Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-181/2025 19.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “borc” tələbinə dair kommersiya mübahisəsi Açar söz: kredit müqaviləsi, borc tələbi, zaminlik, dəbbə pulu. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elmam qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, cavabdehin nümayəndəsi və vəkili Vəkil İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “borc” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2351/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Cavabdeh1 MMC tərəfindən xx.xx.2017-ci il tarixdə imzalanmış “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun GTC-453LE/2017 saylı razılaşmanın 1-ci bəndinə əsasən müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitinin yerləşdirilmə, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkrediti, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır. Müqavilənin 5-ci bəndinə əsasən bu müqavilə çərçivəsində təqdim olunan ərizə bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir.
2. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 02 iyun 2021-ci il tarixli GL4572 saylı Kredit Limiti Müqaviləsinin 1.1-1.5-ci bəndlərinə əsasən Kredit verən Kredit alana 10.000000 manat məbləğində illik 25 % faiz dərəcəsi ilə xx.xx.2031-ci il müddətinədək kredit limiti ayırmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən Kredit alanla Kredit verənin uzunmüddətli əməkdaşlıq niyyətindən irəli gələrək, ümumi öhdəlik limitinin müəyyən edilməsi məqsədi ilə həmin limit üzrə ümumi şərtləri müəyyən etmişdir. Kredit verən bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər (müxtəlif maliyələşdirmə məhsulları: faktoring və əks faktorinq, overdraft, kredit xətti, birdəfəlik kredit, ticarətin maliyyələşdirilməsi (qarantiya, akkreditiv və s.) və s. öhdəliklər) üçün (bundan sonra ümumilikdə “Kredit”adlandırılacaq) Kredit alana 1.1 və 1.2. bəndlərində göstərilən məbləğ və valyutada göstərilən məbləğdə bərpa olunan kredit limiti ayırır. Müqavilənin 3.1.1-ci bəndin əsasən “Kredit alan” bu müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə zaminlik/girov/ipoteka müqavilələrinin bağlanması və zəruri olduqda onların müvafiq dövlət orqanında dövlət qeydiyyatına alınmasını təmin etməlidir. Müqavilənin 3.4-cü bəndinə əsasən Kredit alandan daxil olan pul vəsaiti ilkin olaraq xərclər, cərimə (penya) faizlərinin, sonra kredit faizlərinin və son olaraq əsas borc öhdəliyinə silinir. Müqavilənin 7.2-ci bəndinə əsasən müqavilə 1.2-ci bəndində göstərilən müddət və ya tərəflər müqavilə üzrə bütün öhdəlik tam icra edilənədək qüvvədədir.
3. Bank ilə Cavabdeh1 MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, K4572 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 200000 manat məbləğində pul vəsaitini illik faiz dərəcəsi 14%, kredit müddəti bitdikdən sonra illik/gündəlik cərimə faiz dərəcəsi 29%, kreditin müddəti xx.xx.2022-ci il tarixədək olmaqla Cavabdeh1 MMC tərəfindən kredit götürülmüşdür.
4. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli Z4407 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən bank ilə müqavilənin 2.3. bəndinə göstərilən şəxs arasında müqavilənin 2.1. bəndində göstərilən kredit müqaviləsi əsasında Borcalana veriləcək müqavilənin 2.2. bəndində göstərilən məbləğdə kreditlə əlaqədar olaraq Borcalan Bank qarşsında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən 02 iyun 2021-ci il tarixli GL4572 saylı Kredit Limiti Müqaviləsində nəzərdə tutulmuş öhdəliklər zaminliklə təmin olunmuşdur. Müqavilənin 2.3cü bəndinə əsasən Zamin, Bank qarşısında Borcalanın müqavilənin 2.1. bəndində göstərilən öhdəliyi üzrə Banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür faiz, zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. məbləği həcmində məsuliyyət daşıyır. Bu müqavilə ilə təmin edilən öhdəliklərin mahiyyətini Kredit Xətti (Maksimal borclanma limiti və mahiyyəti buna bərabər olan digər müqavilələr) təşkil etdikdə zaminlik sözügedən Kredit Xətti çərçivəsində gələcəkdə yaranacaq bütün öhdəliklərə də şamil edilir.
5. İddiaçı ASC-nin xx.xx.2023-ci il tarixli, PB-OUT-06535-2023 saylı bildiriş məktubundan və ona qoşma cədvəldən görünür ki, Cavabdeh1 MMC ilə imzalanmış xx.xx.2017-ci il tarixli GTC-453LE/2017 saylı “Bank xidmətlərinin göstərilməsinə dair ümumi Şərtlər Toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli, K4572 saylı maliyyələşdirmə ərizəsi üzrə öhdəliklərini yerinə yetirmədiyi 501 gün gecikmə yarandığı qeyd olunmuşdur və öhdəliyin icrası tələb olunmuşdur.
6. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli PB/PBL-OUT-00061-2024 saylı maliyyə arayışına əsasən Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri K4572 saylı kredit müqaviləsinə əsasən 79250,62 manat əsas borc, 1876,78 manat faiz borcu, 21325,19 manat cərimə borcu olmaqla, cəmi 102452,59 manat və gecikdirilmiş günlərin sayı 501 gün qeyd olunmuşdur.
7. Cavabdehin borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş və xx.xx.2024-cü il tarixli, 9/4595 saylı rəyi ekspert rəyi ilə Cavabdeh1 MMC-nin xx.xx.2022-ci il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi) əsas borcu 77078,63 manat və faiz borcu 1438,80 manat, xx.xx.2023- cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) olan əsas borcu 77078,63 manat və faiz borcu 10880,93 manat müəyyən edilmişdir. Bundan başqa qeyd edilir ki, iddia ərizəsində göstərilən xx.xx.2023-cü il (maliyyə arayışında göstərilən) tarixə cavabdehin faiz borcu (1876,78) ilə hazırkı tədqiqatla gəlinmiş nəticə üzrə faiz borcunun (10880,93) arasındakı fərqin iddiaçı bank tərəfindən hansısa tarixdə faiz üzrə borcun hesablanmasının dayandırılması və ya kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi ilə hesablanması ola bilər.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 birgə qaydada K4572 saylı kredit müqaviləsinə əsasən 79250,62 manat əsas borc, 1876,78 manat faiz borcu, 21325,19 manat cərimə borcu olmaqla, cəmi 102452,59 manat məbləğində borcun, iddia ərzəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 393 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə GTC-453LE/2017 saylı Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu imzalanmışdır. Eyni zamanda tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixdə GL4572 saylı kredit limiti imzalanmışdır, sonradan Kredit limiti çərçivəsində xx.xx.2021-ci il tarixli, K4572 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 14%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 29% olmaqla, 200000 (iki yüz min) manat məbləğində dövryyə vəsaitinin artırılması məqsədi ilə birdəfəlik kredit verilmişdir. Bank ilə Borcalan arasında bağlanılmış GL4572 saylı kredit Limiti üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli Z4407 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin borc alan kredit üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etməmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri K4572 saylı kredit müqaviləsinə əsasən 79250,62 manat əsas borc, 1876,78 manat faiz borcu, 21325,19 manat cərimə borcu olmaqla, cəmi 102452,59 manat təşkil edir.
10. Cavabdeh2 iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında imzalanmış xx.xx.2017-ci il tarixli, GTC- 453LE/2017 saylı ümumi şərtlər toplusunun, xx.xx.2021-ci il tarixli, GL4572 saylı kredit limitinin və xx.xx.2021-ci il tarixli K4572 saylı maliyyələşdirmə üçün ərizənin şərtlərinə əsasən cavabdehlərə xx.xx.2022-ci il tarixədək 200000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə müddətin qurtarmasına 1 il 3 ay (xx.xx.2024-cü il tarixdə) keçdikdən sonra məhkəmə iddia ilə müraciət edilmişdir. 2023-cü il mart ayında AR Mülki Məcəlləsində edilmiş dəyişikliklərə əsasən borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti bir ildir. Qanunvericilikdə edilmiş həmin dəyişiklik onun vəziyyətini yüngülləşdirən hal olduğu üçün AR Konstitusiyasının 71-ci maddəsinin Vlll bəndinə və 149-cu maddəsinin Vll bəndinə, eləcə də AR Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən geriyə tətbiq olunmalı, münasibətlərə 1 illik iddia müddəti tətbiq edilməlidir. Bu səbəbdən hesab edir ki, iddia müddəti ötürüldüyündən, iddia müddəti tətbiq edilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinin tələbini rəhbər tutaraq məhkəmədən iddiaçı "xxxx" ASCnin cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 qarşı pul tələbi barədə dair mülki iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2351/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən müştərək qaydada K4572 saylı kredit müqaviləsinə əsasən 77078,63 manat əsas borc, 1438,80 manat faiz borcu, 3854 manat cərimə borcu olmaqla cəmi 82371 (səksən iki min üç yüz yetmiş bir) manat 43 (qırx üç) qəpik məbləğində pul vəsaiti, habelə ödənilmiş dövlət rüsumunun 337 (üç yüz otuz yeddi) manat 11 (on bir) qəpiyinin əvəzinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, Məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 80 (səksən) manat məbləğində hissəsi Cavabdeh2 və Cavabdeh1 MMC-dən müştərək qaydada, 20 (iyirmi) manat məbləğində hissəsi isə iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilməsi qət edilmişdir.
12. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 02 iyun 2021-ci il tarixli GL4572 saylı Kredit Limiti Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 10.000000 manat məbləğində illik 25 % faiz dərəcəsi ilə xx.xx.2031-ci il müddətinədək kredit limiti ayrılmış, xx.xx.2021-ci il tarixli, K4572 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən illik faiz dərəcəsi 14% olmaqla 200000 manat, kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli Z4407 saylı zaminlik müqaviləsi bağlanmış və zaminlər borclu ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. Cavabdeh2 iddia müddətinin tətbiq edilməsinə dair ərizə verməklə, Mülki Məcəllədə edilmiş dəyişikliklərə əsasən borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddətinin bir il olduğunu, bu səbəbdən iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən, iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsində qeyd olunanlara münasibətdə qeyd etmişdir ki, hazırki tələblə bağlı iddiaçı tərəfindən iddia müddəti ötürülmədən iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Belə ki, cavabdehin istinad etdiyi Mülki Məcəllənin 745.4-cü maddəsi “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Qanununun qüvvəyə mindiyi xx.xx.2023-cü il tarixdən sonra yaranmış olan müqavilə münasibətlərinə şamil olunur. İddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri isə 02 iyun 2021-ci il tarixində yaranmışdır. Buna görə də tərəflər arasında müqavilə münasibətləri yaranarkən həmin norma qüvvədə olmadığından MPM-in 217.2-ci maddəsinə əsasən həmin normaya istinadən qətnamə çıxarıla bilməz. Cavabdehlərin öhdəliklərini icra etmədiklərini, iddiaçının borcu tələb etməkdə haqlı olduğunu nəzərə alaraq məhkəmə hesab etmişdir ki, tərəflər arasındakı müqaviləyə əsasən borc tələbi əsaslıdır. Bununla belə xx.xx.2021-ci il tarixli, K4572 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən iddiaçı maliyyə arayışında göstərilən xx.xx.2023-cü il tarixə hesablanmış 79250,62 manat əsas borc, 1876,78 manat faiz borcunun ödənilməsini tələb etmişdir. Lakin keçirilmiş məhkəmə ekspertizasının rəyindən görünür ki, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə əsas borc 77078,63 manat, faiz borcu isə 1438,80 manat hesablanmışdır. Məhkəmə ekspert rəyinində göstərilən tədqiqat prosesinin təsvirini, bank hesabından çıxarışı nəzərdən keçirərək hesab etmişdir ki, əsas borcun məbləği ekspert rəyini uyğun olaraq 77078,63 manat müəyyən edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Məhkəmə qeyd olunan Konstitusiya Məhkəməsinin Qərarını və Mülki Məcəllənin 399.3-cü maddəsini əsas götürüb faiz borcunun müqavilə müddətinin sonuna qədər hesablanmalı olduğunu nəzərə alaraq hesab etmişdir ki, ekspert rəyinə əsasən faiz borcu kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2023-cü il tarixinə hesablanmış 1438,80 manat məbləğində müəyyən olunmalıdır. İddiaçı eyni zamanda cavabdehlərdən xx.xx.2021-ci il tarixli, K4572 saylı maliyyələşdirmə üçün ərizə üzrə 21325,19 manat cərimə məbləğinin tutulmasını da tələb etmişdir. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində və eyni zamanda zaminlik müqavilələrində ödənişlərin gecikdirildiyi təqdirdə cərimə haqqında razılaşma öz əksini tapmışdır. Lakin məhkəmə Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, iddia tələbi üzrə cərimə məbləğləri azaldılaraq xx.xx.2021-ci il tarixli, K4572 saylı maliyyələşdirmə üçün ərizə 3853 manat müəyyən edilməlidir. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab etmişdir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 393 manat dövlət rüsumunun 337,11 manatının əvəzi iddiaçının xeyrinə tutulmalı, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 80 manat məbləğində hissəsi cavabdehlərdən müştərək qaydada, 20 manat məbləğində hissəsi isə iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.
13. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1, 375.2, 442, 448.1, 462.1, 463, 465.2, 467, 470, 472, 477.0.4, 739, 745.4cü maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2351/2024 nömrəli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin K4572 saylı maliyyələşdirmə üçün ərizələr üzrə əsas, faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilməsi və iddia tələbi üzrə tələbin həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Həmin qətnamədən Cavabdeh1 MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, əsas, faiz və cərimə borcunun dəyişilik edilməklə azaldılması və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın ona münasibətdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İddiaçı "xxxx" ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı mübahisədə cavabdehin müqavilə üzrə yaranmış əsas, faiz və cərimə borcu məbləğinin müəyyən edilməsi zamanı işin halları ətraflı araşdırılmamışdır. Əlavə olaraq məhkəmə tərəfindən işin faktiki halları (müqavilənin şərtləri) araşdırılmadan cərimə məbləği əsassız surətdə düzgün göstərilməmişdir. Nəzərə alınmalıdır ki, iş üzrə təyin edilmiş ekspert rəyi iddiaçı tərəfindən məqbul hesab edilməmişdir. Belə ki, ekspert tərəfindən Mülki Məcəllənin və tərəflər arasında əldə edilmiş razılığın şərtləri pozulmaqla rəy verilmişdir. Verilmiş rəyə dair məhkəmədə iddiaçı tərəfindən izahat verilmiş və ekspert rəyi ilə hesabdan çıxarışda öz əksini tapan ödənişlər arasındakı fərqlər müəyyən edilmişdir. Bununla belə məhkəmə tərəfindən ekspertin müvafiq rəyi məqbul hesab edilmişdir. Bundan başqa, hazırki mübahisədə cavabdehin müqavilə üzrə yaranmış əsas, faiz və cərimə borcu məbləğinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir ki, bu da işin faktiki hallarına aiddir. Məhkəmə tərəfindən işin faktiki halları araşdırılmadan ekspertin rəyi mötəbər hesab edilmiş və borc məbləği əsassız surətdə azaldılmışdır. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki, 17 oktyabr 2024-cü il tarixə cavabdeh tərəfindən krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı maliyyələşdirmə üçün ərizələr üzrə 500 gündən çox olmuşdur. Müvafiq olaraq gecikmə günləri ilə cərimə məbləğinin təmin edilən hissəsinin uyğun olaraq, qət edilən cərimə məbləğinin həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən cərimə məbləği əsaslı hesab edilə bilməz. Əlavə olaraq iddiaçı tərəfindən məqbul hesab edilməyən ekspert rəyinə uyğun olaraq məhkəmə tərəfindən cavabdehin əsas və faiz borcu müəyyən edilmişdir. Belə ki, ekspert cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərin silinmə ardıcıllığını tərəflər arasında əldə edilmiş razılığa uyğun olmadan aparılmışdır.
18. Cavabdeh1 MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən qətnamə çıxarılarkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuşdur və aşağıda göstərilən səbəblərə görə həmin qətnamə ləğv edilməlidir. Belə ki, iddiaçı bir müddət sonra kredit borcunun ödənilmədiyini bildiyi halda, müqaviləyə xitam vermək əvəzinə əlavə faizlər və cərimələr hesablamış və nəticədə ödənilən məbləğlərin əksər hissəsi faiz və cərimə borcundan silinmişdir. Halbuki bank əlavə faizlər və cərimələr hesablamaqla ödənilən məbləğləri tam olaraq faizə və cəriməyə silməklə onsuzda şirkətin çətin olan maddi vəziyyətini dahada ağırlaşdırmışdır. Məhkəmə borcun hesablanması ilə əlaqədar iddiaçının təqdim etdiyi qeyri-müəyyən, natamam və bir tərəfli sübutlarla kifayətlənərək yekun nəticəyə gəlməsi onun qərarının mötəbərliliyi barəsində şübhə doğurur. Cərimə və faizə silinən məbləğlər əsas borcdan silinməli və hazırki tarixə hesablanmış fazilər və cərimələr silinməli, bu barədə yeni qətnamə qəbul edilməlidir. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nəzərə alaq ki, şirkət müflis olduğundan və borcun ödənilməsini tam həyata keçirə bilməməsi səbəbindən dəfələrlə banka borcun restrukturizasiya edilməsi barədə müraciətlər edilməsinə baxmayaraq bank müraciətlərini nəzərə almamışdır. AR Konstitusiyasının 127.2-ci maddəsinə əsasən “Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.” Bakı Kommersiya məhkəməsi işə baxarkən yalnız iddiaçı tərəfindən təqdim edilən arayışlara istinad etmişdir. Halbuki, qeyd edilən sənədlər bank tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Halbuki, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o, məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə və mülki prosessual qaydalara əməl olunmaqla hərtərəfli və tam araşdırılmış iş üçün önəmli olan hallara əsaslansm. Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq dəyərləndirməlidir. İddiaçı"xxxx" ASC-nin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə 501 gecikmə günü üçün banka cəmi 102,452.59 manat borc vardır. Həmin arayışa əsasən - Cəmi əsas borc– 79,250.62 manat, - Faiz borcu üzrə – 1876,78 manat - Cərimə borcu üzrə – 21,325.19 manat İddiaçı"xxxx" ASC-nin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixə 501 gün gecikmə günü üçün banka cəmi 102,452.59 manat borc vardır. Həmin arayışa əsasən - Cəmi əsas borc– 79,250.62 manat, - Faiz borcu üzrə – 623,27 manat - Cərimə borcu üzrə – 22,578.7 manat qeyd edilmişdir. Göründüyü kimi hər iki arayış fərqli günlərdə tərtib olunsada, borc 501 gecikmə günü üçün hesablanmış və məbləğlər arasında fərq mövcuddur. Həmçinin bankın eksperizaya təqdim etdiyi xx.xx.2024-cü il tarixli hesabdan çıxarışına əsasən məlum olur ki, bank kredit müqaviləsi müddətində cavabdehlərdən gecikmə günləri üçün 15% cərimə əvəzinə 29% cərimə tətbiq etmişdir. Halbuki kredit müqaviləsinə əlavədə bank tərəfindən kredit müddətindən 15%kredit müddəti bitdikdən sonra 29% cərimə tətbiq edilməsi müəyyən edilmişdir. Çıxarışa əsasən bank tərəfindən kredit müddəti ərzində cavabdelərdən 29% cərimə məbləği tutulduğu öz əksini tapmışdır. Bu isə cavabdehlər tərəfindən ödənilən məbləğin əsas borcdan silməsinə yönəldilməməsi və nəticədə əsas borcun düzgün hesablanmamasına gətirib çıxartmışdır. Göründüyü kimi, məhkəmənin sübut kimi qəbul etdiyi həmin “arayışlarda” da qlıq kredit borcunun dəqiq məbləği müəyyən edilmir. Bununla da Kommersiya Məhkəməsi sübutlara düzgün qiymət verməyərək birtərəfli qaydada həmin arayışlara istinad etmiş və yuxarıda sadalanan halların dəqiqləşdirilməsi üzrə hər hansı araşdırma aparmamışdir. Belə ki, 29 % cərimə tətbiq edilməsi ekspertiza müddətində müəyyən edilmişdir. İddiaçı tərəfindən tərtib edilən həmin arayışlar özü-özlüyündə qüsurlu olduğundan, bir-biriləri ilə ziddiyət təşkil etdiyi üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Qətnamənin qanuni olması dedikdə, onun maddi və prosessual hüquq normalarına əsasən qəbul edilməsi başa düşülür. Qətnamənin əsaslı olması dedikdə, məhkəmənin işə aid olan faktlara əsaslanması, faktların mötəbər sübutlarla təsdiq edilməsi, məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun gəlməməsi başa düşülür. Belə ki, məhkəmə etirafedici izahatın olmasna baxmayaraq, birinci instansiya məhkəməsi buna düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası tərəfindən iş üçün əhəmiyyətli olan – sübutların araşdırılmaması həmin qətnamənin əsassızlığına dəlalət edir.
19. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında imzalanmış xx.xx.2017-ci il tarixli, GTC-453LE/2017 saylı ümumi şərtlər toplusunun, xx.xx.2021-ci il tarixli, GL4572 saylı kredit limitinin və xx.xx.2021-ci il tarixli K4572 saylı maliyyələşdirmə üçün ərizə imzalanmışdır. Bundan əlavə xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Belə olan halda iddiaçı kredit müqaviləsinin müddəti bitdiyi xx.xx.2022-ci il tarixdən bir il keçənədək, yəni xx.xx.2023-cü il tarixədək məhkəmədə iddia qaldıra bilərdi. AR Mülki Məcəlləsinin 477.0.4cü maddəsinə əsasən zaminlik müqaviləində göstərilmiş onun verilmə müddəti qurtardıqda belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bu səbəbdən hesab iddia müddəti ötürüldüyündən, iddia müddəti tətbiq edilməklə ona münasibətdə iddia tələbi rədd edilməlidir. Həmçinin əsassız olaraq hesablanmış cərimə və faiz silinməlidir. MPM-nin 174.2-ci maddəsinə əsasən Sədrlik edən işin bütün hallarının, tərəflərin hüquq və vəzifələrinin tam, hərtərəfli və obyektiv surətdə aydınlaşdırılmasını təmin edərək məhkəmə iclasına rəhbərlik edir. Məhkəmə isə həqiqətə nail olmadan iddiaçı tərəfindən birtərəfli paydada hazırlanmış sənədlərə istinad edərək səthi, qərəzli və qeyri-obyektiv baxaraq qanunsuz qətnamə qəbul edilməsinə real zəmin yaratmışdır. Məhkəmə baxışlarına cəlb edilməməklə və barəsində mülki məhkəmə araşdırılması aparılması barədə cavabdehə bildirməməklə onun məhkəmədə dinlənilmək, iddiaya qarşı öz dəlillərini təqdim etmək hüquqları, başqa sözlə məhkəmə baxışının çəkişmə prinsipi əsasında aparılması qaydaları pozulmuşdur. Bu prinsipin təmin olunması həmin məcəllənin 165-ci maddəsinə əsasən hakimin vəzifəsidir. Mənim məhkəmədə dinlənilmək hüquqlarım tamamilə pozulmuşdur. Cavabdeh qeyd etmişdir ki, o, məhkəmə iclaslarına dəvət edilməmiş, iddaya baxılması barədə məlumatlandırılmamışdır. Bunu iddiaçı ona qarşı iddia qaldırmaq müddətini ötürdüyünə görə qəsdən etmiş, əlaqə telefonlarım barədə məlumatları məhkəməyə təqdim etməmişdir. Bununla da onun məhkəmədə iştirakıma mane olmuşdur. Nəticədə AR MPM-in 154-cü maddəsində təsbit olunan hüquqları pozulmuşdur.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin olunmamasını xahiş etmişdir.
21. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin olunmamasını xahiş etmişdir..
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739-cu maddəsinə əsasən (xx.xx.2023-cü il tarixdək olan redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 745.4-cu maddəsinə əsasən borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti bir ildir.
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı
Öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri).
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ” 2018-ci il 31 may tarixli Qərarı
Zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
26. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
27. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e- 2(113)-2351/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Belə ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 2351/2024 nömrəli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin K4572 saylı maliyyələşdirmə üçün ərizələr üzrə əsas, faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilməsi və iddia tələbi üzrə tələbin həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini, Cavabdeh1 MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, əsas, faiz və cərimə borcunun dəyişilik edilməklə azaldılması və iş üzrə yeni qətnamə qəbul edilməsini, Cavabdeh2 isə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın ona münasibətdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 02 iyun 2021-ci il tarixli GL4572 saylı Kredit Limiti Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 10.000000 manat məbləğində illik 25 % faiz dərəcəsi ilə xx.xx.2031-ci il müddətinədək kredit limiti ayrılmış, xx.xx.2021-ci il tarixli, K4572 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən illik faiz dərəcəsi 14% olmaqla 200000 manat, kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli Z4407 saylı zaminlik müqaviləsi bağlanmış və zaminlər borclu ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır.
30. Məhkəmə kollegiyası İddiaçı ASC və Cavabdeh1 MMC-nin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehlərin öhdəliklərini icra etmədiklərini, iddiaçının borcu tələb etməkdə haqlı olduğunu nəzərə alaraq tərəflər arasındakı müqaviləyə əsasən borc tələbi əsaslıdır. Bununla belə xx.xx.2021-ci il tarixli, K4572 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən iddiaçı maliyyə arayışında göstərilən xx.xx.2023-cü il tarixə hesablanmış 79250,62 manat əsas borc, 1876,78 manat faiz borcunun ödənilməsini tələb etmişdir. Lakin keçirilmiş məhkəmə ekspertizasının rəyindən görünür ki, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə əsas borc 77078,63 manat, faiz borcu isə 1438,80 manat hesablanmışdır. Məhkəmə ekspert rəyinində göstərilən tədqiqat prosesinin təsvirini, bank hesabından çıxarışı nəzərdən keçirərək düzgün hesab etmişdir ki, əsas borcun məbləği ekspert rəyini uyğun olaraq 77078,63 manat müəyyən edilməlidir.
31. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Məhkəmə qeyd olunan Konstitusiya Məhkəməsinin Qərarını və Mülki Məcəllənin 399.3-cü maddəsini əsas götürüb faiz borcunun müqavilə müddətinin sonuna qədər hesablanmalı olduğunu nəzərə alaraq düzgün hesab etmişdir ki, ekspert rəyinə əsasən faiz borcu kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2023-cü il tarixinə hesablanmış 1438,80 manat məbləğində müəyyən olunmalıdır.
32. İddiaçı eyni zamanda cavabdehlərdən xx.xx.2021-ci il tarixli, K4572 saylı maliyyələşdirmə üçün ərizə üzrə 21325,19 manat cərimə məbləğinin tutulmasını da tələb etmişdir. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində və eyni zamanda zaminlik müqavilələrində ödənişlərin gecikdirildiyi təqdirdə cərimə haqqında razılaşma öz əksini tapmışdır. Lakin məhkəmə Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq düzgün hesab etmişdir ki, iddia tələbi üzrə cərimə məbləğləri azaldılaraq xx.xx.2021ci il tarixli, K4572 saylı maliyyələşdirmə üçün ərizə 3853 manat müəyyən edilməlidir.
33. Məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Cavabdeh2 iddia müddətinin tətbiq edilməsinə dair ərizə verməklə, Mülki Məcəllədə edilmiş dəyişikliklərə əsasən borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddətinin bir il olduğunu, bu səbəbdən iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən, iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsində qeyd olunanlara münasibətdə qeyd etmişdir ki, hazırki tələblə bağlı iddiaçı tərəfindən iddia müddəti ötürülmədən iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Belə ki, cavabdehin istinad etdiyi Mülki Məcəllənin 745.4cü maddəsi “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Qanununun qüvvəyə mindiyi xx.xx.2023-cü il tarixdən sonra yaranmış olan müqavilə münasibətlərinə şamil olunur. İddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri isə 02 iyun 2021-ci il tarixində yaranmışdır. Buna görə də tərəflər arasında müqavilə münasibətləri yaranarkən həmin norma qüvvədə olmadığından MPM-in 217.2-ci maddəsinə əsasən həmin normaya istinadən qətnamə çıxarıla bilməz.
34. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
35. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
İddiaçı "xxxx" ASC, Cavabdeh1 MMC və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2(113)-2351/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.