Məhkəmə qərarları › İş №2-2(103)-181/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-181/2022

07.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-181/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, cavabdeh X1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər baş idarəsinin siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-2638/2021 nömrəli iş üzrə 08 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin 01.02.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 211.448,18 manat məbləğdə borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 280.000 manat məbləğdə siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 08.10.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Şikayətinin dəlillərinə görə, qanunvericilik vergi borcunu sübut etmək vəzifəsini vergi orqanının üzərinə qoysa da və cavabdehin fəaliyyətinin sahibkarlıq fəaliyyəti olmaması, dolayısı ilə onun adına açılmış VÖEN-in ləğvi barədə Ali Məhkəmənin qüvvədə olan qərarının mövcud olmasına baxmayaraq, qanunun tələblərinə əməl edilmir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iş materiallarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada araşdıraraq hesab edir ki, işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxıldığı üçün birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün müvafiq ümumi məhkəməyə göndərilməli, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, MPM-in 26.1-ci maddəsi bildirir ki, o mübahisələr kommersiya mübahisələri hesab edilə, o işlərə kommersiya mübahisələri qismində mülki məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin mübahisələr sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olsun. MPM-in 24.2-ci maddəsi isə tələb edir ki, mübahisənin kommersiya məhkəməsinə aidiyyətinin müəyyən edilməsi üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakteri, yəni üç elementin üçü də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” AR Qanununun 1-ci maddəsi də sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət kimi təsnif edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18.09.2020-ci il tarixli 10 nömrəli Qərarının 12-ci bəndində bu meyarı dəqiqliklə təhlil edərək, qeyd etmişdir ki, “... məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.” Ali Məhkəmənin Plenumu eyni Qərarın 14-cü bəndində bu mövqeyini qüvvətləndirərək, tələb etmişdir ki, “Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir.” Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının iş materiallarına əlavə edilmiş 2-1(102)-1709/2018 nömrəli iş üzrə 17.10.2018-ci il tarixli qərarından görünür ki, iddiaçı X1 cavadbeh DVX Bakı şəhəri Lokal gəlirlər departamentinə qarşı vergi ödəyicisi kimi vergi orqanında qeydə alınmış uçotun və adına açılmış ********** nömrəli VÖEN-in ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə iddiası təmin edilmiş, həmin qərar qanuni qüvvəsini almışdır. Ali Məhkəmənin adıçəkilən qərarında göstərilmişdir ki, “Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 iyun 2016-cı il tarixli 2l(102)-343/2016 saylı qərarında X2 (alqı-satqısı həyata keçirilən yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərindən biri) həmin yaşayış və qeyri-yaşayış sahələrinin tikməsi tikinti fəaliyyəti (başqa sözlə sahibkarlıq fəaliyyəti) və vergi tutma obyekti kimi qiymətləndirilməmişdir. Belə olan halda, iddiaçının yaşayış və qeyri-yaşayış sahələrinin tikməsi sahibkarlıq fəaliyyətinə aid olmadığından həmin yaşayış və qeyri-yaşayış sahələrinin satılması da sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilməməli və həmin alqı-satqıdan əldə olunmuş gəlir sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir kimi başa düşülməməli, vergi qanunvericiliyinin məqsədləri baxımından qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilmiş gəlir kimi qiymətləndirilməlidir.” Göründüyü kimi, Ali Məhkəmənin qərarı ilə cavabdehin mübahisələndirilən vergi borcu vergi qanunvericiliyinin məqsədləri baxımından qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilmiş gəlir kimi xarakterizə olunmuşdur. Bu da o deməkdir ki, cavabdehin hazırkı iş üzrə mübahisələndirilən vergi borcu sahibkarlıq fəaliyyətindən yaranmamış, mübahisə də onun həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəlməmişdir. Digər tərəfdən, cavabdehin vəkilinin izahatından və iş materiallarından məlum olur ki, DVX Bakı şəhəri Lokal gəlirlər baş idarəsinin X3 qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsinə hazırda ümumi məhkəmələr tərəfindən baxılmaqdadır. MPM-in 25.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Cavabdehin qeydiyyat ünvanı Bakı şəhərinin Yasamal rayonundadır. MPM-in 384.0.4-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2638/2021 nömrəli iş üzrə 08 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər baş idarəsinin cavabdeh X3 qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar