Məhkəmə qərarları › İş №2-2(103)-182/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-182/2021

11.01.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-182/2021 11.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlundan və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, iddiaçı Atakişiyev Ağaisa Musa oğlunun Cavabdehnə qarşı qaz sayğacının quraşdırılması və maddi ziyanın ödənilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3381/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Atakişiyev Ağaisa Musa oğlu Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, hərəkətlərinin qanunsuz hesab edilməsi və ünvan 1 ünvanda yerləşən qeyri- yaşayış sahəsində yeni qaz sayğacının quraşdırılması və qaz təchizatının bərpa edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması və 1000 manat maddi, 1000 manat mənəvi ziyan və 510 manat hüquqi yardım xərci olmaqla, cəmi 2510 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı ona məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə (abonent kodu: **********00168) qazın verilməsinin dayandırılması Cavabdehnə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh qanunun tələblərinə əməl edilməsinə dair verilən göstərişlərə məhəl qoymadan, artıq 5 aydır ki, qanunsuz olaraq qaz təchizatını dayandırmaqla, qanunun tələblərini və abonent müqaviləsi üzrə öhdəliklərini kobud surətdə və bilərəkdən pozmaqla istehlakçı hüquqlarıma qəsd etməyə, sahibkarlıq fəaliyyətimə qanunsuz olaraq maneələr yaratmağa davam etmiş və hazırda mövcud olan çətin iqtisadi və sosial şəraitdə əhəmiyyətli maddi ziyan, işgüzar nüfuza xələl gətirməklə mənəvi ziyan vurmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi ziyanın məbləğini 1000 manat, mənəvi ziyanın məbləğini 1000 manat məbləğində qiymətləndirilir. Habelə mübahisə ilə bağlı hüquqi yardım almaq üçün 510 manat ödəniş edilmişdir. Yəni cavabdehin tərəfindən 1000 manat maddi, 1000 manat mənəvi ziyan və 510 manat hüquqi yardım xərci olmaqla, cəmi 2510 manat ziyan vurulmuşdur.Eləcə də cavabdeh qanunsuz hərəkətlərinə və ziyan vurulmasına davam etdiyindən, daha böyük itkilərin qarşısının alınması üçün ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə təbii qaz təchizatının dayandırılmasının cavabdehə qadağan edilməsi barədə iddianı təmin etmə tədbirinin tətbiqi barədə qərardad çıxarılmasına zərurət yaranmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3381/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ərizə təmin edilərək X2 (VÖEN: **********, abonent kodu **********00168) məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə qaz hasilatının verilməsinin dayandırılması Cavabdehnə qadağan olunmuşdur. Həmin qərardaddan narazı qalan cavabdeh şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3381/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsi və iddianı təmin etmə tədbiri barədə ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardada əsaslanaraq istehlakçı (iddiaçı) hazırda mübahisələndirilən məbləği və həmin məbləğdən artıq yaranacaq borcu ödəmədən təbii qazdan istifadə etmək niyyətindədir. Bunun nəticəsində istehlakçının təbii qazdan istifadəyə görə debitor borcu artacaqdır. Belə olan halda bu növ qərardad gələcəkdə qəbul ediləcək məhkəmə qərarının icrasını çətinləşdirə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə istehlakçıya qazın verilməsi dayandırıla bilər. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3381/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, işdə iştirak edən şəxslər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3381/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi tədbir görülə bilər. Məhkəmə iddianı təmin etmə tədbiri görülməsi barədə ərizəyə qiymət verərkən bu tədbir görülmədikdə iş üzrə yekun qərar qəbul edilənədək iddiaçının qanunu mənafeyinin pozulma ehtimalını, işdə iştirak edən şəxslərin qanuni mənafeləri arasında tarazlığın təmin edilməsini nəzərə almalı, hər bir ərizə həmin mübahisə kontekstində qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə tərəfindən iddianı təmin etmə tədbiri görülərkən əsas götürülməli olan məqsəd işdə iştirak edən şəxslərin də mənafeləri və onların müdafiəsindəki mütənasibliyin qorunmasıdır. İddiaçıya cavabdeh tərəfindən hesablanmış borc mübahisələndirildiyindən iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək həmin borcla əlaqədar qaz təchizatının dayandırılması iddiaçının qanuni mənafelərinin səmərəli məhkəmə müdafiəsinin təmin edilməsi baxımından məqsədəuyğun olmadığından ərizənin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3381/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3381/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar