Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-184/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair Açar söz: borcun silinməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5174/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İş materiallarında olan istehlakçı İddiaçı məxsus 02/3-0484 saylı abunə kodu üzrə tərtib olunmuş 15 iyul 2022-ci il tarixli, NDQ № 013041 saylı aktdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonunda yerləşən karxanaya baxış zamanı “Viko” tipli ******* nömrəli sayğacın baxış tablosunun söndüyü, üst qapağın gövdədən aralandığı, sayğacın yaddaşının oxunmasının mümkün olmadığı müəyyən olunmuş və sayğacın yenisi ilə əvəz olunması, çıxarılan sayğacın bütün parametrlərinə laboratoriya şəraitində rəy verilməsi tələbi qoyulmuşdur.
2. İş materiallarında olan "xxxx" ASC-nin Laboratoriya Mərkəzinin 20 iyul 2022-ci il tarixli, 004796 nömrəli sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında akt-protokolundan görünür ki, 02/3-0484 saylı abunə kodu üzrə ******* nömrəli sayğacın daxili sxeminin qısa qapanma nəticəsində yandığı, sayğacın işləmədiyi, istehsalata yararsız olduğu qeyd olunmuşdur.
3. Məhkəməyə təqdim edilmiş 21 iyul 2022-ci il tarixli icra vərəqindən görünür ki, 15 iyul 2022-ci il tarixli, NDQ № 013041 saylı akta əsasən günlük sərfiyyat 58.5 kvt, orta günlük iş rejimi 14 saat və hesabat müddəti 81 gün qəbul edilməklə hesabat aparılaraq 57812 kvt itirilmiş sərfiyyat qeyd olunaraq zərərin məbləği 5781,20 manat müəyyən olunmuşdur.
4. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixinə çap olunmuş abunə haqqında məlumatdan görünür ki, xx.xx.2022-ci il tarixdə NDQ № 013041 saylı akt əsasında 5781,20 manat borc hesablanmış və çap tarixinə ödənilməmiş 6802.65 manat borc mövcuddur.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən İddiaçı məxsus abonent hesabına xx.xx.2022-ci il tarixli NDQ № 013041 saylı akt əsasında hesablanmış 5781 manat 20 qəpik məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, fiziki şəxs İddiaçı (VÖEN:**********) Bakı şəhəri, Qaradağ rayonu Sənqaçal qəsəbəsində istehsal fəaliyyəti ilə məşğuldur. Həmin istehsal müəssisəsində əvvəlki illər üzrə istehlak olunan elektrik enerjisinin haqqı mütəmadi olaraq vaxtı-vaxtında ödənilmiş, bu istehlakla bağlı hər hansı yığılmış borcu olmamışdır. Cavabdeh enerji təchizatı müəssisəsinin İddiaçı sahibkarlıq fəaliyyəti ilə bağlı olaraq istifadəsində olan istehsal müəssisəsində elektrik enerjisinin istehlakında guya ki, iddia etdiyi pozuntuların aşkarlanmasına dair yoxlamaları və yüksək məbləğli cərimə qismində sərfiyyat-borc göstəricisi tətbiq etməsi qanunsuzdur. Belə ki, İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir və vergi ödəyicisi kimi reyestrdə qeydiyyata alınmış, ona ********** saylı VÖEN verilmişdir. Belə olan halda cavabdeh enerji təchizatı müəssisəsi tərəfindən iddiaçıya məxsus obyektdə quraşdırılmış sayğaca baxış keçirilərkən qanunvericiliyin bir çox tələblərinin pozulduğu bəlli olur. Enerji təchizatı sahəsində təbii inhisarçı olan cavabdeh "xxxx" ASC sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə istifadə olunan elektrik enerjisinin uçotunu, “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunma vəziyyəti ilə bağlı apardığı yoxlamanı yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrində qeydə alınmasını təmin etdikdən sonra həyata keçirməyə səlahiyyətli olduğu halda, qanunvericiliyin tələblərinə əhəmiyyət verməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan və onu sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmədən, birbaşa iddiaçıya məxsus təsərrüfat subyektində quraşdırılmış elektrik sayğacını yoxlayaraq, onu müdaxilə adı ilə çıxarıb yenisi ilə əvəz etmiş və ona əlavə elektrik enerjisi sərfiyyatı hesablamışdır.
7. Məhkəmə iclasında iştirak edən cavadehin nümayəndəsi X2 izahatında bildirmişdir ki, sayğac abonentin balans mənbəyində quraşdırılmış, sərfiyyat qeydə alınmadığından sayğaca baxış keçirilmiş, üst qapağın gövdədən aralandığı müəyyən olunmuş, xx.xx.2022-ci il tarixli, NDQ № 013041 saylı akt tərtib olunmuş, sayğac çıxarılaraq laborator yoxlamaya göndərilmiş, xx.xx.2022-ci il tarixdə yeni sayğac quraşdırılmışdır. Müayinə nəticəsində sayğacın işləmədiyi müəyyən olunmuş, hesablama aparılaraq 5781,20 manat abonentin hesabına daxil edilmişdir. Yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Eyni zamanda nümayəndə bildirmişdir ki, abonent barəsində xx.xx.2022-ci il tarixdə akt tərtib olunsa da, NDQ № 013041 saylı akt əsasında xx.xx.2022-ci il tarixli icra vərəqəsi ilə hesablamanın aparıldığı nəzərə alınaraq xx.xx.2022-ci il tarixli icra vərəqəsi ilə abonentə ödəniş sənədi təqdim edilməmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-5174/2022 saylı qətnaməsi ilə (hakim Nərmin Əhmədova) iddia tələbi təmin edilmişdir.
9. Məhkəmə müəyyən etmişdir ki, istehlakçı İddiaçı məxsus 02/3-0484 saylı abunə kodu üzrə Bakı şəhəri, Qaradağ rayonunda yerləşən karxanaya baxış zamanı “Viko” tipli ******* nömrəli sayğacın baxış tablosunun söndüyü, üst qapağın gövdədən aralandığı, sayğacın yaddaşının oxunmasının mümkün olmadığı müəyyən olunmuş, sayğacın yenisi ilə əvəz olunması, çıxarılan sayğacın bütün parametrlərinə laboratoriya şəraitində rəy verilməsi tələbi qoyulmuş, "xxxx" ASC-nin Laboratoriya Mərkəzində sayğaca baxış keçirilib 20 iyul 2022-ci il tarixli, 004796 nömrəli sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında akt-protokol tərtib edilmiş, sayğacın daxili sxeminin qısa qapanma nəticəsində yandığı, sayğacın işləmədiyi qeyd olunmuş, 15 iyul 2022-ci il tarixli, NDQ № 013041 saylı akta əsasən zərərin məbləği 5781,20 manat müəyyən olunmuşdur.
10. Məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə təbii inhisarçı olan "xxxx" ASC-nin əməkdaşları sahibkarlıq subyektinin fəaliyyət göstərdiyi yerə gəlməklə yoxlama apararaq sayğaca müdaxilə halını aşkar etsə də, iş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi olmadığından və bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilmədiyindən məhkəmə hesab etmişdir ki, yoxlamanın hüquqi nəticəsi qanunsuz hesab edilməli və 15 iyul 2022-ci il tarixli NDQ 013041 nömrəli akt əsasında hesablanmış borc silinməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-5174/2022 saylı qətnaməsini ləğv edərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş, üst qapağın gövdədən aralandığı müəyyən olunmuş, xx.xx.2022-ci il tarixli, NDQ № 013041 saylı akt tərtib olunmuş, sayğac çıxarılaraq laborator yoxlamaya göndərilmiş, xx.xx.2022-ci il tarixdə yeni sayğac quraşdırılmışdır. Müayinə nəticəsində sayğacın işləmədiyi müəyyən olunmuş, hesablama aparılaraq elektrik enerjisindən istifadəyə görə 5781,20 manat məbləğ abonentin hesabına daxil edilmişdir. Hazırda həmin borcun silinməsi üçün əsaslar yoxdur. Belə ki, hesablanan məbləğ cərimə deyil, iddiaçının ay üzrə istifadəetdiyi enerji sərfiyyatıdır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü biraydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işienerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
14. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
15. Tətbiq edilən hüquq
“Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanunu: 11-ci maddəsinin 6 və 7-ci hissələri- enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu 2.3-cü maddəsi- dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsi- bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsi- sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.2-ci maddəsi- sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə 1.4-cü bəndi- “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndi- sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 5.2-ci bəndi- yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri 16.Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
17. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5174/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.
19. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən hazırda nəticəsi mübahisələndirilən akt tərtib edilərkən cavabdeh qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində (yoxlama ilə bağlı) qeydə alınmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən qeydə alınmamış yoxlamanın hüquqi nəticəsi olmadığından həmin yoxlama əsasında hesablanmış borcun silinməli olduğuna dair məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.
20. İşə baxmış məhkəmə tərəfindən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.
21. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 5174/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5174/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.