Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-184/2021 28.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə2, cavabdehlərin nümayəndələri (vəkilləri) Vəkil1, Vəkil2 iştirakı ilə, İddiaçı LPO QSC “Bank Standard” Kommersiya Bankının (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “kredit borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-884/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı LPO QSC “Bank Standard” Kommersiya Bankı (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “Cavabdeh2 MMC-dən xx xxxxxxx 2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/3756/15 saylı Kredit Müqaviləsi üzrə 11.899.500 manat məbləğində əsas borc, 123.353 manat məbləğində faiz borcu, 155.133 manat məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 477.633 manat məbləğində faiz məbləği, ümumilikdə isə 12.655,619 manat borcun, 30 (otuz) manat dövlət rüsümunun və 2790 manat ipotekanın qeydə alınması üçün ödənişin, cəmi 2.810 manat pulun tutulması və tutmanın Cavabdeh1 mülkiyyətində olan ipoteka predmetilərinə yönəldilməsi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. İşə baxılarkən Cavabdeh2 MMC (nümayəndəsi və vəkili Vəkil1) vəsatətlə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə icraatın məhkəmənin icraatında olan digər iddiaçı Cavabdeh2 MMC-nin cavabdeh LPO QSC “Bank Standard” Kommersiya Bankına qarşı e-2-2(113)-3132/2020 saylı kommersiya mübahisəsi üzrə işə dair yekun məhkəmə aktı (qərar və ya qərardad) qəbul edilib qanuni qüvvəyə minənədək dayandırılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-884/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə vəsatət təmin edilmişdir. İddiaçı şikayət verərək, həmin qərardadın ləğv edilməsini və işin davam etdirilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. İddiaçı ilə bank arasında xx xxxxxxx 2015-ci il tarixində 1xx/xx/3756/15 kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank Cavabdeh2 MMC-yə illik 6,5 faiz ödənilməsi şərti və kredit məbləğinin son ödəmə tarixi xx xxxxxx 2017-ci il olmaqla 18.000.000 manat məbləğində kredit verilmişdir. xx xxxx 2016-cı il tarixli 01 saylı əlavə sazişə əsasən kreditin ödənilməli olduğu son tarix xx xxxxx 2019-cu il tarixinə dəyişdirilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 tam mülkiyyətində olan bir sıra əmlaklar bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdehlər öz üzərinə götürdükləri krediti qaytarma öhdəliklərini lazımınca icra etməmiş, banka əsas, faiz cərimə borcunu ödəməmiş, gecikdirilmiş günlər üçün 5 faiz də nəzərə alınmaqla, ümumilikdə banka 12.655.619 manat məbləğində borcları qalmışdır. Ona görə də bank, kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə, tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Belə olan halda, məhkəmə tərəfindən həmin kredit mübahisəsi ilə əlaqədar yeni iddianın qaldırılmasına görə, mülki prosessual qanunvericiliyin hansı norması əsasında icraatın dayandırılması əsaslandırılmamışdır. Bu baxımdan, qərardad əsasızdır. Cavabdehlərin banka qarşı müqavilənin etibarsızlığı və əsas borcun hesablanması və bankın cavabdehlərə qarşı tələbləri arasında hər-hansı bağlılıq yoxdur. Bankın tələbi üzrə kredit müqaviləsinə görə münasibətlər və borcun həcmi aydınlaşdırılmaqla, iş yekunlaşdırıldıqda dəqiq müəyyənləşəcəkdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə2 şikayətin məzmununa uyğun izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndələri (vəkilləri) Vəkil2 və Vəkil1 şikayətə etiraz edərək, hazırkı işin, onların birinci instansiya məhkəməsinin icraatında olan banka qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələblərinə dair işin nəticəsindən asılı olduğunu qeyd etməklə, xx.xx.2020-ci il tarixli qərardadının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş, məhkəmə iclasları barədə elektron məhkəmə informasiya sisteminin məlumatlarından görünür ki, hazırkı iş üzrə Cavabdeh2 MMC tərəfindən LPO QSC “Bank Standard” Kommersiya Bankına qarşı, konkret halda mübahisələndirilən kredit müqaviləsinin etibarsız hesab edilməsi haqqında iddia qaldırılmış və həmin iş e-2-2(113)-3132/2020 saylı iş kimi icraata qəbul edilmiş və mübahisənin araşdırılması ilə bağlı xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixllərdə məhkəmə iclasları da keçirilmişdir. Belə olan halda, hazırkı mübahisənin də predmetini təşkil edən - Cavabdeh2 MMCnin həmin iddiası üzrə borcun yaranmasına əsas olan xx xxxxxxx 2015-ci il tarixli 1xx/xx/3756/15 saylı kredit müqaviləsinin etibarlılıq məsələsi ilə bağlı yekun məhkəmə qərarı çıxarılmayınca, hazırkı işə baxılması prosessual qanunvericiliyin tələblərinə uyğun hesab oluna bilməz. Çünki, hazırkı işin nəticəsi Bakı Kommersiya Məhkəməsində baxılan qeyd olunan e-2-2(113)-3132/2020 saylı işin yekun nəticəsindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (“MPM”) 254.1.4-cü maddəsinin tələbində isə nəzərədə tutulur ki, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, iş üzrə icraat dayandırılmalıdır. Həmin Məcəllənin 256.0.3-cü maddəsinə əsasən isə bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. İşə baxan birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, qeyd olunanlar nəzərə alınmaqla, hazırkı iş üzrə icraat dayandırılmışdır. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının şikayətinin həmin qərardadın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-884/2020 saylı xx.xx.2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsində iş üzrə icraatın dayandırılması barədə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı LPO QSC “Bank Standard” Kommersiya Bankının (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-884/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-184/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-184/2021
28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver