Məhkəmə qərarları › İş №2-2(103)-182/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-182/2022

25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-182/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1891/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 27.08.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən əsas borc üzrə 10882,34 manat və gecikdirilmiş faiz borcu üzrə illik beş faiz olmaqla 1632,69 manat, cəmi 12514,69 manat və ödənilmiş 30 manat iddiaçın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 27.08.2021-ci il tarixli e-2-2(113)-1891/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 07.01.2015-ci il tarixli kredit müqaviləsinə görə əsas borc üzrə 9164,81 manat, ödənilməmiş əsas borca illik 5 % hesablanmaqla 851,56 manat, cəmi 10016,37 manat məbləğində pulun Cavabdeh2 MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun 20 manat hissəsinin Cavabdeh2 MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilməsi, qalan 10 manat hissəsinin iddiaçıya aid edilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaitinin 40 manat məbləğində hissəsinin Cavabdeh2 MMC MMC-dən, 10 manat məbləğində hissəsinin "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh2 MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən cəmi 14056 manat borc ödənilmiş, borc üzrə ödənilmiş cəmi məbləğdən 6763 manat məbləğ kredit müqaviləsinin müddəti başa çatdıqdan sonra, yəni 07.01.2017-ci il tarixdən sonra ödənilmiş və həmin ödənişlər müqavilə müddəti başa çatdıqdan sonra faiz və cərimə borclarına silinmişdir. Ekspert rəyində kredit müqaviləsinin müddəti başa çatdıqdan sonra ödənilmiş ödənişlər düzgün və tam olaraq nəzərə almamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz etdi. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" MMC ilə Cavabdeh2 MMC arasında 07.01.2015-ci il tarixli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh2 MMC-yə 24 ay müddətinə aylıq 3 faiz hesablanmaqla 15.000 manat məbləğində kredit verilmişdir. İddiaçı bildirir ki, Cavabdeh2 MMC müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 10882,34 manat, gecikdirilmiş faiz borcu üzrə borcu 1632,69 manat, cəmi borcu isə 12514,69 manat təşkil edir. Cavabdeh2 MMC iddiaya etiraz edir və etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır. Kredit borcunun məbləğinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 28 iyul 2021-ci il tarixli 9-3366 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən 07.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin Bank Olmayan Kredit Təşkilatı İDK” MMC-yə borcu aşağıdakı kimidir: iddia ərizəsinin verilməsi tarixinə (26.07.2021) əsas borc üzrə 9164,81 manat, faiz borcu üzrə 0, illlik 5 % hesablanmaqla 851,56 manat, cəmi 10016,37 manat. Birinci instansiya məhkəməsi ekspert rəyinə uyğun olaraq əsas və kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 faiz hesabı ilə hesablanmış faiz borcunun tutulması hissəsində iddianı qismən təmin etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə arayışı, qeyd olunan ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 739 və 445.7-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, iddianın qismən təmin olunmuş hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlillərinə dair kollegiya qeyd edir ki, borcun şişirdilməsi ilə bağlı dəlillər əsaslandırılmayıb. Eyni zamanda iddiaçının istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəli, hesabdan çıxarış, maliyyə arayışında olan məlumatlar və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Həmçinin ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Cavabdeh isə ekspert rəyinin qeyri-dəqiq olmasını bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1891/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 27.08.2021-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar