Məhkəmə qərarları › İş №2-2(103)-184/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-184/2025

07.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-184/2025 07.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), X4 və X1 ibarət tərkibdə ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (iddiaçı) "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 1 950 936 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmış, məhkəmə öz mövqeyini iddia ərizəsinin səlahiyyəti qeyri-müəyyən olan şəxs tərəfindən imzalandığı, həmçinin dövlət rüsumunun ödənilmədiyi arqumentləri ilə əsaslandırmışdır. Həmin qərardaddan iddiaçının nümayəndəsinin verdiyi şikayət birinci instansiya məhkəməsinin 16 dekabr 2024-cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət aşağıda göstərildiyi kimi əsaslandırılmışdır: “Azərbaycan Respublikasında rəqəmsal inkişaf və nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 12 yanvar 2018-ci il 1785 nömrəli Fərmanının 1.5-ci yarımbəndinə əsasən Nazirliyin saxlanması xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunla nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.1-ci yarımbəndinə əsasən, Nazirliyin Aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair), habelə Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanları Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il 1462 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İddiaçı publik hüquqi şəxs yaradılmışdır. Qeyd edilənlərə əsasən müəyyən etmək mümkündür ki, Agentlik Nazirliyin strukturuna daxildir və büdcə təşkilatlarına aid olan münasibətlər birbaşa olaraq Agentliyə də şamil edilməlidir. Büdcə təşkilatı anlayışına gəldikdə məhkəmə, “iddiaçı maliyyələşməsi bilavasitə dövlət büdcəsindən həyata keçirilən büdcə təşkilatı deyildir” ifadəsinə istinad edərək iddiaçının, yəqin ki, tam olaraq dövlət büdcəsindən maliyyələşən büdcə təşkilatı olmadığını bildirmək istəmişdir. Qanunvericilikdə "maliyyələşməsi bilavasitə dövlət büdcəsindən həyata keçirilən...” ifadəsinin yerinə "maliyyələşməsi ancaq və yaxud yalnız dövlət büdcəsindən həyata keçirilən...” sözlərindən istifadə edilmədiyindən, maliyyələşmənin hansı həcmdə olması göstərilməmiş, bu tip büdcə təşkilatlarının təşkilati-hüquqi formaları təsnifləşdirilməmiş və onlara anlayış verilməmişdir. Qeyd olunanları nəzərə alaraq, Qanunda istifadə edilmiş “bilavasitə” sözü "ancaq”, "yalnız” ifadəsi olaraq başa düşülməməlidir. "Büdcə sistemi haqqında” qanunun 1.1.30-cu maddəsində dövlət müəssisəsi ifadəsinə anlayış verilmişdir: paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan səhmdar cəmiyyət, məhdud məsuliyyətli cəmiyyət, digər təşkilati formada fəaliyyət göstərən hüquqi şəxslər və publik hüquqi şəxslər. Dövlət müəssisəsi anlayışının "Büdcə sistemi haqqında” Qanunda birbaşa göstərilməsi dövlətin 51% və daha çox paya sahib olduğu istənilən təşkilati-hüquqi formalarda olan müəssisə və təşkilatların da büdcə təşkilatı olmasını ifadə edir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il 1462 nömrəli Fərmanının 3.1-ci bəndinə əsasən İddiaçı Azərbaycan Respublikasının ərazisində dəniz nəqliyyatı sahəsində dövlət siyasətinin formalaşmasında, həyata keçirilməsində və inkişafında iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi, habelə dənizçilərin hazırlanması sahəsində tədbirlər görən, dəniz limanlarında fəaliyyətin dövləttənzimlənməsində iştirak edən və dəniz üzgüçülüyünün təhlükəsizliyi ilə bağlı xidmətlər göstərən publik hüquqi şəxsdir”. Həmçinin həmin Fərmanın 3.3-cü bəndinə əsasən Agentliyin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri dövlət büdcəsinin vəsaiti, fəaliyyətindən əldə olunan vəsait və qanunla qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilir. Yekun olaraq aşağıda göstərilənlərə əsasən publik hüquqi şəxs olan Agentliyin maliyyələşməsinin bilavasitə dövlət büdcəsindən həyata keçirilən büdcə təşkilatı olması nəticəsinə gəlmək olur: 1. Təsis payı tam həcmdə dövlətə məxsusdur və təsisçisi dövlətdir; 2. Dövlət funksiyasını həyəta keçirməklə, müvafiq sahədə dövlət siyasətini formalaşdırır; 3. Agentliyin mənfəəti kommersiya təşkilatlarında olduğu kimi bölüşdürülmür və yalnız Nazirliyin qərarı ilə dövlət büdcəsinə köçürülür; 4. Vəsaitin ictimaiyyətə məxsusluğu nəzərdə tutulmamışdır və dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə səmərəli istifadə olunmasını təmin olunmalıdır; 5. Təbii inhisar subyekti olmaqla, gəlirlərinin əsas hissəsini qeyri-kommersiya vəsaitləri təşkil edir; 6. “Büdcə sistemi haqqında” Qanunda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarında nəzərdə tutulmuş qaydada maliyyə əməliyyatlarının (o cümlədən büdcə təşkilatlarının büdcədənkənar əməliyyatlarının) müqayisəsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasında vahid büdcə təsnifatı tətbiq olunur. 7. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 30 noyabr 2018-ci il tarixli Q-10 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlar kimi həmin vəsaitlərdən istifadə barədə müvafiq hesabatlar Agentlik tərəfindən təqdim olunur. 8. Dövlət büdcəsindən ayrılmış vəsait ilin sonunda istifadə edilmədikdə geri qaytarılır; 9. Məhkəmə tərəfindən Agentliyin Nizamnaməsinə istinad edilməklə büdcə təşkilatı anlayışı Agentliyə şamil edilmirsə, o zaman bu məntiqlə Azərbaycan Respublikasi Prezidentinin 12 yanvar 2018-ci il 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də büdcə təşkilatı hesab olunmamalıdır. İddia ərizəsi Agentliyin əmək müqaviləsi üzrə işçisi olan X8 tərəfindən imzalanmış, müvafiq sənədlər şikayətə əlavə edilmişdir. Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə istinad edilməklə 1 -ci hissədə göstərilmiş məsələ ilə bağlı qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən "Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur”. Yəni əmək müqaviləsinin vaxtı bitsə də, müqavilə ləğv edilməmişdirsə, “əmək müqaviləsi hələ də qüvvədədir” nəticəsi yaranmış olur. Məhkəmənin qeyd etdiyi kimi, nümayəndənin əsas iş yeri ilə bağlanmış əmək müqaviləsinin vaxtının bitməsi hissəsi texniki məsələ olaraq aradan qaldırılaraq müqavilə müddətinin uzadılması təmin edilmişdir”. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Büdcə sistemi haqqında” Qanunun 1.1.23-cü maddəsinə görə, büdcə təşkilatı - maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlardır. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən, Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Həmin Qanunun 7-ci maddəsinə görə isə, X10n nizamnamə fondu təsisçi (təsisçilər) tərəfindən verilmiş əmlak hesabına formalaşdırılır və Publik hüquqi şəxslərə verilmiş dövlət və bələdiyyə əmlakı onlar tərəfindən yalnız nizamnamədə müəyyən edilmiş məqsədlərə uyğun olaraq istifadə edilir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət Dəniz və X2”nin 5.1 və 5.2-ci bəndlərinə əsasən, Agentliyin nizamnamə fondunun məbləği 6 228 052 (altı milyon iki yüz iyirmi səkkiz min əlli iki) manatdır. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır. Nizamnaməsindən də göründüyü kimi, Agentliyin əmlakı bilavasitə dövlət büdcəsindən deyil, nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri, orta sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar mühasiblər olmalıdırlar. Həmin Qanunun qeyri-kommersiya təşkilatlarının mühasibat uçotu və maliyyə hesabatlarından bəhs edən V fəslində büdcə təşkilatları və bələdiyyə orqanlarının bu Qanuna əsasən tələb olunan maliyyə hesabatlarını İctimai Sektor üçün X3 Standartlarına uyğun tərtib etmələri, onlarda mühasibat uçotunun aparılması, hesabat dövrü, maliyyə hesabatlarının təqdim və dərc edilməsi ilə bağlı tənzimləmə aparaılır, Qanunun İV-İ-ci fəslində publik hüquqi şəxslərin mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsi ilə bağlı ayrıca tənzimləmə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 noyabr tarixli 504 nömrəli Qərarı ilə təsdiq edilmiş "Büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması Qaydası” Azərbaycan Respublikasında büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan və həmin Qanunun 2.4-1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə zidd olmayan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması qaydasını müəyyən edir. Göründüyü kimi, istər mühasibat uçotu haqqında qanunvericilikdə, istərsə də digər normativ hüquqi aktlarda dövlət adından yaradılan publik hüquqi şəxslərin büdcə təşkilatı hesab edilməsi mövqeyi əks edilməmiş, ayrı-ayrı tənzimləmələr aparılmışdır. Hətta büdcə təşkilatları və publik hüquqi şəxslərlə bağlı eyni tənzimləmənin olduğu hüquqi aktlarda da büdcə təşkilatları ifadəsi ilə publik hüquqi şəxslər əhatə olunmamış, publik hüquqi şəxslər büdcə təşkilatlarında müstəqil olaraq əks olunmuşdur. Göstərilənlər onu deməyə əsas verir ki, publik hüquqi şəxslərin, o cümlədən İddiaçı büdcə təşkilatı olması ilə bağlı şikayətin dəlilləri əsassızdır. Dövlət adında yaradılan publik hüquqi şəxslər üçün ciddi maliyyə uçotu tələblərinin müəyyən edilməsi isə, onların ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olması ilə əlaqədardır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturu”na da Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatı (şöbələr və sektorlar), Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti daxildir. Başqa sözlə, Nazirliyin büdcə təşkilatı olması onun stukturu ilə birlikdə nəzərdən keçirilməlidir - iddiaçı isə həmin struktura daxil deyildir. “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunu ödəməkdən azad olunurlar – yuxarıda şərh olunanlardan isə görünür ki, İddiaçı büdcə təşkilatı deyildir. Məhkəmənin istinad etdiyi ikinci əsasla bağlı kollegiya qeyd edir ki, iddia ərizəsini imzalamış X5 əsas iş yerinin İddiaçı olduğu təsdiq olunmur – hansı ki, Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edə bilər. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-8991/2024 saylı iş üzrə 04 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Təranə Mahmudova Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar