı ilə cavabdeh arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi bağlanmışdır.
2. İddiaçıya məxsus abonent saldosuna əsasən xx.xx.2023-cü il tarixdə EİQ pozulması ilə bağlı akt əsasında iddiaçıya 5096 manat borc hesablanmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya əsassız hesablanmış 5096 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı bildirir ki, elektrik enerjisindən istifadəyə görə ödənişlər vaxtlı-vaxtında ödənilmişdir. 15 mart 2022-ci il tarixdə X2 əməkdaşları elektrik sayğacına baxış keçirmişlər və həmin tarixdə akt tərtib etmişlər. Aktda qeyd edilmişdir ki, sayğacın tablosu itib, axan yükün hesabatını aparmır. Bundan təxminən bir il sonra, yəni xx.xx.2023-cü il tarixdə "xxxx"ASC-nin əməkdaşları İddiaçı MMC barəsində NDQ 01432 nömrəli akt tərtib edərək itrilmiş elektrik enerjisinin bərpası məqsədi ilə 5096 manat məbləğində ziyan hesablamış və 13 mart 2023-cü il tarixli xəbərdarlıq məktubu təqdim edərək hesablanmış 5096 manat məbləğində ziyan ödənilmədiyi təqdirdə elektrik enerjisinin dayandırılacağını bildirmişlər. İddiaçı MMC tərəfindən elektrik sayğacına hər hansı müdaxilə olunmamış, sayğacda olan qüsura görə MMCnin hər hansı təqsiri yoxdur. Bu səbəbdən də, MMC-yə 5096 manat məbləğində ziyan hesablanmasının heç bir əsası yoxdur. Belə ki, "xxxx" MMC nin abunə haqqında məlumat vərəqəsində qeyd edilmiş məlumatlara əsasən cəmiyyət barəsində xx.xx.2023-cü il tarixdə NDQ 01432 nömrəli akt tərtib edilərkən həmin dövr ərzində İddiaçı MMC-nin elelktirk sayğacında heç bir qusur olmamış, həmin dövrdə elektrik sayğacı aylar üzrə normal elektrik enerjisi sərfiyyatının uçutonu aparmış və qeyd edilən göstəricilərlə əvvəlki ayların elektrik enerjisi sərfiyyatının göstəriciləri arasında ciddi uyğunsuzluq olmamışdır. Bundan əlavə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş NDQ 01432 nömrəli aktın surəti cəmiyyətə təqdim edilməmiş və aktın surətinin təqdim olunması ilə bağlı cəmiyyətin icraçı direktoru tərəfindən dəfələrlə "xxxx"ASC-nin X3 müraciət olunsa da akt təqdim edilməmişdir.
5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4414/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
7. Cavabdeh ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli 014320 saylı aktda əsasən **********1 sayğacın qoşulma sxemi səhvdir. Bu səbəbdən də sayğac keçən yükü düzgün qeyd etmir. Axan yüklər İ =0,259A İ =0,323A İ =0,248A P =66kvt P 4 P =1149,19 kvt təşkil edir. xx.xx.2022-ci il tarixli 014320 saylı akt əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən sayğac keçən yükü düzgün qeyd etmədiyi üçün sərf olunan 5096 mnanat dəyərində sərf olunmuş elektrik enerjisi qeydə alınmamışdır. Bu məbləğ isə cərimə deyil abonentin istifadə etdiyi enerjiyə görə sərfiyyat məbləğidir. Həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılmış yoxlama vahid məlumat reyestrində qeydiyyata alınmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.18-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
12. Həmin Qaydaların 7.19-cu bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
13. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
14. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır.
15. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
16. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır.
17. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
18. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.
19. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır.
20. Həmin qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir.
21. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
22. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
23. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.
24. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Həmin Məcəllənin 209.3-cü maddəsinə sasən işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.
26. Həmin Məcəllənin 361.4-cü maddəsinə əsasən apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.
27. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, iddianın tam təmin olunduğunu və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
30. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).
31. Hazırki işdə isə iddiaçıdan ödənilməsi tələb olunan borc məbləği düzgün hesablanmamışdır.
32. Belə ki, iş materiallarında 2 ədəd akt mövcuddur: xx.xx.2022-ci il tarixli 045610 nömrəli və xx.xx.2022-ci il tarixli 012490 nömrəli elektrik enerjisi uçotu və elektrik enerjisindən İstifadə qaydalarına riayət olunmasına baxış keçirilməsi haqqında akt.
33. Bununla belə, İddiaçı MMC-yə məxsus abonent saldosuna əsasən müəyyən olunur ki, qalıq və aktlar qrafasında xx.xx.2023-cü il tarixdə EİQ pozulması ilə bağlı akt əsasında iddiaçıya 5096 manat cərimə hesablanmışdır.
34. Göründüyü kimi abonent saldosunda xx.xx.2023-cü il tarixdə 5096 manat borcun akt əsasında hesablandığı qeyd edilmişdir. Lakin cavabdeh tərəfindən həmin akt və onun həqiqliyi ilə bağlı sübutlar, o cümlədən həmin aktın (mövcud olduğu halda) tərtib edilməsinə əsas olmuş yoxlamanın qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təsdiq edən sübutlar təqdim edilməmişdir.
35. Halbuki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər.
36. Belə olan halda isə xx.xx.2023-cü il tarixli akt əsasında hesablanan itirilmiş qazın dəyəri iddiaçıdan tələb oluna bilməz.
37. Ona görə də, iddiaçı həmin məbləğdə borcun silinməsini tələb etməkdə haqlıdır.
38. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, birinci instansiya məhkəməsinin təyin etdiyi hazırlıq və baxış iclasları barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh iddiaya etiraz etməmiş, iddiaçının təqdim etdiyi sübutları mübahisələndirməmiş və hər hansı sübut təqdim etməmişdir. Hazırda isə cavabdeh apellyasiya şikayətinə yeni sübutlar (xx.xx.2022-ci il tarixli akt, xx.xx.2023cü il tarixli icra vərəqi, xəbərdarlıqlar, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış) əlavə etmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 209.3, 361.4 və 372.2-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara və yeni sübutlara istinad edə bilməzlər. Apellyasiya icraatında isə yeni hallar və sübutlar yalnız o halda qəbul edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəfindən belə əsaslandırma gətirilməmişdir. Ona görə də, həmin faktlar və sübutlar qəbul edilmir və kollegiyanın qənaəti yalnız birinci instansiya məhkəməsində istinad olunmuş faktlara və təqdim olunmuş sübutlara əsaslanır. Bundan əlavə hətta cavabdehin dəlilləri və sübutları araşdırılsa belə əsaslı olduğu təsdiq olunmur. Belə ki, təqdim olunan xx.xx.2022-ci il tarixli aktda qeyd olunan faktların (sayğacın qoşulma sxemi səhvdir və bu səbəbdən sayğac keçən yükü düzgün qeyd etmir) mövcüd olması qəbul edilsə belə, iddiaçıdan qeydə alınmayan elektrik enerjisinin dəyəri tələb oluna bilməz. Belə ki, cavabdehin qeyd etdiyi sayğacdakı nasazıqların iddiaçının hərəkətləri nəticəsində baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Belə olan halda isə qəbul edilməlidir ki, elektrik enerjisinin dəyəri səhv hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndində isə təsbit edilmişdir ki, istehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
39. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4414/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn