Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-184/2024 08.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin hakimləri X1 (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinə qarşı “icarə haqqı borcunun ödənilməsi və s.”, İddiaçı Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi” və iddiaçı Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələblərinə dair birləşdirilmiş iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-530/2023 saylı işi üzrə 05 iyul 2023-cü il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-dən 2018-ci il 1 avqust tarixli icarə müqaviləsi üzrə 2020-ci ilin aprel, may və iyun aylarının hər biri üçün 13000 manat olmaqla, ümumilikdə 39000 manat məbləğində ödənilməmiş icarə haqqı məbləğinin, 10500 manat dəbbə pulunun, ilkin mediasiya xidməti üçün ödənilmiş 200 manat rüsumun, 39 manat ödənilmiş dövlət rüsumunun və vəkil xidmətləri üçün ödənilmiş 211 manatın onun xeyrinə tutulması, tərəflər arasında bağlanmış 2018-ci il 1 avqust tarixli icarə müqaviləsi üzrə 2022-ci il 1 oktyabr tarixdən 2023-cü il 1 oktyabr tarixədək icarə haqqı məbləğinin 18.720 manat məbləğində müəyyən edilməsi və müqavilə müddətinin sonunadək hər ilin 1 oktyabr tarixindən etibarən icarə haqqı məbləğinə 20% əlavə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh MMC-yə qarşı, həmçinin digər bir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2018-ci il 1 avqust tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin Bakı şəhəri, H.Cavid pr 56 (İcarə müqaviləsi bağlandıqdan sonra verilən çıxarış üzrə ünvan: Bakı şəhəri, H.Cavid pr 54B, 558-556 məhəllə) ünvanında yerləşən icarə obyektini boşaldaraq iddiaçıya təhvil verməsi və ödənilmiş 200 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə artıq ödənilmiş 78232 manat pulun və 325 manat dövlət rüsumunun, 500 manat hüquqi xidmət üçün çəkilmiş xərcin, ümumilikdə 79.057 manat pulun cavabdehdən tutularaq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1132/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli və e-2-2(113)-2480/2023 saylı işi üzrə 26 may 2023-cü il tarixli qərardadları ilə iddia tələblərinə dair işlər bir icraatda birləşdirilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 5 iyul tarixli e-2-2(113)-530/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı "borcun ödənilməsi və s.” tələbinə dair iddiası qismən təmin edilərək, tərəflər arasında bağlanmış 2018-ci il 1 avqust tarixli icarə müqaviləsi üzrə 13566,7 manat icarə haqqı, 700 manat dəbbə pulu olmaqla, cəmi 14266,7 manat məbləğində pulun, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pulun və vəkilə ödənilmiş pulun əvəzi olaraq 211 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı Cavabdeh MMCyə qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair iddiası qismən təmin edilərək, tərəflər arasında bağlanmış 2018-ci il 1 avqust tarixli icarə müqaviləsi üzrə icarəyə verilmiş İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 56 (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 148 A) ünvanında yerləşən 506 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsinin Cavabdeh MMC tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 100 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi , Cavabdeh MMC-nin İddiaçı qarşı “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir . Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 5 iyul tarixli e-2-2(113)-530/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair iddiasının “tərəflər arasında bağlanmış 2018-ci il 1 avqust tarixli icarə müqaviləsinə xitam verilməsi” hissəsində iş üzrə icraata xitam verilmişdir. Qərardadda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447 - ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarına; Mülki Prosessual Məcəllənin 261.0, 261.0.1 - ci maddələrinə istinadən qeyd edilmişdir ki, iş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu ilə iddiaçı (icarəyə verən) cavabdehə (icarəçi) icarə müqaviləsinin ləğv edilməsi və obyektin boşaldılaraq təhvil verilməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə çatdırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarındakı mövqedən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Qeyd olunan halları nəzərə alaraq, tərəflər arasında bağlanmış 2018-ci il 1 avqust tarixli icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı iddiaçı tərəf 2022-ci il 5 dekabr tarixdə cavabdehə iradə ifadəsini bildirmiş olduğundan qeyd edilmiş hissədə iş üzrə icraata xitam verilməlidir. Cavabdeh MMC şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-530/2023- 041 saylı, xx.xx.2023-cü il tarixli qərardadını ləğv edilməsi həmin hissədə işə baxaraq iddia tələbinin həmin hissədə rədd edilməsini xahiş etmiş və şikayətdə qeyd edilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, "tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğy edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. "məhkəmə iddiaçının xx.xx.2022-ci il tarixdə cavabdehə göndərdiyi pretenziya məktubu ilə xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması səbəbinə əsaslanaraq müqaviləyə məhkəmədən kənar qaydada xitam verdiyini qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il qərarında ortaya qoyduğu hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Əvvəla, qeyd edilməlidir ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən birtərəfli qaydada müqavilənin ləğvi yalnız bir tərəfin müqavilə şərtlərini əhəmiyyətli şəkildə pozması halında mümkündür. Məhkəmənin müqavilənin ləğvi barədə iddia tələbinə dair icraata xitam verməsi dolayısı ilə İddiaçı müqaviləni ləğv etməkdə haqlı olduğunu deməyə əsas verir. Bu isə öz növbəsində cavabdehin həqiqətən əhəmiyyətli pozuntu törətməsi deməkdir. Qısaca olaraq məhkəmə həmin qərardadı qəbul etməklə cavabdehin həqiqətən müqavilə öhdəliklərini əhəmiyyətli şəkildə pozmasını qəbul etmiş olur ki, həmin mövqe ilə qətiyyən razı deyillər. Qərardadda cavabdeh tərəfindən törədilmiş əhəmiyyətli dərəcədə pozuntunun nədən ibarət olması göstərilməsə də e-2-2(113)-530/2023-040 saylı, xx.xx.2023cü il tarixli qətnamədə buna aydınlıq gətirilib. Qərardad və qətnamə ayrı-ayrı məhkəm aktları olsa da, hazırki, mübahisədə onlar bir-biri ilə üzvi şəkildə bağlı olduğu üçün qərardadda birbaşa göstərilməsə də, qətnamədə göstərilən məsələlər üzərindən qərardad barədə əsaslandırma aparmaq məcburiyyətindədirlər. Məhkəmə Mülki Məcəllənin 691.1.3-cü maddəsinə istinad edərək iddiaçının icarə müqaviləsini ləğv etməkdə haqlı olduğunu göstərmişdir.Halbuki, həmin maddə müqavilənin ləğvi prosedurunu tənzim edir. Müqavilənin ləğvi üçün əsaslar isə Mülki Məcəllənin 685-ci maddəsi ilə tənzim edilir. Mülki Məcəllənin 685.1, 6852.1 və 685.2.2-ci madələrini birlikdə analiz etdikdə aydın olur ki, kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə və ya ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə müqaviləni ləvğ etmək üçün əsas yaranır. İcarə (kirayə) müqaviləsinə münasibətdə əhəmiyyətli pozuntu da elə məhz bu hallardır. Lakin elə Məhkəmənin öz gəldiyi qənaətə görə cavabdeh həmin məbləğdə icarə haqqını gecikdirməyib. Demək ortada əhəmiyyətli dərəcədə pozuntu yoxdur və müqavilənin birtərəfli qaydada ləğvi əsassızdır. Dolayısı həmin hissədə icraata xitam verilməməli, tələbə Məhkəmə tərəfindən hüquqi qiymət verilərək iddia rədd edilməli idi. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 avqust tarixli 2-2(103)- 809/2023 saylı qərardadı ilə Cavabdeh MMC-nin şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh MMC həmin qərardaddan kassasiya şikayəti verərək, onun ləğv edilməsini, müqavilənin ləğvi tələbinin digər tələblərlə birlikdə baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(102)-600/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 avqust tarixli, 2-2(103)-809/2023 saylı qərardadı ləğv edilərək işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Qərarda Azərbaycan Respublikasının Konstitusiyasının 6, 60; Mülki Prosessual Məcəllənin 4.1, 14.1, 167.1, 261.0.1, 262.1, 262.3, 416.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmələr tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, hər iki instansiya məhkəməsi müqavilənin ləğvi tələbi üzrə icraata xitam verilməsini MPM-nin 261.0.1-ci maddəsi ilə əsaslandırmışlar. Həmin maddəyə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Nəzərə alınmalıdır ki, bu müddəa tərəflər arasında ümumiyyətlə mübahisənin olmamasını və ya iddiaçının xahişinə məhkəmədənkənar bir orqanda, yaxud mövcud mübahisəyə mülki mühakimə icraatı qaydasında deyil, başqa (inzibati, cinayət və s.) məhkəmə icraatında baxılmalı olmasını ehtiva edir. Bu səbəbdən qanunda nəzərdə tutulmuşdur ki, məhkəmə həmin əsaslar üzrə icraata xitam verərsə, ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Baxılan işin hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğvi ilə əlaqədar mübahisə mövcuddur. Belə ki, İddiaçı, müqavilə öhdəliklərinin pozulmasına istinad edərək onun ləğvinə dair bildiriş göndərmiş, cavabdeh MMC isə razılaşmanın ləğvinə əsasların olmadığını ifadə etmişdir. Qeyd edilənlər müqavilənin birtərəfli iradə bəyanı ilə ləğvinin gerçəkləşibgerçəkləşmədiyinə dair tərəflər arasında ixtilafın, mübahisənin olduğuna dəlalət edir. Bu mübahisəni isə həll etmək başqa orqanın deyil, məhkəmənin vəzifəsidir. Birinci instansiya məhkəməsi müqavilənin ləğvi üçün yalnız bildirişin göndərilməsini həlledici (kifayətedici) fakt kimi qəbul etməsi, cavabdeh MMC-də belə təəssürat yaratmışdır ki, müqavilənin ləğvi artıq baş tutmuş hüquqi fakt kimi məhkəmə tərəfindən tanınmışdır. Elə bu səbəbdən hazırkı işdə iddia tələbinə xitam verilməsinə dair qərardaddan iddiaçı deyil, cavabdeh şikayət vermişdir (məhkəmə təcrübəsində belə hala bir qayda olaraq rast gəlinmir). Müqavilənin ləğvi məsələsinə icarə obyektinin boşaldılması tələbinə mahiyyəti üzrə baxılacağı zaman qiymət veriləcəyini qeyd edən apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, birinci instansiya məhkəməsinin qərardadı qüvvəyə mindikdə müqavilənin ləğvinin yenidən müzakirə edilməsinin və ona hüquqi qiymət verilməsinin prosessual baxımdan mümkünlüyü ciddi sual doğuracaqdır. Digər tərəfdən, qətnamədə müqavilənin ləğv edilmədiyi müəyyən ediləcəyi halda məhkəmə aktları arasında ziddiyyətin meydana gəlməsi istisna edilmir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, müqavilənin ləğv edilməsi tələbinə xitam verilməsi və bu məsələyə münasibətdə göstərilən ziddiyyətli yanaşmaların sərgilənməsi Mülki Məcəllənin 421-ci və digər aidiyyəti normalarının, eləcə də onların şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarındakı hüquqi mövqelərin düzgün tətbiq edilməməsindən irəli gəlir. Sözügedən Qərarda göstərilmişdir ki, “Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir... O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir... İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır”. Bununla belə, həmin Qərarda mübahisə halında müqavilənin ləğvi ilə bağlı iddia qaldırmaq imkanı və məhkəmənin belə iddiaya baxmaq səlahiyyəti istisna edilməmişdir. Ona görə ki, müqavilənin əhəmiyyətli dərəcədə pozulmasına görə birtərəfli qaydada məhkəmədənkənar ləğvinin mümkün sayılması, bütün hallarda bildiriş göndərildiyi andan müqavilənin ləğv edilməsi anlamına gəlmir. Bir çox halda müqavilənin ləğvi barədə iradə ifadəsini kontragent qəbul etmir, müqavilənin ləğvi üçün əsasların olmadığını (ləğvetmənin müqaviləyə, yaxud qanuna uyğun həyata keçirilmədiyini və s.) bildirir və həmin xüsusatlarla bağlı mübahisə yaranır. Bu hallarda ortaya çıxan mübahisəni məhkəmə həll etməlidir. Məhkəmənin həmin məsələni həll etməsi, "müqaviləni məhkəmənin ləğv etməsi”, yəni ləğvin məhkəmə qərarı ilə yaranması anlamına gəlmir. Belə ki, məhkəmə işin hallarına görə müqavilənin ləğvinin qanunvericilikdə nəzərdə tutulan əsaslarla və qaydada gerçəkləşib - gerçəkləşmədiyini təsbit edir. Müqavilənin həqiqətən də məhkəmədənkənar ləğv olunduğunu müəyyən etdikdə məhkəmə, bu hüquqi faktın hansı andan yarandığını əsaslandırır, əgər varsa müqavilənin ləğvindən asılı olan digər tələbləri həll edir. Birtərəfli iradə ifadəsi ilə müqavilənin ləğv edilmədiyi təsbit olunduqda isə məhkəmə bu barədə əsaslandırmış qənaətini ortaya qoyaraq ləğv faktına söykənən tələbləri rədd edir. Bu baxımdan hər hansı mübahisəli hüquqi hadisənin (o cümlədən müqavilənin ləğvinin) baş verib-vermədiyinin müəyyən edilməsi barədə məhkəmə aktı bir təsbit qərarıdır. Məhkəmə təcrübəsində çoxlu sayda işlər mübahisəli halın təsbitinə dair qərarlar verilməklə həll olunur. Məsələn, "əqdin əhəmiyyətsiz sayılması və əşyanın qaytarılması”, "payın müəyyən olunması və ayrılması” kimi iddialara baxılarkən məhkəmə, əvvəlcə tələbin birinci hissəsinə münasibətdə məhz təsbit mahiyyətində qərar verir, ardınca nəticənin tətbiqinə dair ikinci tələbi həll edir. Bu kimi hallarda birinci tələbin mütləq qaydada iddia ərizəsində müstəqil bir tələb kimi göstərilməsi məcburi deyil. Yəni, məhkəmə nəticəyə yönəlik (məsələn, icarə obyektinin boşaldılması, əşyanın qaytarılması və s.) tələbi düzgün həll etmək üçün ilk növbədə bunun əsasında duran hüquqi faktı (məsələn, müqavilənin ləğv və ya etibarsız olubolmamasını) tərəflər irəli sürməsələr də təsbit etməlidir. Lakin bu hal ona əsas vermir ki, mübahisəli hüquqi hadisənin təsbiti barədə tələbə məhkəmədə baxılmadan xitam versin. Hətta, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarı). Odur ki, tərəflərdən hər hansı birinin mənafeyi baxımından təsbit ehtiyacı yaranan halda "müqavilənin ləğv edilməsi” tələbinə məhkəmədə baxılmalı olmamasına görə xitam verilməsi yuxarıda göstərilən hüquqi mövqelərə uyğun yanaşma hesab edilə bilməz. Məhkəmə təcrübəsindən məlum olduğu kimi, iddia ərizələrində mübahisəli hüquqi hadisənin təsbiti və onun nəticəsinin tətbiqi barədə tələblərin həm birlikdə (məsələn, müqavilənin etibarsız sayılması və əşyanın qaytarılması), həm də onlardan yalnız biri (misal üçün, müqavilənin etibarsız sayılması və ya əşyanın qaytarılması) göstərilməklə irəli sürülməsi hallarına rast gəlinir. Belə hallarda məhkəmə məsələyə formal yanaşmamalı, təsbit və nəticə xarakterli tələblərin vahid bir mübahisənin tərkib hissələri olduğunu diqqətdən kənarda saxlamamalı, tərəflərin çatmaq istədikləri hüquqi nəticəni müəyyənləşdirməli, onlar arasındakı ixtilafı tam və hərtərəfli araşdırmaqla həll etməlidir. Bu məqsədlə məhkəmə qeyrimüəyyənlikləri (tələb başa düşülən tərzdə ifadə olunmadıqda, ərizədə nəticəyə yönəlik tələb əks olunmadan yalnız təsbit iddiası göstərildikdə və s.) MPM-in 14.1-ci və 167.1-ci maddələrinə uyğun qaydada tərəflərlə müzakirə etməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, vahid bir mübahisəni təşkil edən və tərəflər arasındakı fikir ayrılığına görə məhz məhkəmə tərəfindən təsbit edilməli olan bir halın işdən ayrılaraq ona xitam verilməsi, anoloji işlər üzrə məhkəmə qərardadından çoxsaylı şikayət icraatlarının da açılmasına səbəb olur. Bu isə qanuni əsas və zərurət olmadan həm işlərə baxılması müddətinin uzanması, habelə məhkəmələrin iş yükünün süni şəkildə artması ilə nəticələnə bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, hazırkı işdə müqavilənin ləğvi tələbinə məhkəmə qaydasında baxılmalı olduğundan, MPM-in 261.0.1-ci maddəsi səhv tətbiq edilmiş və həmin hissədə icraata qanuni əsas olmadan xitam verilmişdir. Belə nəticə cavabdehin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, MPM-in 4.1-ci maddələrində nəzərdə tutulan məhkəmə müdafiəsi, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsində əks olunan ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması kimi qiymətləndirilir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən: 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il qərarında qeyd edilmişdir: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. 3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. 4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. 5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Qərarın əsaslandırıcı hissəsində qeyd edilmişdir ki: “Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər.Belə ki, yalnız bir tərəfin istəyi ilə müqavilədə nəzərdə tutulan hüquq və öhdəliklərin predmetinin, həcminin və ya şərtlərinin dəyişdirilməsi və ya onun ləğvi müqavilə münasibətlərində tərəflərin bərabərliyi və ədalətlilik prinsiplərinə uyğun olmadığı kimi, mahiyyətcə razılaşmanı nəzərdə tutan müqavilə anlayışının təbiətinə də zidd olardı. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Əks yanaşma, yəni Məcəllənin 423.2-ci maddəsinin adi qaydada ümumi bir norma kimi tətbiq edilməsi ləğv etmə institutunun mahiyyətinə və hüquqi funksiyasına, hüquqi müəyyənlik prinsipinə, mülki dövriyyənin təşkilinə və inkişafına şərait yaradılması ilə bağlı mülki qanunvericilik sisteminin məqsədinə və bütövlükdə ölkənin iqtisadi maraqlarına cavab verməz. Mülki Məcəllənin 421.2 və 423.2-ci maddələrinin məntiqi nəticəsi olaraq həmin Məcəllənin 424.3-cü maddəsində müəyyən edilmişdir ki, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Burada vurğulanmalıdır ki, normada “ləğv edilmə” ifadəsi birtərəfli qaydada sonlandırmaqla müqavilə münasibətlərinə xitam verilməsi mənasında deyil, tərəflərin qarşılıqlı razılaşması ilə bağlamış olduqları müqaviləyə xitam vermələri mənasında istifadə olunmuşdur. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsinə əsasən: 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 261.0.3. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınmış və icraya qəbul edilmişsə; 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; 261.0.6. eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair, məhkəmə münsiflər məhkəməsinin qətnaməsinin məcburi icra olunması üçün icra vərəqəsi verməkdən imtina etdiyi və ya işi yenidən baxılmaq üçün qətnaməni qəbul etmiş münsiflər məhkəməsinə qaytardığı, lakin işə həmin münsiflər məhkəməsində baxılmasının mümkün olmadığı hallardan başqa, münsiflər məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa; 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə; 261.0.8. işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa; 261.0.9. məhkəməyə müraciət etmiş maraqlı şəxs mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qoyulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilmişsə. 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 261-262, 385, 387, 397, 420-ci maddələrinə istinadən və kassasiya instansiya məhkəməsinin göstərişlərinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir, hazırki münasibətlərə aid prosessual qanunvericiliyin düzünə uyğun olmayan istinadlar əsasında tərtib edilmiş qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edir. Bu yöndə diqqətə çatdırılmalıdır ki, kassasiya instansiya məhkəməsinin mövqeyi əhatəli şəkildə təfsir edildiyindən əlavə təfsirin verilməsinə zərurət qalmır. Qanunvericiliyin fərqli təfsir edilməsi (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir, habelə bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mübahisə edilən hissədə iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməliidr. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC-nin şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 530/2023 saylı işi üzrə 05 iyul 2023-cü il tarixli qərardadı ləğv edilsin və İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair iddiasının “tərəflər arasında bağlanmış 2018-ci il 1 avqust tarixli icarə müqaviləsinə xitam verilməsi” hissəsinə mahiyyəti üzrə baxılması üçün iş Bakı Kommersiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-2(103)-184/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-184/2024
08.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver