Məhkəmə qərarları › İş №2-2(103)-180/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-180/2020

03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-180/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-709/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən (hakim Leyla Əliyeva) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işin apellyasiya baxışından çıxarılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı məhkəmədə iddia qaldıraraq, 60.958 manat məbləğində əsas borcun, ödənişin gecikdirilməsinə görə müqavilə üzrə əsas borca hesablanmış 5% cərimə, Mərkəzi Bankın müəyyən etdiyi 15% bank uçot dərəcəsi, hüquqi xidmətlərə görə ödənilmiş 1.700 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 75.359 manat məbləğində pulun “Cavabdeh” MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2-2(82)- 709/2019 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, e-2-2(82)- 709/2019 saylı qərardadı ilə cavabdehin ərizəsi əsasında həmin məhkəmənin xx.xx.2019cu il tarixli, e-2-2(82)- 709/2019 saylı qiyabi qətnaməsi ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Sonradan İddiaçı MMC-nin direktoru Emil Quliyev iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin “xahiş edirəm” hissəsinin "Cavabdeh" MMC-dən İddiaçı MMC-nin xeyrinə 60.958 manat əsas borc, ödənişin gecikdirilməsinə görə müqavilə üzrə əsas borc hesablanmış 5% cərimə, Mərkəzi Bankının müəyyən etdiyi 15% bank uçot dərəcəsi, hüquqi xidmətlərə görə ödənilmiş 1.700 manat, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 75.359 manat pulun tutulması və malların daşınması üçün istifadə edilən hər birinin dəyəri 2.000 avro (4.000) manat olan 12 ədəd xüsusi təyinatlı balonların qaytarılması kimi qəbul edib qətnamə çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-709/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətindən 8.434,08 manat (səkkiz min dörd yüz otuz dörd manat səkkiz qəpik) məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 421,7 manat (dörd yüz iyirmi bir manat yetmiş qəpik) məbləğində cərimə, cəmi 8.855,78 manat (səkkiz min səkkiz yüz əlli beş manat yetmiş səkkiz) məbləğində borc və dövlət rüsumunun əvəzi olaraq 5 (beş) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, iddia verilərkən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş və cavabdehin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması mümkün hesab edilərək məhkəmənin icraatına qəbul edilmişdir. İşə baxılarkən xx.xx.2020-ci il tarixli məhkəmə iclasında müəyyən edilmişdir ki, qətnamədən eyni zamanda xx.xx.2020-ci il tarixdə İddiaçı tərəfindən məhkəməyə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə apellyasiya şikayəti göndərilmiş, lakin həmin apellyasiya şikayəti texniki problemə görə Elektron Məhkəmə İnformasiya Sistemində yerləşdirilmişdir. Bu halın dəqiqləşdirilməsi üçün məhkəmə iclası təxirə salınmış, xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddiaçının apellyasiya şikayətinin artıq sistemdə olduğu müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 10-1.1.-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3.-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 135.8.-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Göstərilən maddənin tələbinə görə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri elektron kabinetə yerləşdirildikdən sonra bu barədə işdə iştirak edən şəxsə məlumat həmin sistem vasitəsilə elektron qaydada məlumat verildiyi tarixdə sənəd rəsmi qaydada verilmiş sayılır. Hazırkı halda bu məlumatın iddiaçıya hansı tarixdə göndərilməsini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, iddiaçının apellyasiya şikayətinin qaytarılması üçün prosessual əsasların olub-olmamasının yoxlanılması məqsədi ilə iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 364 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-709/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qaytarılması üçün prosessual əsasların olub-olmamasının yoxlanılması məqsədi ilə iş apellyasiya baxışından çıxarılsın və iş Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar